Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-153/2026 15.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı ## ### 2025-ci il tarixli, *** nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi tələbi (Açar sözlər: iddia ərizəsinin məzmununa əməl edilməməsi, prosessual sənədlərin tərtibatı, iddianın baxılmamış saxlanılması və məcburi prosessual rekvizitlər) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı və Naxçıvan Dövlət Universitetinin nümayəndəsi X2 iştirakı ilə, İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçı İddiaçı “12” dekabr 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "Töhmət verilməsi haqqında" ## ### 2025-ci il tarixli, *** nömrəli əmrin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-02).
2. Daha sonra iddiaçı ## #### 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ## ### 2025-ci il tarixli, *** nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir (iş vərəqə 73).
3. Mülki iş materiallarından aydın olur ki, iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ## #### 2026-cı il tarixli ərizəsinin hüquqi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən ayrıca məhkəmə aktı qəbul edilməmişdir. Işdəki mövcud məhkəmə sənədlərindən mülki işə məhz dəqiqləşdirilmiş iddia tələbi həcmində (## ### 2025-ci il tarixli, *** nömrəli əmrin qanunsuz hesab edilərək ləğv olunması) baxılması müəyyən olunur.
b) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
4. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Aslan Heydarov) ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (iş vərəqə 89-98).
II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.
5. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnamənin ləğv edilməsini, Naxçıvan Dövlət Universitetinin onun barəsində olan intizam tənbehi əmrinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 134-139).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
6. Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına, eyni zamanda maddi və prosessual hüquq normalarına tamamilə ziddir. Şikayətçi bildirmişdir ki, məhkəmə öz qətnaməsinin 42 və 43-cü bəndlərində cavabdehin intizam icraatı zamanı prosedur qaydalarını pozduğunu, izahat alınmadığını və işçinin (iddiaçının) icraatdan məlumatlı olmadığını rəsmən sübut olunmuş fakt kimi qəbul etsə də, yekun hüquqi nəticə hissəsində (53-cü bənd) bu fundamental sübuta əks qiymət verərək, guya intizam pozuntusu varsa izahatın alınmamasının həlledici rol oynamadığı qənaətinə gəlmiş və töhmət əmrini qanuni saymışdır. Şikayətçinin mövqeyinə görə, bu, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin (izahatın alınması imperativ tələbinin) məzmununu təhrif etmək, Mülki-Prosessual Məcəllənin 82 və 218.1-ci maddələrində təsbit edilmiş sübutların obyektiv qiymətləndirilməsi və ədalətli araşdırma prinsiplərini birbaşa pozmaq deməkdir.
7. Bununla yanaşı, şikayətçi vurğulamışdır ki, cavabdeh (işəgötürən) tərəf iddia olunan "əmək intizamı pozuntusunu" təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdi. Məhkəmə isə hər hansı müstəqil xidməti araşdırma olmadan, yalnız cavabdehin idarəçiliyi altında birtərəfli qaydada tərtib edilmiş Elmi Şura protokolunu mütləq sübut kimi əsas götürərək iddiaçının ziyanına ziddiyyətli qərar çıxarmışdır. Həmçinin, məhkəmə vətəndaşın dövlət orqanlarına (polisə) müraciət etmək kimi konstitusion hüququnun həyata keçirilməsini əsassız olaraq "intizam xətası" kimi qəbul etmiş, işçiyə qarşı tətbiq edilən cəzada mütənasiblik prinsipini (əvvəlki fəaliyyətini, xətanın dərəcəsini) araşdırmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla, ləğv edilməlidir.
8. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10cu, 186-cı və 187.1-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci, 82-ci və 218.1-ci maddələrinə istinad etmişdi.
c) Apellyasiya şikayətinin icraata qəbul edilməsi.
9. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “10” avqust 2026-cı ildə daxil olmuş və kollegiyanın eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
10. Cavabdeh Naxçıvan Dövlət Universitetinin nümayəndəsi ## ###### 2026-cı ildə apellyasiya şikayətinə yazılı etiraz verərək, şikayətin qanunsuz və əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir (iş vərəqə 183-184).
11. Cavabdeh tərəf etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində təsbit olunmuş əmək funksiyasını vicdanla yerinə yetirmək və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələrini pozmuşdur. Belə ki, iddiaçı ## ### 2025-ci il tarixdə dekanlığın xəbəri olmadan tələbələri cədvəl üzrə keçirilməli olan dərsdən çıxararaq Universitetin Sosial Mərkəzinə çay içməyə aparmış, dekan müavininin iradlarına tabe olmamış və daxili qaydada həll edilə biləcək məsələ üçün polisə (102-yə) zəng edərək universitetin imicinə zərər gətirmişdir.
12. Nümayəndə həmçinin qeyd etmişdir ki, intizam tənbehi tətbiq edilməzdən əvvəl iddiaçıdan yazılı izahat tələb olunmuş, lakin o, izahat verməkdən imtina etmiş və bu fakt şahidlərin imzası ilə tərtib olunmuş aktla rəsmiləşdirilmişdir. Əmək Məcəlləsinin tələblərinə görə, işçinin izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir və işəgötürən 11-ci maddəyə əsasən intizam qaydalarını pozan işçini məsuliyyətə cəlb etmək hüququna malikdir.
d) Sədrlik edən hakimin özü-özünə etirazı və işin yenidən bölüşdürülməsi.
13. Apellyasiya şikayətinə baxılması ilə bağlı ## ######## 2026-cı il tarixdə keçirilən məhkəmə baxışı iclasında sədrlik edən hakim Allahverdiyev Mehman Dünyamalı oğlu iddiaçı İddiaçı onun qohumu (bibisi qızı) olduğunu bəyan etmişdir.
14. Hakim bu faktın Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1.6-cı və 19.1.7-ci maddələrinə əsasən məhkəmənin obyektivliyinə və qərəzsizliyinə şübhə yarada biləcəyini əsas gətirərək, həmin Məcəllənin 21.1-ci maddəsinə uyğun olaraq özü-özünə etiraz etmişdir.
15. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, ## ######## 2026-cı il tarixli qərardadı ilə bu etirazı təmin etmiş və hakim M. Allahverdiyevi işdən kənarlaşdırmışdır.
16. Qərardada əsasən, işə başqa hakimin iştirakı ilə baxılmasının təmin edilməsi məqsədilə mülki iş “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yenidən təsadüfi bölüşdürülməyə yönəldilmişdir.
III. Apellyasiya instansiyası məhkəməsində izahatlar və prosesin gedişi.
17. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, ona verilmiş suallara cavab olaraq iddia ərizəsinin məzmununa əməl etməməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən ona hər hansı irad bildirilmədiyini, bu məsələnin onunla ümumiyyətlə müzakirə edilmədiyini, iddia ərizəsində olan nöqsanların aradan qaldırılması üçün ona əlavə vaxt verilmədiyini, hazırda bu nöqsanların aradan qaldıra biləcəyini, buna görə əlavə vaxt itirmək istəmədiyini, iddia ərizəsinin məzmunu ilə bağlı qanunvericiliyin tələbini bilmədiyini qeyd etmişdi.
18. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Dövlət Universitetinin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, ona verilmiş suallara cavab olaraq iddia ərizəsinin məzmununa iddiaçının əməl etməməsinin ümumiyyətlə birinci instansiya məhkəməsində müzakirə edilmədiyini bildirmişdi.
IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini iddiaçı tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.
22. Bu səbəbdən də, Mülki-Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız intizam tənbehi əmrinin qanuniliyinə dair mübahisələndirilən hissədə və bu hissə ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqi həcmində yoxlanılmalıdır.
V. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
23. Kollegiya mülki iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını müəyyən etdiyindən, ilkin olaraq mübahisə predmeti olan məhkəmə aktının bu meyar əsasında yoxlanılması həyata keçirilməli, müsbət nəticə əldə edildiyi halda apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onun maddi hüquq normalarına uyğunluğu yoxlanılmalıdır.
24. Buna müvafiq olaraq kollegiya bildirir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4cü maddəsindən irəli gəlir.
25. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
26. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Sonuncu qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir.
28. Bu hüququn mütləq olmamasını Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə icraatın başlanmasına əsas olan iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
29. Göründüyü kimi bu hüquqa olan məhdudiyyətlərin əsasını şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsi təşkil edir.
30. Iddia ərizəsinin qanunvericiliyin tələblərinə əməl edilməklə verilməsi şərtlərini mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda isə bunlara iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formada və məzmunda tərtibi, həmçinin ona əlavə olunması zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar.
31. Iddia ərizəsinin verilməsinin qanunauyğun qaydada həyata keçirilməsinin yoxlanılması məqsədi ilə mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsi üçün 5 günlük müddət müəyyən edir (MPM maddə 151.3).
32. Qeyd edilənlərin mahiyyətindən aydın olur ki, məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır.
33. İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı ## ### 2025-ci il tarixli, *** nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsini prosessual qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, icraatın başlanmasına səbəb olan prosessual sənədin məzmunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab vermir.
34. Belə ki, həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
35. Qeyd edilən prosessual normanın tələbindən görünür ki, həmin maddədə olan məlumatların qeyd edilməsini qanunvericilik imperativ qaydada müəyyən edib. Yəni iddia ərizəsi mülki işin başlanmasına səbəb olan prosessual sənədlərdən biri sayılmaqla, yuxarıda qeyd edilən məlumatları mütləq özündə əks etdirməlidir.
36. Mülki işin materiallarında olan iddia ərizəsinin yuxarıda göstərilən prosessual hüquq normaları ilə qarşılıqlı tədqiqindən məlum olur ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı məcburi şəkildə qeyd edilməli olduğu halda, iddia ərizəsinin mətnində bu tələbə əməl olunmamış, konkret sübutların siyahısı göstərilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin mahiyyətinə əsasən iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halları təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsinin elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, onu icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi sübutları qarşı tərəfə göndərərək, iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir. Yəni cavabdehə özünün müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də qanunvericilik prosessual sənəd kimi iddia ərizəsinin özündə cavabdehə qarşı olan tələbin əsaslandırılmasını və bunu təsdiq edəcək sübutları əks etdirməli olduğunu nəzərdə tutur. Sübutların siyahısının göstərilməməsi isə məhkəmə tərəfindən cavabdehə göndərilməli olan sübutların dairəsinin müəyyən edilməsində çətinlik yaratması ilə yanaşı, iddia tələbinin yönəldiyi şəxsin hansı sübutun hansı faktı təsdiq etməsindən və onu iddia tələbinə qarşı vaxtında etiraz etmək imkanından da məhrum edir (Mülki-Prosessual Məcəllənin 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri).
37. Qanunvericilik iddiaçının öz tələbinin əsası kimi sübut hesab etdiyi, cavabdehə göndərilməli olan sübutlarının dairəsinin dəqiq müəyyən edilməsi üçün iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsi ilə, sübutların siyahısını fərqləndirir. Çünki iddia ərizəsinə əlavə edilən hər bir sənəd nəticə etibarı ilə iddiaçının öz tələbini əsaslandıran halın təsdiqi ilə bağlı sübut olmaya bilər. Bunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü və 149.2.5-ci maddələrindən də açıq-aydın müəyyən etmək olar (## #### 2021-ci il tarixli, ***- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və ## ####### 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən).
38. Iddia ərizəsinə əlavə edilən sənədlərin iddiaçının öz tələbini əsaslandıran halın təsdiqi ilə bağlı sübut kimi qəbul edilməsi qarşı tərəfin hüququnun pozulması ilə yanaşı, məhkəmənin qərəzsiz olması prinsipi ilə ziddiyyət təşkil edir.
39. Belə ki, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsindən də müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Bundan əlavə, Mülki-Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsi əmək mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya prosesində iştirakını və iddia ərizəsində həmin tələbə riayət edilməsinə dair məlumatın göstərilməsini tələb edir. Iddia ərizəsində isə mediasiya prosesində iştirak (ilkin mediasiya sessiyası) barədə heç bir məlumat öz əksini tapmamışdır.
42. Həmçinin iddia ərizəsinin "Qoşma" hissəsi də Mülki-Prosessual Məcəllənin 149.2.5-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin hissədə siyahıda yalnız "*** nömrəli töhmət" sənədi qeyd olunmuşdur.
43. Kollegiya vurğulayır ki, iddiaçının qanunun tələbinə əməl edib, faktiki olaraq mediasiyada iştirak etməsi və müvafiq arayışı əldə etməsi, həmin məlumatın iddia ərizəsində göstərilməməsi və sənədlərin siyahısına daxil edilməməsi pozuntusunu aradan qaldırmır. Mülki-Prosessual Məcəllənin 149-cu maddəsinin tələbləri yalnız formal xarakter daşımır, eyni zamanda mülki mühakimə icraatının təməl prinsipləri olan çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin təmin edilməsinə xidmət edir.
44. Belə ki, iddia ərizəsində sübutların, o cümlədən mediasiya prosesində iştiraka dair arayışın adının siyahıda göstərilməməsi məhkəmə tərəfindən iddia ərizəsinin surəti ilə birlikdə həmin sənədin də cavabdehə göndərilməsini qeyri-mümkün edir. Iş materiallarından da görünür ki, iddia ərizəsində qeyd edilməyən bu məlumat, sonradan cavabdehin etirazına səbəb olmuş, o, mediasiya sessiyasından xəbərsiz olduğunu bəyan edərək həmin sənədin sübut kimi qiymətləndirilməməsini məhkəmədən tələb etmişdir.
45. Mülki prosessual qanunvericiliyin mahiyyətinə görə, cavabdeh ona qarşı yönəlmiş tələbin hansı sübutlara əsaslandığını və hansı prosessual şərtlərin (məcburi məhkəməyəqədər tənzimləmə) yerinə yetirildiyini prosesə cəlb edildiyi andan bilməli və öz müdafiəsini buna uyğun qurmalıdır. Iddiaçının sübuta malik olması, lakin onu ərizənin mətnində və qoşma siyahısında bəyan etməməsi, nəticə etibarilə cavabdehi yaranmış mübahisəni məhkəmədən kənar həll etmək imkanından, habelə həmin sənədlə tanış olmaq və ona qarşı vaxtında etiraz etmək hüququndan məhrum edir. Odur ki, məlumatın iddia ərizəsində qeyd edilməməsi ərizənin qanunsuz olaraq icraata qəbuluna səbəb olan əsaslı prosessual pozuntu kimi qiymətləndirilməlidir.
46. Kollegiya xüsusilə vurğulayır ki, iddia ərizəsi mülki mühakimə icraatının başlanmasına səbəb olan və bütövlükdə məhkəmə baxışının hüdudlarını müəyyən edən ən əsas prosessual sənəddir. Buna görə də, onun tərtibatına xüsusi ciddiyyətlə yanaşılmalı, iddia ərizəsi sadəcə iki-üç cümlədən ibarət ümumi narazılıq ifadəsi kimi deyil, məhz mülki prosessual qanunvericiliyin imperativ tələblərinə qeyd-şərtsiz əməl edilməklə hazırlanmalıdır. Iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş formada tərtib edilməməsi, o cümlədən sübutların və hüquqi əsasların dəqiq göstərilməməsi fundamental hüquqi müəyyənlik prinsipinin kobud şəkildə pozulması ilə nəticələnir. Hüquqi müəyyənlik tələb edir ki, proses iştirakçıları onlara qarşı irəli sürülən tələblərin məzmununu, hüdudlarını və sübut bazasını əvvəlcədən, aydın və birmənalı şəkildə bilsinlər. Məzmunu və əlavələri qüsurlu olan iddia ərizəsi cavabdehi məhz bu müəyyənlikdən məhrum edir.
47. Digər tərəfdən, qanunla tələb olunan məcburi rekvizitlərin iddia ərizəsində əks olunmamasına səthi yanaşılması hüququn aliliyi prinsipi ilə birbaşa ziddiyyət təşkil edir. Mülki prosesdə hüququn aliliyi prosessual formaya ciddi riayət olunmasını, heç kəsin qanunun tələblərindən kənara çıxmamasını və tərəflərin qanun qarşısında bərabərliyini təmin edir. Iddia ərizəsinin tərtibinə laqeyd yanaşılması nəinki cavabdehin çəkişmə hüququnu heçə endirir, həmçinin məhkəmənin özünün də mübahisə predmetini dəqiq müəyyən etməsinə maneçilik törədir. Məhz bu səbəbdən, hüququn aliliyi və hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsi məqsədilə, qanunverici belə qüsurlu sənədlərin hüquqi nəticə yaratmasının qarşısını alaraq, onların geri qaytarılmasını və ya baxılmamış saxlanılmasını imperativ şəkildə tələb edir.
48. Həmçinin qanunların aliliyi prinsipi hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
49. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
50. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir. Kollegiya bildirir ki, iddia ərizəsinin məzmununun Azərbaycan Respublikası Mülki- 51. Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab verməməsi icraata qəbul ərəfəsində onun geri qaytarılması, məhkəmənin icraatına qəbul edildikdən sonra onun baxılmamış saxlanılması üçün əsasdır.
52. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
53. - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır;
54. - 259.0 və 259.0.12-ci maddələrinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.
55. Işə baxan birinci instansiya məhkəməsi isə göstərilən prosessual normaların tələbini pozaraq iddia ərizəsini icraatına qəbul etsə də, sonradan bunun aradan qaldırılması üçün iddiaçıya müddət təyin etməmiş və yekunda mübahisənin hüquqi həlli üzrə qətnamə qəbul etmişdi.
56. Mülki iş materiallarını yuxarıda qeyd olunan prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayan kollegiya bildirir ki, iddia ərizəsinin məzmunu mülki prosessual qanunvericiliyə uyğun olmadığı halda onun icraata qəbul edilməsi, sonradan bunun aradan qaldırılması üçün iddiaçıya müddət müəyyən edilmədən birinci instansiya məhkəməsinin işə baxaraq qətnamə qəbul etməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxılmalı olmadığı halda (yəni iddianın baxılmamış saxlanılması üçün əsas olduğu üçün) tələbə baxıb, qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur. Iddia ərizəsinin məzmununun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab verməməsi, həmçinin bu nöqsanların birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmaması qətnamənin ləğvi üçün əsasdır.
57. Yuxarıda göstərilənlərin nəticəsi olaraq kollegiya belə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı ## ### 2025-ci il tarixli, *** nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
58. - 384.0 və 384.0.5-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;
59. - 385.1 və 385.1.1-ci maddələrinin mahiyyətindən görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir;
60. - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun;
61. - 387.2 və 387.2.8-ci maddələrindən müəyyən edilir ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
62. Qeyd edilənlərin ümumi nəticəsi olaraq kollegiya iddiaçı İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini qismən, yəni məhkəmə aktının ləğv edilməsinə dair hissədə əsaslı hesab edir.
63. Apellyasiya şikayətinin qalan hissəsinə, yəni iddianın təmin edilməsinə münasibətdə kollegiya bildirir ki, apellyasiya məhkəməsi prosessual normanın pozuntusunu əsas tutaraq qətnamənin ləğv olunması, eyni zamanda iddiaçının ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlir, yəni işə mahiyyəti üzrə baxmır. Iddianın təmin edilməsi mahiyyət üzrə həll sayıldığından kollegiya hazırda iddianın əsaslı olub-olmaması barədə heç bir qərar qəbul edə bilməz.
64. Kollegiya İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı ## ### 2025-ci il tarixli, *** nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinin baxılmamış saxlanılması nəticəsinə gəldiyindən bildirir ki, Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasına dair qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir.
65. Həmçinin Həmin Məcəllənin 260.4-cü maddəsinə görə isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
66. Bu prosessual normalar iddianın baxılmamış saxlanılmasından sonra iddiaçının yenidən iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnu itirməməsini ifadə edir. Yəni İddiaçı bu qərardadda göstərilən halları aradan qaldıraraq təkrar məhkəməyə müraciət edə bilər.
67. Kollegiya onu da bildirir ki, Mülki-Prosessual Məcəllənin 114.1, 114.1.5 və 260.3-cü maddələrinin ümumi məzmunundan aydın olur ki, ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır.
68. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsində isə göstərilir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
69. Hazırkı iş üzrə iddiaçının qaldırdığı tələb əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edilmiş və iddia qaldırarkən dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmununa görə isə yalnız ödənilmiş dövlət rüsumu büdcədən geri qaytarıla bilər. Odur ki, ödənilmiş hər hansı bir rüsum olmadığı üçün məhkəmə aktında dövlət rüsumunun qaytarılması barədə məsələnin həll edilməsinə ehtiyac yoxdur.
70. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
71. - Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli;
72. - Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı ## ### 2025-ci il tarixli, *** nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı;
73. - İddiaçı bu qərardadda göstərilən və iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olan şəraitin aradan qaldırılmasından sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilməlidir.
74. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
75. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. VI. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 260, 263, 264, 365 və 402.2-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı ## ### 2025ci il tarixli, *** nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, bu qərardadda göstərilən və iddia ərizəsinin baxılmamış saxlanmasına səbəb olan şəraitin aradan qaldırılmasından sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Müşfiq Həsənov və Səxavət Bəylərli.