Məhkəmə qərarları › İş №2(107)-1/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1/2025

06.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1/2025 06.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, Cavabdeh - Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi) qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2019cu il tаrixli, 2(051)-1382/2019 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qanunsuz və əsassız olduğuna görə Cavabdeh2 verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi və Mingəçevir şəhəri M.Fərruxov küçəsi ev 20-də yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsində zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 16 avqust 2019-cu il tаrixli, 2(051)-1382/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlmişdir ki, hаzırkı mülki işin iddiaçı Cavabdeh6 Şəki İnzibati-İqtisadi Məhkəməsində cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin üzərinə JN-448F saylı, Kod 90200002 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati işdən аsılılığı vardır. Həmin asılılıq hazırkı işə baxılmasını qeyri-mümkün etdiyindən və qeyd olunan inzibati işə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alanadək hazırkı məhkəmə baxışının predmeti olan zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsi tələbinə dаir mülki işə baxılması mümkün deyildir. Belə ki, hazırkı iş üzrə yekun nəticəyə gəlinməsi, həmin işin nəticəsindən asılıdır. Bu səbəbdən də hazırkı iş üzrə icraat dayandırılmalıdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(107)-2957/2019 saylı qərardadı ilə iş üzrə icraat, Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh6 qızının cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin üzərinə JN-448F saylı, Kod 90200002 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Sözügedən inzibati iş üzrə aşağıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir: - Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 aprel 2024-cü il tarixli, 2- 1(116)-47/2024 saylı qərarı ilə iddiaçı Cavabdeh6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X3, Nümayəndə, X5, İddiaçı, və X4 adlarına verilmiş JN-448F KOD 90200002 nöməli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. - İddiaçı Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil Nemət qızı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2- 1(116)-47/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(107)-387/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(116)-47/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - İddiaçının nümayəndəsi və vəkili Vəkil Nemət qızı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2025-ci il tarixli, 2-1(102)-304/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2- 1(107)-387/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi sözügedən inzibati işə baxılaraq yekun məhkəmə qərarı qəbul edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi) qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddia tələbinin “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” hissəsində müəyyən edilmişdir ki, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(051)-2195/2014 saylı qətnaməsi ilə Nümayəndə Cavabdeh2 qarşı “atası X1 mülkiyyətində olan JN448F kod 90200002 seriyalı şəhadətnamə ilə ünvan 1-də yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə gedən yolun açılması” barədə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2015-ci il tarixli, 2(107)-432/2015 saylı qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “JN448F (kod ********) nömrəli şəhadətnaməyə uyğun olaraq, zəbt olunmuş ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi boşaldılsın və həmin torpaq sahəsinə gedən yol açılsın” hissəsində dəyişdirilərək “JN-448F kod 90200002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ünvan 2 ünvanında yerləşən, zəbt olunmuş 0,08 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 tərəfindən boşaldılsın və həmin torpaq sahəsinə gedən yol onun tərəfindən açılsın” müddəası ilə əvəz edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(102)-2854/17 saylı qərarı ilə təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianın “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçının göstərilən iddianı vermək üçün subyektiv hüququ yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı saymır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dairb şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X3 və onun ailə üzvlərinin (Nümayəndə, X5, İddiaçı, X7) mülkiyyətinə verilmişdir. JN-448A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əs asən 0.08 ha həyətyanı torpaq sahəsi X3 və onun ailə üzvlərinin (Nümayəndə, X5, İddiaçı, X7) mülkiyyətinə verilmişidir. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı qeyd olunan torpaq sahələrinin mülkiyyətçilərindən (paylı) biridir, eyni zamanda yuxarıda qeyd edilən 02 dekabr 2014-cü il tarixli, 2(051)-2195/2014 saylı mülki iş üzrə iddiaçı olmuş mərhum Nümayəndə vərəsəsidir. Torpaq sahələrinin paylı mülkiyyətçilərindən birisi, eyni zamanda Nümayəndə vərəsəsi kimi İddiaçı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Lakin iddiaçı qanuni qüvvəsini almış 2014-cü il tarixli, 2(051)-2195/2014 saylı qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi İddiaçı Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair” qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. İddiaçı iddia ərizəsində də həmin qətnamənin icraya yönədiyini, lakin icra olunmadığını bildirir. Lakin İddiaçı 02 may 2019-cu il tarixdə hər hansı bir yeni əsasa istinad etmədən Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində iddia tələbini yalnız Cavabdeh2 yönəltsə də, birinci instansiya məhkəməsi heç bir əsas olmadan qətnamədə iddia tələbi yönəlməmiş Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 da cavabdeh kimi göstərmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.5-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Preyudisiallığın müəyyən etdiyi qaydalara görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı) Çünki mübahisəli məsələ üzrə eyni tərəflər arasında artıq qanuni qüvədə olan qətnamə mövcuddur. Yəni tərəf eyni, predmet eyni və əsas eynidir. Bundan başqa hazırkı iş üzrə iddia tələbinin “...torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi) həvalə edilməsi” hissəsində hüquqları qeydə alan inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Bu iddiaya cavab verməli olan orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılması inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Qeyd edildiyi kimi, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam, sahəsi 0.1590 ha olan torpaq sahəsinin 0.49 ha hissəsi iş üzrə Cavabdeh6, digər hissələr isə cavabdehin ailə üzvlərinin (Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) mülkiyyətinə verilmişdir. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh4 Mahmud oğlunun qanuni istifadəsində 1589 kv. metr torpaq sahəsinin saxlanması qərara alınmışdır. Həmin torpaq sahəsinin 0.10 ha torpaq sahəsinə iddiaçı da daxil olmaqla ailə üzvlərinin adlarına JN447F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi) JN447F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə əks olunan 0.10 ha torpaq sahəsindən əlavə 589 kv.m torpaq sahəsini də cavabdeh və onun ailə üzvlərinin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla RX seriyalı ******* nömrəli Çıxarış vermişdir. Cavabdeh orqan 0.1590 ha ünvan 4 ünvanda 0,1589 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində Cavabdeh6 (yaşayış evi tam; ümumbirgə torpaq sahəsi-0,012 ha) və onun ailə üzvlərinin (9 nəfər ümumbigə torpaq sahəsi) mülkiyyət hüququ JN-447F nömrəli, kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli qərarı əsasında xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. Göründüyü kimi, DƏDRX-nin 447F nömrəli, kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə deyil, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli qərarına istinad etməklə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyət hüquqlarını qeydə almışdır. Belə olan halda, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkətini mübahisələndirir. Eyni zamanda o da qeyd edilməlidir ki, hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli Çıxarış inzibati orqanın qərarı əsasında verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstğrilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır Həmin Qərarın 6.1-ci bəndində vurğulanmışdır ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.1-ci bəndinə əsasən, inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Həmin Qərarın 16.3-cü bəndində göstərilmişdir ki, “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Qərarın 17-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi “torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi) həvalə edilməsi” tələbini rədd edərkən tələbin həmin hissəsinin inzibati məhkəmə icraatının predmeti olmasına əhəmiyyət verməmiş, tələbin həmin hissəsi ilə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb tələbin həmin hissəsini rədd etməklə məhkəmə aidiyyəti ilə bağlı prosessual hüquq normalarını pozmuşdur. Belə ki, yuxarıa qeyd edildiyi kimi, iddiaçıınn mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış həm inzibati orqanın (Mingəçevir şəhər XDS-nin İK) qərarına istinadən verilmişdir. Həm də iddiaçı qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirir. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər - iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” ilə əlaqədar eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, eyni zamanda iddinın digər tələbi olan “torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsi” hissəsində isə hüquqları qeydə alan inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu üçün apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tаrixli, 2(051)-1935/2023 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Eyni zamanda İddiaçı “torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsi” tələbi ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və Mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və Mülki kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 261.0.2, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2019-cu il tаrixli, 2(051)-1382/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı “torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsi” tələbi ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar