Məhkəmə qərarları › İş №2(107)-101/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-101/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-101/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia tələbinə, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı “alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları 20 aprel 2021- ci il tarixdə 4Ə-399 reyestr sayı ilə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini 5.200 manata İddiaçı satmışdır. 26 may 2021- ci il tarixdə 4Ə-533 reyestr sayı ilə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini 4.500 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Potu kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Notariat Ofisində bağlanmış və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Potu kəndində yerləşən və Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini almışdır. Alğısatqı müqaviləsinin şərtlərinə görə satıcı Cavabdeh1 razılaşdıqları məbləği aldıqdan sonra xx.xx.2021-ci il tarixdə sözügedən fərdi yaşayış evini boşaltmalı və evi onun sahibliyinə verməli idi. Lakin Cavabdeh1 ona satdığı evin dəyərini tam şəkildə alsa da, xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evini boşaldıb, ona təhvil verməmişdir. Artıq bir ilə yaxındır ki, cavabdehlər onun xüsusi mülkiyyətində olan evdə yaşamaqla, mülkyyətindən rahat və maneəsiz şəkildə istifadə etməsinə imkan vermirlər. Qanunvericiliyə görə satıcı satdığı əmlakın dəyərini aldıqdan sonra müəyyən edilmiş müddət ərzində satdığı əmlakı alıcıya təhvil verməlidir. Cavabdeh1 İddiaçı qarşı “alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın əsassız olduğu üçün rədd edilməsi, Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli 4Ə-399 reyestrlə təsdiqlənmiş, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin İddiaçı satılmasına dair onunla İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin; Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli 4Ə- 533 reyestrlə təsdiqlənmiş, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsinin İddiaçı satılmasına dair onunla İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqavilələri əsasınd DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsinə və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 5 ildir xurma meyvəsi alıb Rusiya Federasiyasında satmaqla məşğuldur. 2017-ci ildən 2020-ci ilə qədər xurma meyvəsinin alğı-satqısı ilə məşğul olan başqa bir şəxsin yanında işləmişdir. İşi öyrəndikdən sonra, özü müstəqil olaraq həmin fəaliyyətlə məşğul olmaq qərarına gəlmişdir. Lakin 2020-ci ildə xurma meyvəsinin alğı-satqısı ilə məşğul olmaq üçün əlində kifayət qədər vəsait olmadığından borc almağa məcbur olmuşdur. 2020-ci il tarixdə Göyçay sakini X5 ilə tanış olmuş və sonuncu ilə daşınmaz əmlak təminatlı borc pul almağa razılaşmışdır. Mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini aldığı borcun təminatı olaraq X2 adına keçirmək, pulu qaytardıqdan sonra həmin əmlakları öz adına geri qaytarmaq şərti ilə Lətifə Mirzəyeva ona 17.000 manat borc pul vermişdir. Həmin 17.000 manat pulun təminatı olaraq hazırki mübahisə predmeti olan Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini Göyçay sakini X2 adına keçirmişdir və aralarında 20 aprel 2020-ci il tarixli (4Ə-412 reyestrlə təsdiqlənmiş) alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin vəsaitlə xurma meyvəsi alıb (2020-ci ildə) Rusiya Federasiyasına göndərmişdir. 10 aydan sonra Rusiya Federasiyasına satdığı xurma meyvəsinin pulu ona göndərilmişdir və o, artıqlaması ilə X2 pulunu qaytarmışdır və aralarında başlanmış 20 aprel 2020-ci il tarixli (4Ə-412 reyestrlə təsdiqlənmiş) alğı-satqı müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilmişdir. Beləliklə, o da həmin işdən pul qazanmış, qazandığı puldan X3 da əlavə pul vermişdir. Bundan sonra eyni ilə X5 ilə təkrar iş görmək istəsə də, hazırda onun evdən çıxmasını tələb edən İddiaçı əri X8 həmin şərtlərlə ona (daşınmaz əmlak təminatlı) 10 min manat borc pul verməyi təklif etmişdir. O, həmin təkliflə razılaşmışdır və təklif əsasında mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini aldığı borcun təminatı olaraq İddiaçı adına keçirmək, pulu Üzirə Hamidovaya qaytardıqdan sonra həmin əmlakları öz adına geri qaytarmaq şərti ilə 10.000 manat borc almaq barədə İddiaçı ilə razılaşmışdır. Birinci dəfə 2021-ci ilin aprel ayında X4 5.200 manat borc alıb, həmin borcun təminatı olaraq Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini İddiaçı adına keçirmişdir və aralarında 20 aprel 2021-ci il tarixli (4Ə-399 reyestrlə təsdiqlənmiş) müqavilə bağlanmışdır. İkinci dəfə isə 2022ci ilin may ayında X4 4.500 manat borc alıb, həmin borcun təminatı olaraq Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini İddiaçı adına keçirmişdir, aralarında 20 aprel 2021- ci il tarixli (4Ə-399 reyestrlə təsdiqlənmiş) müqavilə bağlanmışdır və ondan 524 manat vergi tutulmuşdur. Həmin vəsaitlə xurma meyvəsi alıb (2021-ci ildə) Rusiya Federasiyasına göndərmişdir. Təxminən 11 aydan sonra Rusiya Federasiyasına satdığı xurma meyvəsinin pulunu əldə etmiş və borclu olduğu 9.700 manat pulu X7 qaytarmaq üçün görüşmüşdür. X11 görüşəndə tamam başqa mənzərə ilə qarşılaşmışdır. Belə ki, əmlaklarını özünə geri qaytarmaq üçün X8 ondan 30.000 manat pul tələb etmişdir. Dəfələrlə bu məsələnin sülh yolu ilə həllinə cəhd etsə də, cavabdehlə razılaşma əldə etmək mümkün olmamışdır. Bundan sonra başa düşmüşdür ki, X8 və İddiaçı tərəfindən aldadılmışdır. X1 və İddiaçı torpaq sahəsini və fərdi yaşayış evini öz adına qaytarmaq qarşılığında ondan 60.000 manat pul tələb edirlər. Xüsusi mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini İddiaçı 9.700 manata satması barədə həqiqi iradə ifadəsi olmamış, konkret olaraq aldadılmışdır. Bunda əvvəl də eyni üsulla (daşınmaz əmlak təminatlı) borc alıb qaytarmışdır və borcu qaytardıqdan sonra əmlaklarını geri qaytarmışdır. X8 ilə 5 il bir yerdə işləmişlər, sonuncuya inanmış, etibar etmiş və qeyd olunan qarşılıqlı razılığa gəlmişlər. Göyçay rayonu Potu kəndində 1 sot torpağın qiyməti 1.500-3.000 manat arası dəyişir. 21 sot torpağın qiyməti sotu 1.500 manatdan hesablansa (21 sot x 1.500 manat = 31.500 manat) 31.500 manat edir. Deməli, 4.500 manata İddiaçı adına rəsmiləşdirilən torpaq sahəsinin real bazar qiyməti 31.500 manatdır. 5.200 manata İddiaçı adına rəsmiləşdirilən Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin real bazar qiyməti isə 60.000 manat civarındadır. Mübahisələndirdiyi Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021ci il tarixli, 4Ə-399 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 5.200 manat dəyər və Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli, 4Ə-533 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 4.500 manat dəyər görüntü xarakterlidir. Bu da əqdin görüntü xarakterli olmasını, əmlakların dəyərinin real qiymətini əks etdirməməsini sübuta yetirir. Göründüyü kimi, Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli, 4Ə-399 reyestrlə təsdiqlənmiş müqavilə və Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli, 4Ə-533 reyestrlə təsdiqlənmiş müqavilə formal xarakter daşımış, alğısatqı müqavilələri bağlanarkən satıcı aldadılmış, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsi və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evi formal olaraq satılmış, satılan əmlakların dəyəri formal olaraq göstərilmişdir. Həmçinin qeyd edir ki, Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli 4Ə-399 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 5.200 manat Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin dəyəri kimi və Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli 4Ə-533 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 4.500 manat Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsinin dəyəri kimi reallığı əks etdirmir və həmin əmlakları qarşı tərəfin məhz həmin qiymətə almaları açıq-aşkar əsassızdır. Elə alıcı tərəfin əmlakları məhz həmin qiymətə almasının müqavilədə qeyd edilməsi aldatmanın əvvəlcədən düşünüldüyünü, planlaşdırıldığı qənaətini formalaşdırır. Hesab edir ki, o, vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etdiyindən əmlakların alğı-satqısına dair bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)-1459/2022 nömrəli iş üzrə qəbul etdiyi 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) ilkin iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evindən çıxarılması və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini alğı-satqı müqavilələri əsasında dəyərlərini ödəməklə əldə etmiş, həmin müqavilələr əsasında iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmış və adına müvafiq çıxarış verilmişdir. Alğı-satqı müqavilələrinin 11-ci bəndləri ilə satıcı Cavabdeh1 satdığı daşınmaz əmlakı alğı-satqı müqaviləsi bağlandığı andan alıcının faktiki sahibliyinə verəcəyinə dair öhdəlik götürmüş, hakin öhdəliklərini bu günədək icra etməmişdir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair ilkin iddiası təmin edilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə apararaq belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 mülkiyyətində olan, Göyçay rayonu Potu kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı satarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində əqdin etibarsız hesab edilməsinə əsas olan hallardan heç biri baş verməmiş, mübahisələndirilən əqdlər bağlanarkən lazımi subyektlərin iştirakı təmin edilmiş, razılaşdıqları qaydada əmlakların qiymətləri müqavilələrdə qeyd edilmiş, həqiqi iradə ifadələrini bildirərək, müqavilələri imzalamışlar. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 ötən müddət ərzində İddiaçı və sonuncunun həyat yoldaşı tərəfindən aldadılması, onun etibarından sui-istifadə edilməsi və əqdin etibarsızlığına səbəb olan digər əsaslarla hüquq-mühafizə orqanlarına, eləcə də məhkəməyə müraciət etməmiş, yalnız İddiaçı cavabdehlərə qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh1 qarşılıqlı iddia tələbinin əsaslı olması ilə bağlı, yəni iddiaçının həyat yoldaşı X6 ona 9.700 manat məbləğində borc pul verməsi, həmin pulun təminatı olaraq hazırda mübahisələndirilən alğı-satqı müqavilələrinin bağlanmasını və ondan alğı-satqı müqavilələrinin predmeti olan əmlakların geri qaytarılması üçün pul tələb etməsinə dair, başqa sözlə ifadə etdikdə alğı-satqı müqavilələrinin etibarsız sayılmasına əsas olan halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, qarşılıqlı iddia tələbinin əsası kimi istinad olunan hallar sübut olunmadığından məhkəmə hesab etmişdir ki, Cavabdeh1 İddiaçı qarşı “alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilə bilməz. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 157.2, 324.1, 337.1, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə və Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin əsasları ilə eynilik təşkil etdiyinə görə, məhkəmə həmin dəlillərin açıqlanmasına lüzum görmür. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 Tofiq oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd tibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Madə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 347.1 Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: Maddə 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; Maddə 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; Maddə 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, mübahisəli evin və torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 hər iki əmlakı İddiaçı satmışdır. İşdə olan sənədlərə əsasən əmlakların alğı-satqı müqavilələrinin formal tələbləri pozmadan bağlandığı müəyyən edilir. Cavabdeh1 alqı-satqının başqa əqdi (iddiaçının əri Famil Həmidovdan aldığı borcun qaytarılmasının təminatı) pərdələdiyini təsdiq edən halın da evin və torpaq sahəsinin qiymətinin real bazar qiymətinə uyğun olmadığını bildirsə də, Məhkəmə hesab edir ki, bu hal həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsas deyil. Çünki Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alqı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı). Cavabdeh1 20 aprel 2021-ci il tarixli və 26 may 2021-ci il tarixli müqavilələri bağlayarkən aldadıldığını, əslində həmin müqavilələrin İddiaçı əri Famil Həmidovdan aldığı borcun qaytarılmasının təminatı olaraq bağlandığını bildirir. Halbuki, nə alqı-satqı müqavilələrində, nə də hər hansı əlavə yazılı razılaşmada belə müddəalar yoxdur. Bunlardan başqa, "N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cıı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəmsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ''...məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cıı il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır." Baxılan işdən də görünür ki, Cavabdeh1 mübahisəli evi və torpaq sahəsini alğı-satqı edərkən müstəqil şəkildə evin və torpağın qiymətini müəyyən etmiş və alğı-satqı notariat orqanında təsdiqlənərək bütün qanuni tələblərə əməl edilmişdir. Məhkəmə hesabe dir ki, cavabdehin iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi hallar onun vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etməsi kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, müqavilələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianı rədd edən Rayon Məhkəməsi haqlı olmuşdur. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair ilk iddiasına gəldikdə isə, alqı-satqı müqaviləsi və onun əsasında iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ hazırkı tələbi subyektiv hüquq baxımdan mümkün edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh1 əmlakı iddiaçıya verməyi öhdəsinə götürsə, digər Cavabdeh2 evin satılmasına və evin boşaldılımasına yazılı razılıq versə də, bu öhdəlikləri yerinə yetirməmişlər. Bu səbəbdən Məhkəmə hesabe dir ki, İddiaçı cavabdehlərə qarşı evdən çıxarılma barədə iddia irəli sürməklə, Rayon Məhkəməsi də bu iddianı təmin etməklə haqlı olmuşlar. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2022ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar