Məhkəmə qərarları › İş №2(106)-909/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-909/2025

05.06.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-909/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-186/2025 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə verərək, Yardımlı rayon Ostayir bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 78,6 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1921,51 manat, işsizlikdən sığorta fonduna olan 161,7 manat, İcbari Tibbi Sığorta Fonduna olan 359 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1965-ci il, Doğulduğu yer - Azərbaycan, Yardımlı; ostayır kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə imzalanmış, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Yardımlı rayonun ostayır Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə 78,6 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 78,6 manat), Dövlət Sosial Müdafiə Fonduna 1921,51 manat, İcbari Tibbi Sığorta Fonduna 359 manat, İşsizlikdən sığorta fonduna 161,7 manat olmaqla, ümumilikdə 2520,81 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********881000, xx.xx.2024-cü il tarixli **********851300, xx.xx.2024-cü il tarixli **********818200, xx.xx.2024-cü il tarixli **********819900 saylı bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Birinci instansiya məhkəməsində icraat Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-186/2025 saylı (hakim R.Məmmədov) qətnaməsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «Yardımlı rayon Ostayir bələdiyyəsinin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» Azərbaycan Respublikası xx.xx.2024-cü il tarixli Qanununun 52.4-cü maddəsinə əsasən Bozayran, Köryədi, Ostayır və Yardımlı bələdiyyələrinin əhatə etdiyi Yardımlı şəhərində və Bozayran, Dəlləkli, Dəryavar, Köryədi, Qabaqdibi, Mişkireyn, Osnakəran, Ostayır, Vəlixanlı kəndlərində yeni Yardımlı bələdiyyəsi yaradılmışdır. (qanun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında xx.xx.2024-cü il tarixdə dərc edilmişdir). Yardımlı rayon bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 1 №-li protokolundan görünür ki, X8 həmin bələdiyyənin sədri seçilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Müəyyən edilmiş vergi borclarını ödəməyən vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydası MPM-nin 40-2-ci fəslində nəzərdə tutulmuş qaydada tənzimlənir. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında qanunvericiyin məqsədi vergi borclarını ödəməyən hüquqi şəxsə müvafiq borcların ödənilməsi üçün təsir tədbirlərinin görülməsidir. Lakin hazırki işin hallarından isə müəyyən edilir ki, 6 saylı ƏVBİ tərəfindən ərizə imzalandığı vaxt, yəni xx.xx.2024-cü il tarixdə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb edilən vergi ödəyicisi - Yardımlı rayon Ostayir bələdiyyəsi mövcud olsa da, sonradan bələdiyyələrin birləşdirilməsi yolu ilə xx.xx.2024-cü il tarixdə həmin bələdiyyə Yardımlı rayon bələdiyyəsinə birləşdirilmişdir. Daha sonra isə xx.xx.2025- ci il tarixdə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Ərizə məhkəməyə daxil olan vaxtı artıq Yardımlı rayon Ostayir bələdiyyəsi mövcud olmamış, maraqlı şəxs X5 isə həmin bələdiyyənin sədri deyil, Yardımlı bələdiyyəsinin üzvü olmuşdur. Göründüyü kimi məhkəmədə işə baxılan zaman nə X5 vergi ödəyicisinin icra qurumunun rəhbəri olmamışdır. Belə olan halda X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunvericiliyin yuxarıda qeyd olunan məqsədilə nail olmağa imkan vermir. Digər tərəfdən ərizəçi 6 saylı ƏVBİ-yə keçirilmiş bələdiyə seçkilərindən sonra Yardımlı rayon, Ostayir bələdiyyəsinin «hüquqi şəxs haqqında məlumat» cədvəlinin yenilənmiş formasının məhkəməyə təqdim edilməsi bildirilsə də, sonuncu məhkəməyə bu barədə hər hansı məlumat verməmişdir. Bundan başqa ərizəçi özü şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəni xx.xx.2024-cü il tarixdə tərtib etsə də, həmin ərizəni məhkəməyə 6 aydan sonra məhkəməyə vermişdir. Bu da məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, ərizəçi özü vergi borclarının effektiv ödənilməsinin təmin edilməsinə yönələn təsir tədbirlərinin tətbiq edilməsinə formal yanaşmışdır Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 23, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 77.1, 78.1, 23.1.15-3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-5.2, 355-6, 355-7.1, 355-7.2, 355-7.3, 355-7.4, 355-7.5-ci maddələri və 40-2 fəslində nəzərdə tutulmuş qaydalar ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxslərin dövlət reyestrində bugünki tarixə filialın rəhbərinin Maraqlı şəxs olması barədə məlumat mövcuddur və rəhbərin dəyişdirilməsi ilə bağlı halhazıradək vergi (qeydiyyat) orqanına müraciət olunmamışdır. X4 Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Yardımlı rayonun ostayır Bələdiyyəsinə hesablanmış vergi məbləği (hazırda vergi borcuna çevirilən) vergi qanunvericiliyinə tam uyğun olaraq əsaslı hesablanmışdır. Bundan əlavə, Vergi Məcəlləsinin 23-cü maddəsində vergi orqanının vergi ödəyicisinin öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulları vergi orqanının hüququ kimi göstərilmişdir. Həmin üsullara vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakın, habelə daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması üçün məhkəməyə müraciət etmək nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan hansından istifadə edib-etməmək isə vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Mövcud praktikada isə yaranmış vergi borcunun ödənilməsinin təmin edilməsinin ən təsirli üsulu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə verilən ərizələr nəticəsində borclu vergi ödəyicilərinin ölkədən getmə hüququnun məhdudlaşdırılmasıdır. Odur ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-186/2025 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər (təmsil olunmamışdırlar) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV hissələrinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Konstuitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstuitusiyanın 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-186/2025 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-186/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-186/2025 saylı qətnaməsi Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə verərək, Yardımlı rayon Ostayir bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 78,6 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1921,51 manat, işsizlikdən sığorta fonduna olan 161,7 manat, İcbari Tibbi Sığorta Fonduna olan 359 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1965-ci il, Doğulduğu yer - Azərbaycan, Yardımlı; ostayır kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 6 saylı ƏVBİ tərəfindən ərizə imzalandığı vaxt, yəni xx.xx.2024-cü il tarixdə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb edilən vergi ödəyicisi - Yardımlı rayon Ostayir bələdiyyəsi mövcud olsa da, sonradan bələdiyyələrin birləşdirilməsi yolu ilə xx.xx.2024-cü il tarixdə həmin bələdiyyə Yardımlı rayon bələdiyyəsinə birləşdirilmişdir. Daha sonra isə xx.xx.2025- ci il tarixdə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Ərizə məhkəməyə daxil olan vaxtı artıq Yardımlı rayon Ostayir bələdiyyəsi mövcud olmamış, maraqlı şəxs X5 isə həmin bələdiyyənin sədri deyil, Yardımlı bələdiyyəsinin üzvü olmuşdur. Göründüyü kimi məhkəmədə işə baxılan zaman nə X5 vergi ödəyicisinin icra qurumunun rəhbəri olmamışdır. Belə olan halda X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına imkan vermir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə müraciət edərək vergi borclarının ödənilməsini təmin etmək məqsədilə bələdiyyə sədrinin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi əsaslıdır. Lakin iş materiallarında olan (səhifə 47) 19 fevral 2025-ci il tarixli Yardımlı bələdiyyəsinin ilk iclasının protokolundan aydın olur ki, X1 bələdiyyəsinin sədri seçilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh Maraqlı şəxs artıq sözügedən bələdiyənin sədri vəzifəsində fəaliyyət göstərmir. İddia tələbinin hüquqi əsası — borcun ödənilməsi üçün konkret məsul şəxsə qarşı tədbir görülməsidir. Lakin bu halda borclu hüquqi şəxs — Ostayır bələdiyyəsi olmaqla yanaşı, cavabdeh kimi göstərilmiş şəxs artıq həmin hüquqi şəxsi təmsil etmədiyindən, tərəflər arasında subyekt uyğunluğu mövcud deyil. Məhdudiyyət tədbirlərinin (ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi) tətbiqi yalnız o halda hüquqi və məqsədəuyğun sayılır ki, şəxs borcun ödənilməsinə birbaşa təsir edə bilsin və onun davranışları borcun ödənilməsindən yayınma məqsədi daşısın. Həmçinin qeyd edilməlidir ki, Yardımlı rayon Ostayir bələdiyyəsi sonradan bələdiyyələrin birləşdirilməsi yolu ilə xx.xx.2024-cü il tarixdə həmin bələdiyyə Yardımlı rayon bələdiyyəsinə birləşdirilmişdir. Cavabdeh Maraqlı şəxs Sulduz oğlu artıq bələdiyyə sədri deyil, deməli: a)Onun vergi borcları ilə bağlı heç bir icra səlahiyyəti qalmayıb. b)Borcun ödənilməsi məsələsində onun hüquqi və maliyyə məsuliyyəti yoxdur. c)Vəzifədən ayrılmış şəxsin ölkədən çıxışının məhdudlaşdırılması, bu borcun ödənilməsinə real təsir göstərməyəcək, çünki artıq heç bir təsir və ya qərar vermə imkanı yoxdur. Qeyd edilməlidir ki, bələdiyyə hüquqi şəxsdir və öz öhdəliklərinə görə müstəqil cavabdehdir. Bələdiyyənin sədri yalnız idarəetməni həyata keçirir, lakin bələdiyyənin borclarına şəxsi məsuliyyət daşımır (əgər xüsusi qanun pozuntusu və ya korrupsiya halları sübut olunmayıbsa). Ölkədən çıxışa qoyulan məhdudiyyətin məqsədi borcun ödənilməsini təmin etməkdir. Lakin cavabdeh artıq səlahiyyətli şəxs olmadığından, belə bir tədbir nə borcun ödənilməsini sürətləndirəcək, nə də hüquqi məqsədə xidmət edəcək. Bu halda tədbir formal xarakter daşıyır və məqsədsiz təzyiq vasitəsinə çevrilir. Maraqlı şəxs Sulduz oğlu artıq səlahiyyət sahibi deyil, o borcu nə ödəyə, nə də onun ödənilməsini təmin edə bilər. Bu halda məhdudiyyət tədbiri əsassız və qeyrieffektiv hesab olunur. Cavabdeh Maraqlı şəxs rəhbər olmadığı təqdirdə onun konstitusion hüquqlarını məhdudlaşdırmaq, azadlıq və sərbəst hərəkət etmək hüququna maneə törətmək yolverilməzdir. Beləliklə, məhkəmə tərkibi diqqətə çatdırır ki, artıq Yardımlı bələdiyyəsinin sədri başqa bir şəxsdir və Maraqlı şəxs Sulduz oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun konstitusion hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndində əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Apellyasiya şikayətində istinad edilən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9.1 və 9.2-ci maddələri administrativ (inzibati) xarakter daşıyır və daxili idarəetməyə dair dəyişikliklərin hüquqi qeydiyyat prosedurunu tənzimləyir. Lakin bu normalar məhkəmə üçün həqiqi və yeganə əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, faktiki rəhbərliyin dəyişdiyini təsdiq edən Yardımlı bələdiyyəsinin protokolu iş materiallarında mövcuddur, bu həqiqi hüquqi vəziyyəti əks etdirir və məhkəmə də məhz həmin reallığı əsas götürməlidir. Dövlət reyestrində məlumatın yenilənməməsi bu reallığı dəyişmir və cavabdehin, yəni sabiq rəhbərin məsuliyyət daşıması üçün əsas ola bilməz. Maraqlı şəxs hazırda vəzifədə olmadığına görə, onun məsuliyyəti artıq dayanmışdır, sadəcə vergi reyestrində məlumat yenilənməmişdir. Yalnız protokolda rəhbər olan şəxsin bu borca görə məsuliyyət daşıması mümkündür. Əgər iddia təmin olunarsa və cavabdeh Maraqlı şəxs (sabiq sədrin) ölkədən getmək hüququ məhdudlaşdırılsa, bu vəziyyət real borclu olan bələdiyyə sədrinin məsuliyyətdən yayınmasına şərait yaratmış olar. Bu zaman vergi borclarını ödəmək məsuliyyəti daşıyan real borclu şəxs heç bir hüquqi təzyiq və ya məsuliyyət hiss etmədən borcun ödənilməsini təxirə salacaq və ya tamamilə qarşısını almış olacaqdır. Beləliklə, əsl borclu şəxsin məsuliyyətsiz davranışı stimullaşdırılacaqdır. Ona görədə məhkəmə tərkibi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(038)-186/2025 saylı qətnaməsi ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-186/2025 saylı qətnaməsi Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar