Məhkəmə qərarları › İş №2(106)-991/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-991/2024

06.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-991/2024 06.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, katib X9, İddiaçı iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2019-cu il tarixdə, ********** reyestr nömrə ilə qeydə alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailəsi ilə birlikdə ona (iddiaçıya) məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmaqla, mənzilin onlara məxsus əşyalardan boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: mənzil dövlət tərəfindən ona 1994-cü ildə verilmişdir. Mənzilə dair xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına çıxarış verilmişdir. O (iddiaçı) mütəmadi olaraq Bakı şəhərində yaşadığı üçün hazırda ona məxsus mənzildə oğlunun (iddiaçının) keçmiş həyat yoldaşı Cavabdeh iki uşağı ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə o (iddiaçı) hər il olduğu kimi bayram və tətil günlərində özünə məxsus evə gəlmişdir. Keçmiş gəlini, yəni cavabdeh heç bir səbəb olmadan onu evinə buraxmaq istəməmişdir. Buna etiraz etdikdə, cavabdeh 102 xidmətinə zəng vuraraq ondan şikayət etmişdir. Polis əməkdaşları gəlmiş və onların izahatlarını dinlədikdən və mənzilin hüquqmüəyyənedici sənədlərini gördükdən sonra şikayəti əsassız hesab etmişlər. Lakin cavabdeh və övladları onun barəsində nalayiq ifadələr işlətdiyindən orada qalmağa utanmış və Bakı şəhərinə qayıtmışdır. Bundan sonra mübahisəni məhkəmə qaydasında həll etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul eməyərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh iddiaçının oğlu X7 ilə rəsmi nikahda olmuş, sonradan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. Hazırda cavabdeh öz övladları ilə birlikdə mübahisəli mənzildən istifadə edir. Cavabdehin və onun yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildən istifadə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdeh və onun yetkinlik yaşına çatmamış uşaqları hazırda həmin mənzildə qeydiyyatdadırlar. Cavabdehin pasport qeydiyyatı ünvan 3 ünvanına olsa da daşınmaz əmlak sonradan dövlət reyestrində qeydiyyata alındıqdan sonra ünvan 2 kimi qeyd olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ailə üzvləri (yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X8) ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılmaları və həmin mənzildən onlara məxsus əşyaların boşaldılması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumünun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh şikayətində göstərmişdir ki, o, iddiaçının gəlini olmuşdur, iddiaçının iki nəvəsinin anasıdır. İddiaçının oğlu Anar Abdullayevin adına rəsmiləşdirilmiş, lakin birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 otaqlı mənzildə iddiaçının oğlu Anar Abdullayev yeni qurduğu ailəsi ilə birlikdə yaşayır. Onun həmin mənzil üzərində ½ payı məhkəmə qətnaməsi ilə müəyyən olunsa da, onun həmin mənzildə yaşaması faktiki olaraq mümkün deyil. O, Cəlilabad şəhəri, 20 Yanvar küçəsi ev 08 (yeni qaydalarla: ünvan 4 ünvanında pasport qeydiyyatındadır. O, 2005-ci ildən ünvan 2 ünvanına gəlin köçmüş və orada yaşamışdır. Onun həmin ünvana istifadə hüququ yaranmışdır. Belə ki, iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2014-cü il tarixində yaşayış evi həmin vaxt iddiaçının qanuni əri olmuş X2 mülkiyyətinə keçmişdir. xx.xx.2019-cu il tarixində X7 həmin mənzili iddiaçının adına rəsmiləşdirsə də mənzildə cavabdehin istifadə hüququ qalmışdır. Birgə nikah dövründə əldə olunmuş 1 otaqlı mənzil üzərində özünün ½ payı müəyyən olunsa da onun həmin mənzilə köçməsi və uşaqları ilə birlikdə yaşaması imkan xaricindədir İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, 2005-ci ildə Cəliabadda gəlin əvvəlki evə qeydiyyata alınıb və özü könüllü qeydiyyatdan çıxıb. Evin ünvanı 20 Yanvar küçəsi ev 120, mənzil 1-dir, əvvəlki ünvan ləğv olunub. Cavabdeh köhnə ünvan üzrə evə qeydiyyata düşüb. Gəlin onun evinə 2011-ci ildə yox, 2005-ci ildə qeydiyyata düşüb. Hazırda cavabdeh onu öz evinə buraxmır. Cavabdehin məqsədi burdakı evdə yaşamaqla yanaşı Xırdalandakı evin satılıb bölünməsidir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəni və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının oğlu Abdullayev Anar ilə cavabdeh əvvəllər nikahda olmuş, onların arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 22 saylı nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 anası Cavabdeh yanında qalmalarının müəyyən edlimişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)- 2606/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh X5 qarşı ümumi birgə əmlakdan payın müəyyən olunması tələbinə dair iddiası təmin edilərək, "xxxx" MMC tərəfindən işnşa edilmiş Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən 4 saylı yaşayış binasının 17 saylı mənzilinin 1/2 hissəsinə X2, 1/2 hissəsinə isə Cavabdeh payları müəyyən edilmişdir. İşin hallarından o da müəyyən edilir ki, (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür) ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, sonra Cəlilabad rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-204 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Həmin mənzil (yeni ünvan: ünvan 2) üzərində X2 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra, Cəlilabad rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-668 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir. Həmin mənzil üzərində İddiaçı Bəhlul oğlunun mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və sonuncunun mülkiyyətindədir. Hazırda iddiaçı mülkiyyətçi olaraq, öz mülkiyyətində olan mənzildən cavabdehin və onun əşyalarının çıxarılmasını tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil onun xüsusi mülkiyyətindədir, cavabdehin orada istifadə hüququ yoxdur, orada cavabdeh müvəqqəti yaşamışdır, hazırda cavabdeh onu öz mənzilinə buraxmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Cavabdehin mənzilə hüquqlarının olmadığı halda iddiaçının tələbi təmin edilməlidir. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçının onu ailə üzvü kimi qəbul etdiyini, orada ailə üzvü kimi yaşadığını, buna mülkiyyətçinin razılığının olduğunu, istifadə hüququnun olduğunu bildirmişdir. İşin hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus yaşayış evinə 2005-ci ildə gəlin köçmüşdür. Kollegiya qeyd edir ki, həmin vaxt cavabdehin yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Belə ki, cavabdeh həmin vaxt mülkiyyətçinin ailə üzvü olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228-ci maddəsinin dizpozitiv şərtlərinə görə mülkiyyətçinin ailə üzvləri və digər şəxslər istifadə hüququnun yaranması üçün- mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi şərtlər ödənilməlidir. Lakin cavabdeh 2005-ci ildə mənzilə gəlin köçərkən bu şərtlərin ödənilməsi müəyyən edilmir. Cavabdeh mənzilə istifadə hüququnun yarandığını onunla əsaslandıra bilər ki, sözügedən yaşayış sahəsi 2014-cü ildə onun əri Anarın mülkiyyətində olmuşdur. Yeni yaranan münasibətlərə görə onun mənzilə hüquqları olmuşdur. İşin hallarından görünür ki Cəlilabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasındakı nikah pozulmuş, onların ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh həmin mülkiyyətçinin keçmiş ailə üzvüdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən keçmiş ailə üzvü kimi onun həmin yaşayış sahəsindən istifadə hüququna da xitam verilmişdir. Cavabdeh tərəf etirazında onun sözügedən yaşayış evində pasport qeydiyyatında olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, mənzild pasport qeydiyyatında olmaq icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Mənzildə qeydiyyatda olmaq, həmin mənzildə istifadə hüququnun olmasını ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bundan əlavə, işin hallarından o da müəyyən edilir ki, cavabdehin keçmiş əri ilə birgə mülkiyyətdə olan yaşayış evi vardır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən işnşa edilmiş Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən 4 saylı yaşayış binasının 17 saylı mənzilinin 1/2 hissəsinə X2, 1/2 hissəsinə isə Cavabdeh payları müəyyən edilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçıya məxsus yaşayış evində cavabdehin istifadə hüququ yoxdur. Ona görə iddiaçı cavabdehi öz mülkiyyətində olan yaşayış evindən çıxarmaqda haqlıdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(073)-1031/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar