Məhkəmə qərarları › İş №2(107)-10/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-10/2025

24.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-10/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X6” ASC-nin Cavabdeh qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı “X6” ASC-nin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-301/2022 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi 24 avqust 2021-ci il tarixdə mülkiyyət hüququ, həmin əmlak kompleksinin yerləşdiyi 0,2080 ha torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla istifadə hüququ ilə “X6” ASC-nin adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********).

2. İş materiallarında olan Texniki Pasportun surətindən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən əmlak kompleksi 21 avqust 2021-ci il tarixdə olan vəziyyətə əsasən **********23-12301 saylı reyestr nömrəsi ilə “X6» ASC-nin adına tərtib olunmuşdur.

3. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3875 №li, xx.xx.2022-ci tarixli rəyində göstərilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən “X6” ASC-nin mülkiyyətində olan, ümumi sahəsi 1628.3 kv.m. təşkil edən əmlak kompleksinə dair xx.xx.2021-ci il tarixdə tərtib olunmuş texniki pasportunda göstərilən torpaq sahəsinin 0.06 ha hissəsinin cavabdeh tərəfindən dirəklər basdırılaraq çəpərə alındığı müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. “X6” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X6” ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı «X6» ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən 0.2080 ha torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. Bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Eyni zamanda da torpaq sahəsinin planı və ölçüsü "xxxx" ASC-nin adına tərtib olunmuşdur. Buna baxmayaraq həmin ərazidə caavbdeh Cavabdeh “X6” ASC-yə məxsus torpaq sahəsinin müəyyən hissəsini qanunsuz olaraq zəbt etmiş və orada qanunsuz olaraq dirəklər basdırmışdır. Cavabdeh “X6” ASC-yə məxsus torpaq sahəsindən çıxmaq istəmir. Dəfələrlə Cavabdeh “X6” ASC-nin mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxması tələb edilsə də, cavabdeh həmin torpaq sahəsindən çıxmamışdır. Buna görə də məhkəməyə müraciət edilmişdir. İddianın təmin olunmasını, Cavabdeh “X6” ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 16 noyabr 2022-ci il tarixli, 2(051)-301/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh “X6” ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması və iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

7. Məhkəmə belə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən tutulmuşdur. İddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabdeh isə tutmuş olduğu torpaq sahəsinin onun mülkiyyətinə, istifadəsinə, icarəsinə verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iİddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Ona görə də iddia təmin olunmalıdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1, 2, 48-ci maddələrinə, 49-cu maddəsinin 2-ci bəndinə, 50-ci maddəsinin 1ci bəndinə, 51-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 139.1, 152.1, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasını əsaslandırmaq üçün birinci instansiya məhkəməsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən əmlak kompleksinin 21 avqust 2021-ci il tarixdə olan vəziyyətə əsasən **********23-12301 saylı reyestr nömrəsi ilə “X6” ASC-nin adına tərtib olunmuş Texniki Pasportu təqdim etmişdir. O (cavabdeh) isə əvvəlki məhkəmə iclaslarında iştirak edərək göstərmişdir ki, uzun illər "xxxx" zavodunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətdə Mingəçevir şəhər XDSİ Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə bağçılıq üçün torpaq sahəsi ayrılmış Həmin torpaq sahəsinin sərhədləri daxilində olan bağçılıq təsərrüfatından ona da 5 sot torpaq sa verilmişdir. Həmin vaxt ona verilmiş sənədlər əsasında 26/40 inventar nömrəli bağ təsərrüfat texniki pasportu verilmişdir. Həmçinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli Sərəncamı və dürüstləşdirilmiş Siyahıya əsasən Dövlət Torpaq və Xəritəçə Komitəsi tərəfindən adına verilmiş xx.xx.2009cu il tarixli, **********1671 reyestr nömrəli sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması məqsədilə 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və idarə tərəfindən ona imtina verildiyindən hazırda Şəki İnzibat Məhkəməsində inzibati işi vardır. Məhkəmə bildirişini 01 noyabr 2022-ci il tarixdə məhkəməyə təqdim edərək hazırkı işin icraatının inzibati işə baxılıb qurtarana qədər dayandırılması barədə vəsatət vermişdir. Məhkəmə qətnaməsində mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu göstərmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş 24 avqust 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, torpaq dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsindədir. Texniki pasport isə 21 avqust 2021-ci il tarixə uyğun tərtib olunmuşdur. Ona verilmiş texniki pasport və torpaq sahəsinin plan və ölçüsü həmin sənədlərdən əvvəl tərtib olunmuşdur. Ancaq qətnamədə nə onun verdiyi izahat, nə təqdim etdiyi sənədlər, nə də verdiyi vəsatət qətnamədə öz əksini tapmışdır. İddiaçı “X6” ASC Qum-Çınqıl zavodunun özəlləşdirilməsi nəticəsində səhmdar cəmiyyətə çevrilmişdir. Onun ilkin sənədləri hazırkı sənədlərə uyğun gəlmədiyindən o, inzibati məhkəmədə həmin dəlillərlə iddia qaldırmışdır. Keçirilmiş məhkəmə texniki tikinti ekspertizasının rəyi isə texniki pasporta əsasən verilmişdir. Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə iddiaçıdan torpaq sahəsinin plan və ölçüsünü tələb etməmiş, işin tam araşdırılmasını təmin etmək məqsədilə iddiaçının torpaq sahəsinə hüquqlarının müəyyən edilməsi ilə bağlı iddiaçıya verilmiş Çıxarışın verilməsinə əsas olmuş sənədləri tələb etməmiş, həmin sənədlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinin işiğında qiymət verməmişdir. Həmçinin mənə özünü müdafiə etmək üçün şərait yaratmamışdır ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan inzibati iş yekunlaşsın. Məhkəmənin yeganə istinat ediyi ekspert rəyi isə mötəbər sayıla bilməz. Əvvəla ekspert istinad etdiyi texniki pasport torpağın ölçülərini müəyyən etməli olan plan və ölçü deyildir. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün tələb olunan sənədlər qeyd edilmişdir. Bundan başqa iddiaçıda torpaq sahəsinə dair hər hansı icarə müqaviləsi mövcud deyildir. Bu səbəbdən iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Bütün bunlardan əlavə olaraq bir daha onu bildirir ki, onun məhkəməyə təqdim etdiyi 17 saylı Yevlax Ərazi İdarəsinin 11 iyun 2021-ci il tarixli məktubundan görünür ki, ona verilmiş torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsində deyil, ASC-nin ərazisinin qərb tərəfində sərhədinə yaxın ərazidə yerləşir. Məhkəmə texniki-tikinti ekspertizanın nəticəsinə dair rəy isə "xxxx"ASC-nin ərazisinin cənub tərəfində yerləşdiyi göstərilmişdir. Beləliklə qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-301/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

13. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

16. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

18. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Mülkiyyət hüququ İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...); - 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

23. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

24. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

26. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. ...

Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

27. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

29. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

34. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

37. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; -385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

43. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

44. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

V. Apellyasiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-301/2022 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi iddiaçının mülkiyyətindədir. Həmin əmlak kompleksinin yerləşdiyi 0,2020 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqlala iddiaçı səhmdar cəmiyyətinin istifadəsinə verilmişdir. Eyni zamanda cavabdeh "xxxx" zavodunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətdə Mingəçevir şəhər XDS İK-nin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə X6 zavoduna bağçılıq üçün torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin sərhədləri daxilində olan bağçılıq təsərrüfatından cavabdehə də 5 sot torpaq sahəsi verilmişdir. Həmin vaxt cavabdehə verilmiş sənədlər əsasında 26/40 inventar nömrəli bağ təsərrüfat texniki pasportu verilmişdir.

49. Həmçinin, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli Sərəncamı və dürüstləşdirilmiş Siyahıya əsasən Dövlət Torpaq və Xəritəçə Komitəsi tərəfindən cavabdehin adına verilmiş xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli sahəsinin planı və ölçüsü verilmişdir. Cavabdehə verilmiş torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin yanına yerləşir. İddiaçı onun istifadəsində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirərək hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İşə mahiyyəti üzrə baxan Mingəçevir Şəhər Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmiş, məhkəmənin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

50. Eyni zamanda hazırkı iş üzrə Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh inzibati orqanın üzərinə Mingəçevir şəhər XDS İK-nin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə X6 zavoduna ayrılmış, “Kür” kollektiv bağçılıq təsərrüfatında olan Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli, 161 saylı Sərəncamına əsasən xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli sahəsinin planı və ölçüsündə göstərilən 499,33 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

51. Kollegiya ilk növbədə qeyd edir ki, istər iddia ərizəsində, istərsə də birinci instansiya məhkəməsinin qətnaməsində 0,2020 ha torpaq sahəsi “X6” ASC-nin mülkiyyətində olduğu kimi göstərilsə də, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən həmin torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri torpaqları kateqriyasına aid olmaqla dövlət mülkiyyətindədir və ASC-nin istifadəsinə verilmişdir.

52. Apellyasiya şikayətinin başlıca tələblərindən biri Şəki İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı qaldırdığı inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair inzibati işə baxılıb yekun məhkəmə qərarı qəbul edilməsi və həmin qərar qanuni qüvvəsini alana kimi dayandırılması ilə bağlıdır.

53. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2(107)-281/2023 saylı qərardadı ilə hazırkı mülki iş üzrə icraat, Şəki İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı qaldırdığı inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair 2-1(116)-126/2023 saylı inzibati işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.

54. Sözügedən inzibati iş üzrə aşağıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir: - Şəki İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-1(116)-126/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh inzibati orqanın üzərinə Mingəçevir şəhər XDS İK-nin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə X6 zavoduna ayrılmış, “Kür” kollektiv bağçılıq təsərrüfatında olan Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli, 161 saylı Sərəncamına əsasən xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli sahəsinin planı və ölçüsündə göstərilən 499,33 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. - Həmin qərardan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(107)-43/2024 saylı qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(107)-43/2024 saylı qərarından kassasiya şikayəti verilməmiş və həmin qərar 29 noyabr 2024-cü il tarixdə qüvvəyə minmişdir.

55. Bundan başqa əvvəlki apellyasiya məhkəməsinin baxışında Cavabdeh vəkili Vəkil2 əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə 0.0499 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almışdır. İş üzrə əvvəl keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı Cavabdeh verilmiş plan və ölçü (kadastr planı) təqdim etsə də, “X6” ASC öz mülkiyyətində olan əmlak kompleksinə dair texniki pasportu təqdim etməmişdir. Odur ki, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişdir.

56. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(107)-10/2025 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertlər (mütəxəssislər) qarşısında aşağıdakı suallar qoyulmuşdur; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən «X6» ASC-nin istifadəsinə verilmiş yaşayış məntəqələri torpaq kateqoriyasına aid 0,2020 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş yaşayış məntəqələri torpaq kateqoriyasına aid 0,0499 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. - “X6” ASC-nin istifadəsinə verilmiş 0,2020 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş 0,0499 ha torpaq sahəsi üst üstə düşürmü? Düşürsə, hansı hissədə və ölçüdə? - Cavabdeh mülkiyyətinə verilmiş həmin 0,0499 ha torpaq sahəsi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli, 10/3875 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmiş dirəklər basdırılaraq çəpərə alınmış (zəbt edilmiş) kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşürmü? Düşürsə, hansı hissədə və ölçüdə? - Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə onun mülkiyyətinə verilmiş torpaq sahəsi eyni yerdə yerləşirmi və ölçüləri eynidirmi? - Cavabdeh tərəfindən 0,0499 ha torpaq sahəsindən artıq ölçüdə torpaq sahəsindən istifadə olunurmu? İstifadə olunursa hansı ölçüdə və kimə məxsus olan torpaq sahəsindən?

57. Məhkəmə kollegiyasına daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 28 aprel 2025-ci il tarixli, 3-16-16/2-10/2089/2025 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki; - Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən "X6” ASC-nin istifadəsinə verilmiş yaşayış məntəqələri torpaq kateqoriyasına aid 0,2020 ha torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. - Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən Cavabdeh,Ağabala oğlunun mülkiyyətinə verilmiş yaşayış məntəqələri torpaq kateqoriyasına aid 0,0499 ha torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: X6” ASC-nin istifadəsinə verilmiş 0,2020 ha torpaq sahəsi ilə 0,0499 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir. “X6” ASC-nin istifadəsinə verilmiş 0,2020 ha torpaq sahəsi tikili altında olduğu müəyyən edilmişdir. - Qərardadın dördüncü sualı üzrə: Cavabdeh mülkiyyətinə verilmiş həmin 0,0499 ha torpaq sahəsi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli, 10/3875 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmiş dirəklər basdırılaraq çəpərə alınmış kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Əraziyə dirəklər basdırılaraq çəpərə alındığı müəyyən olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: Cavabdeh faktiki istifadəsində torpaq sahəsi mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə onun mülkiyyətinə verilmiş torpaq sahəsi eyni yerdə yerləşir və ölçüləri eyni olduğu müəyyən edilmişdir. - Qərardadın altıncı sualı üzrə: Əraziyə dirəklər basdırılaraq çəpərə alındığından Cavabdeh mülkiyyətinə verilmiş həmin 0,0499 ha torpaq sahəsindən və ya artıq ölçüdə torpaq sahəsindən istifadə etmədiyi müəyyən olunmuşdur.

58. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı iddiası, yəni sonuncu tərəfindən sözügedən torpaq sahəsinin zəbt olunaraq qanunsuz istifadə etməsi sübut olunmur

59. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi əsaslı sayır.

60. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

61. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

62. Məhkəmə kollegiyası vurgulayır ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış xx.xx.2022-ci tarixli, 10/3875 saylı ekspert rəyi də 28 aprel 2025-ci il tarixli, 3-16-16/2-10/2089/2025 saylı ekspert rəyi müəyyən edilmiş halları təsdiq edir.

63. Beləliklə də müəyyən edilir ki, cavabdeh öz qanuni istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etmiş, qanunun tələbinə uyğun olaraq həmin torpaq sahəsi sonradan onun mülkiyyətinə verilmiş və onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir.

65. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

66. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

67. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

68. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddia tələbini təmin etməklə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-301/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.

69. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul iddiaçı Mingəçevir "xxxx" ASC-dən tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-301/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X6” ASC-nin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul iddiaçı Mingəçevir "xxxx" ASC-dən tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar