Məhkəmə qərarları › İş №2(106)-997/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-997/2023

07.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-997/2023 07.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(056)-1127/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia təmin olunaraq, İddiaçı övladı – xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 ilə birlikdə Sabirabad şəhəri, M.Xəlilov küçəsi 15 saylı fərdi yaşayış evinə köçürülmələri və onun həmin yaşayış sahəsindən istifadə etmək hüququnun tanınması qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsinin surəti 23 sentyabr 2022-ci il tarixli göndəriş məktubu ilə tərəflərə göndərilmişdir. İş materiallarının 55-ci vərəqində olan zərfdən görünür ki, qətnamənin surəti Cavabdeh çatdırılmamış və məhkəməyə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixində cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsini almadığını bildirmiş və həmin qətnamənin surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. İş materiallarının 61-ci vərəqində olan məhkəmə qəbzindən görünür ki, qətnamənin surəti xx.xx.2022-ci il tarixində Cavabdeh təqdim edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixində Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini rabitə orqanına təqdim etmiş, apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Sabirabad Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(056)-1127/2022 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)- 1127/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətini rəsmi qaydada xx.xx.2023-cü il tarixdə, yəni qətnaməni aldıqdan 1 ay 4 gün sonra rabitə orqanına təqdim etmişdir. Həmçinin, cavabdeh qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürsə də, bu müddətin bərpası barədə vəsatəti şikayətə əlavə etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizədə Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin buraxılmasının səbəbinin üzrlü hesab edilərək buraxılmış müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, o, Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsini 29 dekabr 2022-ci il tarixdə qəbzə imza etməklə əldə etmişdir. Lakin daha sonra o, dənizdə işlədiyi üçün və iş günlərinə düşdüyü üçün qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Sabirabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(056)-1127/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Nurəddin Bağırov) Cavabdeh tərəfindən Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması səbəbləri üzrsüz hesab edilmiş və həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(056)-1127/2022 saylı qərardadından narazı qalan cavabdeh şikayət vermiş, şikayətində Sabirabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(056)-1127/2022 saylı qərardadının ləğv edilərək, Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edərək, buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, 13 aprel 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində ona məlumat verilməmişdir. Qəbul edilmiş qərardadın surəti də ona təqdim edilməmişdir. Cavabdeh yalnız şifahi şəkildə öyrənməklə ərizəsinin təmin edilməməsindən məlumatlı olmuşdur. O, Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)- 1127/2022 saylı qətnaməsini 29 dekabr 2022-ci il tarixdə qəbzə imza etməklə əldə etmişdir. Lakin daha sonra o, dənizdə işlədiyi üçün və iş günlərinə düşdüyü üçün qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi bu halları araşdırmadan ədalətsiz qərardad qəbul etmişdir. Sabirabad Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(056)-1127/2022 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(056)-1127/2022 saylı qərardadından iş üzrə Cavabdeh verdiyi şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1127/2022 saylı, 13 aprel 2023-cü il və 03 may 2023-cü il tarixli qərardadları ləğv edilməli, Cavabdeh apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətini qətnamənin surəti ona təqdim edildikdən 1 ay 4 gün sonra rabitə orqanına təqdim etmiş, apellyasiya şikayətini vaxtında verə bilməməsinin səbəbini dənizdə işləməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsi 13 aprel 2023-cü il tarixli qərardadında cavabdehin əmək fəaliyyəti ilə bağlı dənizdə olmasına dair hər hansı sübut təqdim etmədiyini bildirmişdir. İş materiallarında olan elektron qaydada sorğulanmış məlumatdan isə görünür ki, cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində “neft və qazçıxarma operatoru, elektrik montyoru” vəzifəsində işləyir. Bununla isə cavabdehin həqiqətən də dənizdə işləməsi və neft və qaz çıxarılması ilə məşğul olması müəyyən edilir. Məhkəmə kollegiyası isə bu halın cavabdeh tərəfindən Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsi üçün əsas olduğunu bildirir və onu da qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət cəmi 4 gün ötürüldüyündən, həmin 4 günlük müddətin üzrlü hesab edilməməsi cavabdehin məhkəməyə müraciət etmək hüququnun pozulmasına gətirib çıxaracaqdır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsini təmin etməməklə, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, şikayət təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1127/2022 saylı, 13 aprel 2023-cü il və 03 may 2023-cü il tarixli qərardadları ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar