Məhkəmə qərarları › İş №2(106)-945/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-945/2023

26.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-945/2023 26.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən, məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçı Nümayəndə və Cavabdeh İskəndər qızının iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İskəndər qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar Nümayəndə və başqalarının Cavabdeh İskəndər qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla, cavabdehin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması və maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Kürdəmir Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 10 aprel tarixli, 04 nömrəli qərarı ilə Kürdəmir rayonunun Qaraqocalı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün X3, X7, X9 və Nümayəndə birgə mülkiyyətinə 3,22 hektar, İddiaçı2 mülkiyyətinə 0,93 hektar və İddiaçı3, X8 və X4 mülkiyyətinə 2,85 hektar torpaq sahəsi verilmişdir. Bundan başqa, Kürdəmir rayonu Topal-Həsənli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,83 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə Cavabdeh İskəndər qızının adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Qaraqocalı kəndi ərazisində yerləşən Nümayəndə mülkiyyətində olan 3,22 ha, İddiaçı2 mülkiyyətində olan 0,93 ha, İddiaçı3 mülkiyyətində olan 2,85 ha torpaq sahəsinin Cavabdeh İskəndər qızının qanunsuz sahibliyindən geri alınmaqla, onun həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması və cavabdehdən ümumilikdə onlara vurduğu maddi ziyana görə 3586,75 manat pulun alınaraq onlara verilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində mülki işə baxılan müddətdə İddiaçı3 xx.xx.2020-ci il tarixdə öldüyünə görə onun arvadı X8 onun prosessual hüquqi varisi kimi iddiaçı qismində iştirak etməyə cəlb edilmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, cavabdeh Kürdəmir rayonunun Topalhəsənli kəndində yaşayan Cavabdeh İskəndər qızı aralarında heç bir razılaşmanın olmasına baxmayaraq 2 ildir ki, mərhum İddiaçı3 və onun ailə üzvlərinə verilmiş pay torpaq sahəsini qanunsuz zəbt edərək həmin torpaq sahəsində buğda əkib-becərir. Bundan əlavə, cavabdeh onun və İddiaçı2 mülkiyyətlərində olan pay torpaq sahəsində əkdikləri bu ilki arpa məhsulunu onların xəbəri olmadan yetişməmiş halda biçərək məhsulunu apararaq onlara xeyli miqdarda ziyan vurub. Onlar cavabdehdən biçib apardığı arpa məhsulunu geri qaytarmasını tələb edərkən cavabdeh onların mülkiyyətində olan torpaq sahələrinin ona məxsus olduğunu və bundan sonrada həmin torpaq sahəsində əkin-biçin işləri aparacağını bildirmişdir. Onlar cavabdehə həmin torpaq sahələrinin özlərinin mülkiyyətində olduğunu bildirib bunu təsdiq edən dövlət aktlarını cavabdehə göstərsələr də, cavabdeh torpaq sahəsindən çıxmayacağını və həmin torpaq sahəsində əkin işi aparmalarına imkan verməyəcəyini bildirmişdir. 2020-ci ilin əkin mövsümündə isə onları mülkiyyətlərində olan pay torpaq sahəsində əkdikləri arpa məhsulunu onların xəbəri olmadan biçib apararaq onlara ziyan vurmaqla həmin torpaq sahəsinin də özünə məxsus olmasını bildirir və onlara mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmələrinə imkan vermir. Cavabdeh 3105 kq (mütəxəssis aktına əsasən) arpa məhsulunu biçib aparmaqla faktiki bazar qiyməti ilə arpanın 1 kiloqramının qiymətinin 35 qəpikdən hesablanmaqla onlara 1086,75 manat məbləğində ziyan vurmuşdur. Həmçinin Cavabdeh mərhum İddiaçı3 mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq 2 il ərzində əkib becərməklə Qalibə 2500 manat məbləğində maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh İskəndər qızı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, uzun müddətdir ki, iddiaçıların tələb etdiyi torpaq sahəsindən istifadə edir və həmin torpaq sahəsi onun özünə məxsusdur. O, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmiş və onlara məxsus torpaq sahəsində arpa biçib aparmamış və onlar heç bir ziyan vurmamışdır. Birinci instansiya məhkəməsində üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 05 aprel 2022-ci il tarixli iddia tələbi qismən təmin edilmiş, Kürdəmir rayonu, Qaraqocalı kəndi ərazisində yerləşən, Nümayəndə mülkiyyətində olan 3,22 hektar, İddiaçı2 mülkiyyətində olan 0,93 ha, İddiaçı3 mülkiyyətində olan 2,85 ha torpaq sahəsinin Cavabdeh İskəndər qızının qanunsuz sahibliyindən geri alınmaqla onun, həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qaldırılması, Cavabdeh İskəndər qızından vurduğu ziyana görə 776,25 (yeddi yüz yetmiş altı manat iyirmi beş qəpik) manat pulun alınaraq iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 varisi X5 verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İskəndər qızı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, çıxarışla onun mülkiyyətinə verilmiş Kürdəmir rayonunun Topalhəsənli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.83 ha torpaq sahəsi yerində koordinatlar üzrə ona təhvil verilmiş və həmin vaxtdan təyinatı üzrə istifadə edilir. Bu hal üzrə ekspertizanın rəyində öz təsdiqini tapmışdır. Onun tərəfindən iddiaçılara hər hansı məbləğdə ziyan vurması mümkün deyil. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə mütəxəssis arayışı arasında ziddiyyət olmasına baxmayaraq, bu məsələni araşdırmamışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh İskəndər qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, o, iddiaçıların ərazisini zəbt etməmişdir. Apellyasiya baxışında iddiaçı Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş, izahatında özlərinə məxsus torpaqlarını istədiyini, 5 ildir torpaqla bağlı mübahisələrinin olduğunu qeyd etmişdir. İş üzrə digər İddiaçı2 və İddiaçı3 hüquqi varisi X8 apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçılar Kürdəmir rayonunun Qaraqocalı kəndi ərazisində 3,22 hektar, 0,93 hektar və 2,85 hektar torpaq sahəsinin mülkiyyətçiləri, cavabdeh isə həmin ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı 2,83 ha torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçı, mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz tutulduğunu bildirməklə, əmlakının boşaldılmasını tələb etmişdir. Kollegiya izahatları və iş üzrə materialları araşdırıb aşağıdakılara əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin mütəxəssis rəyinə əsaslanan məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanmışdır. "xxxx" MMC-nin mütəxəssis rəyində tərəflərin torpaq sahələrinin koordinatları göstərilməməklə yanaşı, qeyri-müəyyəndir. İddiaçılara məxsus torpaq sahələrinin, eləcə də cavabdehin mülkiyyətinə olan 2,83 ha torpaq sahəsinin ayrı-ayrılıqda koordinatları, mübahisəli torpaq sahəsinin hansı kəndin ərazisinə aid olduğu, iddiaçıların torpaq sahələri ilə cavabdehə məxsus torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşmədiyi, üst-üstə düşdüyü halda həmin hissənin koordinatları, iddiaçıların torpaq sahələrinin cavabdeh tərəfindən faktiki istifadə edilib-edilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin mütəxəssislərinin rəyi əsasında mühəndis-texniki ekspertizası keçirilmişdir. İş üzrə mühəndis texniki ekspertizasının 3-16-16/2-10/7913 nömrəli xx.xx.2023-cü il tarixli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3490/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonunun Qaraqocalı kəndi ərazisində Nümayəndə və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.22 hektar torpaq sahəsinin, İddiaçı2 mülkiyyətində olan 0.93 hektar torpaq sahəsinin və İddiaçı3 və ailə üzvlərinin birgə mülkiyyətinə olan 2.85 hektar torpaq sahəsinin eləcə də Cavabdeh mülkiyyətində olan 2.83 hektar torpaq sahəsinin Kürdəmir rayonu Qaraqocalı kənd ərazi vahidi sərhədləri daxilində yerləşdiyi müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, elektron bazada təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən JN-776 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na uyğun Nümayəndə ailə üzvlərinin mülkiyyətində olan 3.22 ha torpaq sahəsi, JN-777 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na uyğun İddiaçı2 mülkiyyətində 0.93 ha torpaq sahəsi, JN- 778 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na uyğun İddiaçı3 ailə üzvlərinin mülkiyyətində olan 2.85 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********82 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş 2.83 ha torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, torpaq sahəsinə baxış zamanı cavabdehin naturada göstərdiyi 3.56 ha torpaq sahəsinin elektron bazada təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən JN-776 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə Nümayəndə ailə üzvlərinin mülkiyyətində olan 3.22 ha torpaq sahəsi, JN-777 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə İddiaçı2 mülkiyyətində 0.93 ha torpaq sahəsi, JN-778 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət akt ilə İddiaçı3 ailə üzvlərinin mülkiyyətində olan 2,58 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunur. Əlavə olaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********82 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş 2.83 ha torpaq sahəsinin 1.92 ha hissəsinin iddiaçı Nümayəndə naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3.19 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Kollegiya mühəndis-texniki ekspertizasının 3-16-16/2-10/7913 nömrəli xx.xx.2023-cü il tarixli rəyini sübut olaraq qəbul edir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçılar özlərinə aid olmayan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etmişlər. Birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmiş, bununla da maddi və prosessual hüquq normalarının pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Mütəxəssis arayışının alınmasına görə ödənilmiş 185 manat məbləğində vəsaitə görə Nümayəndə, İddiaçı2 və X1 müştərək qaydada tutularaq Cavabdeh İskəndər qızına ödənilməlidir. Ekspertiza xərcinə görə Nümayəndə, İddiaçı2 və X1 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə, iddiaçılardan 50 manat tutulub cavabdehin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh İskəndər qızı apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(041)-316/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar Nümayəndə, İddiaçı2 və X2 Cavabdeh İskəndər qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla, cavabdehin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması və maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis arayışının alınmasına görə ödənilmiş 185 manat məbləğində vəsaitə görə Nümayəndə, İddiaçı2 və X1 müştərək qaydada tutularaq Cavabdeh İskəndər qızına ödənilsin. Ekspertiza xərcinə görə Nümayəndə, İddiaçı2 və X1 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumuna görə Nümayəndə, İddiaçı2 və X1 50 manat tutulub Cavabdeh İskəndər qızına ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar