Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-914/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlundan və X2 ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” X1 X6 İdarəsi və Lənkəran Rayon Qaz İstimar İdarəsinin Masallı Rayon Şöbəsinə qarşı işdən azad edilməyi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)- 378/2024 saylı qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-378/2024 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddianın təmin edilməsi, cavabdeh Lənkəran X6ı İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2-10/3-1K-152/2023 saylı əmrinin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb İddiaçı ödənilməklə İddiaçı Lənkəran X6ı İdarəsinin Masallı rayonu üzrə Qaz istismar idarəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi qət edilmişdir. “Azəriqaz” İB apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında işə Masallı rayon Qaz İstismarı İdarəsi tərəfindən götürüldüyünü bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən “Azəriqaz” X1 X6 İdarəsinin və Lənkəran Rayon Qaz İstimar İdarəsinin Masallı Rayon Şöbəsinə nümayəndələrinin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(049)-378/2024 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh “Azəriqaz” İBnin Lənkəran X6 İdarəsi və Lənkəran rayon Qaz İstimar İdarəsinin Masallı rayon şöbəsinə qarşı işdən azad edilməyi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını hərtərəfli və tam tədqiq edərək, iddiaçının izahatını dinləyərək, qanunvericilik normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxarkən qanunverciliyin tələblərini pozmuş və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək işi icraata götürmüşdür. Bu baxımdan, kollegiya qeyd edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsində iddiaçı tərəfindən cavabdeh qismində “Azəriqaz” X1 X6 İdarəsi və Lənkəran Rayon Qaz İstimar İdarəsinin Masallı rayon şöbəsi göstərilmişdir ki, həmin İdarə və şöbənin MPM-in 49 və 50ci maddələrinin imperativ göstərişləri baxımından cavabdeh qismində çıxış edə bilməsi mümkünlüyü də araşdırılmalıdır. Belə ki, MPM-in 50.1, 50.3 və 50.5-ci maddələrinin tələbinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə, yəni mülki-prosessual hüquq qabiliyyətinə malikdir. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti olaraq mülki-prosessual fəaliyyət qabiliyyəti tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Beləcə, işdə iştirak etmə halı mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə hüquqi şəxslərə münasibətdə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı - maddi hüququn subyekti olduğu andan yaranır. Xüsusilə diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Adıçəkilən qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, mülki işin ərazi aidiyyəti üzrə “Azəriqaz” X3 X6 İdarəsinin və Lənkəran Rayon Qaz İstimar İdarəsinin Masallı rayon şöbəsinin “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərən idarə və şöbə olmaqla hüquqi şəxs hesab olmadığı üçün hazırkı mülki iş üzrə tələbə cavab verən şəxs olaraq cavabdeh qismində cəlb edilə bilməz. Buna görə də, “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-378/2024 saylı qətnaməsi ləğv edilməli, hazırkı - İddiaçı cavabdeh “Azəriqaz” X1 X6 İdarəsi və Lənkəran Rayon Qaz İstimar İdarəsinin Masallı rayon şöbəsinə qarşı işdən azad edilməyi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki iş “Azəriqaz” İstehsalat Birliyinin olduğu ünvana görə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməli və işə həmin məhkəmədə baxılmalıdır. Kollegiya onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, iş materiallarına nəzər saldıqda (səh. 30) aşkar olur ki, İddiaçı 1 noyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında ərizə ilə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh edilənlərə əsasən və MPM-in 35, 36, 40, 45-ci və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-378/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “Azəriqaz” X1 X6 İdarəsi və Lənkəran Rayon Qaz İstimar İdarəsinin Masallı Rayon Şöbəsinə qarşı işdən azad edilməyi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-914/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-914/2024
04.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver