Məhkəmə qərarları › İş №2(106)-95/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-95/2023

03.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-95/2023 03.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X1, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon Kolatan Bələdiyyəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(050)-30/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(050)-30/2022 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, İddiaçı mülkiyyətində olan 4396,66 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli yeni inşa edilmiş evin Cavabdeh hesabına sökülməklə torpaq sahəsinn əvvəlki vəziyyətə gətirlməsi və Cavabdeh torpaq sahəhindən çıxarılması qət edilmişdir. Cavabdeh tərəfindən Masallı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(050)- 30/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tikilən qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Tağıyev X7 rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə mülkiyyətinə verilmiş Masallı rayonu Kolatan kəndində yerləşən həyətyanı torpaq sahəsində 2019-cu ilin yayında ev tikməyə başlamışdır. Ona bu hərəkətlərini dayandırması barədə dəfələrlə müraciət etsə də, nəticəsi olmamış, o, həmin yerdə iki mərtəbəli ev tikmişdir. Halbuki, evin inşa edildiyi ərazi onun həyətyanı torpağı olmaqla həmin torpağa dair adına X15 kitabında xx.xx.2009-cu il tarixdə 2160 nömrə ilə uçota alınmış A № 136910 saylı X13 və ölçü sənədi verilmişdir. Cavabdehin isə həmin əraziyə dair heç bir sənədi yoxdur. Bununla da, cavabdeh Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətində verilmiş ərazidə özbaşına ev tikməklə oranı zəbt etmişdir. Bu hərəkətlərin dayandırılması barədə müraciətləri əhəmiyyətsiz qaldığından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdeh tərəfindən tikilən qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 136910 saylı X13 və ölçüsünün surətindən görünür ki, X16 Komissiaysının 07 iyul 1998-ci il tarixli 30 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Masallı rayonu Bağıroba kəndində yerləşən 4396.66 kv.m həyətyanı torpaq sahəsi verilmiş və adma X12 kitabında 17 fevral 2009-cu il tarixdə 2160 nömrə ilə uçota alınmışdır. Məhkəmə işə baxarkən X16 Komissiaysının belə bir qərarının olub olmamasını araşdırmamış və iddiaçının mülkiyyətində hər hansı torpaq sahəsinin olub olmaması barədə müvafiq dövlət orqanına sorğu verməmişdir. Əgər X16 Komissiaysının belə bir qərarı vardırsa, o zaman həmin qərar əsasında JN seriyalı şəhadətnamədə işlənməli idi. Lakin iddiaçının belə bir şəhadətnaməsi yoxdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X13 və ölçüsü isə mülkiyyəti təsdiq edən sənəd növü deyildir. O, sadəcə torpaq sahəsinin xəritəsidir. Bu halda onu göstərir ki, iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı və onun ailə üzvlərinə verilmiş **********0075 nömrəli X13 və ölçüsündəki koordinatları ilə natura arasında uyğunsuzluq mövcuddur. Masallı rayonu Bağıroba kəndinin kompleks yerquruluşu layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Bunlardan görünür ki, iddia tələbi tam əsassızdır və iddia tələbinin qaldırmaq (irəli sürəmk) üçün subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. İddia etdiyi torpaq sahəsinin ona məxsus olmasını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Xüsusi mülkiyyətdə olmayan torpaq sahələri bələdiyyənin və ya dövlətin mülkiyyətinə aiddirlər. İddiaçının torpaq sahəsinin ona məxsus olmasını sübut edəcək X16 Komissiyasının şəhadətnaməsi və ƏMDK yanında DƏDRX-nin çıxarışı (qeydiyyat vəsiqəsi) yoxdur. Cavabdeh məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, bildirdi ki, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(050)-30/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, ekspert rəyində göstərilən X9 onun arvadı olmuşdur, onlar qeyd edilən evdə birlikdə yaşamışlar və o, 10 mart 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı nümayəndəsi vəkil X5 məhkəmədə izahat verərək bildirmişdir ki, mübahisəli evdə tikilən fərdi yaşayış evi iddiaçının çıxarışla mülkiyyətində olduğu torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsində fərdi yaşayış evini inşa etdirərkən tikinti işlərinin dayandırılması barədə xəbərdarlıqlara rəğmən cavabdeh tikinti işlərini davam etdirmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Masallı rayon kolatan Bələdiyyəsinin nümayəndəsi X10 məhkəmədə izahat verərək göstərmişdir ki, Masallı rayon Kolatan kəndində Cavabdeh inşa etdirdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Masallı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(050)-30/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 136910 saylı X13 və ölçüsünün surətindən görünür ki, X16 Komissiaysının 07 iyul 1998-ci il tarixli 30 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Masallı rayonu Bağıroba kəndində yerləşən 4396.66 kv.m həyətyanı torpaq sahəsi verilmiş və adına X12 kitabında 17 fevral 2009-cu il tarixdə 2160 nömrə ilə uçota alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli 10/2904 nömrəli ekspert rəyindən görünür ki, mübahisə olunan fərdi yaşayış evinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №136910 saylı X13 və ölçüsü sənədində göstərilmiş 4396.166 ha həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Torpaqların elektron kadastrı uçotu informasiya sistemində mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla X2 istifadəsində göstərilmişdir. İddiaçı adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №136910 saylı X13 və Ölçüsü sənədində göstərilmiş 4396.166 ha həyətyanı X13 və ölçüsü sənədində göstərilmiş 4396.166 ha həyətyanı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmadığı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2158 nömrəli A№136908 saylı torpaq sahəsinin plan ölçüsündən görünür ki, Masallı rayonu Bağıroba kəndində X6 Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli 30 nömrəli qərarı ilə xx.xx.2009-cu il tarixdə 2125.83 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(120)-551/2023 saylı qərardadına əsasən iddiaçı Cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi bərədə ərizəsi təmin edilməmiş, iddiaçı Cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarının İddiaçı aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MM-in 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhz mülkiyyətçi adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq, mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Belə ki, iş materiallarında olan ekspert rəyləri ilə müəyyən olunur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 136910 saylı X13 və ölçüsü sənədinə əsasən X16 Komissiyasının 07 iyul 1998-ci il tarixli 30 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Masallı rayonu Bağıroba kəndində yerləşən 4396.66 kv.m həyətyanı torpaq sahəsi verilmiş və onun adına X12 kitabında 17 fevral 2009-cu il tarixdə 2160 nömrə ilə uçota alınmışdır. Mübahisəli fərdi yaşayış evinin isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №136910 saylı X13 və Ölçüsü sənədində göstərilmiş 4396.166 ha həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №136910 saylı X13 və Ölçüsü sənədində göstərilmiş 4396.166 ha həyətyanı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Buna görə də, torpaqların elektron kadastrı uçotu informasiya sistemində mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla X2 istifadəsində olduğu göstərilmişdir. İşdən görünür ki, X9 Cavabdeh arvadı olmuş və onlar mübahisəli evdə birlikdə yaşamışlar. X9 isə 10 mart 2020-ci il tarixdə vəfat etmişdir. Mübahisəli X13 və ölçüsünün əsas döngə nöqtələrinin yerləşmə vəziyyəti rəyə əlavə olunmuş planda göstərilmiş və məhkəmə iclasında işdə iştirak edən şəxslərin iştirakı ilə araşdırılan mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi bələdiyyənin deyil, İddiaçı mülkiyyətində olması mübahisəsiz olaraq qəbul edilmişdir. Ancaq cavabdeh həmin ərazidə yerləşən və mübahisə predmeti olan evdə uzun müddət yaşadığını bildirərək, iddianı qəbul etməmişdir. Hazırkı iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyləri ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsdiq olunur. Belə ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(050)-30/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti də Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(050)-30/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar