Məhkəmə qərarları › İş №2(106)-994/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-994/2023

16.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-994/2023 16.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh oğunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli 2(057)-82/2023 saylı qətnaməsindən (hakim A.Səmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olmaqla Salyan rayonu, Yenikənd kəndində yerləşən 0.3080 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsinin onların qanunsuz sahibliyindən geri alınaraq sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X3 cavabdehlər sıracından çıxarılmasına dair ərizə verərək yuxarıda qeyd olunan tələbini yalnız Cavabdeh qarşı irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində Salyan rayonu Yenikənd kəndi ərazisində 0.3080 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsinin xüsusi mülkiyyətində olması ******* saylı reyestr çıxarışı ilə təsdiq edilir. Lakin hal-hazırda həmin torpaq sahəsinin 0.07 ha hissəsindən Cavabdeh istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli 2(057)-82/2023 saylı qətnaməsi ilə iddia qismən olunaraq, İddiaçı mülkiyyətində olan Salyan rayonu, Yenikənd kəndində yerləşən 0.3080 ha torpaq sahəsinin 0.07 ha hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq mülkiyyətçiyə qaytarılması, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manatın və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 620 manatın Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1975-ciildə Salyan rayonunda doğulmaqla hazırda rayonun Şəkərli kəndində yaşayır. Təxminən 2007-ci ildə təsərrüfatını inkişaf etdirmək məqsədilə həmkəndlisi X1 0.30 ha torpaq sahəsi almışdır. Lakin həmin torpaq sahəsini DƏDRX-də qeydiyyatdan keçirib rəsmi çıxarış almamışdır. Həmin torpaq sahəsini İxtiyardan alan zaman İxtiyar onunla birlikdə Yenikənd kəndi ərazisində yerləşən pay torpaq sahəsinə gedərək satdığı torpaq sahəsinin ərazisini göstərmiş və həmin vaxtdan da torpaq sahəsini özünki bilib orada əkin işləri aparmışdır. Lakin digər həmkəndlisi Əliyev X4 Rayon Məhkəməsində iddia qaldıraraq bildirmişdir ki, guya ona məxsus 0.07 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Məhkəmə baxışı zamanı bildirmişdir ki, həmin torpaq sahəsi daxil olmaqla 0.30 ha torpaq sahəsini həmkəndlisi Mənəfov İxtiyardan satın almışdır və istifadə edir. Dedikləri məhkəmədə yoxlanılmamış və tələbləri araşdırılmadan, tərəfindən 0.07 ha İddiaçı məxsus torpaq sahəsini zəbt edilməsi qənaətinə gəlinərək ədalətsiz və əsassız qətnamə çıxarılmışdır. Qətnamədə 0.07 ha torpaq sahəsinin alınaraq iddiaçıya qaytarılması qət edilməklə, ondan ekspertiza üçün 620 manat rüsumun və iddiaçının ödədiyi 100 manat dövlət rüsumunun tutulması da qət edilmişdir. Birinci instansiya məhkəməsində Mənəfov İxtiyardan 2007-ci ildə həmin torpaq sahəsini almasına dair faktların araşdırılması və iş üzrə İxtiyarın şahid qismində dindirilməsini tələb etsə də, dediklərinə məhəl qoyulmamış və iş üzrə zəruri əhəmiyyət kəsb edən şahidin dindirilməsinə əhəmiyyət verilməmişdir. İstifadə etdiyi torpaq sahəsinin əsil mülkiyyətçisi X2 məhkəmə iclasına dəvət olunmamış və torpaq sahəsi ölçülən zaman onun iştirakı təmin olunmamışdır. Məhkəmənin qətnaməsini ədalətsiz hesab edir və xahiş edir ki, iş üzrə yenidən eksperiza keçirilərək mütəxəssis rəyi alınsın. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı X8 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilərək ləğv olunması xahiş olunduğundan, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 4 may 2010-cu ildə verilmiş ********** qeydiyyat, **********63 reyestr nömrəli çıxarışdan görünür ki, Salyan rayonu, Yenikənd kəndində yerləşən 0.3080 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli 10/6724 saylı ekspert rəyinə əsasən Salyan rayonu, Yenikənd kəndindəki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.30 ha pay torpaq sahəsinin 0.07 hektarı Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli ərazinin yerquruluşu planından görünür ki, Cavabdeh Torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən pay torpaq sahəsi 0.30 ha təşkil etdiyi halda, faktiki istifadə etdiyi pay torpaq sahəsinin ölçüsü 0.38 hektardır. Cavabdehin faktiki olaraq artıq istifadə etdiyi 0.08 ha torpaq sahəsinin 0.07 ha hissəsi iddiaçının mülkiyyətində olan torpaqdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin pay torpaq sahəsinin ölçüsü 0.30 ha olduğu halda, faktiki olaraq 0.38 ha torpaq sahəsindən istifadə etdiyi və artıq istifadə etdiyi 0.08 ha torpaq sahəsinin 0.07 ha hissəsinin iddiaçının mülkiyyətində olan torpaq olduğu müəyyən edilmişdir. İddiaçı yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbini irəli sürməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin digər dəlili isə məhkəmə xərclərinin cavabdehə aid edilməsindən olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, aparılmış məhkəmə tədqiqatının nəticəsi olaraq iddia sübuta yetdiyindən, iddiaçının faktiki çəkmiş olduğu məhkəmə xərclərini cavabdehə aid etməklə birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Abdulla oğlunun apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli 2(057)-82/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Müşfiq Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar