Məhkəmə qərarları › İş №2(106)-99/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-99/2023

21.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-99/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası əsasında mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(057)-208/2022 saylı qətnaməsindən (hakim A.Səmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olmaqla cavabdehin qanunsuz zəbt etdiyi Salyan rayonu Kürsəngi kəndində yerləşən 0.534 ha torpaq sahəsinin geri alınaraq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Hacıqabul rayonunda doğulmaqla,1992-ci ildən ailə həyatı qurandan sonra Salyan rayonunun Kürsəngi kəndində yaşayır. Mülkiyyətində 0.534 ha pay torpaq sahəsi var. Həmin torpaq sahəsini Kürsəngi kəndində yaşayan başqa şəxsdən, yəni qaynından nağd pulla almış və 04 avqust 2021-ci ildə həmin torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirərək rəsmi çıxarış almışdır. Torpaq sahəsini aldığı vaxtdan istifadə edə bilmir. Belə ki, qonşu torpaq sahəsindən istifadə edən Cavabdeh qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsindən istifadə etməsinə maneçilik törədir. Dəfələrlə ona xəbərdarlıq etmiş, lakin cavabdeh yenə də onun qanuni tələbinə məhəl qoymur və torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Cavabdehin qanunsuz əməlinin qarşısının alınmasından ötəri şifahi olaraq Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə və kənd bələdiyyəsinə məlumat verməklə, köməklik göstərmələrini xahiş etsə də, cavabdeh onların tələblərinə də məhəl qoymayaraq, ona məxsus torpaq sahəsindən çıxmaqdan boyun qaçırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh faktiki olaraq özü torpaq sahəsindən istifadə etdiyi halda, qəsdən qohumu Reyhan Şıxəliyevanı qabağa verərək torpağın onun tərəfindən istifadə edildiyini bəhanə gətirərək torpaqdan çıxmaq istəmir. Ona məxsus torpaq sahəsini cavabdeh özü tutmuş və istifadə edir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etmyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, heç bir torpaq sahəsini zəbt etməmiş, iddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsini onun bacısı Reyhan Şıxəliyeva istifadə edir. Həmin torpaq sahəsi ölçmə işləri aparılarkən onların torpaq sahəsinə düşmüşdür. Əslində həmin torpaq sahəsi Nazim Kərimov adlı şəxsindir, Nazim də həmin torpağı istifadə etmir. Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(057)-208/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı mülkiyyətində olmaqla Salyan rayonu, Kürsəngi kəndində yerləşən 0.534 ha torpaq sahəsinin 0.43 ha hissəsinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0.534 ha torpaq sahəsinin 0.43 ha hissəsini qanunsuz istifadə edir. Cavabdeh iddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsini özü deyil, bacısı R.Şıxəliyevanın istifadə etməsini bildirsə belə, iddiaçı cavabdehin dedikləri ilə razılaşmamış, torpağın onun tərəfindən istifadə edildiyini israrla bildirmişdir. Cavabdeh iddiaçının torpağından istifadə etməyəcəyi təqdirdə məhkəmə qətnaməsinin icra olunması mərhələsində iddiaçının torpağı yerdə naturada iddiaçıya göstərilərək hər hansı müdaxilədən azad edərək iddiaçıya təhvil veriləcəkdir. Cavabdehin həmin torpağı zəbt etmədiyi təqdirdə, onun narahatçılığına heç bir əsas olmayacaqdır. Məhkəmə cavabdehin dedikləri ilə razılaşmır və belə qənaətə gəlir ki, cavabdeh özü iddiaçıya öz torpağından istifadə etməyə imkan vermir. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur və həmin hüquq müdafiə olunmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)-208/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsində olduqca çoxlu sayda maddi və prosessual pozuntular mövcuddur. İddianın əsassızlığını aşadıkı əsaslarla sübut edir. Məhkəmənin gəldiyi qənaətlə heç halda razı deyil. İddianı qəbul etmir, işin halları təmamilə iddiaçının yazdığının qətnaməyə köçürülməsidir. İddianın təmin edilməsi üçün heç bir əsas yoxdur və iddia müddəti keçdiyi halda, iddia tələbi irəli sürülmüşdür. Məhkəmə İddiaçı mülkiyyətində olan Salyan rayonu, Kürsəngi kəndində yerləşən 0.534 ha torpaq sahəsinin olduğunu müəyyən etdiyi halda, cavabdeh X1 və ya X5, Kərimov Nazim adlı şəxslərin mülkiyyətinə qətnamə əsasında müdaxilə olacaqdır. Cavabdeh olmadığı halda barəsində qətnamə çıxarılmışdır və halbuki əsl cavabdeh işə cəlb edilməli idi. Məhkəmə ekspertiza fəaliyyəti haqqında qanuna əsasən ekspertizanın aparılması ekspertə həvalə olunduğu istinad olunan mütəxəssis rəyi və torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən sxemi tərtib edən mütəxəssislə tədqiqat obyektində birlikdə iştirak etməlidir. Məhkəmə yalnız mütəxəssis rəyinə istinad etmişdir ki, bu da qətnamə üçün əsas hesab edilə bilməz və sübut hesab edilmir və ekspertiza keçirilməlidir. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə, məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə işin hallarından göründüyü kimi əsl olmayan cavbdehi əvəz etməli olduğu halda, bunu etməmişdir və bu prosessual hüquq norma pozuntusudur. Həmçinin mütəxəssis rəyini əsas götürmüşdür ki, bu da həm maddi, həmdə prosessul hüquq norma pozuntusudur. İddiaçı torpaq sahəsinin onun tərəfindən zəbt edilməsinə dair sübut təqdim etməmişdir. Mütəxəssis rəyinin heş bir hüquqi qüvvəsi yoxdur. İş üzrə müəyyən edilməmişdir ki, iddiaçının torpaq sahəsini zəbt etmişdir və bu sadəcə hakimin mülahizəsinə uyğun əsaslandırlmışdır. Əsl cavbdeh müəyyən edilməyib, digər şəxslər X5, Kərimov Nazim adlı şəxslərin iddia tələbi ilə əlaqəli olduğu halda, hansı əsaslarla işə cəlb edilmədiyi müəyyən edilməmişdir. İş üzrə qeyd olunan digər şəxslər X5, Kərimov Nazim adlı şəxslərin iddia tələbi ilə birbaşa əlaqəsi olduğu və mütəxəssis rəyində X2 adı göstərilsədə, məhkəmə bu hissədə heç bir araşdırma aparmamış və iş üçün əhəmiyyətli hal müəyyən edilməmişdir. Əsl cavabdeh olmadığı halda, qətnamədə həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Halbuki iş üzrə başqa cavabdeh var, işin ona aidiyyəti yoxdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 07 saylı qərarı ilə atası X4 və ailə üzvlərinə (cəmi 4 nəfər) Salyan rayonu Kürsəngi kəndinin ərazisindən 0.97 ha (JN-136 Kod80900017 Dövlət Aktı) torpaq sahəsi, bundan başqa özü və ailə üzvlərinə (cəmi 6 nəfər) həmin ərazidən 1.47 ha (JN-137 Kod ******* Dövlət Aktı) pay torpaq sahələri verilmişdir. İddiaçının boşaldılmasını tələb etdliyi həmin ərazidə yerləşən 0.534 ha torpaq sahəsi islahat zamanı onlara ümumilikdə verilən 2.47 ha torpaq sahəsinin hüdudlarından kənarda olan torpaqdır. X15 rayonundan məcburi köçkün düşdüyü vaxtdan gətirib həmin torpaqda yerləşdirmişdir və həmin vaxtdan bacısı orada ev tikərək yaşayır, torpağı əkir. Bacısının həmin torpağa hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddianın əsl olmayan cavabdehə qarşı qaldırılmasından ibarət apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki torpaqlarını zəbt edərək istifadə edən şəxs həqiqətdə cavabdeh kimi cəlb etdikləri Cavabdehdur. Ümumiyyətlə mütəxəsis tərəfindən mübahtsəli torpaq sahəsinin sərhədləri müəyyən edilərkən iddiaçının mülkiyyətində olan 0.534 ha torpaq sahəsinin tam zəbt olunduğu müəyyən edilmişdir. Belə ki, həmin torpağın 0.10 ha hissəsində Şirinağanın bacısı Reyhan Şıxəliyeva ev tikmişdir, qalan 0.43 ha hissəsini isə Şirinağa istifadə edir. Sadəcə Reyhanın tikdiyi evin sökülməməsi üçün onun zəbt etdiyi 0.10 ha torpaqdan çıxarılmasını istəməmişdir. Torpaqlar paylanan zaman özü islahat komissiyasının üzvü olmuşdur və təmsil etdiyi şəxsin mülkiyyətində olan 0.534 ha torpaq sahəsi ilə islahat zamanı cavabdeh və ailə üzvlərinə JN-136 və JN-137 saylı Dövlət Aktları ilə verilmiş torpaq sahələri arasında bir kilometrdən artıq bir məsafə vardır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilərək ləğv olunması xahiş olunduğundan, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri cavabdehə münasibətdə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 avqust 2021-ci ildə verilmiş **********98 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində Salyan rayonu, Kürsəngi kəndində 0.534 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 04 may 2022-ci il tarixli mütəxəsis rəyinə əsasən Salyan rayon Kürsəngi kənd sakini İddiaçı JN-143 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında alınmış, reyestr nömrəsi **********98 olan çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 0.43 ha hissəsi X6 tərəfindən istifadə edilir. Mütəxəsis rəyinə aşağıdakı məzmunda qeyd əlavə edilmişdir: - İddiaçının iddiasına əsasən faktiki torpaq sahəsindən Cavabdeh istifadə edir. Lakin ərazidə ölçü işləri aparılan zaman Cavabdeh bacısı X6 illərdir torpaq sahəsini əkdiyini və faktiki olaraq istifadə etdiyini bildirdi. Cavabdeh isə torpaq sahəsindən özü deyil, bacısı X3 istifadə etdiyini bildirdi. Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli 10/3430 saylı rəyinə əsasən Salyan rayon Kürsənxgi kənd sakini İddiaçı reyestr nömrəsi **********98 olan çıxarışla mülkiyyətində olan 0.534 ha torpaq sahəsinin döngə nöqtələri, torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən müəyyənləşdirilmiş və mütəxəsis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Reyestr nömrəsi **********98 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0.43 hektarı X6 tərəfindən əkin məqsədi üçün istifadə edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsindən onun deyil, bacısı Reyhan Şıxəliyeva tərəfindən istiıfadə olunduğunu, onun iddiaya cavab verməli şəxs olmadığını, birinci instansiya məhkəməsi tərəfindən isə əsil olmayan tərəfin əsil tərəflə əvəz olunmadığını bildirir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, əvvəla apellyasiya şikayətində istinad olunan həmin halı cavabdeh birinci instansiya məhkəməsində də bildirnmiş, lakin iddiaçı əsil olmayan cavabdehin əsil cavabdehlə əvəz olunmasına lüzum görməmiş və mülkiyyətində olan torpaq sahəsinin məhz Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edildiyini bildirərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Bundan da başqa, əgər mübahisəli torpaq sahəsi həqiqətən Cavabdeh tərəfindən istifadə edilmirsə, narahatçılığı nədədir və qətnaməni apellyasiya qaydasında mübahisələndirməsinin onun üçün əhəmiyyəti nədir? Bundan başqa mübahisəli 0.534 ha torpaq sahəsinin, islahat zamanı JN-136 və JN- 137 saylı Dövlət Aktları ilə cavabdehin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.97 ha və 1.47 ha torpaq sahələrinə heç bir aidiyyətinin olmadığı işin mübahisəsiz halıdır. Tələb üzrə iddia müddətinin ötürülməsinə gəlincə isə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(057)-208/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X7, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar