Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-962/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən, məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, Ağcabədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Ağcabədi bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ağcabədi bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3 ha örüş-otlaq torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin əri ilə bağlanmış xx.xx.2000-ci il tarixli icarə müqaviləsinə əsasən 3,0 ha örüş-otlaq torpaq sahəsi 20 il müddətinə icarəyə verilmiş, müqavilə müddəti xx.xx.2020-ci ildə başa çatmışdır. X1 xx.xx.2018-ci il tarixdə ölümündən sonra, eləcə də ona verilən torpaq sahəsinin müddətinin xx.xx.2020-ci il tarixdə başa çatdıqdan sonra da vərəsəliyin açılması ilə əlaqədar mərhumun vərəsələri Ağcabədi bələdiyyəsinə müraciət etməmişlər. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra icarəçinin arvadı, hazırkı Cavabdeh bələdiyyənin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bələdiyyə torpağından çıxmır. Ona Ağcabədi bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq bu müraciətlərin heç bir nəticəsi olmamış, cavabdeh bələdiyyənin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsindən çıxmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Ağcabədi bələdiyyəsi ilə əri mərhum arasında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2020-ci ildə başa çatmışdır. Ərinin ölümündən sonra mübahisəli 3,0 ha örüşotlaq torpaq sahəsi onun tərəfindən istifadə olunmuşdur. Ağcabədi bələdiyyəsinə müraciət etmiş, lakin Ağcabədi bələdiyyəsi onunla icarə müqaviləsi bağlamamış, 3,0 ha örüş-otlaq torpaq sahəsinin onun icarəsinə verilməsini rəsmiləşdirməmişdir. İcarə müqaviləsi ərinin ölümündən sonra onunla davam etdirilməlidir. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) 30 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 706.1, 706.2, 706.3, 706.4, 719.1, 719.6-cı maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinə, 84-cü maddəsinin 3-cü bəndinə, 111-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, həyat yoldaşının ölümündən sonra torpaq sahəsi həmin müddətdə cavabdehin istifadəsində olmuş və hər il üçün o, icarə haqqını və su pulunu ödəmişdir. İcarə müqaviləsinin müddəti başa çatsa da, bələdiyyə tərəfindən müqavilənin ləğvinə dair ona heç bir xəbərdarlıq edilməmiş və həmin torpaq sahəsi 2000-ci ildən mərhum həyat yoldaşının və daha sonra onun icarəsinə verilmə müddəti nəzərə alınmaqla Mülki Məcəllənin 719.2-ci maddəsinə əsasən aralarında qeyri-müəyyən müddətə uzadılmışdır. Cavabdehin torpaq sahəsindən çıxarılması təkcə onun deyil, həmçinin ailəsinin mənafeyinə uyğun deyil. Birinci instansiya məhkəməsi cavabdehin zəbt etdiyi kimi göstərdiyi torpaq sahəsinin hal-hazırda kimin istifadəsində olduğunu, cavabdehin 6 ay əvvəl oradan çıxmasının müəyyən edilməsini aydınlaşdırmamışdır. Prosessualməsələlər İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına gəlməmişdir. İddiaçı tərəf məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdehlə notariat qaydada təsdiqlənmiş müqavilə bağlanmamış, Daşınmaz Əmlakın Dövlət Reyestrində icarə müqavilə ilə bağlı müvafiq qeyd aparılmamışdır. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Ağcabədi bələdiyyəsi ilə X4 arasında xx.xx.2000-ci il tarixli icarə müqaviləsi bağlanmış, Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüşotlaq torpaq sahəsi 20 il müddətinə X3 istifadəsinə verilmişdir. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı Ağcabədi bələdiyyəsi icarəyə verilmiş torpaq sahəsi üzrə icarə müqaviləsinin müddətinin başa çatmasından sonra cavabdehin 3 ha örüş-otlaq torpaq sahəsindən çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Mülki Məcəllənin 719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Həmin Məcəllənin 719.6-cı maddəsinə əsasən icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Cavabdeh bildirmişdir ki, icarə müqaviləsinin müddəti Mülki Məcəllənin 719.2-ci maddəsinə əsasən aralarında qeyri-müəyyən müddətə uzadılmışdır. Müəyyən edilir ki, icarəçi X4 xx.xx.2018-ci il tarixdə öləndən sonra, icarə müqaviləsinin müddəti müqavilənin sonuna qədər davam etdirilmiş, lakin icarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatdıqdan sonra mərhumun vərəsələri müqavilə müddətinin uzadılması ilə bağlı Ağcabədi bələdiyyəsinə müraciət etməmişlər. Torpaq icarə münasibətlərinin davam etdirilməsi barədə tərəflər bir-birini məlumatlandırmamışlar. Cavabdehə xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə onun torpaq sahəsindən çıxarılması barədə xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh etirazında icarə müqaviləsinin müddətinin uzadılması barədə bələdiyyəyə müraciət etdiyini bildirsə də, bu barədə məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Bu hal onu göstərir ki, cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia edilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Kollegiya hesab edir ki, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində və etirazında iddia edilən torpaq sahəsinə dair onunla icarə hüquq münasibətlərinin davam etdirilməsini sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(017)-369/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-962/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-962/2023
04.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver