Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-94/2025 21.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq mübahisələrinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-32/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli şəhəri H.Əliyev prospekti 124 ünvanında yerləşən ona məxsus həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını qeyd etməklə və torpağın plan ölçüsünün rəsmi qaydada yerində ölçməklə həmin nöqtələrin ona və Cavabdeh göstərilməklə plan ölçü sənədlərinin verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması və hasarın çəkilməsində Cavabdeh 3 metr yol saxlamaqla hasar çəkməyinə maneçilik etdiyinə görə bu işlə bağlı gələcəkdə ekspertiza təyin olunarsa ekspert xərclərinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli ********** nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qonşusu Cavabdeh Yunus oğlunun mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında və torpaq sahəsinin planı və ölçüsü sənədində Cavabdeh Yunus oğlunun mülkiyyətində olan torpaq sahəsinin H.Əliyev prospektinə çıxış verilməklə 3 metr enində, 34,72 metr uzununda, 15.09 enində onunla sərhədləri və döngə nöqtələri qeyd olunmuşdur. Həmin torpaq sahəsi JN 695 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə X4 xüsusi mülkiyyətində olan 0.09 ha olan həyətyani torpaq sahəsindən ayrılmışdır. N 695 saylı torpaq sahəsinin döngə nöqtələrinə əsasən isə H.Əliyev prospektinə olan çıxış 19.4 metr, bundan 3 metr çıxdıqda 16.4 metr onun mülkiyyətində qalmalıdır. Həmin 16.4 metrdən və Cavabdeh Yunus oğluna çıxarış üzrə döngə nöqtələrini pozmamaq şərti ilə hasar çəkmək istədikdə cavabdeh buna imkan verməmişdir. Bundan sonra o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etmiş və yerin onun hesabına ölçülməsi və döngə nöqtələrinin qoyulub plan ölçü sənədinin verilməsi və qonşusu Cavabdehla onun torpaqdakı sərhədlərini göstərsin. Lakin Cavabdeh həmin nümayəndəyə kobudluq göstərərək ona ölçmək üçün şərait yaratmamışdır. Hazırda cavabdehlə aralarında hasar yoxdur. Onun mülkiyyətində olan həyət açıqda qalıb. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh Yunus oğlunun İmişli Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli 2(036)-158/2009 saylı qərardadına əsasən müəyyən edilmiş torpaq sahəsindən çıxarılması, zəbt etdiyi torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(036)-32/2024 saylı qətnaməsi ilə (hakim Telman Quliyev) iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli Çıxarışdan görünür ki, **********75-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli 0.055 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İmişli Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli 2(036)-158/2009 saylı qərardadının surətindən görünür ki, İmişli şəhəri H.Əliyev prospekti 124 saylı ünvanda olan evin həyətyanı sahəsindən H.Əİiyev prospektinə çıxış verməklə 3 metr enində, 38 metr uzunluğunda yol ilə birlikdə 18 metr uzunluğunda, 10 metr enində həyətyanı torpaq sahəsindən ayrılıb X3 mülkiyyətinə verilməsi barədə barışıq sazişi təsdiq edilmişdir. İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(036)127/2022 saylı qətnaməsindən görünür ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10 mart 2022-ci il tarixli 10/1136 nömrəli rəyinə əsasən İmişli Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli 2(036)-158/2009 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə X2 mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsi JN-695A saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə X4 xüsusi mülkiyyətinə verilmiş 0.09 ha olan həyətyanı torpaq sahəsindən ayrılmışdır. (X5 0.035 ha, X12 0.055 ha). X5 0.035 ha torpaq sahəsinin DƏDR-də qeydiyyata aldırmamışdır. Həmin torpaq sahəsi Sabirabad rayon DƏDRX-nin xx.xx.2008-ci il tarixli ********** nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, İmişli 1 saylı DNK xx.xx.2008-ci il tarixli 4-Ə1-111 nömrəli bağışlanma müqaviləsi əsasında X13 tərəfindən həyat yoldaşına bağışlanılmışdır. Qeyd olunan torpaq sahəsi MN ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışa əsasən X6 mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən isə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********73 reyestr nömrəli Çıxarışdan görünür ki, İmişli şəhəri H.Əliyev prospekti 124A ünvanında yerləşən 0.035 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(036)127/2022 saylı qətnaməsinə əsasən X3 Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2501/2022 saylı qətnaməsinə əsasən X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(036)127/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə bağlı məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verilmiş və MPM-nin 88-ci maddəsinə zidd olmaqla qanuni və əsaslı deyildir. Məhkəmə iddianı təmin edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Belə ki, xx.xx.2006-cı il tarixdə X12 öz adına vərəsəlik şəhadətnaməsini və qeydiyyat vəsiqəsini alaraq evə təkbaşına mülkiyyət hüququ əldə etmişdir. X3 İmişli Rayon Məhkəməsinə 2009-cu ildə verdiyi iddia ərizəsinə əsasən X7 adına verilmiş vərəsəlik şəhadətnaməsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi barədə iddia tələbi üzrə İmişli şəhəri H.Əliyev prospekti 124 saylı ünvanda olan evin həyətyanı sahəsindən H.Əİiyev prospektinə çıxış verməklə 3 metr enində, 38 metr uzunluğunda yol ilə birlikdə 18 metr uzunluğunda, 10 metr enində həyətyanı torpaq sahəsindən ayrılıb X3 mülkiyyətinə verilməsi şərti ilə barışıq sazişi təsdiq edilmişdir. Vəliyev Alməmməd 2009-cu ildən 31 yanvar 2024-cü ilə kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinə sahib çıxa bilmirdi. 2009-cu ildən bu vaxta kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən torpaq sahəsi bir neçə nəfər arasında alınıb-satılmışdır. Həmin torpaq sahəsi Sabirabad rayon DƏDRX-nin xx.xx.2008-ci il tarixli ********** nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, İmişli 1 saylı DNK xx.xx.2008-ci il tarixli 4-Ə1-111 nömrəli bağışlanma müqaviləsi əsasında X13 tərəfindən həyat yoldaşına bağışlanılmışdır. Qeyd olunan torpaq sahəsi MN ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışa əsasən X6 mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən isə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Sonucu Cavabdeh Yunis oğlu bilə-bilə kökü 15 aprel 2009-cu il tarixli 2(036)-158/2009 saylı məhkəmə qərardadına əsasən X5na verilmiş torpaq sahəsini almışdır. Belə ki, X1 Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Vəliyev Fariz barışıq sazişi imzalasa da, sonradan icra etməmişdir. İddiaçı məxsus torpaq sahəsinin eni **********75-10301 saylı reyestr nömrəsi ilə verilmiş daşınmaz əmlakın texniki pasportunda Heydər Əliyev prospektinə çıxış 19.4 metrdir. İmişli Rayon Məhkəməsi 31 yanvar 2024-cü ildə 27 aprel 2009-cu il tarixli qüvvəyə minmiş qeydiyyat vəsiqəsinin ləğvi və miras payının müəyyən edilməsi icra vərəqəsini İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. 2(036)-158/2009 saylı icra vərəqəsinə əsasən 15 mart 2024-cü il tarixdə İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X19, icra məmuru X15, DƏRX-nin 6 saylı Beyləqan ərazi idarəsinin mühəndisi X16, tələbkar X3 və borclu Vəliyev (Vəlizadə) Fariz İldırım oğlunun iştirakı ilə İmişli şəhəri H.Əliyev prospekti 124 saylı ünvanda olan evin həyətyanı sahəsindən H.Əİiyev prospektinə çıxış verməklə 3 metr enində, 38 metr uzunluğunda yol ilə birlikdə 18 metr uzunluğunda, 10 metr enində həyətyanı torpaq sahəsindən ayrılıb X3 mülkiyyətinə verilməsi şərti ilə həmin torpaq sahəsi X3 tanıtdırılması və həmin torpaq sahəsinin üzərində Cavabdeh məxsus tikilinin olması aşkar olunması barədə AKT tərtib olundu və həmin aktı doğruluğu imzalarıyla təsdiq edildi. İddiaçı Əhəd oğluna məxsus torpaq sahəsinin H.Əliyev pr. tərəfdən 16,25 metrdən sonra 3 metr enində, 38 metr uzunluğunda yol ilə birlikdə 18 metr uzunluğunda, 10 metr enində həyətyanı torpaq sahəsindən ayrılıb X3 mülkiyyətinə verilməsi şərti ilə həmin torpaq sahəsi X3 tanıtdırıldı. Demək olar ki, İddiaçı iddiası Alməmməd Vəliyevin icra və probasiyanın icra etdiyi icra vərəqi üzrə tam üst-üstə düşmüşdür. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisəli sahələr cəmi 9 sot ərazidən ibarət olmaqla 124A və 124B kimi iki ünvana ayrılıbdır. 124B ünvanı 5.5 sot olmaqla onun mülkiyyətindədir. X17 mülkiyyətin əvvəlki sahibi olmuşdur. Lakin torpağı onun qardaşından almışlar. Hazırkı iş üzrə yekun qərar çıxarıldıqdan sonra o, inzibati məhkəməyə müraciət edərək öz Texniki pasportundakı səhvliyi aradan qaldıracaqdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 124A ünvanı 3.5 sot olmaqla onun mülkiyyətindədir. Qanuni olaraq çıxarışla onun mülkiyyətində olan torpaqdan istifadə edir. İddiaçının ərazisinə heç bir müdaxiləsi yoxdur. Məhkəmə tərkibi tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə mübahisələndirilmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə tərkibi məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakları ilə tədqiq edilmiş bütün mötəbər sübutlar üzrə tam və hərtərəfli araşdırma aparaq hesab edir ki, apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və hal-hazırda qüvvədə qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələndirilən qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. MM-in 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı da öz konstitusyon hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə tam, hərtərəfli və obyektiv baxılmanın təmin edilməsi məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etmiş, lakin iddiaçı işin düzgün həllinə yönəlmiş ekspertiza tədqiqatına sərf edilmiş xərcləri ödəmədiyindən rəyin alınması mümkün olmamışdır. Tərəflər arasındakı mübahisənin düzgün həll edilməsi üçün isə əvvəlcə torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyən edilməli, daha sonra isə toplanmış sübutlar məcmu üzrə qiymətləndirilməklə obyektiv qərar qəbul edilməlidir. Lakin İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və məhkəməyə iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sübutların məcmusu onun mülkiyyətində həyətyanı torpaq sahəsinin olmasını təsdiq etsə də, həmin torpaq sahəsinə Cavabdeh tərəfindən hər hansı müdaxilə faktlarının mövcudluğunu təsdiq etmir. Apellyasiya icraatında əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/303 nömrəli rəyinə görə aşağıdakı hallar müəyyən edilmişdir: Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinden Seriya MA ******* nömrəli **********75-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli 26.07.21-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,055 ha torpaq sahəsinin hüdudlarını (sərhədlərini) yerində müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, qeyd olunan torpaq sahəsi İmişli şəhərində yerləşən JN 695A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətdə olan 0.09 ha heyətyanı torpaq sahəsindən ayrılmışdır. Eyni zamanda mülki iş üzrə təqdim edilmiş həmin torpaq sahəsinə dair tərtib edilmiş 24 avqust 2010-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunda göstərilən 0.055 ha torpaq sahəsinin və fərdi yaşayış evinin yerləşdiyi ərazi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin və 139.2 kv.m (12.9 m x 11.7 m) ölçüdə fərdi yaşayış evinin yerləşdiyi ərazi üstüstə düşmür. Ona görə də, İddiaçı məxsus 10 avqust 2010-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunda göstərilən 0.055 ha torpaq sahəsinin və qeyd edilən fərdi yaşayış evi ilə birlikdə İddiaçı faktiki istifadəsində olan 0.055 ha torpaq sahəsinin də koordinatları müəyyən edilmişdir; Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********73 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa və xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən X8 xüsusi mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsinin hüdudlarını (sərhədlərini) yerində müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, qeyd olunan 0.035 hatorpaq sahəsi də İmişli şəhərində yerləşən JN 695A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsindən ayrılmışdır; Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli **********75-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli 26.07.21-ci İl qeydiyyat tarixli Çıxarışa və 24 avqust 2010-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.055 ha torpaq sahəsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********73 reyestr nömrəli ********** qeydiyyat nömrəli 26.07.21-ci il qeydiyyat tarixli Çıxarışa və 26.07.21-ci il tarixli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən X8 xüsusi mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsinin koordinatları 0.01 ha (100 kv.m) hissədə üstüstə düşür. Qeyd: İddiaçı xüsusi mülkiyyətində olan 0.055 ha həyətyanı torpaq sahəsi və X8 xüsusi mülkiyyətində olan 0.035 ha həyətyanı torpaq sahəsi İmişli şəhəri ərazisində Torpaq İslahatı aparılan zaman JN 695A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsindən ayrılmışdır. Qeyd edilən torpaq sahəsi İmişli 1 saylı DNK, xx.xx.2008-ci il tarixli 4-01-11 nömrəli bağışlama müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sabirabad Rayon Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 26 avqust 2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ayrılan torpaq sahəsinin Heydər Əliyev prospektində yerləşən yola çıxışını təmin etmək məqsədilə 3 m enindən başlayaraq 34.7 m-dən sonra 11.9 enində 18 m uzunluqda olmaqla 0.035 ha həyətyanı torpaq sahəsi 0.09 ha həyətyanı torpaq sahəsindən ayrılaraq X9 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüqüqi **********73 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən 0,035 ha həyətyanı torpaq sahəsi sonralar **********73 reyestr nömrəli ********** qeydiyyat nömrəli 26.07.21-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X8 xüsusi mülkiyyətinə verilmişdir. Qeyd edilən torpaq sahələrinin yerləşdiyi ərazi, eyni zamanda İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.055 ha torpaq sahəsinin İmişli şəhəri ərazisində həyətyanı torpaq sahələrinin ölçülməsinə dair tərtib olunmuş yerquruluşu planına və JN 695A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasən xüsusi mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsinin bölgü sxeminə əsasən yerləşməli olduğu ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Mübahisəli ərazidə yerləşən X3 faktiki istifadesində olan bələdiyyə mülkiyyətinə aid 0.023 ha torpaq sahəsinin də yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında qeyd olunmuşdur; torpaq sahələrinin koordinatlarının üst-üstə düşən 0.01 ha (100 kv.m) hissəsinin yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir; İddiaçı xüsusi mülkiyyətində olan 0.055 ha torpaq sahəsində hər hansı özbaşına tikili mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi Nəsimi Həsənov məhkəmə iclasında iş üzrə tərtib etdiyi mütəxəssis rəyi üzrə bildirdi ki, mübahisəli əraziyə dair ilkin hüquqmüəyyənedici sənəd olan JN-695A saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə X4 xüsusi mülkiyyətinə 0.09 ha olan həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə mübahisəli sahənin planı və sərhədlərinin ölçüsü öz əksini tapmışdır. Hazırda tərəflərin çıxarış əsasında mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini müəyyən edərkən aşkar olur ki, daşınmaz əmlakın dövlət reyestrindən 26.07.21-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,055 ha torpaq sahəsinə dair 24 avqust 2010-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunda göstərilən 0.055 ha torpaq sahəsinin və fərdi yaşayış evinin yerləşdiyi ərazi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin və 139.2 kv.m (12.9m x11.7m) ölçüdə fərdi yaşayış evinin yerləşdiyi ərazi üst-üstə düşmür. İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.055 ha torpaq sahəsi ilə 26.07.21-ci il qeydiyyat tarixli Çıxarışa və xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən X8 xüsusi mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsinin koordinatları 0.01 ha (100 kv.m) hissədə üstüstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan 0.055 ha həyətyanı torpaq sahəsi və X8 xüsusi mülkiyyətində olan 0.035 ha həyətyanı torpaq sahəsi İmişli şəhəri ərazisində Torpaq İslahatı aparılan zaman JN 695A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsindən ayrılmışdır. Qeyd edilən torpaq sahəsi İmişli 1 saylı DNK xx.xx.2008-ci il tarixli 4-01-11 nömrəli bağışlama müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sabirabad Rayon Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 26 avqust 2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ayrılan torpaq sahəsinin Heydər Əliyev prospektində yerləşən yola çıxışını təmin etmək məqsədilə 3 metr enindən başlayaraq 34.7 m-dən sonra 11.9 enində 18 metr uzunluqda olmaqla 0.035 ha həyətyanı torpaq sahəsi 0.09 ha həyətyanı torpaq sahəsindən ayrılaraq X9 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən 0,35 ha həyətyanı torpaq sahəsi sonralar 26.07.21-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X8 xüsusi mülkiyyətinə verilmişdir. Qeyd edilən torpaq sahələrinin yerləşdiyi ərazi, eyni zamanda İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.055 ha torpaq sahəsinin İmişli şəhəri ərazisində həyətyanı torpaq sahələrinin ölçülməsinə dair tərtib olunmuş yerquruluşu planına və JN 695A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasən xüsusi mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsinin bölgü sxeminə əsasən yerləşməli olduğu ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Mübahisəli torpaq sahələrinin koordinatlarının üst-üstə düşən 0.01 ha (100 kv.m) hissəsinin yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir; İddiaçı xüsusi mülkiyyətində olan 0.055 ha torpaq sahəsində hər hansı özbaşına tikili mövcud deyildir. O da qeyd edilməlidir ki, mübahisəli əraziyə dair ilkin hüquqmüəyyənedici sənəd - JN-695A saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş 0,09 ha həyətyanı sahənin bölgü sxeminə və yerquruluşu planına görə cavabdeh iddiaçının mülkiyyətində olan hər hansı sahəni zəbt etməmiş və ya orada hər hansı tikili aparmamışdır. Əksinə, iddiaçı cavabdehə ayrılan torpaq sahəsinin Heydər Əliyev prospektində yerləşən yola çıxışını təmin etmək məqsədilə müəyyən edilmiş yolu da tələb edir. Ancaq həmin sahə cavabdehə məxsus olmaqla iddiaçının texniki pasportunda yanlış olaraq əksini tapmışdır. Hazırkı mübahisəyə də səbəb məhz odur. İddiaçı özü şəxsən həmin yanlışlığı bilir və onun düzəldilməsi üçün Xidmətə müraciə etmişdir. Ancaq hazırda məhkəmə işi olduğu üçün müraciəti təmin etməmk mümkün olmamışdır. Yekun məhkəmə qərarından sonra adıçəkilən müraciət üzrə qeyd edilən sənədlərdə qanunuyğun düzəlişlərin edilməsi məsələsinə baxıla bilər. Məhkəmə tərkibi diqqətə çatdırır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakı rəydə göstərilənlərə və mütəxəssisin izahlarına əsasən məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-32/2024 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməli, habelə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2025-ci il tarixli 10/303 nömrəli ekspert rəyi üzrə tədqiqatın dəyəri olan 50 manat məbləğində pul vəsaiti Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-32/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2025-ci il tarixli 10/303 nömrəli ekspert rəyi üzrə tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-94/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-94/2025
21.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver