Məhkəmə qərarları › İş №2(106)-973/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-973/2025

01.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-973/2025 01.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Tərlan oğlunun sədrliyi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndələri Vəkil3 və Vəkil2 iştirakı ilə, İddiaçı X6 Cavabdehnə (MMC) qeyri-yaşayış binasına elektrik xəttinin bərpasına yaradılan manelərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(041)-387/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən qeyri-yaşayış binası-yeməkxananın (Xatirə kafesi) elektik enerjisi xəttinin bərpasına cavbdeh Cavabdeh MMC tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən qeyri-yaşayış binası-yeməkxana (Xatirə kafesi) mülkiyyət hüququ üzrə ona məxsusdur. Hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Həmin qeyri-yaşayış binası sovet dövründən mövcud olmaqla dövlətə məxsus olmuş, sonradan tərəfindən özəlləşdirilərək mülkiyyətə alınmışdır. Daşınmaz əmlaka dair tərtib edilmiş Texniki Pasportdan tikilinin 1980-ci ildə inşa edildiyi müəyyən edilir. Qeyri-yaşayış binasının daim işıq təchizatı olmuşdur. Qeyri-yaşayış binasının yaxınlığında Cavabdeh MMC tərəfindən balıq artırılması müəssisəsi yaradıldığı vaxtdan onların fəaliyyətinə müxtəlif maneələr yaradılmağa başlanıldı. Cavabdeh tərəfindən yeməkxanaya gələn elektrik enerjisi xətti kəsilərək yararsız hala gətirildi və səbəb kimi enerji xəttinin onların icarəsində olan sahədən keçməsi göstərildi. Bu müddət ərzində dəfələrlə müxtəlif instansiyalara müraciət edilsə də nəticə ala bilməyiblər. Belə ki, cavabdeh təşkilata hamilik edən şəxs - X9 vəzifə mövqeyindən istifadə edərək, fəaliyyətlərində hər cür maneələr yaradırdı. Həmin şəxsin əməllərində cinayət tərkibinin olması müəyyən edildikdən və cinayət məsuliyyətinə cəlb edildikdən sonra barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən 1(093)-10/2017 saylı hökm verilmiş, A.Çovdarov və digərlərinə müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Həmin hökmdə zərərçəkən qismində tanınmış və mülki iddiası qismən təmin edilərək zərərçəkmiş şəxslər X14 və ona - İddiaçı təqsirləndirilən şəxs X5 44000 manat məbləğində pulun tutulmasına hökm edilmiş, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllərin və həmin torpaq sahəsində olan tikililərin xüsusi müsadirə cinayəthüuqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına, bundan əlavə, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən “Xatirə” kafesinin sahiblərinə qarşı qanunsuzluqlar epizodu üzrə torpaq sahələrinin icarəsinə dair sərəncamlarin cinayət işinin materiallarında saxlanılmasına hökm edilmişdir. Hökmün elan edilməsindən 7 ildən artıq vaxt keçməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən bəhs edilən torpaq sahəsinin istifadəsi davam edir və onlara da elektrik xəttinin bərpasına imkan verilmir. İlk zamanlar, hökmün icrası qaydasında həmin ərazinin dövlət nəfinə alınmasını gözləyib. Hesab ediblər ki, bundan sonra elektrik xəttinin bərpasına hər hansı bir maneə qalmayacaq. Lakin, artıq neçə illərdir ki, hökm həmin hissədə icra edilmədiyindən elektrik xəttinin bərpası mümkün olmur. Son olaraq, xx.xx.2024-cü il tarixdə X8 ərizə ilə müraciət etmişlər. Ərizənin araşdırılması ilə bağlı uzun müxtəlif instansiyalara müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə cavab məktubları almışlar. Hər iki məktubda enerji xəttinin "xxxx" MMC-yə məxsus sahədən çəkilməli olduğu, bunun "xxxx" ASC-nin səlahiyyətləri xaricində olduğu, "xxxx" MMC mülkiyyətçiləri ilə razılaşdırlmaqla çəkilişin mümkün olduğu bildirildi. Belə olan halda, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Çünki,"xxxx" MMC tərəfindən elektrik enerjisi xəttinin bərpasına icazə verilmir. Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddiaya dair etiraz ərizəsində göstərmişdir ki, "xxxx" Mahdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınımışdır. "xxxx" MMC-nin qanuni təmsilçilərinin dəyişməsi ilə əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-9992/2024 nömrəli Çıxarışına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi X7 təyin edilmişdir. xx.xx.2006-cı ilin dekabr ayında Regionların sosialiqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, nar bağı salmaq üçün "xxxx" MMC, Kürdəmir rayon X4 istifadəsində olan və Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində Kür çayının sağ sahilində yerləşən 39 ha torpaq sahəsini, Kürdəmir RİHB-nin xx.xx.2006cı il tarixli 188 nömrəli Sərəncamına əsasən. 99 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsini uzun müddətli istifadə üçün götürəndən sonra, torpaq sahəsinin kadastr planını və DƏDRX-nin hüqüqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışlar. Bundan başqa Kürdəmir rayon Mollakənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı iclasının qərarına əsasən, Mollakənd Bələdiyyəsinin ərazisindən əkinçiliyin inkişaf etdirilməsi məqsədi ilə "xxxx" MMC-nin icarəsinə 99 il müddətinə 30 ha torpaq sahəsi verilmiş və bününla bağlı "xxxx" MMC ilə Mollakənd Bələdiyyəsi arasında xx.xx.2007-ci il tarixli 08 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Hazırda ümumilikdə 69 ha torpaq sahəsindən Cavabdeh MMC təyinatı üzrə istifadə edir. Həmin torpaq sahələri "xxxx" MMC-yə uzunmüddətli icarəyə verilməsinə baxmayaraq, “Azərittifaq” özünün xx.xx.2008-ci il tarixli 134 nömrəli Qərarı ilə Kürdəmir RİİK-nin müvəkkillər yığıncağının xx.xx.2008-ci il tarixli Qərarına əsasən həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli "Xatirə" yeməkxana binasını X1. Hazırkı iddia ərizəsindən görünür ki, sonradan "Xatirə" yeməkxanası kimi istifadə edilən həmin qeyri-yaşayış binasını alqı-satqı yolu ilə İddiaçı almışdır. X10 və "Xatirə" yeməkxanasının əvvəlki sahibi X14 "xxxx" MMC-nin icarəsində olan 39 ha torpaq sahəsində yerləşən Kürdəmir rayon İstehsal-İstehlak Kooperativinin balansındakı "Xatirə" yeməkxana binasının onlara satılmasını əsas tutaraq, həmin torpaq sahəsindən "xxxx" MMC-nin təyinatı üzrə istifadə etməyə imkan vermədiklərinə görə "xxxx" MMC iddia tələbinə əsasən. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(041)-359/2010 nömrəli qətnaməsinə əsasən cavabdehlər X14 və X3 "xxxx" MMC-nin istifadəsində olan 69 ha torpaq sahəsinə daxil olmalarına qadağa qoyulmaqla onlar tərəfindən iddiçının torpaq sahəsindən istifadə etməsinə edilən maneələnin aradan qaldırılması qət edilmiş, həmin iş üzrə qarşılıqlı iddiaçı olan İddiaçı qarşılıqlı iddia tələbini isə təmin edilməməmişdir. Qeyd olunan torpaq sahələri "xxxx" MMC-yə uzun müddətli istifadəyə veriləndən sonra MMC həmin torpaq sahələrindən təyinatı üzrə istifadə etməklə, torpaqdan istifadə sahəsində lazım olan avadanlıqlar, o cümlədən həmin torpaq sahəsində olan əsas və yardımçı binaların və ərazinin işıqlandırılmasının təmin edilməsi məqsədilə MMC-nin vəsaiti hesabına elektrik transfarmatoru alınaraq əraziyə quraşdırılmışdır. Hazırda həmin transfarmator "xxxx" MMC-nin xüsusi mülkiyyətində olmaqla, "xxxx" ASC-nin Aran RETSİ Elektrik şəbəsi ilə aralarında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən elektrik enerjisindən istifadə edir. Hazırki iş üzrə İddiaçı uzun müddət mülkiyyətində olan "Xatirə" yeməkxanasından istifadə etməməklə, özünə münasib ərazidən elektrik xəttini bərpa etmək əvəzinə, öz iddia tələbində heç bir qanuni əsası olmayan dəlillər göstərməklə, aradan təxminən 15 ilə yaxın vaxt keçdikdən sonra "xxxx" MMC-nin mülkiyyətində olan elektrik transfarmatorundan götürməklə və "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsindən keçməklə, elektrik xəttinin bərpa edilməsini tələb edir. "Xatirə" yeməkxanasına elektrik xəttinin bərpa edilməsi yeməkxanaya yaxın digər ərazilərdən bərpa edilməsinin mümkün olduğunu və gələcəkdə iddiaçı ilə aralarında baş verə biləcək hər hansı bir münaqişənin qarşının alınması məqsədilə "xxxx" MMC-nin mülkiyyətçiləri, mülkiyyətlərində olan transfarmatordan götürülməklə İddiaçı məxsus "Xatirə" yeməkxanasına, "xxxx" MMCnin icarələrində olan torpaq sahəsindən elektrik xəttinin bərpa edilməsinə razı deyillər. Kürdəmir Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(041)-387/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndələri Vəkil3 və Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək iddianın VÖEN-ə məxsus olduğunu bildirərək mübahisənin kommersiya xarakterli olması səbəbindən işin Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə tərkibi tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə tərkibi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı vergi məlumatlarının Çıxarışından müəyyən etmişdir ki, cavabdehin VÖEN statusu “aktiv” kimi qeyd edilmişdir. İşdən də göründüyü kimi, hazırkı iş üzrə mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlıdır və onlar sahibkarlıq subyektidir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılması üçün iş materialları məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 31, 32, 385, 387, 387-ci maddələrini rəhbər tutub qərarverdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(041)-387/2025 saylı qətnaməsi ləğv edilsin. X6 Cavabdehnə qeyri-yaşayış binasına elektrik xəttinin bərpasına yaradılan manelərin aradan qaldırılması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar