Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-948/2023 22.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 13 saylı Ərazi idarəsinə qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2(071)-1167/2017 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X2 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlǝjdər oğlu və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 13 saylı Ərazi idarəsinə qarşı Meyniman kənd X5 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli, qərarına əsasən JN-176, KOD 91004018 saylı və JN-178, KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə mülkiyyət hüququmun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2(071)-1167/2017 saylı qətnaməsi (hakim H.Əzizov) iddianın təmin edilməsi, Meyniman kənd X5 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli, qərarına əsasən JN-176, KOD 91004018 saylı və JN-178, KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs X2 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd edir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. X2 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. İş materiallarından müəyyən olunur ki, maraqlarına toxunan şəxs X2 vəkili və nümayəndəsi Əsgərov X1 rayon məhkəməsinə müraciət edərək qəbul edilmiş qətnamənin onun təmsil etdiyi şəxsin hüquqlarına toxunduğunu bildirmiş və xx.xx.2023-cü il tarixdə Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2(071)-1167/2017 saylı qətnaməsini rəsmi aldıqdan sonra həmin qətnamədən apellyasiya şikayəti vermişdir. MPM-nin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göründüyü kimi Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2(071)-1167/2017 saylı qətnaməsi qanuni qüvvəsini almış və bundan sonra icraya yönəldilmişdir. Çünki, MPM-nin 234.1-ci maddəsinə əsasən, bu məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırkı işdə isə qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Hazırda X3 hesab edir ki, qəbul olunmuş qətnamə onun maraqlarına toxunur və həmin qətnaməni mübahisələndirir. Belə olan halda birinci instansiya məhkəməsi ilk öncə maraqlarına toxunan şəxs kimi X2 Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2(071)-1167/2017 saylı qətnaməsi ilə onun hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddət də müzakirə ediməlidir. Belə ki, Mülki prosessual məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə həmin məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu isə ona dəlalət edir ki, işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Hacıqabul məhkəməsinin qətnaməsindən X3 tərəfindən apellyasiya şikayəti vermək hüququnun olubolmamasa araşdırılmalı, qəbul olunan qətnamə onun hansı hüquq və vəzifələrinə toxunduğu müəyyən edərək qərardad qəbul etməlidir. Daha sonra isə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən növbəti prosessual hərəkətləri yerinə yetirilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.. MPM-in 366.4-cü maddəsinə əsasən Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda qeyd olunanları əsas götürərək kollegiyası hesab edir ki, X2 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400 və 402.2-402.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2(071)-1167/2017 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X2 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-948/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-948/2023
22.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver