Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-975/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehun və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-31/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, alqı-satqı yolu ilə Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasından 0,55 hektar torpaq sahəsi almışdır. Bu barədə Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 05 aprel 2020-ci il olan Çıxarış da tərtib edilmişdir. Mülkiyyətlərində olan 0,55 hektar torpaq sahəsinin müəyyən hissəsi cavabdeh tərəfindən zəbt edərək qanunsuz olaraq tutmuşdur. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh zəbt etdiyi hissəni azad etməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, onunla Astara rayonu Şağlazüzə kənd Bələdiyyəsi arasında bağlanmış 27 dekabr 2006-cı il tarixli 21 nömrəli alqı-satqı müqaviləsinə əsasən Astara rayonu Şağlazüzə kəndi ərazisində 0,18 hektar həyətyanı torpaq sahəsi almışdır. O, həmin vaxtanda həmin 0,18 hektar torpaq sahəsindən istifadə etməklə, orada yaşayış evi tikmişdir. Ancaq o, İddiaçı mülkiyyətlərində olan Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,55 hektar torpaq sahəsini tutmamışdır. İddiaçı tələb etdiyi yer isə onu mülkiyyətində deyildir və ümumi yoldur. Buna baxmayaraq iddiaçı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Astara Rayon Məhkəməsinin 2(018)-31/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi (X3) ilə, İddiaçı Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-31/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddianın əsassız olması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-31/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul edərkən prosessual hüquq normaları pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (iddia ərizəsi icraata qəbul edilərkən qüvvədə olan prosessual məcəllə başa düşülür) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-ci maddəsinə əsasən, iddia ərizəsi, əgər onun daxil olmasından 5 gün müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğuna riayət olunub-olunmaması yoxlanılmalı və yalnız MPM-nin tələbləri nəzərə alınmaqla məhkəmə icraatı mümkün hesab edilməlidir. Əks təqdirdə MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsinin prosessual məcəllənin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən daha sonra müəyyən etmişdir ki, iddia ərizəsi icraata qəbul edilərkən MPM-in 149-cu maddələrinin tələblərinə əməl olunmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, alqı-satqı yolu ilə Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasından 0,55 hektar torpaq sahəsi almışdır. Bu barədə Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 05 aprel 2020-ci il olan Çıxarış da tərtib edilmişdir. Mülkiyyətlərində olan 0,55 hektar torpaq sahəsinin müəyyən hissəsi cavabdeh tərəfindən zəbt edərək qanunsuz olaraq tutmuşdur. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh zəbt etdiyi hissəni azad etməmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində, Cavabdeh deyil, X1 onun mülkiyyətində olan 0,55 hektar torpaq sahəsinin zəbt edilmiş hissəsinin azad edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ümumiyyətlə mübahisəyə aidiyyəti olmayan şəxsi cavabdeh kimi göstərmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan iddia ərizəsini geri qaytarmalı olduğu halda qaytarmamış, iddia ərizəsi icraata qəbul etməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qətnaməni apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Eyni zamanda, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Yuxarıda qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Göründüyü kimi birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları nəzərə almamış, iddia tələbinin icraata qəbul edilməsi üçün prosessual əsasların olmadığı halda icraata qəbul etməsi, yekunda isə iddia tələbi üzrə nəticəyə gəlinməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi MPM-in 149.2.3, 155.1, 155.3, 156-cı maddələrin tələblərinin pozulması ilə qəbul edilldiyindən, Astara Rayon Məhkəməsinin 2(018)-31/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 384.0.5, 385.1.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-31/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-975/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-975/2024
10.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver