Məhkəmə qərarları › İş №2(107)-10/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-10/2023

16.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-10/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və X8 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı gediş-gəlişi təmin edən yolun açılması və s. tələbinə dair Ucar Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(063)-24/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı gediş-gəlişi təmin edən yolun açılması və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə onların ailəsinin mülkiyyətinə verilmiş 3166.3 kv.m ölçüdə həyətyanı torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun zəbt edilmş hissədə açılması, həmin gediş-gəlişi təmin edən yolun tutulmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin (hаkim Hilal Xəlilov) 17 mart 2021-ci il tarixli, 2(063)- 24/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı gediş-gəlişi təmin edən yolun açılması və s. tələbi barədə iddiası təmin edilməmiş, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X3 (kod: 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 322 (üç yüz iyirmi iki) manat 60 (altmış) qəpik Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin (kod 200071, VÖEN(bank) **********, müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, hesab N:AZ23AİİB********************) xeyrinə tutulması qət оlunmuşdur. Ucar Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(063)-24/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və təkrar müstəqil ekspertizanın keçirilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli, 2(107)- 1133/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və mülki iş üzrə icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsindən Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş məktubda göstərilmişdir ki, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin 16 saylı Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Həmin smeta tərəflərə göndərilmiş, xidmət haqqı ödənilməsi və ödəniş sənədinin təqdim edilməsi üçün 10 gün müddət təyin edilmişdir. Lakin qeyd edilən vaxtda xidmət haqqı ödənilmədiyindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(107)-59/2022 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Həmin məhkəmə iclasında İddiaçı mütəxəssis rəyinin təqdim edilə bilməsi üçün zəruri olan məbləği ödəyəcəyini bildirmiş və işin yenidən ekspertizaya göndərilməsini xahiş etmişdir. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(107)-59/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, ekspertizаnın аpаrılmаsının Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 10 iyun 2021ci il tarixli, 2(107)-1133/2021 nömrəli qərardadı icra edilməsi üçün yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, mülki iş üzrə icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli rəyi 01 may 2023-cü il tarixində X9 daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli, 2(107)- 10/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi açıq-aşkar mövqe tutaraq vəzifə səlahiyyətlərindən süi-istifadə edərək onun haqlı tələbini təmin etməmişdir. Belə ki, cavabdehlər həyətyanı sahələrinin çəpərlərini yola qarşı çəkərək yolun müəyyən hissəsini zəbt edib çəpərləyiblər. Nəticədə yolun eni daraldılmış və onun həyətyanı sahəsinə gediş-gəlişinə maneə yaranmışdır. O həyətyanı sahəsinə avtomaşınla yük apara bilmir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, təkrar müstəqil ekspertizanın keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uğun oxşar məzmunda izahat verdi. Eyni zamanda bildirdi ki, o ekspert rəyi ilə tanış olmuş, lakin ekspert rəyi ilə razı deyildir. Hesab edir ki, ekspert öz rəyində yanlış qeydlər aparmışdır. O ekspert rəyi ilə razı olmadığı üçün iddia tələbindən imtina edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(063)-24/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Ucar Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(063)-24/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının çıxışında səsləndirdiyi iddia ərizəsindən imtina etməsi ilə bağlı məsələlərə aydınlıq gətirərək, bunu iddia tələbindən imtina kimi qəbul etməkdən imtina edir. Çünki, işin faktiki hallarından aydın olur ki, iddiaçı ekspert rəyi ilə razı olmadığı üçün buna etiraz olaraq iddia tələbindən imtina edir. Bu isə iddia tələbindən imtina kimi qəbul edilə bilməz. Hazırkı iddia tələbinin təmin və ya rədd edilməsi məsələsinə gəldikdə isə kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan A 088256 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənədin surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X1 Ucar rayonu, Boyat kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 3166.3 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X14 kitabında 15 iyul 2009-cu ildə 235 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A 088257 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənədin surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X1 Ucar rayonu, Boyat kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 7109,32 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X14 kitabında 15 iyul 2009-cu ildə 234 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A 088377 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənədin surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X4 Ucar rayonu, Boyat kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 2500,13 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X14 kitabında 15 iyul 2009-cu ildə 244 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A 088361 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənədin surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X6 Ucar rayonu, Boyat kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 3203,16 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X14 kitabında 15 iyul 2009-cu ildə 08 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A 088280 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənədin surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X5 Ucar rayonu, Boyat kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 3001.28 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X14 kitabında 15 iyul 2009-cu ildə 134 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyun 2020-ci il tarixli, 446 nömrəli arayışından görünür ki, iddiaçı, Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 07 yanvar 2012-ci ildə ölmüşdür. İş materiallarında olan Ucar Rayon Polis Şöbəsinin 21 iyul 2020-ci il tarixli, 187-9756- 1220 nömrəli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ucar rayonu, Boyat kəndində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli, 10/259 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd edilir ki, elektron baza məlumatlarında mövcud olan xəritə materialları ilə naturadakı faktiki istifadəçilik vəziyyəti arasında sahə, konfiqurasiya fərqi və uyğunsuzluq mövcuddur. Bu səbəbdən də İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə yolun hansı hissədən nəzərdə tutulmasını müəyyən etmək mümkün deyildir. Məlumat üçün bildirir ki, İddiaçı naturada istifadə etdiyi həyətyanı torpaq sahəsinə naturada yol mövcuddur və rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin mütəxəssisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd edilir ki, elektron baza məlumatlarında mövcud olan xəritə materialları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yolun istifadə edilməsini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd edilir ki, elektron baza məlumatlarında mövcud olan xəritə materialları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan cavabdehlər tərəfindən qeyd olunan yolun nə qədər ölçüdə və hansı hissəsində istifadə edildiyini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdehlər X4 verilmiş AN-088377 saylı “Torpaq sahəsini planı və ölçüsü” sənədində, X6 AN 088361 saylı “Torpaq sahəsini planı və ölçüsü” sənədində və Cavabdeh3 AN-088280 saylı “Torpaq sahəsini planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi naturada faktiki istifadə olunan torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə, konfiqurasiya və koordinat fərqi mövcuddur. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(107)- 59/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, ekspertizаnın аpаrılmаsının Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(107)-1133/2021 nömrəli qərardadı icra edilməsi üçün yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, mülki iş üzrə icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli rəyi 01 may 2023-cü il tarixində X9 daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli rəyində göstərilmişdir ki, İddiaçı adına həyətyanı torpaq sahəsi ilə bağlı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron baza məlumatlarında aşkar edilmədiyi üçün sualı cavablandırmaq mümkün olmadı. Lakin iddiaçının faktiki istifadəsində olan 0,34 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddia edilən yolun iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hansı hissəsindən keçməsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə təsvir edilmişdir. Torpaq sahəsinə baxış zamanı iddia edilən yolun zəbt edilib-edilməməsinin mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda istinad edilən mülki prosessual qanunvericiliyin tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, təhlil olunan işdən bəlli olur ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. MPM-in 384.0.1-ci maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(063)-24/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 385, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(063)-24/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar