Məhkəmə qərarları › İş №2(106)-948/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-948/2024

11.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-948/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Yaşar Xanoğlan oğlu Həşimov və Fikrət Cilingir oğlu Hüseynovdan ibarət tərkibdə, katib X2, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, giriş-çıxış yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolu üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, giriş-çıxış yolunun tam açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh X4 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən ona qarşı iddiaya dair işə Saatlı Rayon Məhkəməsinin .... tarixli qərardadı ilə xitam verilmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh və ailə üzvləri tərəfindən onun həyətyanı torpaq sahəsinə gedən giriş-çıxış yolundan istifadəyə maneələr yaradılır. Cavabdeh və ailə üzvləri tərəfindən tikilmiş özbaşına tikilinin ona aid 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolu üzərində deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi üzərində inşa edildiyi müəyyən edilsə də, hesab edir ki, mübahisə predmeti olan tikili cavabdehin öz torpağında deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində tikildiyindən və müvafiq sənədləri olmadığından qanunsuz tikili hesab olunur. Bundan başqa, torpaq sahəsinin və üzərindəki tikilinin cavabdehin istifadəsində olması ona öz həyətyanı torpaq sahəsindən istədiyi kimi istifadə etməyə imkan vermir. Ona görə də hesab edir ki, həmin tikili sökülməlidir. Çünki sözügedən tikili onun giriş-çıxış yolunu zəbt etmiş və həyətyanı sahəsindən istifadə etməyə maneə törədir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdi ki, Saatlı bələdiyyəsinin mülkiyyətində olan 0.02 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd olmaqla boş və zibillik sahə olmuşdur. Həmin ərazini təmizləyib abadlaşdırıb təxminən 1980-cı illərdən, yəni 40 ilə yaxındır ki, istifadə edirlər. Torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Torpaq sahəsi üzərində yarmçıq tikili inşa etmiş və sözügedən tikilinin sənədləşdirilməsi üçün ilk dəfə xx.xx.2018-ci il tarixdə Saatlı bələdiyyəsinə müraciət etmişdir. Lakin iddiaçının narazılıqları ucbatından sənədləşdirmə işləri aparılması mümkün olmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki tikili iddiaçının həyətyanı torpaq sahəsindən istifadəyə hər hansı formada maneə törətmir. Bu hal aparılmış ekspertizalar nəticəsində bir daha sübut olunmuşdur. Digər tərəfdən, tikilinin tikildiyi torpaq sahəsi iddiaçının deyil, Saatlı bələdiyyəsinin mülkiyyətindədir. Ona görə də tikilinin sökülməsini iddiaçı deyil, Saatlı bələdiyyəsi tələb edə bilər. Saatlı bələdiyyəsinin isə onun və ailə üzvlərinin torpaq sahəsi və üzərindəki tikilidən istifadə etmələrinə etirazı yoxdur. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı bələdiyyəsinin nümayəndəsi iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, mübahisə predmeti olan tikilinin yerləşdiyi 0.02 ha torpaq sahəsinin Saatlı bələdiyyəsinin mülkiyyəti kimi qeydə alındığı göstərilsə də, sözügedən torpaq sahəsinə dair Saatlı bələdiyyəsinin adına mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edilməmişdir. Hazırda Saatlı bələdiyyəsi cavabdehin bələdiyyə mülkiyyətində tikili tikməsinə və həmin tikilidən istifadə etməsinə etiraz etmir. Saatlı Rayon Məhkəməsinin (hаkim M.Sadıqov) 28 fevral 2024-cü il tarixli qətnаməsi ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, giriş-çıxış yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməmiş, İddiaçı ekspertiza xərclərinə görə 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət оlunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, qətnamə əsassız və qanunsuzdır. İddiaçı şikayətində göstərmişdir ki, onunla cavabdehin yaşayış ünvanları fərqlidir. Onun ünvanı Saatlı şəhəri ünvan 1çəsi ev 4-dür. İddia ərizəsində mübahisə olunan torpaq sahəsi onun ünvanında yerləşir. Bu fakta məhkəmə hüquqi qiymət verməmişdir. Şikayətə görə, digər bir fakt ondan ibarətdir ki, cavabdeh qanunsuz olaraq onun yaşadığı ünvandakı giriş-çıxış yolunu qanunsuz əsaslarla zəbt etmiş və torpaq üzərində qanunsuz tikinti aparmışdır. Məhkəmə qətnaməsindən açıq-aşkar görünür ki, cavabdeh tərəfindən qanunsuz əsaslarla zəbt olunmuş torpaq sahəsi üzərində qanunsuz tikiliyə və torpaq sahəsinə dair nə cavabdeh nə də məhkəmə prosesində formal mənada cəlb edilmiş Saatlı rayon bələdiyyəsi hüquqmüəyyənedici sənədlər və ya mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim edə bilməmişlər. İş üzrə ekspert rəyləri ziddiyyətlidir. Belə ki, xx.xx.2023-cü il tarixli 10/2023 saylı ekspertizə rəyində cavabdeh tərəfindən qanunsuz tikilinin inşa olunmadığı göstərilsə də, xx.xx.2024-cü il tarixli 10/9375 saylı ekspertiza rəyində tikilinin olması müəyyən edilmişdir. İzahatlar Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, torpağa dair bələdiyyə tərəfindən sənəd alınmamışdır. Cavabdeh onun hasarının yanından qanunsuz istifadə edir. Ekspert rəyi ilə razılaşmır. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının tələbi haqsızdır, mübahisəli sahədən 1980-ci ildən istifadə edir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası izahatları dinləyib iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarına əsasən Saatlı rayonu Saatlı şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Onun adına mülkiyyət hüququnu təsdiqedən JN-1673A, KOD 90801004 nömrəli torpağın mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. İddiaçı tələbində mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin giriş-çıxış yolu üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini, giriş-çıxış yolunun tam açılmasını və maneələrə son qoyulmasını tələb etmişdir. Kollegiya iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddələrinin dispozitiv şərtlərinin ödənilməsi üçün mülkiyyətçi olan iddiaçının mülkiyyətinə qəsd və ya digər manelər ortada olmalı, bu cür maneələr mülkiyyətçinin əmlakından istifadə, sahiblik, müəyyən hallarda əmlaka dair sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmalıdır. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin verdiyi arayış əsasında müvafiq ekspertiza keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri alınmışdır. İş üzrə mühəndis məhkəmə ekspertizasının 12 may 2023-cü il tarixli, 10/2433 saylı rəyinə görə, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin şəhadətnamə üzrə müəyyən edilmiş giriş-çıxış yolu üzərində cavabdehlər X4 və Cavabdeh tərəfindən heç bir tikili tikilməmişdir. Cavabdehlər tərəfindən tikilən yarımçıq tikili özlərinin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.02 ha torpaq sahəsində tikilmişdir və iddiaçıya heç bir maneə yaratmır. İş üzrə mühəndis məhkəmə ekspertizasının 07 yanvar 2024-cü il tarixli, 10/9375 saylı rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin şəhadətnamə üzrə müəyyən edilmiş giriş-çıxış yolunun üzərində cavabdehlər X4 və Cavabdeh tərəfindən heç bir tikilinin tikilmədiyi müəyyən edilmişdir. Cavabdehlər tərəfindən tikilən yarımçıq tikilinin özlərinin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.02 ha torpaq sahəsində tikilməsi müəyyən edilmişdir. Cavabdehlər X4 və Cavabdeh istifadəsində olan 0.02 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Həmçinin Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. İddiaçının giriş-çıxış yolunun sərbəst olması müəyyən edilmişdir. Kollegiya ekspert rəylərini sübut olaraq qəbul edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, təqdim edilmiş sübutlar iddianın təmin edilməsinə əsas vermir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(055)-1/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar