Məhkəmə qərarları › İş №2(106)-968/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-968/2024

25.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-968/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə istifadə hüququnun verilməsi və evə köçürmə tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2(041)-1320/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları Kürdəmir rayonunun Atakişili kəndində yerləşən Cavabdeh2 məxsus evdə istifadə hüququnun müəyyən edilməklə ailə üzvləri Leyla və Seyidəli ilə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2(041)-1320/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddanın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. 2001-ci ildə Kürdəmir rayon Atakişili kənd sakini Cavabdeh1la ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2004-cü il tarixdə X3 və xx.xx.2005-ci il tarixdə X2 olmuşdur. O, Cavabdeh1 ilə ailə həyatı quraraq onun atasına məxsus Kürdəmir rayonunun Atakişili kəndində yerləşən evinə gəlin köçmüşdür. Onlar uzun müddət, yəni 2023-cü ilin mart ayına kimi bir yerdə ər-arvad münasibətlərində yaşamışlar. Lakin aralarında olan mübahisəyə aralarında olan nikah münasibətləri Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-47/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikah münasibətləri pozulandan sonra Leyla və Seyidəli onun himayəsində qalmışdır. O, hal-hazırda iki uşağı ilə birlikdə qardaşının himayəsində yaşayır. Başqa heç bir yerdə yaşamağa imkanı yoxdur. O, Xəyalla 22 ildən artıq bir müddətdə bir yerdə yaşamış, onunla birgə təsərrüfatı birlikdə idarə etmişlər. Hesab edir ki, onun mübahisəli evdən istifadə hüququ var, onun cavabdehlər tərəfindən pozulan huquqları bərpa edilməli və mübahisəli evdən istifadə hüququ tanınmaqla o, həmin evə köçürülməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən evdə qeydiyyatdadılar. İddiaçı 2001-ci ildən qeyd edilən mənzildə qeydiyyatdadır. Övladları və iş üzrə digər iddiaçılar doğulan gündən həmin mənzildə yaşamaqla qeydiyyatdadılar. Məhkəmə bu məsələrə araşdırmamış və səhv nəticəyə gələrək qeydiyyatda iddiaçıların qeydiyyatda olduqları evə köçürülməsi tələbini əsassız olaraq rədd etmişdir. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İddiaçı mübahisəli mənzilə gəlin gəlmiş və ora 2001-ci ildə mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmışdır. Digər iddiaçılar isə həmin mənzildə doğulmuş və ora qeydiyyata alınmışdır. Məhkəmə bu məsələləri nəzərə almamış, əsasız olaraq qeydiyyatda olduqları halda evə köçürülmə tələbini təmin etməmişdir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər 2001-ci ildə ailə həyatı qurmuş, mübahisəli evə köçmüşlər. Övladları Leyla və Seyidəli orada anadan olmuşlar və onlar 21-22 il birlikdə həmin evdə yaşamışlar. Hazırda həmin evdə də rəsmi qeydiyyatdadırlar. Hesab edir ki, iddiaçının həmin evdən istifadə hüququ mövcuddur. Mülkiyyətçi ilə razılaşma həmin zaman imperativ deyildi. Tərəflərin nikahları pozulmuşdur. İddiaçı 23 mart 2023-cü ildən bəri övladları ilə birlikdə valideynlərinin yanında yaşayır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2001-ci ildə mübahisəli evə gəlin köçmüşdür. Övladları Leyla və Seyidəli artıq yetkinlik yaşına çatmışdır. Belə ki, onların müvafiq olaraq 20 və 19 yaşları var. Buna baxmayaraq, onlarla birlikdə həmin evə köçmək istəyir. Qeyd edir ki, yoldaşının bacısı onların gəlini idi. Belə ki, qardaşı onun bacısı ilə ailə həyatı qurmuşdu. Lakin onlar boşandıqları üçün ailələr arasında söz-söhbət yaranmış, o da əri ilə boşanmışdır. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ailələr arasında sözsöhbət yaransa da, gəlinindən həmişə razı olmuşdur. İddiaçının anasının müdaxilələrinə görə övladının ailəsi dağılmış, gəlini ilə münasibəti korlanmışdır. Sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur və iddiaçının həmin evə köçürülməsinə razı deyil. Hazırda həmin evdə tək yaşayır. Oğlu Xəyal ölkədə deyil, lakin Azərbaycana gəldiyi zaman həmin evə arada gəlib-gedir. Tərəflər arasında barışıq mümkün deyil. Nəvəsi Seyidəli iddiaçının təhriki ilə onu bir dəfə döymüş, tərəfindən polis orqanlarına müraciət edilmiş və bu barədə araşdırma aparılmışdır. Beləcə, münasibətləri iddiaçının və övladlarının mübahisəli evə köçməsinə yol vermir. Cavabdeh1 qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2(041)-1320/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-47/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və Kürdəmir rayon VVADQ şöbəsində 94 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmış və xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh1 hər ay sabit pul məbləğində 200 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayonu Atakişili kəndində 0,10 ha ölçüdə torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 166,3 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeyd edilmiş və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmldakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan HK-1-393 nömrəli materiala əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin TB-nin Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlarması rədd edilmiş, X1 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin **********69-10301 reyestr nömrəli çıxarışı və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərə əlavə olunmuş Kürdəmir rayon Dövlət Arxivi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli 142 nömrəli Arxiv arayışından görünür ki, Kürdəmir RİHB-nin Atakişili kənd İcra Nümayəndəliyinin Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan 1996-2000-ci illərə aid Atakişili kəndində 19 saylı təsərrüfatbaşına kitabın 1318 nömrəli şəxsi hesabına əsasən onun başçılıq etdiyi təsərrüfatda 0,10 ha həyətyanı torpaq sahəsi və 140 kv.metr yaşayış sahəsi olan fərdi yaşayış evi qeydə alınmışdır. İş materiallarında olan Kürdəmir RİHB-nin Atakişili kənd İcra Nümayəndəliyi tərəfindən Cavabdeh2 verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verilmiş xx.xx.2020-ci il tarixli 977 nömrəli arayışdan (təsərrüfatbaşı kitabdan çıxarış) görünür ki, 15 saylı təsərrüfatbaşı kitabın 1142-ci səhifəsinə əsasən Kürdəmir rayonu Atakişili kəndində onun adına özünə məxsus 0,10 ha həyətyanı torpaq sahəsi, həmin sahədə 1998-ci ildə inşa edilmiş divarı mişar daşı, 1 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 166,3 kv.metr, yaşayış sahəsi 139,3 kv.metr köməkçi sahəsi 27,0 kv.metr olan fərdi yaşayış evi vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2001-ci ildə evlənib ailə quraraq Cavabdeh2 xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən evin köçmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və onların arasında bağlanmış nikah məhkəmənin xx.xx.2023-cü il tarixli 2(041)-47/2023 nömrəli qətnaməsinə əsasən pozulana kimi mübahisəli evdə yaşasa da iddiaçı evin mülkiyyətçisi Cavabdeh2 ilə aralarında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uygun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. Bu baxımndan, nəzərə alınmalıdır ki, qüvvədə olan MM-in 228.1 və 228.2-ci maddələrinin tələbinə əsaəsən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Habelə Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, MM-in 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Bu zaman kollegiya diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Kollegiya mülkiyyətçinin üstün hüquqlarının müdafiəsini təmin etməyə yönəlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını da xatırlatmağı zəruri bilir. Belə ki, “Broniovski Polşaya qarşı” iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Adıçəkilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına düzgün qiymət vermişdir. Kollegiya həmçinin hesab edir ki, diqqətə çatdırılmalıdır ki, Kürdəmir RİHB-nin Atakişili kənd İcra Nümayəndəliyinin Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan 1996-2000-ci illərə aid Atakişili kəndində 19 saylı təsərrüfatbaşına kitabın 1318 nömrəli şəxsi hesabına əsasən Cavabdeh2 başçılıq etdiyi təsərrüfatda 0,10 ha həyətyanı torpaq sahəsi və 140 kv.metr yaşayış sahəsi olan fərdi yaşayış evi qeydə alınmışdır. Habelə təsərrüfatbaşı kitabdan çıxarışa əsasən 15 saylı təsərrüfatbaşı kitabın 1142-ci səhifəsinə görə Kürdəmir rayonu Atakişili kəndində Cavabdeh2 adına özünə məxsus 0,10 ha həyətyanı torpaq sahəsi, həmin sahədə 1998-ci ildə inşa edilmiş divarı mişar daşı, 1 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 166,3 kv.metr, yaşayış sahəsi 139,3 kv.metr köməkçi sahəsi 27,0 kv.metr olan fərdi yaşayış evi vardır. Göründüyü kimi, İddiaçı 2001-ci ildə Cavabdeh1 ilə ailə qurub Kürdəmir rayonunun Atakişili kəndində yerləşən mübahisəli evə gəlin köçərkən belə həmin ev Cavabdeh2 adına olmuş və yuxarıda qeyd edilmiş müvafiq sənədlər əsasında da xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın - Kürdəmir rayonunun Atakişili kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması sonuncunun həmin mübahisəli evə məhz göstərilən andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələblərinə əsasən tərəflərin razılığı ilə yanaşı, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Diqqətə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları Kürdəmir rayonunun Atakişili kəndində yerləşən Cavabdeh2 məxsus evdə istifadə hüququnun müəyyən edilməklə ailə üzvləri Leyla və Seyidəli ilə həmin evə köçürülməsini xahiş etmişdir. Ancaq məlum olduğu kimi övladları olan hər iki şəxs xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X2 artıq yetkinlik yaşına çatmışlar. Bu səbəbdən də, iş materiallarına əsasən onun həmin övladlarının əvəzinə hazırkı iddianı qaldırmaq hüququ mövcud deyildir. Bundan başqa, kollegiya iddiaçı və onun övladlarının mübahisəli fərdi yaşayış evində qeydiyyatda olmaları barədə apellyasiya şikayətinin dəlili üzrə qeyd edir ki, adıçəkilən qeydiyyat mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması üçün hər hansı əsas vermir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2(041)-1320/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2(041)-1320/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar