Məhkəmə qərarları › İş №2(106)-932/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-932/2024

04.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-932/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Habil Xanoğlan oğlu Bəhmənov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin təmsilçisi Nümayəndə2 iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “vəzifənin yerdəyişmə edilməsi barədə” xx.xx.2019-cu il tarixli, 134 nömrəli və “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmə” barədə xx.xx.2023-cü il tarixli, 158 nömrəli əmrlərin ləğv edilməsi, əvvəlki iş yerinin dəyişdirilməsi nəticəsində xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövrdə əmək haqqında olan fərq məbləğinin, xx.xx.2023-cü il tarixdən məcburi buraxdığı iş günlərinə görə ödənilməmiş əmək haqqının və mediasiyaya görə ödənilmiş 60 manatın ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, 2010-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Salyan rayon Gigiyena və Epidimalogiya Mərkəzinə dezenfektor vəzifəsinə qəbul olunmuş və bu vəzifədə 2019-cu ilə kimi işləmişdir. 2019-cu ildə sosial məzuniyyətə (analıq məzuniyyətinə) çıxmış və 2022-ci ilin noyabr ayında işinə qayıdandan sonra onun xəbəri və razılığı olmadan vəzifəsinin həmin idarədə sanitar vəzifəsinə dəyişdirildiyini eşitmişdir. O, bu qanunsuzluq barədə bildikdən sonra dərhal idarə rəhbərliyinə müraciət edərək səbəbini soruşduqda, hazırki rəhbərlik bildirmişdir ki, bu dəyişiklik ondan əvvəlki rəhbərliyin vaxtında olduğundan bu işdən məlumatı yoxdur. İdarə rəhbərliyi ona bildirdi ki, 2023-cü ilin iyun ayına kimi gözləsin, işçilərdən təqaüdə gedən olanda onu öz işinə qaytaracaqlar. Bu səbəbdən o, aidiyyəti orqanlara müraciət etməmiş, işinin dəyişdirilməsi ilə bağlı rayon məhkəməsinə iddia ilə müraciət etməmişdir. 2023-cü ilin iyun ayına kimi o, işinə davam etmişdir. Lakin 2023-cü ilin sentyabr ayında ona şifahi olaraq bildirmişdilər ki, onun əvvəlki işinə qayıtmağı mümkün deyil. Bundan sonra, o, haqsızlıq və qanunsuzluqla bağlı X5 xidmətinə müraciət etmişdir. 15 noyabr 2023-cü ildə ona rəsmi cavab verilmişdir ki, onun qanunsuz olaraq vəzifəsinin dəyişdirilməsi ilə bağlı Gigiyena və Epidimalogiya Mərkəzinə sorğu göndərilmişdir. Bundan sonra idarə rəhbərliyi ona bildirmişdir ki, sanitar işləməlidir, əgər işləməsə ƏM-nin 70-ci maddəsinə əsasən işdən çıxarılacaqdır. Faktiki olaraq vəzifəsinin dəyişdirilməsi ilə bağlı onun razılığı alınmamış və bu barədə onunla əmək müqaviləsi bağlanmamışdır. Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Gigiyena və Epidimalogiya Mərkəzi ona qarşı qanunsuzluq etməklə hüquqlarını kobud şəkildə pozmuşdur. AR Əmək Məcəlləsinin 57.3. maddəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. AR ƏƏSMN yanında DƏMX Şirvan-Salyan regional şöbəsi şikayətini araşdırmış və cavabdehə xx.xx.2023-cü il tarixli 3-17-5/2- 42490/2023 saylı məktubla onu dezinfektor vəzifəsinə geri qaytarılmağı barədə göstəriş verilmişdir. Buna baxmayaraq, göstəriş yerinə yetirilməmiş və bunun əksinə olaraq hazırki keçirildiyi vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunmağı barədə cavabdeh 158 saylı xx.xx.2023-cü il tarixli əsassız əmr vermişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə iddia tələbini dəqiqləşdirmiş, İddiaçı vəzifənin dəyişdirilməsi barədə xx.xx.2019-cu il tarixli, 134 nömrəli və işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli, 158 nömrəli əmrlərin ləğv edilməsi, əvvəlki iş yerinin dəyişdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövrdə əmək haqqında olan əskik hesablanmış məbləğin, xx.xx.2023-cü il tarixdən məcburi buraxdığı iş günlərinə görə ödənilməmiş əmək haqqının və 60 manat mediasiya rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin təmsilçisi Nümayəndə2 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, 27 oktyabr 2023-cü ildə Salyan rayon GEM- nin direktor əvəzi təyin olunmuşdur. Vəzifəni icra edən şəxs kimi işə gələndən sonra işçilərlə tanış olmuş və məlum olmuşdur ki, idarədə işləyən altı nəfər xadimə işlərini icra etməkdən imtina edirlər. Özü işçiləri çağıraraq niyə işlərini icra etmədiklərini soruşmuş, onlar isə Səkinə adlı işçinin 2019-cu ildən işə gəlmədiyini və ayda 1-2 dəfə gələrək tabelə imza edib əmək haqqı aldığını bildirmişlər. Səkinə xanımı çağıraraq niyə işləmədiyini soruşmuş, o isə əvvəllər dezinfektor işlədiyini, sonradan razılığı olmadan sanitar vəzifəsinə keçirildiyini, buna görə də xadimə kimi işləməyəcəyini bildirmişdir. 30 gün müddətində işə çıxmadığına görə onun barəsində hər gün akt tərtib edilmişdir. İki dəfə iclas keçirmiş və həmkarlar təşkilatını dəvət etmiş, oradan rəsmi məktub gəlmiş, təşkilat İddiaçı işdən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı xadimə maaşını 5 ildir alır. İşə gəlmədiyi üçün iş rejimini pozduğuna görə xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Barəsində əmək müfəttişliyində tərtib olunmuş protokoldan məlumatı olmamışdır. Qərarla bağlı onu Əmək müfəttişliyinə çağırmışlar. Orada elektron imzası olmadığı halda işçini işdən çıxarılma barədə əmrin sitemə yerləşdirildiyi nəzərinə çardırılmışdır. Cavabdeh həmçinin, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin (hakim V.Əliyeva) 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 30 noyabr 2023-cü il tarixli, 158 №-li “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, İddiaçı 30 noyabr 2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi qət edilmiş, qalan hissədə idia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 59, 46.6, 57.3, 59, 70, 71.3, 80.1, 296.2, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 119.1, 107, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən İddiaçı və Cavabdeh ayrı-ayrılİqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməsi və iddianın tam təmin olunması, yəni xx.xx.2019-cu il tarixli, 134 nömrəli “vəzifənin yerdəyişmə edilməsi barədə” və xx.xx.2023-cü il tarixli, 158 nömrəli “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmə” barədə əmrlərin ləğv edilməsi, əvvəlki iş yerinin dəyişdirilməsi nəticəsində xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövrdə əmək haqqında olan əskik hesablanmış məbləğin, xx.xx.2023-cü il tarixdən məcburi buraxdığı iş günlərinə görə ödənilməmiş əmək haqqının və ödənilmiş 60 manat mediasiya xərcinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. İddiaçı göstərmişdir ki, ona qarşı edilmiş haqsızlıq və qanunsuzluqla bağlı X5 xidmətinə müraciət etmişdir. 15 noyabr 2023-cü ildə rəsmi cavab verilmişdir ki, qanunsuz olaraq vəzifəsinin dəyişdirilməsi ilə bağlı Gigiyena və Epidimalogiya Mərkəzinə sorğu göndərilmiş, bundan sonra idarə rəhbərliyi onu məcbur ediblər ki, sanitar işləməlidir, əgər işləməsə ƏM-nin 70-ci maddəsi ilə işdən çıxarılacaqdır. Lakin hüquqları bərpa olmadığından məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Gigiyena və Epidimalogiya Mərkəzi ona qarşı qanunsuzluq etməklə hüquqlarını kobud şəkildə pozmuşdur. AR Əmək Məcəlləsinin 57.3-cü maddəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. AR ƏƏSMN yanında DƏMX Şirvan-Salyan regional şöbəsi şikayətini araşdırmış və cavabdehə xx.xx.2023-cü il tarixli 3-17-5/2- 42490/2023 saylı dezinfektor vəzifəsinə geri qaytarılmağı barədə göstəriş verilmişdir. Buna baxmayaraq, göstəriş yerinə yetirilməmiş və bunun əksinə olaraq hazırki keçirildiyi vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunması barədə cavabdeh 158 saylı xx.xx.2023-cü il tarixli əsassız əmr vermişdir. Ona görə iddia tam təmin olunmalı idi. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, cavabdeh təşkilat tərəfindən iddiaçının hüquqlarının kobud və davamlı şəkildə pozulması barədə gəldiyi nəticəni əsaslandırmamışdır. İş yoldaşları izahat verir ki, İddiaçı işlədiyi müddətdə öhdəsinə düşən əmək funksiyalarını yerinə yetirməmişdir. Hətta İddiaçı öz izahatında da vəzifələrini yerinə yetirmədiyini bildirmişdir. Məhkəmə isə belə nəticəyə gəlmişdir ki, cavabdeh təşkilat iddiaçının əmək hüquqlarını pozmuşdur. Lakin bu zaman məhkəmə işin faktiki halı olan iddiaçının uzun illər və aylar ərzində işə gəlmədiyini nəzərə almamış, bu barədə sübutları düzgün qiymətlənləndirməmişdir. lddiaçının üzrsüz səbəbdən işə çıxmaması işin mübahisəsiz halıdır. Lakin məhkəmə bu faktiki hallara qiymət verməmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, izahatında göstərmişdir ki, 2 əmr mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi əmrin birin təmin etmiş digərin isə yox. İddiaçı 2019-2022-ci ilə qədər analıq məzuniyyətində olub. Gələndən 1 il sonra bilib ki, dezifektor vəzifəsi dəyişdirilib xadimə olub. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında cavabdehin təmsilçisi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəf izahatında bildirmişdir ki, o işə gələndə Səkinə sanitar işləyirdi, digər işçilər buna etiraz etmişlər ki, işləməyəcəklər, çünki Səkinə işləmir. O, Səkinəni çağırıb vəziyyəti ona izah etmişdir. O Səkinəyə dəfələrlə xəbərdarlıq etmişdir. Səkinə isə buna məhəl qoymamışdır. O da onu qanuna müvafiq qaydada işdən azad etdi. Əsaslandırma Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: İddiaçı xx.xx.2010-cu il tarixdən Cavabdehndə 0,25 oklad parazitoloji bölməyə dezinfektor vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli, 125 №-li əmrlə o, müvəqqəti olaraq parazitologiya üzrə dezinfektor Səlimova Gülarənin iş yerindən verilmiş 0,25 oklad dezinfektor vəzifəsindən azad edilmiş və həmin tarixdən onun okladı 0,5 oklad dezinfektor vəzifəsi kimi hesablanmışdır. xx.xx.2019-cu il tarixli, 134 №-li əmrlə İddiaçı həmin tarixdən 0,5 oklad sanitariya gigiyena laboratoriyasına sanitar qadın vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 155 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı həmin tarixdən xx.xx.2020-ci il tarixə kimi analıq məzuniyyətinə çıxmış, işə çıxma vaxtı xx.xx.2020-ci il tarix göstərilmişdir. xx.xx.2020-ci il tarixli, 30 №-li əmrlə İddiaçı həmin tarixdən xx.xx.2022-ci il tarixə kimi (uşağın 3 yaşına qədər) qismən ödənişli sosial məzuniyyət verilmiş, işə çıxma vaxtı xx.xx.2022-ci il tarix göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 45756/2023 №-li məktubda göstərilmişdir ki, onun xx.xx.2022-ci il tarixdən hazırki dövrə qədər dezinfektor vəzifəsindən razılığı olmadan sanitar qadın vəzifəsinə keçirildiyi üçün vəzifələr arasındakı əmək haqqı fərqinin hesablanıb ödənilməsinin təmin olunması barədə Cavabdehnə 14 noyabr 2023-cü il tarixli, 3-17-5/2-45321/2023 nömrəli göstəriş verilmişdir. xx.xx.2023-cü il tarixli, 158 №-li əmrlə İddiaçı ilə bağlanmış 100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını yerinə yetirmədiyinə görə) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əsas olaraq, Həmkarlar Komitəsinin 7 saylı, xx.xx.2023-cü il və 8 saylı, xx.xx.2023cü il tarixli protokolu və İddiaçı izahatı göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli, 53840/2023 №-li məktubda göstərilmişdir ki, qanun pozuntularına yol verdiyinə görə Salyan GEM-in direktoru vəzifəsini icra edən Nümayəndə2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmış və işəgötürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6 və 116-cı maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilərək 1500 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xətanın aradan qaldırıldığı təqdirdə inzibati cərimənin (1500 manat) ödənilməsindən azad olunacağı ona izah olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 54557/2023 №-li məktubdan görünür ki, qanun pozuntularına yol verdiyinə görə Salyan GEMin direktoru vəzifəsini icra edən Nümayəndə2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-17/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X1 Salyan GEM-in direktor əvəzi Nümayəndə2 barəsində qəbul etdiyi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddiaçı tələbində Cavabdeh, İddiaçı sanitariya gigiyena laboratoriyasına sanitar qadın vəzifəsinə keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 134 №-li əmrinin və onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 158 №-li əmrinin ləğv edilməsini, vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar yaranmış əmək haqqı fərqinin və işə bərpa edilməsi ilə əlaqədar ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı sanitar vəzifəsinə keçirilməsi barədə əmri ona görə mübahisələndirir ki, onu başqa vəzifəyə keçirərkən onun məlumatı və razılığı olmamışdır. Cavabdeh iddia müddətinin ötürüldüyünü qeyd etməklə, iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Birinci instansiya məhkəməsi iddiaçının Sanitariya gigiyena laboratoriyasına sanitar qadın vəzifəsinə keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 134 №-li əmrin ləğv edilməsi hissədə iddianı, iddia müddətinin ötürülməsi səbəbindən təmin etməmişdir. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Kollegiya qeyd edir ki, İddiaçı sanitar qadın vəzifəsinə razılığı olmadan keçirilsə də uzun müddət- təxminən 4 il müddətində həmin vəzifədə işləmiş, yaxud hesab olunmuş, həmin vəziyyətlə razılaşmış və bu halı vəzifəsinin dəyişdirildiyi vaxtdan (onu bildiyi vaxtdan) sonra mübahisələndirməmişdir. 2023-cü ilin oktyabr ayında idarəyə yeni təyin olunmuş direktor Nümayəndə2 ondan işə çıxmasını tələb etdikdən sonra İddiaçı şikayət etməyə başlamışdır. Ona qədər isə İddiaçı heç bir narazılığı olmamışdır. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsaslanaraq və Cavabdeh nümayəndəsi Nümayəndə2 “iddia müddətinin tətbiq edilməsi” barədə təqdim etdiyi ərizəni nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, iddia müddəti ötürüldüyündən qeyd olunan hissədə iddia rədd edilməlidir. Əvvəlki vəzifəsi ilə sonrakı vəzifə arasında yaranan əmək haqqı fərqinin ödənilməsi tələbi, iddianın birinci hissəsinin təmin olunmasından asılı olduğundan, Kollegiya hesab edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Kollegiya bu hissədə iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsas tapmır. İddiaçının digər tələbi onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 158 №-li əmrin ləğv edilməsi, işə bərpa edilməsi ilə əlaqədar (məcburi iş buraxmaya görə) ödənilməmiş əmək haqqının ödənilməsindən ibarətdir. Bu hissədə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəla, onun vəzifəsinin dəyişdirilməsi qanunsuz olmuşdur. Digər tərəfdən, X5 Xidməti tərəfindən qanun pozuntularına yol verən Salyan GEM-in direktoru vəzifəsini icra edən Nümayəndə2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında işə baxılmış və işəgötürən barəsində inzibati cərimə təyin edilmiş, göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin edərkən ona əsaslanmışdır ki, Cavabdeh direktoruna iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması barədə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 539.1-1 maddəsinə əsasən göstəriş verilmiş və yenidən işə götürülməsinə bir ay vaxt verilmişdir. Bu vaxt ərzində işəgötürən göstərişi icra etmək əvəzinə, əksinə, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işçi ilə olan müqaviləyə xitam verilmişdir. İşçi ilə əmək müqaviləsinə xitam verilərkən əvvəlki göstəriş nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə hesab etmişdir ki, sözügedən əmr səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Nümayəndə2 yeni direktor əvəzi vəzifələrini icra edən şəxs olmuş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron sistemə işdən iki ay əvvəl çıxmış keçmiş direktor S.Ağalarovun imzası ilə daxil edilmiş və nəticədə Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. GEM-dən əmək haqları da, Ağalarovun imzası ilə vurulmuşdur. X5 Xidməti tərəfindən göstəriş verilməsinə baxmayaraq, işçi, nəinki əvvəlki işinə bərpa edilmiş, hətta, onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndində əsasən xitam verilmişdir. Kollegiya hesab edir ki, iddianı təmin edilməsi hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə aşağıdakılara əsasən qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün əsas səbəb onun işə çıxmaması olmuşdur. İzahatlardan, təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı onun vəzifəsinin dəyişdirilməsi ilə razı olmamış, ona görə işə çıxmamış, öz əmək funksiyalarını yerinə yetirməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanunun tələbinə görə, işçinin əmək funksiyasını yerinə yetirməməsi, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əmək müqaviləsinə xitam verilmək üçün əsasdır. Bundan başqa, Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinə sasən:

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddiaçının öz vəzifəsini icra etməkdən imtina etməsi və işə çıxmaması sübuta yetirilir. Bunu iddiaçı öz də inkar etməmişdir. İddiaçının öz vəzifəsini icra etməkdən imtina etməsi və işə çıxmaması ilə bağlı müvafiq aktlar (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023l, xx.xx.2023, xx.xx.2023-cü il tarixli və i.a.) tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli 151 nömrəli əmrlə, müdiriyyət tərəfindən dəfələrlə deyilməsinə baxmayaraq əmək funksiyasını yerinə yetirmədiyinə görə ona töhmət verilmişdir. xx.xx.2023-cü il tarixli 152 nömrəli əmrlə əmək intizamını pozduğuna və əmək funksiyasını yerinə yetirmədiyinə görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunun bu tələbinə əməl edilmişdir. Belə ki, Salyan rayon GEM-in direktoru işə çıxmaması ilə əlaqədar İddiaçı izahatını almış, sonuncu izahatında vəzifəsini icra etməkdən imtina etdiyini bildirmiş, izahatında “Mən xadimə vəzifəsini icra etmək istəmirəm... Sizdən dezinfektor vəzifəsini tələb edirəm” sözlərini qeyd etmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə də əməl edilmişdir. Belə ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi məsələsi həmkarlar təşkilatının iclasında müzakirə edilmiş, o, həmkarlar təşkilatının iclasına dəvət etmiş, oradan rəsmi məktub gəlmiş, həmkarlar təşkilatı İddiaçı işdən çıxarılmasına razılıq vermişdir. Məhkəmənin istinad etdiyi hallardan biri də ondan ibarətdir ki, DƏMX-nin müvafiq regional şöbəsi İddiaçı iş yerinin özünün xəbəri və razılığı olmadan dəyişdirilməsi ilə bağlı pozuntunu aradan qaldırmaq üçün Salyan rayon GEM-ə yazılı göstəriş vermiş, göstərişin tələblərinə əməl edilmədikdə isə Mərkəzi İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilib inzibati cərimə etmiş, habelə həmin cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmaqla GEM-ə yenidən vaxt vermişdir. Cavabdeh işəgötürənin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməsi, inzibati xəta haqqında işə baxılması və işəgötürən barəsində inzibati cərimə təyin edilməsi, göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunması ilə bağlı X5 Xidmətinin X1 inzibati qərarından şikayətə baxılmış, Salyan Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 3(057)-17/2024 saylı qərarı ilə barəsində inzibati tənbeh təyin edilmiş Nümayəndə2 şikayəti təmin edilmiş, X5 Xidmətinin X1 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi hakiminin xx.xx.2024-cü il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kollegiya onu da qeyd edir ki, işəgötürənə əvvəllər yol verilmiş nöqsanları aradan qaldırmaq üçün müvafiq göstəriş verilməsi, iddiaçıya heç də mövcud vəzifəsinə uyğun olaraq əmək funksiyasını yerinə yetirməkdən imtina etməyə və ya işə çıxmamağa əsas vermir. İstinad edilən məsələrdən biri də ondan ibarətdir ki, mübahisələndirilən əmr elektron sistemə əvvəlki direktor S.Ağalarovun imzası ilə daxil edilmiş və nəticədə Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. GEM-dən əmək haqları da, Ağalarovun imzası ilə vurulmuşdur. Kollegiya qeyd edir ki, GEM-in direktoru vəzifəsini icra edən Nümayəndə2 özündən əvvəlki direktorun gücləndirilmiş elektron imzasından istifadə etməklə əmək müqaviləsinin xitamını qeydə aldırması və bunun əmək qanunvericiliyinin pozulması hesab edildiyi haqda dəlillər formal xarakterlidir. Belə ki, Nümayəndə2 Azərbaycan Respublikasının Səhiyyə nazirinin müvafiq əmri ilə Salyan rayon GEM-in direktor səlahiyyətlərinin icraçısı təyin edilmiş, əvvəlki direktor S.Ağalarov isə yaşla bağlı təqaüdə çıxmışdır. Nümayəndə2 direktor əvəzi təyin edilsə də, onun adına elektron imza qeydə alınmamışdır. Ona görə də o, əvvəlki direktorun elektron imzasından istifadə etmişdir. Buna baxmayaraq, hər bir halda Nümayəndə2 Salyan rayon GEM-in qanuni təmsilçisi olmuş, müəssisənin adından əmək müqaviləsi bağlamaq, yaxud belə müqaviləyə xitam vermək səlahiyyətinə malik olmuşdur. Bu səbəbdən o, ƏMAS-da qeydə alınması zəruri olan əmək müqaviləsinin xitamının qeydə alınmasını təmin etmək məqsədilə ilə özündən əvvəlki qanuni təmsilçinin elektron imzasından istifadə etmişdir, yəni onun məqsədi göründüyü kimi əslində əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarət olmuşdur. Nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin xitamının ƏMAS-da qeydə alınmaması halında Salyan rayon GEM əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyırdı və eyni zamanda bu pozuntu inzibati xəta hesab edilə bilərdi. Kollegiya qeyd edir ki, direktor əvəzi Nümayəndə2 ƏMAS-da özündən əvvəlki direktorun elektron imzasından istifadə etməsi ilk baxışdan qanun pozuntusu kimi görünsə də, bu formal pozuntudur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, onun məqsədi əslində əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarət olmuş, həmin vaxt o, əmək müqaviləsini xitam etmək səlahiyyətinə malik olan vəzifəli şəxs statusunda olmuşdur. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına düzgün qiymət vermədən iddianı təmin etmişdir. Göstərilən hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən sübutlara düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə iddianın təmin edilməsinə dair hissədə maddi və prosessual hüquq normaları pozullduğundan ləğv edilməli, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsinə dair hissədə- Cavabdeh 30 noyabr 2023-cü il tarixli, 158 №-li “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, İddiaçı 30 noyabr 2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, habelə mediasiya xərcinin cavabdehdən tutulması hissədə də tələb təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası,

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(057)-339/2024 saylı qətnaməsi iddianın təmin edilməsinə dair hissədə- Cavabdeh 30 noyabr 2023-cü il tarixli, 158 №-li “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, İddiaçı 30 noyabr 2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi, habelə mediasiya xərcinin cavabdehdən tutulması hissədə ləğv edilsin, həmin hissədə tələb təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar