Məhkəmə qərarları › İş №2(106)-96/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-96/2023

13.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-96/2023 13.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası əsasında mülki iş üzrə Astara Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(018)-11/2022 saylı qətnaməsindən (hakim Z.İbrahimov) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri X8 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonunun Çayoba kəndində yerləşməklə mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, korlanmış torpaq sahəsinə görə 30000 manat zərərin, əldən çıxmış faydaya görə 20000 manat pulun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində Astara rayonu Çayoba kəndində 0.223222 ha və bağışlama müqaviləsi ilə əldə etdiyi 0.359333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Vaxtlı-vaxtında torpaq sahəsini becərib orada əkin əkmiş, qazanc əldə etmişdir. Astara şəhərinə içməli su kəməri çəkən "Azərsu” ASC-nin işçiləri heç bir qanuni əsaslar olmadan onun torpaq sahəsinə girmiş və magestral su kəmərini qanunsuz olaraq onun torpaq sahəsindən keçirmişlər. Edilən etirazlara baxmayaraq, onlar su kəmərini özbaşına olaraq onun mülkiyyətində olan torpaq sahəsindən keçirmişlər. Halbuki, lahiyə sənədlərində su kəmərinin oradan keçməsi nəzərdə tutulmamışdır. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti iddiaya qarş yazılı etiraz təqdim edərək iddianın onlara münasibətdə rədd olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, işin ərazi aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, MPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddia cavabdehin olduğu yerə görə verilməlidir. Həmin Məcəllənin 35.2-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. “Azərsu" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67-dir. Cavabdeh1 ASC balansında olan magistral və paylayıcı su şəbəkə və kəmərləri vasitəsi ilə hüquqi və fiziki şəxslərə su və kanalizasiya xidmətləri göstərir. Bununla yanaşı Cavabdeh1 ASC su və kanalizasiya sahəsi üzrə mühüm dövlət layihələrinin sifarişçisi qismində də çıxış edir. Belə ki, “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə sifarişçi Cavabdeh1 ASC, layihədə icraçı isə podratçı şirkət "xxxx" MMC və “X18 İ.T.San.Tic. şirkəti” Konsorsiumu müəyyən edilmişdir. Tərəflər arasında müvafiq müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq layihənin icrası zamanı obyektin təminatlı istismara verildiyi gündən başlayaraq onun bütünlüklə fasiləsiz istismarına verildiyi təminat müddətində yarana biləcək istənilən qüsur və zərərin aradan qaldırılmasını podratçı şirkət "xxxx" MMC öhdəliklə üzərinə götürmüşdür. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb. Bu layihə Azərbaycan hökuməti və X23 tərəfindən birgə həyata keçirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28.5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində gələcəkdə rayonun 73 min nəfərədək sakinin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 73 min nəfər sakin faydalanacaq. Layihə çərçivəsində Astara şəhərində 109 km içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 ədəd su sayğacı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Yuxarıda qeyd edildiyi kimi “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə satınalan təşkilat Cavabdeh1 ASC, layihənin icraçısı qismində isə podratçı şirkət "xxxx" MMC və X18 İ.T.San.Tic. şirkəti” Konsorsiumudur. Tərəflər arasında müvafiq müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq layihənin icrası zamanı obyektin təminatlı istismara verildiyi gündən başlayaraq onun bütünlüklə fasiləsiz istismarına verildiyi təminat müddətində yarana biləcək istənilən qüsur və zərərin aradan qaldırılmasını podratçı şirkət "xxxx" MMC üzərinə götürmüşdür. Belə olan halda podratçı şirkət "xxxx" MMC də hazırkı işə cavabdeh qismində cəlb edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2(018)-36/2021 saylı qərardadı ilə "xxxx" MMC Cavabdeh1 ASC-nin nümayəndəsinin vəsatəti əsasında əlavə cavabdeh qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil iddia tələblərini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, yararsız hala düşmüş torpaq sahəsinə görə 30000 manat və əldən çıxmış faydaya görə 20000 manat pulun ödənilməsi» tələbinə dair iddiasının onlara qarşı qaldırılması əsassızdır. Belə ki, Azərbaycan Respublikası «X11 Proqramları»na uyğun olaraq Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti su və kanalizasiya sahəsi üzrə mühüm dövlət layihələrinin sifarişçisi qismində çıxış edir. «Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi» üzrə sifarişçi kimi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, icraçı isə podratçı şirkət "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sözügedən layihə üzrə tərəflər arasında müvafiq müqavilə bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq layihənin icrası zamanı istismara verildiyi gündən başlayaraq, onun bütünlüklə fasiləsiz istismarına verildiyi təminat müddətində yarana biləcək istənilən qüsur və zərərin aradan qaldırılması öhdəlik kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmuşdur. Qeyd olananları nəzərə alaraq hesab edir ki, əgər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işlər görülən zaman İddiaçı mülkiyyət hüquqları pozulubsa, həmin pozuntunun aradan qaldırılmasına da məsuliyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti daşıyır. Astara Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(018)-11/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı mülkiyyətində olan 0.3593 hektar tiorpaq sahəsində cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən çəkilmiş magistral su kəmərinin həmin torpaq sahəsindən çıxarılması, magistral su kəməri həmin torpaq sahəsindən çıxarıldıqdan sonra torpaq sahəsinin bərpa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi, həmin işlərin görülməsi və xərclərin çəkilməsi öhdəliyinin bir vəzifə kimi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyularaq onun tərəfindən görülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri X8 apellyasiya şikayəti verərək ləğv olunması və iddianın onlara münasibətdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd olunan mübahisə predmetinin onların müəssisəsinə heç bir aidiyyəti yoxdur. Çünki onların müəssisəsi həmin işləri icra etməmişdir. Su kəmərini "xxxx" MMC çəkməmişdir. Onlar iş üzrə cavabdeh ola bilməz. Məhkəmə qətnaməsindən belə məlum olur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən su xətti çəkilmişdir. Nəticədə iddiaçının torpaq sahəsi yararsız hala salınmışdır. "xxxx" MMC-nin həmin layihə üzrə iş icra etməsi faktı yoxdur. MMC-nin belə bir müqaviləsi mövcud deyildir. Qeyd olunan tikinti-layihə işləri üzrə "xxxx" MMC-nin qeyd olunan işlərin icrası ilə əlaqədar Cavabdeh1 ASC ilə müqaviləsi yoxdur və həmin işi MMC icra etməmişdir. Həmin iş üzrə MMC cavabdeh ola bilməz. Məhkəmə qətnaməsi MMC-yə münasibətdə qanunsuzdur. Azərbaycan Respublikası MM-nin 386-cı maddəsi öhdəliyin əmələ gəlmə əsaslarım aşağıdakı qaydada müəyyən edib: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallan istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılan arasında müqavilə olmalıdır. "xxxx" MMC olaraq qeyd olunan layihə üzrə tərəf olmamışlar, həmin işlərin icraçısı olmamışlar, yəni nə müqavilə üzrə, nə də qanun üzrə öhdəlikləri yaranmamışdır. Bu baxımdan onlara münasibətdə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə qətnaməsi üzrə mübahisəli məsələ ilə əlaqədar "xxxx" MMC Astara rayonu ərazisində su çəkilişi proekti işləri üzrə işləri icra etməmişdir. Ona görə də iş üzrə cavabdeh ola bilməz. Məhkəmə iş üzrə cavabdeh olmaqlarını düzgün müəyyən etməmişdir. Beləliklə onalr, tərəf olaraq cavabdeh olmaqlarını, yəni qeyd olunan işlərin MMC tərəfindən icra edilməsi iddiaçı tərəfindən sübut olunmadığı halda, məhkəmə onlara qarşı qərar qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili Vəkil apellyasiya şikayətini qəbul edərək, dəlilləri ilə razılaşıb izahatında göstərdi ki, əslində onların da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hər-hansı bir tələbləri olmamışdır. Bu səbəbdən də, iddianı yalnız Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırmışlar. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə cavabdeh qismində Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəsatəti əsasında cəlb edilmişdir. Göründüyü kimi bu yanlış olmuşdur, çünki mübahisəli ərazidə içməli su xəttinin çəkilişində podratçı təşkilat kimi "xxxx" Azərbaycan- X12 və X19 X24.Tic.LTD.Sti” Konsorsiumu iştirak etmişdir. Şifahi olaraq əldə etdiyi məlumata görə layihənin icrası başa çatandan sonra həmin müəssisənin fəaliyyəti dayandırılmışdır. Faktiki olaraq hüquqlarını müdafiə etdiyi iddiaçının mülkiyyətində və qanuni sahibliyində olan torpaq sahəsindən keçən magestral su kəməri Cavabdeh1 ASCnin mülkiyyətidir, balansında və istismarındadır. Məhz bu baxımdan də tərəflərindən iddia birbaşa Cavabdeh1 ASC-nə qarşı qaldırılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərindən apellyasiya qaydasında ona görə mübahisələndirilməmişdir ki, onlar üçün kəmərin torpaq sahəsindən çıxarılmasının və torpağın əvvəlki vəziyyətinin bərpa olunmasının kim tərəfindən icra olunacağı əhəmiyyət kəsb etməmişdir. Lakin göründüyü kimi su xəttinin çəkilməsi sonradan cavabdeh qismində cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilməmişdir. Odur ki, qeyd olunan halların nəzərə alınmasını və birinci instansiya məhkəməsi tərəfindən görülməsi qət edilmiş işlərin icrasının əsl Cavabdeh1 ASC-nə həvalə edilməsini xahiş edir. Məhkəmədə Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, maqestral boru xəttinin keçəcəyi ərazilər layihədə nəzərdə tutulub və yerinin dəyişdirilməsi mümkün deyildir. İddiaçı bununla bağlı yalnız müvafiq kompensasiyanın ödənilməsini tələb edə bilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh "xxxx" MMC məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki apellyasiya baxışlarında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri X8 apellyasiya şikayəti şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Azərbaycan-X12 ayrı-ayrı hüquqi şəxslərdir, bunu məhkəməyə təqdim etdiyi müəssisələrin ayrı-ayrı VÖEN nömrələri olmasına dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəsmi çıxarışları təsdiq edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında formalaşan hüquqi mövqeyə görə : Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir; MPM-in 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır. Bu müddəadan göründüyü kimi, qanunverici apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirir. Mübahisənin predmetinin bölünməz olması məsələsi tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04 nömrəli Qərardadına əsasən apelyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi istinad edilən prosessual normalar və bununla bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından hesab edir ki, mübahisə predmetinin bölünməz olduğu hallar istisna olmaqla, apelyasiya instansiyası məhkəməsinin yoxlaması şikayətin obyekti ilə, yəni qətnamənin mübahisələndirilən hissəsi ilə məhdudlaşsa da, məhkəmə həmin hissədə şikayətin predmetini təşkil edən maddi hüquq normasının pozuntusu ilə bağlı irəli sürülmüş dəlillərlə bağlı olmayıb, ondan kənara çıxma hüququna malik olmaqla mübahisələndirilən hissənin tam şəkildə təkrar hüquqi qiymətləndirilməsini keçirməlidir. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsinə gəldikdə isə məhkəmə bu halda qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, qətnaməni bütövlükdə və şikayətin dəlillərindən kənara çıxmaqla yoxlamalıdır. Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya qaydasında mübahisələndirilməsinə baxmayaraq, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməzdir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının vəkili apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tərəflərindən apellyasiya qaydasında mübahisələndirilməməsinin səbəbini belə izah etmişdir ki, kəmərin torpaq sahəsindən çıxarılmasının və torpağın əvvəlki vəziyyətinin bərpa olunmasının kim tərəfindən icra olunacağı onlar üçün əhəmiyyət kəsb etməmişdir. Su boru xətti əlavə cavabdeh qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən çəkilməmişdir. Odur ki, qeyd olunan halların nəzərə alınmasını və birinci instansiya məhkəməsi tərəfindən görülməsi qət edilmiş işlərin icrasının əsl Cavabdeh1 ASC-nə həvalə edilməsini xahiş edir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuхarıda qеyd оlunan qərarlarındakı hüquqi mövqеləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 oktyabr 2015-ci ildə verilmiş **********98 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Astara rayonu Telman kəndində yerləşən 0.2232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X1 ümumi birgə mülkiyyətindədir; Azərbaycan Respublikasıının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Ərazi İdarəsi tərəfindən 25 fevral 2009-cu ildə verilmiş **********61 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Astara rayonu Telman kəndində yerləşən 0.3593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquq sahibi X4r. Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinin əsasını Torpağa mülkiyyət hüququna dair 11 iyul 2000-ci il tarixli JN-236 nömrəli Dövlət Aktı təşkil etmişdir; 12 mart 2009-cu il tarixli notariat qaydada təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikasıının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Ərazi İdarəsi tərəfindən 26 fevral 2009-cu ildə verilmiş **********61 reyestr, ********** qeydiyyat nömrəli çıxarışla X9 özünə və ailə üzvlərinə məxsus olmaqla, Astara rayonu Telman kəndində yerləşən 0.3593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qardaşı İddiaçı bağışlamışdır; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 22 yanvar 2022-ci il tarixdə təqdim olunmuş məlumatlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 07 senytyabr 2005-ci ildə dövlət qeydiyyatına alınmışdır, təşkilati-hüquqi forması Məhdud məsuliyyətli cəmiyyət, VÖEN nömrəsi **********, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan, ev 24, qanuni təmsilçisi X5r; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 06 yanvar 2022-ci il tarixdə təqdim olunmuş məlumatlara əsasən "xxxx" Azərbaycan-X12 16 oktyabr 1996-cı ildə dövlət qeydiyyatına alınmışdır, təşkilati-hüquqi forması Digər kommersiya təşkilatı, VÖEN nömrəsi **********, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan, ev 24E, qanuni təmsilçisi X10r; Podratçı "xxxx" Azərbaycan-X12 və X19 X24.Tic.LTD.Sti” konsorsiumu tərəfindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə 11 iyul 2014-cü il tarixdə ünvanlanmış podratçının tender təklifindən görünür ki, Astara şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin Tikintisi - A1/CW/02/2014 tender sənədlərinin alındığı təsdiq olunaraq, 16 sayda əlavələr və qoşmalar daxil olmaqla tender sənədləri nəzərdə keçirildikdən sonra Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi işlərinin ********.62 manat məbləği qarşılığında əlavə edilmiş müqavilə şərtlərinə uyğun icra edilməsi təklif edilmişdir; Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən X23 ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və kanalizasiya Layihəsi” proqramı çərçivəsində “Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” üzrə "xxxx" Azərbaycan-X12 və X19 X24.Tic.LTD.Sti” konsorsiumunun tender təklifinin akseptinə dair 24 dekabr 2014-cü il tarixli bildirişdən görünür ki, 11 iyul 2014-cü il tarixli təklifləri 18 dekabr 2014-cü il tarixdə razılaşdırılmış müqavilə danışıqları protokoluna əsasən mövcud vəsaitə uyğun olaraq iş həcmləri iştirakçılar üçün təlimata müvafiq düzəldilərək və dəyişdirilərək ********.82 manat dəyərində sifarişçi tərəfindən qəbul edilmişdir; Azərbaycanda 6 rayonda Milli Su Təchizatı və Kanalizasiya Layihəsi çərçivəsində 25 dekabr 2014-cü ildə satınalan təşkilat Cavabdeh1 ASC ilə podratçı “Kaspi-Yıldız Azər-Türk MM və X21 İ.T.San.Tic. şirkəti” konsorsiumu arasında bağlanmış A1/CW/02/2014 saylı müqavilədən görünür ki, müqavilənin predmetini Astara şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin Tikintisi işlərinin icrası təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsasında aparılan araşdırma zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin və Azərsu” ASC-nin mütəxəsisləri cəlb edilməklə, aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. Ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur: 1)Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 oktyabr 2015-ci ildə verilmiş **********98 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Telman kəndi ərazisində yerləşən 0.223222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin? 2)Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən 25 fevral 2009-cu il tarixdə verilmiş **********61 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X2 mülkiyyətində olmaqla Astara rayonunun Telman kəndi ərazisində yerləşən 0.3593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin? 3)Astara şəhərini su ilə təmin edən su kəmərinin keçməli olduğu ərazinin xəritəsindən istifadə edilməklə layihədə su kəmərinin iddiaçının mülkiyyətində və qanuni sahibliyində olan torpaq sahələrindən keçməsinin nəzərdə tutulub-tutulmaması müəyyən edilsin? 4)Astara şəhərini su ilə təmin edən su kəmərinin faktiki olaraq iddiaçının mülkiyyətində və qanuni sahibliyində olan torpaq sahələrindən keçib-keçməməsi müəyyən edilsin? 5)Ekspert iş üçün əhəmiyyət kəsb edən, lakin qarşısında qoyulmayan suallar ətrafında da, öz rəyini əsaslandıraraq verə bilər? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7280 saylı ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışdır: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 oktyabr 2015-ci ildə verilmiş **********98 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Telman kəndi ərazisində yerləşən 0.223222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda, kəndin digər yerində yerləşməsi müəyyən olunmuşdur; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 fevral 2009-cu ildə verilmiş **********61 reyestr nömrəli çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Telman kəndi ərazisində yerləşən 0.359333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur; İş materiallarına əlavə edlilmiş su kəmərinin layihə sənədində qeyd olunan koordinatlara və sxemə əsasən, su kəmərinin keçməli olduğu ərazinin xəritəsində (layihədə) su kəmərinin iddiaçıya məxsus torpaq sahəsinin cənub tərəfində olan torpaq yolun cənub istiqaməti ilə çəkilməsi nəzərdə tutulmuşdur; Astara şəhərinin su ilə təmin edən su kəmərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 fevral 2009-cu ildə verilmiş **********61 reyestr nömrəli çıxarışla X2 və qeyrilərinin xüsusi mülkiyyətində və qanuni sahibliyində olan 0.359333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçməsi müəyyən olunmuşdur; Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Qanun: 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən hidrotexniki qurğu dedikdə - su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular, gəmiburaxan şlyüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular başa düşülür. İşin müəyyən olunan hallarına əsasən hidrotexini qurğu olaraq Astara şəhərini içməli su ilə təmin edən magistral sunəqledici kəmər layihəyə əsasən iddiaçının sahiblik və istifadəsində (bağışlama müqaviləsinə əsasən) olan Astara rayonunun Telman kəndi ərazisində yerləşən 0.359333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçməklə çəkilmiş, bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla müəyyən edilmiş qaydada müvafiq qərar qəbul edilməmiş, nəticə etibarı ilə iddiaçının sahiblik və istifadə hüquqları məhdudlaşdırılmış olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər: 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir; 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. Kollegiya hesab edir ki, iddiaçının tələbi ilk növbədə ona məxsus torpaq sahəsindən keçməklə çəkilmiş magistral su nəqledici kəmərin torpaq sahəsindən çıxarılmasından ibarətdir. Sözsüz ki, iddiaçı torpaq sahəsi üzərində qanuni əsaslarla sahiblik və istifadə hüququna malik olan bir şəxs kimi Mülki Məcəllənin 164, 165-ci maddələrinə müvafiq olaraq pozulmuş sahibliyinin müdafiəsi ilə əlaqədar iddia verə bilər. Lakin burada nəzərə alınmalıdır ki, iddiaçı 73000 əhalinin içməli su ehtiyacına olan tələbatının təmin edilməsi məqsədilə Dövlətin milyonlarla vəsait hesabına çəkdiyi su nəqledici magistral kəmərin torpaq sahəsindən çıxarılması yolu ilə pozulmuş sahibliyinin bərpasını tələb edir. Avropa insan haqları məhkəməsinin bir çox qərarlarında məhkəmə qərarlarının icra edilə bilən olması xüsusilə vurğulanır. Hazırki mübahisə üzrə iddiaçının pozulmuş sahiblik və istifadə hüquqlarının bu qaydada bərpası mümkün deyildir. Çıxış yolu isə iddiaçının məruz qalmış olduğu zərərin ədalətli kompensasiya edilməsindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələbinin maddi zərərin yetirilməsi, əldən çıxmış fayda hissələrində məhkəməyə hər hansı bir sübut verilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı Mirzağa oğlundan alınaraq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri X3 apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(018)-11/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş su kəmərinin torpaq sahəsindən çıxarılması, maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı Mirzağa oğlundan tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X6, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar