Məhkəmə qərarları › İş №2(106)-929/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-929/2023

12.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-929/2023 12.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi və sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)50/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyun 2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi və sahibliyin pozulmasına yönəlmiş qanuazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq İmişli rayonu Xoşçobanlı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarı və xx.xx.2018ci il tarixli 3M-29 nömrəli icarə müqaviləsinə əsasən 15 il müddətində istifadəsinə verilmiş A 462414 nömrəli planda yeri təyin edilən 6,67 ha torpaq sahəsinin zəbt edilmiş 5,0 ha ərazisindən qarşı tərəfin çıxarılması və həmin torpaq sahəsindən istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, İmişli rayonu Xoşçobanlı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə bələdiyyənin ehtiyat fonduna daxil 6,67 ha torpaq sahəsi hərrac yolu ilə 15 il müddətinə icarəsinə verilmiş və təsdiq olunmuş plan əsasında ayrılıb ona təhkim edilmiş dir. Torpaq sahəsi üzərindəki icarə hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və yer üzərində sərhədləri təyin olunaraq döngə nöqtələrinin koordinatları A 462414 nömrəli planda qeyd edilmişdir. Torpaq sahəsinin təsdiq olunmuş planda göstərilən ərazisinə daxil olan 5,0 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək əkin sahəsi kimi istifadə edildiyindən o, əldə etdiyi 5,0 ha torpaq sahəsi üzərində icarə hüququnu həyata keçirə bilməmişdir. Mübahisəli torpaq sahəsinin İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin deyil, Xoşçobanlı bələdiyyəsinin mülkiyyətində olması məhkəmə qaydasında təsdiq olunsa da, Cavabdeh mübahisəli torpaq sahəsini Yuxarı Qaralar bələdiyyəsindən icarəyə götürdüyünü bildirərək torpaq sahəsindən çıxmamışdır.Ona görə də, İmişli rayonu Xoşçobanlı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarı və xx.xx.2018-ci il tarixli 3M-29 nömrəli icarə müqaviləsinə əsasən 15 il müddətində istifadəsinə verilmiş A 462414 nömrəli planda yeri təyin edilən 6,67 ha torpaq sahəsinin zəbt edilmiş 5,0 ha ərazisindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsindən istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması haqqında iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Yuxarı Qaralar kəndində yaşayır.Fərdi qaydada təsərrüfatla məşğul olmaq məqsədilə yerli bələdiyyəyə etdiyi müraciət nəzərə alınaraq Yuxarı Qaralar bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 21 saylı qərarı ilə bələdiyyənin ehtiyat fonduna daxil olan 6,0 ha torpaq sahəsi əkin məqsədilə istifadəsinə verilmiş və təsdiq olunmuş plan əsasında ayrılıb təhkim edilərək xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə əsasən 30 il müddətinə icarəsinə verilmişdir. Torpaq sahəsi həmin vaxtdan indiyədək onun tərəfindən təyinatınauyğun şəkildə istifadə olunmuş və icarə haqqı bələdiyyə büdcəsinə ödənilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)50/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (Hakim Ü.Qənbərov) iddia tələbinin qismən təmin olunması, İmişli rayonu Xoşçobanlı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarı və xx.xx.2018-ci il tarixli 3M-29 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş İmişli rayonu Xoşçobanlı bələdiyyəsinin mülkiyyətində olan A 462414 nömrəli planda yeri təyin edilən 6,67 ha torpaq sahəsinin cəmi 3,59 ha (AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********23 saylı mütəxəssis rəyinə əlavə edilmiş planda göstərilmiş koordinatlar üzrə yeri təyin olunan 0,78 ha və 2,81 ha) hissəsindən Cavabdeh çıxarılması və əldə edənin (İddiaçı) həmin torpaq sahəsindən istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması, Cavabdeh 50,0 ( əlli) manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56, 65, 66, 67, 162, 164, 165, 166, 238-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)50/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini İmişli Rayon Məhkəməsinin 2(036)50/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)50/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin 2(036)50/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir;Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 66-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. 67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəq qəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)50/2023 saylı, 22 fevral 2023-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Xoşçobanlı bələdiyyəsinin mülkiyyətində olan A 462414 nömrəli planda yeri təyin edilən 6,67 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli 3M-29 nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə **********04 reyestr nömrəsi ilə 15 il müddətinə İddiaçı adına icarə hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş «Torpaq icarəsi haqqında» xx.xx.2010-cu il tarixli müqavilənin surətinə əsasən İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 21 saylı qərarı ilə bələdiyyənin ehtiyat fonduna daxil olan ələvə edilmiş planda sərhədləri göstərilən 6,0 ha torpaq sahəsi 30 il müddətinə əkin məqsədilə Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/8477 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı icarəsində olan İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 6,67 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan İmişli rayonu Yuxarı Qaralar kəndi ərazisində yerləşən 6,0 ha torpaq sahəsinin 0,78 ha hissəsi əvvəlki baza məlumatlarında olan sərhədlərə əsasən üst-üstə düşsə də, yeni X1 İnformasiya Sistemində həmin ərazinin Xoşçobanlı bələdiyyəsinin hüdudları daxilində olması qeyd olunur; İddiaçı icarəsində olan İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 6,67 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan İmişli rayonu Yuxarı Qaralar kəndi ərazisində yerləşən 6,0 ha torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə faktı vardır, torpaq sahəsinin 3,59 ha hissəsi (AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********23 saylı mütəxəssis rəyinə əlavə edilmiş planda göstərilmiş koordinatlar üzrə yeri təyin olunan 0,78 ha və 2,81 ha) onun tərəfindən istifadə olunur; Cavabdeh tərəfindən 6,67 ha torpaq sahəsinin cəmi 3,59 ha hissəsinə müdaxiə faktı vardır və torpaq sahəsi əkin sahəsi kimi istifadə olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “İmişli rayonu Xoşçobanlı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarı və xx.xx.2018-ci il tarixli 3M-29 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş İmişli rayonu Xoşçobanlı bələdiyyəsinin mülkiyyətində olan A 462414 nömrəli planda yeri təyin edilən 6,67 ha torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********23 saylı mütəxəssis rəyinə əlavə edilmiş planda göstərilmiş koordinatlar üzrə yeri təyin olunan 0,78 ha və 2,81 ha, cəmi 3,59 ha hissəsindən Cavabdeh çıxmalı və əldə edənin həmin torpaq sahəsindən istifadəsinə maneçilik törədən qanumazidd hərəkətlərinə son qoymalıdır.” qənətinə gəlməsini qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətininin dəlillərində qeyd edir ki, “X3 bələdiyyəsi tərəfindən istifadəmə verilmiş və planda sərhədləri göstərilən torpaq sahəsinin həmin bələdiyyəyə yox, Xoşçobanlı bələdiyyəsinə məxsus olması məhkəmə tərəfindən aydınlaşdırılmayıb.”. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Xoşçobanlı bələdiyyəsinin mülkiyyətində olan A 462414 nömrəli planda yeri təyin edilən 6,67 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli 3M- 29 nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə **********04 reyestr nömrəsi ilə, 15 il müddətinə İddiaçı adına icarə hüququ ilə dölət qeydiyyatına alınmışdır. Həmçinin ekspert rəyindən müəyyən edilir ki, İddiaçı icarəsində olan İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 6,67 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan İmişli rayonu Yuxarı Qaralar kəndi ərazisində yerləşən 6,0 ha torpaq sahəsinin 0,78 ha hissəsi əvvəlki baza məlumatlarında olan sərhədlərə əsasən üst-üstə düşsə də, yeni X1 İnformasiya Sistemində həmin ərazinin Xoşçobanlı bələdiyyəsinin hüdudları daxilində olması qeyd olunur; İddiaçı icarəsində olan İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 6,67 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan İmişli rayonu Yuxarı Qaralar kəndi ərazisində yerləşən 6,0 ha torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə faktı vardır, torpaq sahəsinin 3,59 ha hissəsi (AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********23 saylı mütəxəssis rəyinə əlavə edilmiş planda göstərilmiş koordinatlar üzrə yeri təyin olunan 0,78 ha və 2,81 ha) onun tərəfindən istifadə olunur; Cavabdeh tərəfindən 6,67 ha torpaq sahəsinin cəmi 3,59 ha hissəsinə müdaxiə faktı vardır və torpaq sahəsi əkin sahəsi kimi istifadə olunur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmaqla istifadə olunur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 2(036)50/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)50/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar