Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-995/2023 01.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunmasına dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(057)-79/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Salyan Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(057)-79/2023 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) İddiaçı Salyan rayonu Çuxanlı kəndində yerləşən ona məxsus cavabdehlər X7 və Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,40 ha torpaq sahəsinin sonuncuların qanunsuz sahibliyindən geri alınaraq sahibliyinə qaytarılması barədə iddia tələbinin əsassız olduğundan rədd edilməsi, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun İddiaçı alınaraq X6 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməsi qət edilmişdir. İddiaçı Salyan Rayon Məhkəməsinin 06 mart 2023-ci il tarixli 2(057)-79/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunmasına dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, yuxarıda Salyan rayonu Çuxanlı kəndində yaşayır. Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə Salyan rayonu Çuxanlı kəndində ona və ailə üzlərinə məxsus 2,36 ha pay torpaq sahəsi verilmişdir. Həmin vaxtdan da torpaq sahəsini o əkib becərir. 4-5 ay bundan əvvəl həmin torpağa çıxarış almaq istəmiş, bu barədə aidiyyəti quruma müraciət etmişdir. Kənd bələdiyyəsinin və kənd ərazi nümayəndələrinin iştirakı ilə Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları yeri ölçərək sahənin kontorlarını çıxarmışlar. Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları torpağı ölçdükdən sonra torpaq sahəsi əskik çıxmışdır. Əməkdaşlar ona torpağın zəbt olunmuş hissələrinin cavabdehlərin torpaq sahələrinə düşdüyünü bildirmişdirlər. O, cavabdehlərə bunu desə də, heç bir nəticəsi olmamışdır. Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşı torpağın 0,40 ha hissəsinin qonşu sahənin sahibləri X7 və Cavabdeh2 tərəfindən zəbt olunduğunu bildirmişdirlər. Dəfələrlə onlara şifahi xəbədarlıq etməsinə baxmayaraq, cavabdehlər torpaq sahəsindən çıxmamışdır. İddiaçı heç bir yerdə işləmədiyini, torpaq sahəsini əkib becərib dolandığını, ona görə də məcbur olub məhkəmədə iddia qaldırdığını vurğulamış, Salyan rayonu Çuxanlı kəndində yerləşən ona məxsus cavabdehlər X7 və Cavabdeh2 tərəfindən 0.40 ha zəbt olunmuş torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, belə ki, cavabdehlər torpağını zəbt etmələrinə baxmayaraq, iddiası təmin edilməmişdir. Cavabdehlər özləri məhkəmədə etiraf etdilər ki, onun torpağına girmişlər. Torpaq sahəsi torpaq şöbəsinin əməkdaşları tərəfindən ölçülmüş və əskik çıxmışdır. Lakin məhkəmə düzgün qətnamə çıxarmamış və iddianı təmin etməmişdir. X7 və Cavabdeh2 məhkəmə iclasında torpağı zəbt etdiklərini özləri etiraf etmiş, məhkəmə tərəfindən keçirilmiş ekspertizada torpağın onlar tərəfindən zəbt edilmədiyi göstərilmişdir. Hazırda onun torpağı 0.10 ha yaxın əskikdir. Qonşu torpaq sahələrin sahibləri də X7 və Cavabdeh2dur. Buna görə də, müəyyən edilmiş hallar iş üçün əhəmiyyətli olan halların sübut edilməməsinə dəlalət edir. Həmçinin cavabdehlər tərəfindən verilən ifadə ilə çıxarılmış qətnamə işin hallarına uyğun deyildir. İddiaçı 11 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, Aqrar İslahat Komissiyası rəy versə də, torpaq sahəsi hələ də əskikdir. Ekspert torpaq sahəsini düzgün ölçməmişdir. Həmçinin o, keçirilmiş ekspertizanın nəticəsi ilə razı olmadığını, lakin yenidən ekspertiza keçiriləcəyi təqdirdə ekspertiza xərcini ödəmək qabiliyyətində olmadığını, bununla yanaşı o, torpaq sahəsini özü mütəxəssis dəvət etdirərək yenidən ölçdürəcəyini bildirmişdir. İddiaçı 01 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, 27 iyul 2023-cü il tarixdə ona mübahisəli torpaq sahəsindən deyil, özünün torpaq sahəsinə bitişik digər tərəfdən əskik hesab etdiyi həcmdə ona torpaq sahəsi verilmişdir. İndi isə cavabdehlərdən əslində avtomobil və su yolunun verilməsini tələb etdiyini bildirmişdir. Cavabdeh2 məhkəmədə izahatında bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir, mütəxəssislər torpaq sahəsini ölçdükdən sonra qeyd ediblər ki, onun torpaq sahəsinin 0,10 ha hissəsi iddiaçının istifadəsindədir. Cavabdeh2 01 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının əskik torpaq sahəsi elə mübahisə olunan torpaq sahəsinin yanından verilmiş, onun mülkiyyətində olan torpaq sahəsi isə iddiaçının su və maşın yoluna mane olmur. Cavabdeh X7 11 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Mübahisəli torpaq sahəsi onun deyil, atasınındır. Qəhrəmanın qonşuluğunda olan torpaq sahəsini atası icarəyə götürərək istifadə etmiş, təsərrüfatla məşğul olmuşdur. Məhkəmə kollegiyası iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Salyan Rayon Məhkəməsinin 06 mart 2023-c il tarixli 2(057)-79/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İş materiallarında olan JN-490 KOD 80912018 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, İddiaçı, X8, X3, X9 və X2 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı əsasında Salyan rayonu Çuxanlı kəndində yerləşən 2,36 ha torpaq sahəsi vardır. İş materiallarında olan Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 nikahlarını 05 noyabr 1985-ci il tarixdə Salyan rayonu Çuxanlı kənd Sovetliyində 54 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahlarından 12 may 1991-ci il təvəllüdlü X11 doğulmuşdur. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X11 nikahlarını 26 sentyabr 2014-cü il tarixdə Salyan rayonu Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 27 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. İş materiallarında olan ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu Çuxanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,9207 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş materiallarında olan torpaq sahəsi planı və ölçüsündən görünür ki, Salyan rayonu, Çuxanlı kəndində Cavabdeh2 məxsus sənəd üzrə 2,9207 ha olmaqla faktiki 2,6002 ha torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı 1-ci konturda sənəd üzrə 2.05 ha torpaq sahəsi olmalı olduğu halda faktiki istifadəsində 2.15 ha torpaq sahəsi, 2-ci konturda sənəd üzrə 0.31 ha torpaq sahəsi olmalı olduğu halda faktiki istifadəsində 0.41 ha torpaq sahəsi mövcuddur. İddiaçının faktiki istifadəsindən əlavə iddia etdiyi torpaq sahələri digər mülkiyyətçilərə aid torpaq sahəsidir. İddiaçı mülkiyyətində olan olan 2.36 ha torpaq sahəsi digər kənar şəxslər tərəfindən istifadə olunmur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/5947 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən İddiaçı 1-ci konturda sənəd üzrə 2.05 ha torpaq sahəsi olmalı olduğu halda faktiki istifadəsində 2.15 ha torpaq sahəsi, 2-ci konturda sənəd üzrə 0.31 ha torpaq sahəsi olmalı olduğu halda faktiki istifadəsində 0.41 ha torpaq sahəsi mövcuddur. İddiaçının faktiki istifadəsindən əlavə iddia etdiyi torpaq sahələri digər mülkiyyətçilərə aid torpaq sahəsidir. İddiaçı mülkiyyətində olan 2.36 ha torpaq sahəsi digər kənar şəxslər tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Habelə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Buna görə də, məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilir və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair” 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Salyan Rayon Məhkəməsinin 06 mart 2023-ci il tarixli 2(057)-79/2023 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Belə ki, iddiaçı öz apellyasiya şikayətində hazırda onun torpağının 0.10 ha yaxın əskik olmasını qeyd etmiş, lakin işdə olan mütəxəssis rəyində (səh. 39) əslində iddiaçı tərəfindən mülkiyyətində olan torpaqdan daha artıq həcmdə torpaq sahəsinin faktiki istifadə edildiyi aşkar olur. Eyni zamanda, həm mütəxəssis, həm də ekspert rəyindən iddiaçının mülkiyyətində 2.36 ha torpaq sahəsindən cavabdehlər tərəfindən istifadə edilmədiyi müəyyən olunur. Bununla yanaşı, iddiaçı 01 avqust 2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, 27 iyul 2023-cü il tarixdə ona özünün torpaq sahəsinə bitişik digər tərəfdən əskik hesab etdiyi həcmdə torpaq sahəsi verilmişdir. Lakin hazırda onun tələbi cavabdehlərdən əslində avtomobil və su yolunun verilməsidir. Göründüyü kimi, artıq iddiaçının hazırkı icraat çərçivəsində mübahisə predmeti olan hüquqi marağı təmin edilmiş, onun hazırkı marağı isə baxılan iddia tələbinə aid olmayan yeni haldır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(057)-79/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-995/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-995/2023
01.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver