Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-960/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “əmək stajı faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-843/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, 1974-cü ildən 2001-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1959-cu ildə Lənkəran rayonu, Digah kəndində anadan olmuşdur. Lənkəran rayon Sovxoz-Texnikumunun 29 aprel 1974-cü il tarixli, 48 nömrəli əmri ilə 25 aprel 1974-cü il tarixdən sovxoza mövsümi fəhlə olaraq işə qəbul edilmişdir. Həmin sovxoz-texnikumunda 1974-cü ilin sentyabr ayına qədər işləmiş və oradan əmək haqqı almışdır. Bu barədə məlumatı iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialından verilmiş xx.xx.2022-ci il tarixli, A/103-1 saylı arxiv arayışından görmək mümkündür. Sentyabr ayında tədris ili başladığına görə işi müvəqqəti dayandırılmışdır. 1975-ci ildən 1990-cı ilə və 1992-1994-cü ilə kimi Lənkəran Rayon Sovxoz-texnikumunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin illərdə işləməsinə sübut olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialından verilmiş xx.xx.2022-ci il tarixli, A/103 saylı, daha sonra isə xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilə qədər işləməsi barədə xx.xx.2022-ci il tarixli, 1231/236 saylı arxiv arayışları mövcuddur. Həmin arayışlarda qeyd olunan işlədiyi müddət üzrə ümumi staj miqdarı ərizəçinin yaşa görə əmək pensiyası alması üçün uyğundur. Qeyd olunan arayışları məhkəməyə sübut olaraq ərizəsi ilə birlikdə təqdim edir. Ərizəçi ilə birlikdə çalışmış iş yoldaşları Şahid2 və Şahid1 onun 1974-cü ildən 2001-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olmasına şahiddirlər və onlar ərizəçinin qeyd etdiyi bu faktı təsdiq edə bilərlər. Əmək fəaliyyətinin əmək kitabçasında aparılmış hesablanması düzgün qeyd olunmamışdır. Hal-hazırda çalışdığı illər üzrə faktın təsdiq olunmasından ötrü məhkəməyə müraciət edir. Ərizəçi DSMF-nin 1 saylı Lənkəran-Astara Regional filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin DSMF-nin 1 saylı Lənkəran- Astara Regional filialı tərəfindən təqdim edilmiş 18 mart 2022-ci il tarixli, **********3 nömrəli bildiriş ilə ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi bildirilmişdir. Lakin bununla bağlı qərarın surəti ərizəçiyə təqdim olunmamış və hansı səbəblə ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi göstərilməmişdir. Sonradan Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1975-ci ilin yanvar, fevral, mart ayları, 1991-ci ilin bütün ayları, 1992-ci ilin yanvar, fevral, mart, aprel, may aylarında əmək fəaliyyəti ilə məşğul olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, 1974cü ilin may ayından işə cəlb edilmiş və bu minvalla 2001-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyətində heç bir fasilə olmamışdır. Lakin 1975-ci ilin 4 ayı, 1991-ci il bütövlükdə, 1992-ci ilin 5 ayı əmək fəaliyyətinə qeyd edilməmişdir. Bu səbəbdən də halhazırda əmək pensiyasının ona verilməsindən məhrum olmuşdur. Daha sonra ərizəçi tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1975-ci ilin yanvar, fevral, mart aylarında, 1991-ci ilin bütün dövründə və 1992-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında Lənkəran rayonunda yerləşən Sovxoz-texnikumda fəhlə işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(049)-843/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Anar Pənahov) ərizə qismən təmin edilmiş, Ərizəçi 1974cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1975-ci ilin yanvar, fevral, mart aylarında, 1991-ci ilin bütün dövründə və 1992-ci ilin may ayında Lənkəran Sovxoz-texnikumda fəhlə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ərizənin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(049)-843/2023 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçi xx.xx.2022-ci il tarixdə maraqlı şəxsin 1 saylı Lənkəran-Astara Regional filialına yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin həmin filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərar ilə ərizəçinin ümumi stajının 25 ildən az olması və pensiya kapitalının qanunvericiliyin tələb etdiyi pensiya kapitalı məbləğindən aşağı olması səbəbindən ərizəçiyə pensiya təyinatından imtina edilmişdir. Bundan sonra, ərizəçi 1974-cü il tarixdən 2001-ci il tarixədək Lənkəran Rayon Sovxoz- Texnikumda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lənkəran rayon filialının xx.xx.2022-ci il tarixli, A/103, A/103-1 nömrəli arxiv arayışlarında ərizəçinin 1974-cü il tarixdən 1994-cü il tarixədək Lənkəran rayon Sovxoz- Texnikumda işləməsi və əmək haqqı alması öz əksini tapmışdır. Belə ki, müvafiq arayışlara əsasən ərizəçinin 1974-cü ilin may, iyun, iyul və avqust aylarında, 1975-ci ilin aprel ayından 1990-cı ilin noyabr ayınadək, 1992-ci ilin iyun ayından 1994-cü ilin noyabr ayınadək əmək haqqı aldığı qeyd olunmuşdur. Müvafiq arayışlara əsasən 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1975-ci ilin yanvar, fevral, mart aylarında, 1990-cı ilin dekabr ayında, 1991-ci ilin bütün aylarında və 1992-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında ərizəçi əmək haqqı almamışdır. xx.xx.2022-ci il tarixli, A/103-1 nömrəli arxiv arayışına əsasən ərizəçi 1974-cü ilin sentyabr ayına qədər əmək haqqı almış, lakin əmrlər kitabında işdən azad olması barədə əmrin olmadığı qeyd edilmişdir. Göründüyü kimi, ərizəçi müvafiq arayışlara əsasən Lənkəran Sovxoz-Texnikumunda əmək haqqı almış, əmək haqqı almadığı 1974-cü ilin sentyabr ayından 1975-ci ilin mart ayınadək və 1990-cı ilin dekabr ayından 1992-ci ilin may ayınadək olan dövrlərdə isə işdən çıxması ilə bağlı əmrlər kitabında hər hansı bir qeydə rast gəlinməmişdir. Bu halda ərizəçinin işlədiyini təsdiq edən arxiv arayışları olduğundan və həmin sənədləri məhkəmədən kənar qaydada əldə etdiyindən ərizəçinin əmək haqqı almadığı dövrlərin hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsi yolverilməzdir. İşin faktiki hallarına əsasən ərizəçinin müvafiq arxiv arayışlarına əsasən işdən çıxma əmrləri olmadığı halda əmək haqqı almadığı dövrlərə məhkəmə qaydasında baxılması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Sözügedən arxiv arayışlarından ərizəçiyə məxsus sənədlərin mövcud olduğu müəyyən olunsa da, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi təsdiq etdirmək istədiyi dövrlərdə hər hansı əmək haqqı almadığı üçün arayışlarda həmin dövrlərdə əmək haqqı barədə qeyd aparılmamışdır. Bu da onu göstərir ki, ərizəçi həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid1 təqdim etdiyi əmək kitabçasına əsasən 1965-ci il tarixdən 1990-cı ilin oktyabr ayınadək sözügedən sovxozda işlədiyi qeyd olunmuşdur. Lakin digər Şahid2 təqdim etdiyi əmək kitabçasına əsasən 1973-cü il tarixdən 1993-cü ilin aprel ayınadək işlədikləri dövrlərin üst-üstə düşməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bir şahidin ifadəsinə əsasən ərizəçinin 1991-ci ilin bütün dövründə və 1992-ci ilin may ayında Lənkəran rayon Sovxoz-Texnikumunda işləməsi faktını təsdiq etmişdir. Məhkəmə qətnamədə bu hallara aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Apellyasiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, ərizəçi ilkin olaraq ona pensiya təyin edilməsi ilə bağlı maraqlı şəxsin 1 saylı Lənkəran-Astara Regional filialına müraciət etmiş, lakin onun ümumi stajı 25 il olmadığına görə ona yaşa görə pensiya təyin olunmasından imtina edilmiş, ona inzibati məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Lakin ərizəçi hazırkı ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə isə ərizəni qismən təmin etmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, şahid ifadələrində mövcud olan ziddiyyətli məqamlar nəzərə alınmamışdır. Apellyasiya məhkəməsinin 19 iyul 2023-cü il tarixli iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, keçən əsrin 75-90-cı illərində uzun müddət Lənkəran rayon Sovxoz-texnikumunda işləmişdir. Həmin sovxoz-texnikumda həm daimi əsaslarla, həm də mövsümi fəhlə kimi çalışmışdır. Daimi əsaslarla işlədiyi dövr əmək kitabçasında öz əksini tapmış, mövsümi işlədiyi dövrlərlə bağlı isə arxiv arayışları mövcuddur. Mövsümi fəhlə kimi çalışdığı dövrlərlə əmək kitabçasında qeyd olunmuş daimi olaraq işlədiyi dövrlər arasında həm 1974-1975-ci, həm də 1991-1992-ci illərdə müəyyən zaman kəsikləri mövcuddur ki, onlarla bağlı məlumat nə əmək kitabçasında, nə də arxiv arayışlarında öz əksini tapmamışdır. Həmin dövrlərin əmək stajına hesablanması üçün məhkəməyə müraciət etmişdir, məqsədi isə pensiya almaqdır. Pensiya almaq üçün maraqlı şəxsin 1 saylı Lənkəran-Astara Regional filialına müraciət etmiş, lakin ona pensiya alması üçün əmək stajının kifayət etmədiyinə dair cavab verilmişdir. Tələbində qeyd etdiyi kimi, 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1975-ci ilin yanvar, fevral, mart aylarında, 1991ci ilin bütün dövründə və 1992-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında da o, Lənkəran rayon Sovxoz-texnikumunda fəhlə kimi çalışmışdır. Lakin həmin dövrdə gördüyü işlər mövsümi xarakterli olduğuna görə əkin-biçin zamanı tarlada çalışmış, eyni zamanda tələbində qeyd etdiyi zaman kəsiyində işə çıxmadığı dövrlər də olmuşdur. Lakin artıq uzun zaman keçdiyinə görə məhz hansı aylarda işə çıxdığını və ya çıxmadığını xatırlamır. Məhkəmədən yeganə xahişi ona pensiya təyin olunmasında köməklik göstərilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamənin qəbul edilməsinə, işin hallarının tam və hərtərəfli araşdırılmamasına və sübutların düzgün qiymətləndirilməməsinə istinad edərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, sübutları müqayisəli şəkildə təhlil etməmiş, sübutlar arasında ziddiyyətli məqamlara nəzər yetirməmiş, nəticə etibarilə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin, MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-in 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən prosessual hüquq normalarının mövcudluğuna baxmayaraq, birinci instansiya məhkəməsi öz qətnaməsində ərizənin təmin edilməmiş hissələrinin hansı səbəbdən təmin edilmədiyini əsaslandırmamış, həmin hissədə ərizəyə hər hansı münasibət bildirməmişdir. Beləliklə də, məhkəmə MPM-in 387.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosessual hüquq normalarının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, ərizənin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Hazırkı iş üzrə ərizəçi onun 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1975-ci ilin yanvar, fevral, mart aylarında, 1991-ci ilin bütün dövründə və 1992-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında Lənkəran rayonunda yerləşən sovxoz-texnikumda fəhlə işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İş materiallarında ərizəçiyə məxsus əmək kitabçasının surəti və arxiv arayışları mövcud olsa da, ərizəçi hazırda həmin əmək kitabçasında, eləcə də, arxiv arayışlarında qeyd edilməmiş dövrlərdə işləməsi faktının təsdiq edilməsini məhkəmədən xahiş edir. İşdəki Ərizəçi məxsus əmək kitabçasının surətindən görünür ki, o, 18 sentyabr 1975-ci il tarixində Lənkəran Sovxoz-texnikuma verdiyi ərizəyə əsasən fəhlə olaraq qəbul edilmiş, 5 nömrəli briqadaya təhkim olunmuşdur. O, 15 noyabr 1990-cı ildə Lənkəran Sovxoztexnikumdan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən verdiyi ərizəyə görə işdən azad edilmişdir. İşdəki Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialının xx.xx.2022-ci il tarixli, A/103 nömrəli arxiv arayışından görünür ki, Ərizəçi Lənkəran rayon Sovxoz-texnikumunda 1975-ci ilin yanvar, fevral, mart aylarında, 1990-cı ilin dekabr ayında, 1991-ci ildə bütün aylarda, 1992-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında əmək haqqı almamışdır. Qeyd edilənlər istisna olmaqla isə 1975-ci ilin aprel ayından 1994-cü ilin noyabr ayınadək həmin müəssisədə əmək haqqı almışdır. İşdəki Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialının xx.xx.2022-ci il tarixli, A/103-1 nömrəli arxiv arayışından görünür ki, Ərizəçi Lənkəran rayon Sovxoz-texnikumunun 29 aprel 1974-cü il tarixli, 48 nömrəli əmri ilə 25 aprel 1974-cü il tarixdən sovxoza mövsümi fəhlə qəbul edilmişdir. 1974-cü ilin sentyabr ayına qədər əmək haqqı almışdır. Lakin sovxozun əmr kitabı yoxlanılmış, Ərizəçi işdən azad olması barədə əmri müəyyən olunmamışdır. Ərizəçi 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında əmək haqqı almamışdır. Beləliklə, müəyyən edilir ki, ərizəçi 1974-cü ilin may-avqust aylarında Lənkəran rayon Sovxoz-texnikumunda mövsümi fəhlə kimi işləmiş, daimi işə qəbul olunmamışdır. Ərizəçi həmin müəssisədə daimi olaraq işə 1975-ci ilin 18 sentyabr tarixində qəbul olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zaman da ərizəçi bildirmişdir ki, həmin dövrdə gördüyü işlər mövsümi xarakterli olduğuna görə əkin-biçin zamanı tarlada çalışmış, eyni zamanda tələbində qeyd etdiyi zaman kəsiyində işə çıxmadığı dövrlər də olmuşdur. Lakin artıq uzun zaman keçdiyinə görə məhz hansı aylarda işə çıxdığını və ya çıxmadığını xatırlamır. Göründüyü kimi, ərizəçi 1974-cü ilin may-avqust aylarında mövsümi xarakterli işlərdə çalışdığını və bu işlərin əkin-biçin zamanı tarlada çalışmaqla əlaqədar olduğunu özü də təsdiq edir. Lakin həmin mövsümi işlər artıq başa çatdığına görə ərizəçinin tələbində qeyd etdiyi 1974-cü ilin sentyabr ayında 1975-ci ilin mart ayınadək ona hər hansı əmək haqqı verilməmişdir. Ərizəçi də həmin dövrdə faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olduğunu sübut edə bilməmiş, əksinə, izahatında da bildirdiyi kimi, həmin dövrdə işə çıxmadığı zamanlar da olmuşdur. Ərizəçi uzun zaman keçdiyinə görə hansı aylarda işə çıxıbçıxmadığını xatırlamadığını və tələbdə qeyd etdiyi dövr ərzində işə çıxmadığı dövrlərin də olduğunu bildirsə də, onun hazırkı tələbi faktiki olaraq onun fasiləsiz işləməsinin təsdiq olunmasına yönəlmişdir. Halbuki, bu hal iş materialları ilə yanaşı, ərizəçinin öz dedikləri ilə də təkzib olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Ərizəçi də öz tələbini təsdiq etmək üçün onunla birlikdə tələbində qeyd etdiyi dövrlərdə işləmiş şəxslərin şahid kimi ifadə verə biləcəyini qeyd etmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dindirilmiş Şahid1 çıxış edərək 1965-ci ildə Lənkəran rayonunda yerləşən 1 nömrəli tərəvəzçilik sovxozunda fəhlə kimi işə başladığını, sonradan həmin sovxozun adının dəyişdirilərək sovxoz-texnikum adlandırıldığını, ərizəçini tanıdığını bildirmişdir. O, qeyd etmişdir ki, ərizəçi onunla birlikdə 1974-cü ilin may ayında həmin sovxozda fəhlə işləmiş, həmin sovxozda onlar kənd təsərrüfatı mallarının əkilib-becərilməsi ilə məşğul olmuşlar. O, 1990-cı ilin oktyabr ayına qədər həmin sovxozda işləmişdir. Ərizəçi də 1974-cü ilin may ayından həmin tarixədək onunla birlikdə fasiləsiz olaraq orada işləmişdir. İş materiallarında olan İT-İ ******* seriya nömrəli əmək kitabçasının surətindən görünür ki, Şahid1 1965-ci ilin fevral ayından 1966-cı ilin fevral ayınadək, 1969-cu ilin yanvar ayından 1975-ci ilin avqust ayınadək, 1976-cı ilin yanvar ayından 1976-cı ilin may ayınadək, 1978-ci ilin yanvar ayından 1978-ci ilin sentyabr ayınadək, 1986-cı ilin aprel ayının 1-dən 1990-cı ilin oktyabr ayının 1-dək Lənkəran rayon Sovxoz-texnikumunda (Lənkəran tərəvəzçilik sovxozunda) işləmişdir. Məhkəmə kollegiyası Şahid1 ifadəsini hazırkı iş üzrə mötəbər sübut olaraq qəbul etmir və ona tənqidi yanaşaraq bildirir ki, Şahid1 ərizəçinin onunla birlikdə 1974-cü ilin may ayından 1990-cı ilin oktyabr ayınadək fasiləsiz olaraq Lənkəran rayon Sovxoz-texnikumunda işlədiyini bildirsə də, Şahid1 əmək kitabçasından görünür ki, onun özü də həmin müəssisədə fasilələrlə işləmişdir. Bundan başqa, şahid ərizəçinin fasiləsiz olaraq həmin müəssisədə işlədiyini qeyd etsə də, ərizəçi apellyasiya məhkəməsinin iclasında tələbdə qeyd etdiyi dövr ərzində işə çıxmadığı dövrlərin də olduğunu bildirmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dindirilmiş Şahid2 çıxış edərək 1973-cü ildə Lənkəran rayonunda yerləşən sovxoz-texnikumda fəhlə kimi işə başladığını, ərizəçinin həmin sovxozda 1974-cü ilin may ayından işləməyə başladığını, özünün 1993-cü ilin aprel ayına qədər həmin sovxozda işlədiyini, ərizəçinin də həmin tarixədək onunla birlikdə işlədiyini bildirmişdir. İş materiallarında olan Şahid2 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 24 may 1973-cü ildə Lənkəran Sovxoz-texnikumda ərizəsinə əsasən fəhlə olaraq işə qəbul edilmişdir. Lakin Şahid2 həmin müəssisədə hansı tarixədək işləməsinə dair əmək kitabçasında hər hansı qeyd aparılmamışdır. Onun əmək kitabçasında xx.xx.1991-ci il tarixində Şilavar tərəvəzçilik sovxozunda işdən azad edilməsinə dair qeyd edilmişdir. Lakin Şilavar tərəvəzçilik sovxozunun hazırda ərizəçinin işlədiyini iddia etdiyi Lənkəran rayon Sovxoz-texnikumu ilə eyni müəssisə olub-olmaması müəyyən edilmir. Həmçinin, ərizəçiyə və digər Şahid1 məxsus əmək kitabçalarında 1990-cı ildə Lənkəran rayon Sovxoz-texnikumuna dair qeydin olması məhkəmə kollegiyasında həmin müəssisələrin eyni olmamasına dair şübhə yaradır. Bundan başqa, məhkəmə kollegiyası Şahid2 ifadəsinə həm də ona görə tənqidi yanaşır ki, ərizəçiyə məxsus əmək kitabçasında onun 15 noyabr 1990-cı ildə Lənkəran Sovxoz-texnikumdan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən verdiyi ərizəyə görə işdən azad edildiyi qeyd olunmuşdur. Belə olan halda ərizəçinin tələb edilən 1991-ci ilin bütün aylarında və 1992-ci ilin ilk 5 ayında Lənkəran rayon Sovxoz-texnikumda işləməsi inandırıcı hesab edilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, A/103 nömrəli arxiv arayışından da göründüyü kimi, ərizəçi 1992-ci ilin iyun ayından 1994-cü ilin noyabr ayınadək yenidən Lənkəran rayon Sovxoz-texnikumda işləyərək əmək haqqı almışdır. Bu hal 1991-ci il ərzində, eləcə də, 1992-ci ilin ilk 5 ayı ərzində faktiki olaraq işləməməsi səbəbindən ona əmək haqqı verilmədiyini göstərir. Həmçinin, Şahid2 birinci instansiya məhkəməsinin iclasında ifadə verərkən bildirmişdir ki, ərizəçi 1974-cü ilin may ayından həmin müəssisədə işləməyə başlamışdır. Məhkəmə kollegiyası digər Şahid1 ifadəsinə qarşı yanaşdığı mövqeyi bir daha təkrar edərək bildirir ki, ərizəçi apellyasiya məhkəməsinin iclasında tələbdə qeyd etdiyi dövr ərzində işə çıxmadığı dövrlərin də olduğunu bildirmişdir. Lakin Şahid2 izahatında bununla bağlı hər hansı mülahizə qeyd etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrinə tənqidi yanaşır və onları mötəbər sübut olaraq qəbul etmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Regional filialının Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, sonuncuya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı **********3 nömrə ilə qeydə alınmış müraciətinə DSMF-nin 1 saylı Lənkəran-Astara Regional filialında Pensiya təyin edən komissiyanın 17 mart 2022-ci il tarixli, xxxxxxx001 saylı qərarı ilə imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.3-cü bəndində qeyd edilmişdir ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş materiallarında olan sübutlar müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməmiş və iş üzrə əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(049)-843/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, ərizənin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(049)-843/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi “əmək stajı faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-960/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-960/2023
19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver