Məhkəmə qərarları › İş №2(106)-910/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-910/2025

22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-910/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 09 aprel 2025-cü il tarixli, 2(049)- 2075/2019 saylı (hakim Kamran Süleymanov) qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 şikayətinə məhkəmənin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X8 həmin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Qeyd olunan mülki iş üzrə məhkəmənin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı əsasında, qətnamədən apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmışdır. İşdə iştirak edən digər şəxslər qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişlər və qətnamə qanuni qüvvəyə minmişdir. X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində qətnaməni xx.xx.2025-ci il tarixdə aldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab etmişdir ki, apellyasiya şikayəti qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə keçirilən məhkəmə iclaslarında X8 şəxsən iştirak etmişdir. İş materiallarından və X6 aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ünvan 1 ünvanında daimi qeydiyyatdadır. X6 göndərilən bütün məhkəmə sənədləri (o cümlədən, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi) də həmin ünvana rəsmi qaydada göndərilmişdir. X8 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 nömrəli qətnaməsinin təsdiq edilmiş surətinin ona verilməsini məhkəmədən xahiş etmişdir. Onun müraciətinə müvafiq izah verilməklə, qətnamənin təsdiq edilmiş surəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona təqdim edilmişdir. Bundan sonra X8 qətnamədən apellyasiya şikayəti vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 nömrəli qətnaməsindən X8 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, lakin müddətin keçməsinin üzürlü səbəblərdən baş verməsi halları ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilmədiyindən həmin apellyasiya şikayəti qaytarılmışdır. Hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2075/2019 saylı qərardadından şikayət vermişdir. Şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-2075/2019 nömrəli mülki işin materialında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 nömrəli qətnaməsinin onun ünvanına sifarişli poçt göndərişi ilə (məktubu) ilə nə göndərilməsini, nə də ki, çatdırılmasını təsdiq edən heç bir sənəd yoxdur. Buna görə də, qüvvədə olan qanuvericiliyin tələbinə əsasən, əgər mübahisəli qətnamə məhkəmə iştirakçısı kimi ona rəsmi qaydada çatdırılmayıbsa bu halda həmin qətnamənin nə vaxt çıxarılmasından asılı olmayaraq onun üçün apellyasiya şikayətini vermək üçün vaxt həmin qətnamənin ona rəsmi qaydada verildiyi tarixdən hesablanmalıdır. Lakin, hakimin hazırki iş üzrə hərəkətləri onun hazırki işin obtyektiv, tam və hərtərəfli araşdırlmasında maraqlı olmadığı və yalnız iddiaçının maraqları üçün (elə bil sifariş əsasında) hərəkət etdiyinə əsaslı şübhələr meydana gətirməklə bərabər hakim tərəfindən özünün gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan yuxarıda göstərilən faktiki halları aydınlaşdırmadığını göstərir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə Kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir: Belə ki, müəyyən edilir ki, X8 hazırki apellyasiya şikayətində məhkəmə qətnaməsini xx.xx.2025-ci il tarixdə aldığını bildirsə də, iş materiallarına əsasən müəyyən edildiyi kimi, iş üzrə bütün məhkəmə sənədləri onun qeydiyyat ünvanına qanunla müəyyən edilmiş müddətdə rəsmi qaydada göndərildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri baxımından məhkəmə sənədləri, o cümlədən, məhkəmənin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 nömrəli qətnaməsi ona rəsmi qaydada verilmiş hesab olunur. X8 isə qətnamənin qəbul edildiyi vaxtdan 5 il 7 aya yaxın müddət keçəndən sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət də verməmişdir. Eyni zamanda, X8 apellyasiya şikayətində məhkəmə qətnaməsindən məlumatı olmadığını iddia etməmiş, qanunla müəyyən edilmiş müddətdə İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verildiyi barədə məlumatı olduğunu bildirmiş, bununla da qətnamənin məzmunundan xəbərdar olduğunu etiraf etmiş, lakin qətnaməndən indiyədək özünün apellyasiya şikayəti verməməsinin səbəblərini mötəbər əsaslarla izah edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bəhs olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, məhkəmə sənədlərinin ünvan sahibinin qeydiyyat ünvanına qanunamüvafiq qaydada göndərilməsi həmin məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)- 2075/2019 nömrəli qətnaməsindən X8 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, lakin müddətin keçməsinin üzürlü səbəblərdən baş verməsi halları ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilmədiyindən həmin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. X1 qeyd olunan qətnamədən yenidən apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət bitdiyindən, apellyasiya şikayətinin gec verilməsi üzürlü səbəblərdən baş vermişsə, bu halları əsaslandıran və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edən vəsatət verərək apellyasiya şikayətini vəsatətə əlavə edib məhkəməyə təqdim etməklə, elektron kabinet vasitəsilə yenidən qanunamüvafiq qaydada apellyasiya şikayəti verilə bilməsi izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul edilmiş İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 09 aprel 2025-cü il tarixli, 2(049)-2075/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar