Məhkəmə qərarları › İş №2(106)-985/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-985/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-985/2025 01.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), hakimlər Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(049)-185/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb aşağıdakıları müəyyən etdi: “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0041 ha torpaq sahəsində yerləşən 33,7 kv.m. sahəsi olan **********97-06301 reyestr nömrəli qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 avqust 2020-ci ildə vəfat etmişdir. Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verilmiş 17350 reyestr nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə ilə İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh1 etibar etmişdir. Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş 4Ə-1590 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı tərəfindən Cavabdeh2 bağışlanmışdır. Həmin müqaviləni İddiaçı əvəzinə Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verilmiş 17350 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0041 ha torpaq sahəsində yerləşən 33,7 kv.m. sahəsi olan **********97-06301 reyestr nömrəli qeyri-yaşayış binası Cavabdeh2 xüsusi mülkiyyətindədir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3844 saylı arayışdan görünür ki, İddiaçı ilə X5 arasında Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.1998-ci il tarixdə 183 saylı rəsmi nikah qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Həbibova” soyadı verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-194/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh1 arasında Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 299 sayla qeydə alınmış nikah pozulmuşdur. Qətnamədən həmçinin görünür ki, həmin iş üzrə məhkəmə iclasında cavabdeh qismində Cavabdeh1 və onun nümayəndəsi qismində aatası Cavabdeh2 iştirak etmişlər. AZ-İ seriyalı 503195 saylı “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikahın pozulması haqqında Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə, 213 saylı nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2024-cü il tarixli keçmiş arvadı Cavabdeh1 tərəfindən keçmiş qaynatası Cavabdeh2 verilmiş bağışlama müqaviləsi və Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 18 iyun 1992-ci il tarixdə evlənmiş, birgə nikahlarından 30 noyabr 1999-cu ildə X1, 05 iyul 2001-ci ildə X6 və 08 iyul 2008-ci ildə X2 dünyaya gəlmişdir. Onun işləri xarici ölkədə olduğuna görə arvadı Cavabdeh1 əmlaklarının idarə edilməsi üçün etibarnamə verərək xaricə getmişdir. 14 noyabr 2023-ci il tarixdə isə cavabdeh arvadı ilə boşanmaq üçün iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 14 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında olan nikah pozulmuşdur. Onun işlərinə başı qarışdığı üçün arvadına verdiyi etibarnaməni ləğv etdirmək yadından çıxmışdır. Cavabdeh1 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 33.7 kv.m olan 0,0041 ha torpaq sahəsi olan qeyri-yaşayış binasını 01 oktyabr 2024-cü il tarixdə öz doğma atası Cavabdeh2 Mübariz oğluna bağışlama müqaviləsinə əsasən bağışlamışdır. Cavabdeh1 doğma atası Cavabdeh2 Mübariz oğlu da onun qızından artıq iyun ayında boşandığını bildiyi halda həmin əmlakı qəbul etmiş və öz mülkiyyətinə yönəldərək həmin əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11 oktyabr 2024-cü il tarixdə çıxarış əldə etmişdir. O, bu məsələdən bir neçə gün bundan əvvəl məlumat əldə etmiş və dərhal etibarnaməni ləğv etdirmişdir. Həmin əmlak tikilərkən onun adına tikilmiş, həmin əmlakın ilkin sənədləri onun adına olmuş, sonradan ilkin sənədlər əsasında çıxarış əldə etmişdir. Yəni ki, evlənməmişdən əvvəl həmin əmlak onun adına olmuşdur. Keçmiş qaynatası Qurbana münasibətdə əsassız varlandığı üçün əldə etdiyi əmlakı geri qaytarmalı və həmin əmlakla bağlı ona verilmiş çıxarış etibarsız hesab edilməlidir. Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(049)-185/2025 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş 4Ə-1590 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” və Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli **********97-06301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, iddia tələbinin təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edərkən İddiaçı iş üzrə əsassız dəlillərini nəzərə aldığına görə qətnaməni qanuni və əsaslı hesab etmir. İddiaçı tərəfindən ona etibarnamə verilməklə, etibarnamədə göstərilmiş onun mülkləri barədə olan bütün səlahiyyətləri həyata keçirilməsini ona etibar etmişdir. Lakin etibarnamədə göstərilmiş çoxsaylı səlahiyyətlərini icra edərkən hər hansı şərtlər daxilində, yəni onu təkrar-təkrar məlumatlandırmaq qaydasında həyata keçirməsi göstərilməmişdir. Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verilmiş 17350 reyestr nömrəli etibarnamədən (etibarnamə əlavə olunur) görünür ki, həmim etibarnamə ilə İddiaçı haradan yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh1 etibar etmişdir. Qətnamədə qeyd edilir ki, əqdin Mülki Məcəlləyə və tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün tərəfin iradə ifadəsinin zəruri və yetərli olması əsas şərtdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Amma Anarla aralarında olan müqavilə tərtib olunarkən bu şərtlərin hansına əməl olunmaması Mülki Məcəllənin hər hansı maddəsiylə ilə əsaslandırılmamışdır. Qanunvericilikdə belə tələb olsaydı, Lənkəran regional “Asan Xidmət” Mərkəzində notarius ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdı təsdiqlənmiş 4Ə-1590 reyestr nömrəli” daşınmaz əmlakın bağışlanması müqaviləsi və Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ”Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 11.10. 2024-cü il tarixli **********997-06301 reyestr nömrəli çıxarış verilməsi qətnamədə qeyd edilənlərin hüquqi əsası olmadığını təsdiq edir. Məhkəmənin mövqeyi əsaslıdırsa, yəni İddiaçı məlumatlandırılmasını bağışlama müqaviləsini və çıxarışı tərtib edən Lənkəran regional “ASAN xidmət” Mərkəzində notarius ofisinin xüsusi notariusu və Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsin həmin tələblərə əməl edilməməsi məhkəmə tərəfindən araşdırılmamasının əsasları məlum deyildir. Etibarnamədə göstərilmiş çoxsaylı səlahiyyətlərin həyata keçirilməsində sərəncam verilməsi zamanı artıq mülkiyyətindən çıxmış şəxsi təkrar-təkrar şifahi məlumatlandırılması nəzərdə tutulmamışdır. Etibarnamədə İddiaçı əmlaklarına sərəncam verilməsində hər hansı şərt qeyd edilməmişdir. Qanuna əsasən etibarnamə ilə bağışlama işi boşanma işinə qanun üzrə aid olmasa da (Anara görə biri digərinə etibarnamə ilə bağışlama edərkən onlar arasında hökmən nikahları olmalıdır, nikahsız bağışlama olmaz), çaşdırmaq məqsədi ilə Anar etibarnamə ilə bağışlamanı boşanma şərtləri ilə əlaqələndirməyə çalışır. Bu isə Sevdanın, Anara xeyir olmayan həqiqəti əks etdirən məhkəmədəki ifadələrini hakim nəzərə almadan özünün əsassız fikirlərinə isdinad etdiyini göstərir. İddiaçı ilə 1998-ci ildə evlənmiş, sonra rəsmi nikahları fevral 2019-ci il tarixdə pozulmuşdur. Təkrarən rəsmi nikah bağlayana qədər, yəni iyun 2022-ci ilə kimi boşanma halının 5 il müddətində də Anar etibarnaməni ləğv etməmişdir. Cavabdeh2 Murtaza oğlunun adına əmlakın bağışlaması barədə müqavilə rəsmiləşəndən sonra X8 etibarnaməni ləğv etmiş, ünvan 1 ünvanda yerləşən 0.0041 ha torpaq sahəsi - 1590 reyestr nömrəli “daşınmaz əmlakın” bağışlaması müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsi dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli **********97-06301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. 33.7 kv.m sahəsi olan qeyri-yaşayış binasına dair Lənkəran regional ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş 4Ə-1590 reystr nömrəli” daşınmaz əmlakın bağışlama müqavisi” ləğv edilməmiş, Anarın Sevdaya verdiyi etibarnaməsinin də ləğv olunmamasından da Anar məlumatlı olmuş və həmin vaxtlarda Anar etibarnamənin ləğv edilməsi ilə bağlı notariat ofisinə müraciət etməmişdir. Etibarnamə verilərkən notarius tərəfindən ona və Anara etibarnamənin hansı məqsədlə (etibar edilənə hansı səlahiyyətlərin) verilməsi izah olunmuş və müqavilə tərtib olunarkən Etibarnamədə qeyd olunan səlahiyyətlərdən kənara çıxılmamışdır. Daşınmaz əmlakın bağışlama müqaviləsinin və çıxarışın etibarsız sayılması üçün əsas yoxdur. Mülki Məcəllədə əqdin etibarsızlığı üçün konkret əsaslar qeyd edilmişdir. Birincisi, əqdin formasına riayət olunması məsələsidir ki, hazırda bu barədə heç bir mübahisə yoxdur. İkincisi, müqavilədəki imzaların tərəflərə məxsus olmaması və ya digər hər hansı formada saxtakarlığın olması mübahisəsi də yoxdur. Yeganə mübahisəli üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-etməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər azsaylı şəxslərdir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bundan başqa, bütün notariat ofislərində hər hansı əqd bağlanan zaman notaris və ya işçilər tərəfindən bağladıqları əqdin mətni açıq şəkildə tərəflərə oxunur. Odur ki, iddiaçı tərəfindən ona etibarnamə verilən zaman etibarnamənin mətni ona da oxunmuşdur. Beləliklə də, iddiaçı qeyd edilən etibarnamə ilə ona məxsus olan istənilən əmlak üzərində Sevdanın sərəncam verə biləcəyini anlamış və bu şərtlə razılaşaraq etibarnaməni vermişdir. Bu isə o deməkdir ki, notarial qaydada bağlanmış əqdin etibarsızlığı ilə Mülki Məcəlləsinin 339.2-ci maddəsinin anlamı ilə hər hansı əlaqəsi yoxdur. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, məhkəmə iclasında Cavabdeh1 özü də qeyd etmişdir ki, boşanmadan sonra faktiki olaraq Anarla bir evdə yaşamışlar. Daha sonra Anar Sevdaya demişdir ki, evdən çıx, o da əşyalarını toplayıb çıxmışdır. Bu da o deməkdir ki, Anar onunla əlaqələrini kəsmək istəmişdir. Cavabdeh1 qısa zaman ərzində bağışlama müqaviləsi əsasında əmlakını atası Cavabdeh2 bağışlamışdır. Anar isə bunu bildikdən sonra dərhal etibarnaməni ləğv etdirmişdir. Lakin artıq Cavabdeh2 əsassız olaraq həmin əmlakı əldə edərək çıxarış aldığı üçün o, da bağışlama müqaviləsinin və həmin çıxarışın etibarsız sayılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayəti əsassızdır, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2024-cü ilin iyun ayında iddiaçı və qızı boşanmışlar. Etibarnamə 2018-ci il tarixində verilmişdir. Etibarnamə ilə boşanma münasibətlərini qarışdırmaq olmaz. Sevda Anarın həyatında başqa qadınlar olduğu üçün əlindən alıb dağıtmasınlar deyə bağışlanmaq müqaviləsi əsasında əmlakı ona bağışlamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərkibi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 141-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. MM-in 148.2-cı maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-in 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 359-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. MM-in 360-cı maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. MM-in 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-in 560-cı maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. MM-in 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə tərkibi hazırkı apellyasiya baxışı zamanı tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara yekun hüquqi qiymət verərək diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırkı mübahisələndirilən daşınmaz əmlakın bağışlanması barədə əqd həmin əmlakın mülkiyyətçisi İddiaçı iradə ifadəsi olmadan bağlanmışdır. Qanunvericiliyə əsasən mülki hüquqi əqdin hüquqi nəticə doğurması üçün tərəflərin azad və həqiqi iradə ifadəsi zəruridir. Halbuki, iş materiallarından və tərəflərin məhkəmə iclasındakı izahatlarından göründüyü kimi, İddiaçı bağışlama müqaviləsinin bağlanması barədə məlumatlı olmamış, bu əqd onun iradəsini əks etdirməmişdir. Onun xx.xx.2018-ci il tarixdə Cavabdeh1 verdiyi etibarnamə əmlakın idarə edilməsinə dair ümumi səlahiyyət vermiş, lakin bu səlahiyyət çərçivəsində sərəncamvermə hüququ yalnız nümayəndəlik əsaslarını təşkil edən şəxsin (etibarnamə verənin) iradə və həqiqi razılığı ilə həyata keçirilməli idi. Cavabdeh1 məhkəmə iclasında da etiraf etmişdir ki, İddiaçıla nikah münasibətləri pozulduqdan sonra və onun razılığı olmadan, yəni onu məlumatlandırmadan əqd bağlamışdır. Bu isə onu göstərir ki, nümayəndə etibarnamənin həqiqi məqsədindən və nümayəndəlik səlahiyyətinin sərhədlərindən kənara çıxaraq əmlakı üçüncü şəxsə – atası Cavabdeh2 bağışlamışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı həyatında başqa qadınlar olduğu üçün əlindən alıb dağıtmasınlar deyə bağışlanmaq müqaviləsi əsasında əmlakı ona bağışlamışdır. Qeyd edilməlidir ki, nümayəndə yalnız təmsil olunan şəxsin iradəsi daxilində və onun mənafeyinə uyğun fəaliyyət göstərə bilər. Əks halda, belə əqd təmsil olunan üçün hüquqi nəticə doğurmur və etibarsız hesab olunur. Tərkib diqqətə çatdırır ki, Cavabdeh2 özü də İddiaçıla Cavabdeh1 arasında nikahın pozulduğunu və əmlakın faktiki sahibi olan Anarın bu bağışlama barədə məlumatının olmadığını bildiyi halda, həmin əmlakı qəbul etmişdir. Bu cavabdehin vicdanlı əqd tərəfi olmamasına, yəni mülkiyyətin ona keçməsində qanunauyğunluğun pozulmasına dəlalət edir. “T.Qasımovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 01 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Belə olan halda, tərəflər arasında nə qarşılıqlı iradə ifadəsi, nə də hüquqi niyyətlərin vahidliyi müşahidə olunmur. Əqd birtərəfli qərarla və təmsilçinin öz iradəsinə əsasən bağlandığından, bu, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyinə tam ziddir. Hüquqi niyyətin və iradə ifadəsinin olmaması əqdin formal olaraq mövcud olsa da, mahiyyətcə etibarsız olduğunu göstərir. Nəticə etibarilə, bu işdə bağışlama əqdi tərəflərin qarşılıqlı iradəsinə deyil, birtərəfli iradəyə əsaslandığından, həmin əqdin etibarsız hesab olunması qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə tam uyğun hesab edilməlidir. Qeyd edilməlidir ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, işin bütün faktiki halları tam araşdırılmış və təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(049)-185/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar