Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-985/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Osmanova Xavər Vaqif qızının iştirakları ilə, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş “Lenin” adına kolxozda işləməsi faktının müəyyən edilməsi tələbinə dair iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(022)-132/2023 saylı qətnaməsindən maraqlı şəxs DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Lenin” adına kolxozda və 1997-2001-ci illərdə Bəydili Aqroservis və İslahat Komissiyasında işləməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi tələbin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1975- 1976-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş “Lenin” adına kolxozda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, xx xxxx 1959-cu ildə Biləsuvar rayonunda anadan olmuş və qızlıq soyadı Abbasova olmuş, 01 avqust 1983-cü il tarixində Ağamalıyev Kamal Adnaqulu oğlu ilə nikah bağladıqdan sonra “Abbasova” soyadından imtina edərək, “Ağamalıyeva” soyadını qəbul etmişdir. O, 1975-2001-ci illərdə fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 1975-1996-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Lenin” adına kolxozda çalışmışdır. Belə ki, o, 1975- 1976-cı illərdə həmin kolxozda alaqtəmizləyən fəhlə işinə qəbul edilmiş, daha sonra kolxozda makinaçı işləmişdir. 2022-ci ildə o, pensiyaya çıxmaq üçün sənədlərini topladığı zaman əmək stajını təsdiq edəcək əmək kitabçası olmadığına görə Biləsuvar Rayon Dövlət Arxivinə müraciət etmişdir. Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən təqdim edilən 91A saylı arayışda onun faziləsiz olaraq 1975-1996-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş “Lenin” adına kolxozda çalışması təsdiq olunsa da, 1975-1976-cı illərdə tərtib olunmuş əmək stajını təsdiq edən sənədlərdə onun tam adı “Abbasova Validə Hümmət qızı” kimi yazılmışdır. Çünki, rəsmi sənədlərdə onun adı Şölə kimi qeyd edilsə də, əslində uşaq vaxtlarından bütün qohumları və tanışları onu Validə adı ilə çağırmış və həmin adla tanımışlar. Qeyd edilən səbəbdən də, o, 1975-ci ildə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş “Lenin” adına kolxozda işə qəbul edilərkən, kolxoz sənədlərini tərtib etmiş vəzifəli şəxs onun adını Şölə kimi yox, Validə kimi qeyd etmişdir. Buna görə də, onun 26 il fasiləsiz əmək stajı olmasına baxmayaraq, Maraqlı şəxs tərəfindən həmin müddət 18 il 6 ay kimi müəyyən edilmişdir. Onun əmək stajı əmək kitabçasında qeyd olunmadığına və əmək fəaliyyətinə dair arxiv sənədlərində onun adı və soyadı 1975-1976-cı illər üzrə Abbasova Validə Hümmət qızı kimi yazıldığına görə o, sosial təminat hüquqlarından istifadə edə bilmir. Belə ki, onun əmək pensiyasının hesablanması zamanı 1975-1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləməsi ilə əlaqədar sosial sığorta stajı nəzərə alınmamış və əmək stajı müddəti 18 il 6 ay kimi müəyyən edildiyinə görə ona yaşa görə sosial müavinət təyin edilmişdir. Bu məsələ ilə bağlı o, Maraqlı şəxsna müraciət etmişdir, lakin Maraqlı şəxs Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən ona ünvanlanmış cavab məktubunda həmin sosial sığorta stajının əmək pensiyasına hesablanması üçün 1975-1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləməsi faktının məhkəmə qətnaməsi ilə təsdiq edilməsi zərurəti bildirilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(022)132/2023 saylı qətnaməsi ilə (hakim Rəfayil Əliyev) Ərizəçi xahişi təmin edilmiş, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonunda fəaliyyət göstərmiş “Lenin” adına kolxozda işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Osmanova Xavər Vaqif qızı məhkəmə zalında izahat verərək bildirmişdir ki, Birinci instansiya məhkəməsində 2 şahidin ifadəsi alınsa da, onların əmək kitabçasını məhkəmə tələb etməmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun ifadə verərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Biləsuvar Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(022)-132/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ərizəçini həmkəndlisi və keçmiş iş yoldaşı kimi tanıyır. O və ərizəçi həmyaşıd olduqlarına görə eyni vaxtda, 1975-ci ildə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərən “Lenin” adına kolxozda alaq təmizləyən fəhlə işinə başlamış, kolxozda işlədiyi dövrdə və sonralar dostluq münasibətində olmuşlar. Buna görə də, o, Ərizəçi 1975ci ildən 1996-cı ilədək Biləsuvar rayonu “Lenin” adına kolxozda işlədiyini dəqiq bilir. O, ərizəçinin Validə adı ilə tanımışdır. Çünki, həmkəndiləri ərizəçini bir qayda olaraq, Validə adı ilə çağırırlar. Yalnız məhkəmə iclasına şahid qismində çağrılmazdan az öncə ona məlum olmuşdur ki, ərizəçinin əsl adı Şölədir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1975-76-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş “Lenin” adına kolxozda işlədiyini təsdiq etmiş və Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1959-cu il tarixdə Biləsuvar rayonu Bəydili kəndində doğulmuşdur. İşdə olan 298257 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasova Şölə Hümmət qızı və Ağmalıyev Kamal Adnaqulu oğlu 01 avqust 1983-cü il tarixdə nikah bağlamışlar. Şölə Abbasova nikah bağlandıqdan sonra “Ağamalıyeva” soyadını qəbul etmişdir. İşdə olan Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 91A saylı arayışdan görünür ki, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləmişdir. Onun adı həmin dövr ərzində arxiv sənədlərində “Abbasova Validə Hümmət qızı” kimi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Maraqlı şəxs sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 03 avqust 2022-ci il tarixli **********0 nömrəli “Yaşa görə əmək pensiyasının təyin olunmasında imtina edilməsi haqqında” cavab məktubundan görünür ki, Ərizəçi təqdim etdiyi arxiv arayışına əsasən onun sığorta stajı 18 il 6 ay təşkil edir və həmin staj müddəti Ərizəçi yaşa görə əmək pensiyası təyin etməyə əsas vermir. Buna görə də, Ərizəçi yaşa görə sosial müavinət təyin edilmişdir. İşdə olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli 916 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 qərarının 1.2 və 1.3-cü bəndlərində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 91A saylı arayışdan görünür ki, Ərizəçi 1975- 1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləmişdir. Onun adı həmin dövr ərzində arxiv sənədlərində “Abbasova Validə Hümmət qızı” kimi qeyd olunmuşdur. Bu baxımdan, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 qərarının 13.2 və 13.3-cü bəndlərinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir: Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adıçəkilən qərarının 1.6 və 1.7-ci bəndlərində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (MPM-in 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır; Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Göstərilənlərə əsasən bildirilməlidir ki, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləməsi faktının müəyyən edilməsi tələbinə baxılarkən məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, bu fakt artıq Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 91A saylı arayışla təsdiq edilir. Sadəcə ərizəçinin adı həmin dövr ərzində arxiv sənədlərində “Abbasova Validə Hümmət qızı” kimi qeyd olunmuşdur. Bu yanlışlıq arxiv arayışında da öz əksini tapmışdır. Bu baxımdan, adının yanlış olaraq “Abbasova Validə Hümmət qızı” kimi qeyd edilməsi səbəbindən hüquqmüəyyənedici sənəd olaraq Ərizəçi aid arxiv arayışının ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra həmin şəxsin işləməsi faktında hər hansı hüquqi maneələr aradan qalxacaqdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə, xitam verir. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 365, 372, 400,402.2və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Biləsuvar Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(022)-132/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş “Lenin” adına kolxozda işləməsi faktının müəyyən edilməsi tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-985/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-985/2023
18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver