Məhkəmə qərarları › İş №2(106)-915/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-915/2025

13.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-915/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli X9 Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin sənədləşdirilməsinə yarıdılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(020)-282/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-200A, KOD607713018 saylı Şəhadətamədən görünür ki, X7 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Beyləqan rayonunun İ Şahsevən kəndində yerləşən 0,127 ha torpaq sahəsi X6 mülkiyyətinə daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuş, X1, anası X8r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrdən görünür ki, X5 1972-ci ildə, X11 isə xx.xx.2001-ci ildə vəfat etmişlər. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 460 saylı arayışdan görünür ki, xx.xx.2001-ci il tarixdə ünvan 2ində vəfat etmiş X6 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Qızı İddiaçı-xx.xx.1959. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin İ Şahsevən kənd icra nümayəndəliyinin arayışından görünür ki, İddiaçı 06.11.200-ci ildə vəfat etmiş atası anası X11 öldüyü günədək Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmuş və onunla bir təsərüffatda yaşamışdır. X11 ölümündən sonra İddiaçı həqiqətən hal-hazıradək mərhuma məxsus evdə yaşayaraq mirası faktiki qəbul etmişdir. İş materiallarına əlavə edilmiş ünvan 1 ünvanladığı 12 dekabr 2024-cü il tarixli, 1273 saylı məktubundan görünür ki, xx.xx.2001 -cı il tarixdə vəfat etmiş X6 adına vərəsəlik işi açılmışdır. İddiaçı vərəsə kimi tanınmışdır. Miras qoyana məxsus ünvan 2i ünvanında yerləşən daşınmaz əmlaka hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Beyləqan rayonunun İ Şahsevən kəndində yerləşən mərhum anasına məxsus, hazırda vərəsə kimi qəbul etdiyi evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılması, evin sənədləşdirilməsi və ölçü işlərinin aparılması üçün cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən iddianın hazırda vərəsə kimi qəbul etdiyi evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair hissəsi məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İddiaçı göstərmişdir ki, xx.xx.1969-cu ildə X5 ilə X6 birgə nikahlarından doğulmuş və Beyləqan rayonunun İ Şahsevən kəndində yaşamışdır. 1983-cü ildə X2 ilə ailə qurmuş, hazırda Şəmkir rayonunda yaşayır. X1 1972-ci ildə, anası X11 isə xx.xx.2001-ci ildə ölmüşlər. X3 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində ev inşa edilmiş və o, qardaş bacısı ilə birlikdə həmin evdə yaşamışlar. O, anasından qalan əmlakları qəbul etmək üçün notariat ofisinə müraciət etmişdir. Beyləqan rayon Notariat Ofisində o, anasının vərəsəsi kimi tanınmışdır. Anasına məxsus 1 Şahsevən kəndində yerləşən daşınmaz əmlaka hüquq müəyyən edici sənəd verilməsi üçün Notariat Kontorundan DƏDRX nin 6 saylı Ərazi idarəsinə 12 dekabr 2024-cü il tarixli 1273 nömrəli məktub göndərilmişdir. DƏDRX nin 6 saylı Ərazi idarəsi evə baxış keçirib ölçü işlərinin aparılması üçün evə gedərkən qapı bağlı olmuş və onlar ölçü işləri apara bilməmişlər. Bu səbəbdən də anasından qalan miras əmlaka öz adına hüquq müəyyənedici sənəd əldə edə bilməmişdir. Cavabdeh onların ailə üzvü deyildir. Leyla qardaşının gəlini olmuş, qardaşının oğlu ailəsi ilə boşandıqdan sonra Leyla ilə faktiki olaraq evlənmiş və qardaşının evinə gəlin gəlmişdir. Lakin qardaşı ilə yola gedə bilmədiyindən qardaşı oğlu və onun arvadını müvəqqəti olaraq mərhum anasına məxsus evə yaşamaq üçün buraxmışdır. Həmin evdə qardaşı oğlu və onun arvadı Leyla birgə yaşamışlar. Qardaşı oğlu öləndən sonra Leyla qapını bağlayaraq evdən çıxıb getmişdir. Dəfələrlə evin açarlarını Leyladən tələb etsə də, Leyla açarları ona verməmişdir. O, evi Leylaya daimi olaraq deyil, müvəqqəti yaşamaq üçün vermişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının verdiyi izahat yalandır, iddiaçının anasının torpağı olmamışdır. O, iddiaçının qardaşının gəlini olmuşdur. Onun əri öldükdən sonra iddiaçı Çiçəyin qohumları ona elçi gəlmiş, o razılaşdırdan sonra 1992-ci ildə iddiaçının qardaşı oğlu ilə ailə qurmuşdur. Onlar 30 ildən artıqdır ki, sözügedən evdə yaşamışlar. Yaşadığı həmin evə çardaq qurdurmuş və hamam tikdirmişlər. Evdə və həyətdə abadlıq işləri aparmışlar. O, tikdirdiyi hamamın və tarmanın haqqını tələb edir. Evin kommunal xərcləri mərhum ərinin adına olmuş və kommunal xərcləri o, ödəmişdir. Ona görə ölçü işlərinin aparılmasına imkan vermir ki, ölçü işləri aparılıb ev sənədləşdirilərsə iddiaçı onu evdən çıxaracaqdır. Evə çəkdiyi xərclər ödənilərsə evdən çıxacaqdır. Əri Kamil 2024-cü ildə ölmüşdür. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim Ramiz Nurullayev) xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə iddiaçının mərhum X3 məxsus Beyləqan rayonunun İ Şahsevən kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və ölçü işlərinin aparılması üçün yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.4, 157.8, 164.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Məhkəmədə müəyyən edildi ki, iddiaçı anasından miras qalmış fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə uyğun sənədləşmə işləri aparmaq üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına manəçilik törətdiyinə görə müvafiq sənədləşmə işləri apara bilməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə iddiaçının mərhum X3 məxsus Beyləqan rayonunun İ Şahsevən kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və ölçü işlərinin aparılması üçün yaradılan maneə aradan qaldırılmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətində göstərmişdir ki, işin faktiki hallarına uyğun olmayan, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının hazırki iddia tələbini irəli sürə bilməyi üçün subyektiv hüququnun olubolmaması araşdırılmamış, cavabdeh tərəfindən verilmiş izahatlar təhrif edilmişdir. İddiaçı bildirmişdir ki, xx.xx.1969-cu ildə X5 ilə X6 birgə nikahlarından doğulmuş və Beyləqan rayonunun İ Şahsevən kəndində yaşamışdır. Həmin torpaq sahəsi üzərində ev inşa edilmiş və o, qardaş bacısı ilə birlikdə həmin evdə yaşamışlar. Halbuki, 04 iyun 2021-ci il tarixli, AZ-İİ № 417864 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, cavabdeh iddiaçının mərhum qardaşının övladı X10 ilə rəsmi nikahda olmuşdur. Cavabdeh Beyləqan rayonunun İ Şahsevən kəndində yerləşən fərdi yaşayış evinə 2004-cü il tarixdə gəlin köçmüş, həmi vaxt üçün qeyd olunan ünvanda köhnə tikili olmuş, sonradan cavabdeh həyat yoldaşı X10 ilə birgə nikah dövründə öz qazancları ilə həmin ünvanda yeni tikili inşa etdirmişlər, iddiaçı başqa ünvanda qeydiyyatda olmaqla həmin ünvanda ümumiyyətlə yaşamamışdır. Cavabdehin əri X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhz məhkəmə iclasında cavabdeh tərəfindən dindirilməsi xahiş edilmiş şahidlər bu faktı təsdiq edəcəkləri təqdirdə lakin məhkəmə tərəfindən şahidlərin dindirilməsi ilə bağlı vermiş olduqları vəsatət əsassız olaraq rədd edilmişdir. Həmçinin iddia tələbi torpağın mülkiyyətçisi –həmin torpaq sahəsinə hər hansı formada hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır, məhkəmə tərəfindən isə buna diqqət yetirilməmiş, subyektiv hüququ olmayan şəxsin iddiası təmin edilmişdir. Hesab edirlər ki, iddiaçının həmin torpağa və evə dair hər hansı ilkin sənədləri olmadığından, həmçinin həmin evdən istifadə və ona faktiki sahiblik etmədiyindən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyildir. İddiaçının Şəmkir şəhərində ayrıca evi var və uzun müddətdir ki, o həmin evində yaşayır. Mübahisəli evin və həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Ümumiyyətlə, cavabdeh mübahisəli torpaq sahəsində olan köhnə tikiliyə gəlin gələrkən orada yalnız X11 olmaqla ondan başqa heç kim həmin tikilidə yaşamamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazında bildirmişdir ki, o, həmin apellyasiya şikayətini qəbul etmir və təmin edilməməsini xahiş edir. Belə ki, cavabdehin fikri vaxt uzatmaqdır. Beyləqan Rayon Məhkəməsi ədalətli qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən ödənilən rüsumun cavabdehdən alınıb ona verilməsini qeyd etməsə belə o, həmin qətnamə ilə razılaşır. Ona görə də, işə onun iştirakı olmadan baxılıb cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə çıxışını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun mövcudluğunu araşdırmadan, sübutlara obyektiv, tam və hərtərəfli qiymət vermədən iddianı təmin etmişdir. Bu səbəbdən həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, ədalətli nəticəyə xidmət etmir. Neqator (maneənin aradan qaldırılması) iddiası isə yazlnız mülkiyyətçiyə və ya qanuni sahibə məxsus müdafiə vasitəsidir. İdidaçı nə bu əmlak üzrə hüquqmüəyyənedici sənədlə çıxış etmiş, nə də 23 il ərzində faktiki sahiblik etmişdir. Təkcə vərəsəlik işi açılması barədə arayışın mövcudluğu mülkiyyət və ya qanuni sahiblik yaratmır, belə sənədlər hüququ “doğrulaya” bilər, amma “yaratmır”. Mübahisəli yaşayış evi Leyla xanım ilə mərhum Kamil bəyin nikah dövründə, birgə qazanc hesabına inşa edilmişdir. Ailə qanunvericiliyinə görə bu cür əmlak ər-arvadın birgə (ümumi) mülkiyyəti sayılır. Birgə mülkiyyət mövcud olduğu halda üçüncü şəxs (və ya mülkiyyət hüququnu təsdiq etməyən şəxs tərəfindən bu əmlaka dair “maneənin aradan qaldırılması” tələbi irəli sürülməsi hüquqi əsasdan məhrumdur. Birinci instansiya iddiaçını sanki “qanuni sahib” qiymətləndirilərək 157.8-ci maddəyə istinad etmişdir. Lakin 157.8 yalnız qanun və ya müqavilə əsasında yaranan sahiblik hallarında tətbiq oluna bilər. İddiaçının nə mülkiyyət, nə də müqavilə-icazə əsasında bu əmlaka sahibliyi sübuta yetirilməmişdir. Məhkəmə cavabdehin evdən istifadə və sahibliyini “özbaşınalıq” kimi qiymətləndirib. Halbuki Leyla xanımın 2004-cü ildən ailəməişət əsaslı, nikah dövründə inşa edilmiş evdə yaşaması ər-arvadın birgə mülkiyyət rejimi fonunda tam qanuni sahiblikdir və onu “özbaşınalıq” kimi təqdim etmək hüquqi əsasdan məhrumdur. MPM-in 76.2-ci maddəsinə əsasən sübutlar şahid ifadələri də daxil olmaql müxtəlif vasitələrlə müəyyən edilir. Müdafiə tərəfinin şahidlərin dindirilməsi barədə vəsatəti əsassız rədd edilib. Halbuki həmin şahidlər: Leyla xanımın 2004-cü ildən bu ünvanda yaşamasını, evin nikah dövründə birgə vəsaitlə tikilməsini, iddiaçının orada yaşamamasını təsdiq edəcəkdilər. Bu rəddə qərarı işin həqiqi halarının müəyyən edilməsinə maneə olub “Məhkəməsi qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı Plenum Qərarının 2.4, 6.2-6.3-cü bəndlərində əks olunan tələbləri pozub: sübutların əlaqəli şərhi verilməyib, hansı sübutun niyə rədd edildiyi əsaslandırılmamışdır. Birinci instasniya məhkəməsi icra nümayəndəliyinin mötəbərliyi şübhəli arayışına həddən artıq üstünlük verib, iddiaçının faktiki yaşayış evini və uzunmüddətli sahiblik etməməsini nəzərə almayıb, nikah dövründə tikilinin hüquqi rejimi araşdırmayıb. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(020)- 282/2025 saylı qətnaməsininin ləğv edilərək, iddianın rədd edilməsi baərdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(020)-282/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində, göstərilən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bu səbəbdən kollegiya qətnaməni bütövlükdə apellyasiya qaydasında yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə görə Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(020)-282/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququ, Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüquq normaları ilə qorunan əsas mülki hüquqlardan biridir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır, bu hüquq qanunla qorunur və heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi də mülkiyyətin müdafiəsini təmin edir. Mülkiyyət hüququ yalnız faktiki sahiblik deyil, həm də həmin hüququn dövlət qeydiyyatı ilə rəsmiləşdirilməsi, sərbəst istifadəsi və maneəsiz həyata keçirilməsi imkanını əhatə edir. Bu hüquqa qarşı istənilən süni maneə, xüsusən də qanuni qeydiyyat prosedurlarının qarşısının alınması, hüquqa zidd müdaxilə kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində iddiaçının subyektiv hüququnun olmaması əsas gətirilmişdir. Lakin iş materialları tam əksini sübut edir. Belə ki, ünvan 1 12 dekabr 2024-cü il tarixli 1273 nömrəli məktubundan açıq-aşkar görünür ki, X6 ölümündən sonra vərəsəlik işi açılmış və İddiaçı vərəsə kimi tanınmışdır. Bu hal işin mübahisəsiz faktıdır və notariat orqanının rəsmən verdiyi sənədlə təsdiqlənmişdir. Deməli, iddiaçının miras əmlaka dair hüquqlarının qeydə alınması üçün müraciət etmək, onun bu hüququnu həyata keçirməsinə müdaxilə olduğu halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ var. Onun mülkiyyət hüququnun müdafiəsi üçün iddia qaldırmaq imkanı istisna edilmir. Əks mövqenin qəbul edilməsi hüquq sisteminə zidd olardı, çünki vərəsəlik hüququnun reallaşdırılmasına müdaxilə hallarını aradan qaldırmaq üçün məhkəməyə müraciət etməsi tam qanunidir. Buna görə də, İddiaçı pozulduğu etimal etdiyi hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd edir ki, iddiaçı 1983-cü ildən Şəmkirdə yaşayır və mübahisəli evdə yaşamamışdır. Lakin hazırkı mübahisə hüquq haqqında mübahisə deyil, özbaşınalığın qarşısının alınmasına yönələn tələblər kimi nəzərdə tutulmuşdur. (Pozuntuya son qoyulması tələbi (MM, m. 165.1)) Cavabdeh apellyasiya şikayətində göstərir ki, 2004-cü ildən etibarən həyat yoldaşı ilə birgə öz vəsaitləri hesabına yeni tikili inşa etmişlər. Bu, iş üçün mübahisəli məqam deyil. Çünki mübahisənin predmeti – həyətyanı torpaq sahəsi və miras əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə qoyulmuş maneənin aradan qaldırılmasıdır. İddiaçının vərəsə kimi həmin evə hüquqlarının qeyd alınıb-alınmaması hazırkı araşdırma predmeti xaricində qalmaqla mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Yəni, hazırkı mübahisəni həll etmiş məhkəmə mübahisənin obyekti üzərində tərəflərdən hansınınsa hüququnu tanımış və ya təkzib etmiş olmur. İşin faktiki halları ilə müəyyən edilir ki, torpaq sahəsi miras qoyana – X7 Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş və bu hüquq vərəsələrə keçmişdir. Bundan başqa, iddiaçının hüquq müəyyənedici sənəd əldə edə bilməməsinin yeganə səbəbi cavabdehin maneə yaratması olmuşdur. Belə ki, DƏDRX əməkdaşları ölçü işlərini aparmaq üçün mübahisəli ünvana getmiş, lakin qapının bağlı olması səbəbindən öz funksiyalarını icra edə bilməmişlər. Bu fakt da iş materialları ilə təsdiqlənmişdir. Deməli, iddiaçının hüquqlarının reallaşmasına maneə məhz cavabdeh tərəfindən yaradılmışdır. Əlavə olaraq kollegiya qeyd edir ki, cavabdehin iradəsi nəzərə alınmaqla, onun iddia etdiyi kimi vərəsəlik predmetinin real olaraq hansı vəziyyətdə olmasının müəyyən edilməsi üçün yerində baxış keçirilməsi zəruridir. Lakin bu baxışın həyata keçirilməsi, cavabdeh tərəfindən yaradılan maneələr səbəbindən mümkün olmamışdır. Məhz bu səbəbdən, iddiaçının təqdim etdiyi hüquqverici sənədlərlə faktiki vəziyyət arasında uyğunluğun və ya uyğunsuzluğun müəyyən edilməsi üçün zəruri olan ölçmə işləri aparılmamışdır. Bu isə, nəticə etibarilə, cavabdehin mövqeyinin obyektiv qiymətləndirilməsinə imkan verməmiş və iddiaçıların qanuni prosedur çərçivəsində mülkiyyət hüquqlarını rəsmiləşdirməsinə əngəl yaratmışdır. Cavabdeh tərəfindən yaradılmış maneələr iddiaçının daşınmaz əmlak üzərindəki mülkiyyət hüquqlarının həyata keçirilməsinə birbaşa müdaxilə təşkil edir və həmin hüququ pozur. Belə müdaxilə qanuni əsasa malik olmadığından, iddiaçının vərəsəlik yolu ilə əldə etdikləri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün zəruri olan prosedurların (ölçmə, texniki inventarizasiya və qeydiyyat) qarşısını almaqla, onun konstitusion təminat altına alınmış mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Kollegiya bir daha vurğulayır ki, cavabdeh tərəfin apellyasiya şikayətində istinad etdiyi hallar nə mübahisənin predmetinə, nə də hazırkı iş üzrə araşdırmanın predmetinə daxildir. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin predmeti mərhumdan vərəsəlik qaydasında keçmiş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan ölçmə və texniki inventarizasiya işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasıdır. Bu baxımdan, cavabdehin istinad etdiyi digər hallar işin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir, çünki onlar iddianın mahiyyətini təşkil edən əsas tələblə – mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması öhdəliyi ilə birbaşa bağlı deyildir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan həmin qətnaməsinin dəyişdirilib ləğv edilməsi üçün heç bir əsas yoxdur. Nəticə etibarilə, apellyasiya şikayətində göstərilən hallar iş üzrə mövcud hüquqi vəziyyəti dəyişmir və birinci instansiya məhkəməsinin qətnaməsi həm faktiki, həm də hüquqi baxımdan əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Beyləqan Rayon Məhkəməsinin 2(020)-282/2025 saylı, 04 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(020)-282/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar