Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1012/2025 23.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, apellyasiya şikayəti vermiş Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2(046)-631/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 23 yanvar 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi kimi 12654,43 manat pul vəsaiti, avtomobilin qəza nəticəsində öz dəyərini itirməsinə görə 5000 manat məbləğində pul vəsaiti və məhkəməyə müraciət üçün ödənilmiş 142,96 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 17797,39 manat məbləğində pul vəsaitinin cavabdehdən birdəfəlik qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Təbriz küçəsi ilə Ağa Neymətulla küçələrinin kəsişməsində cavabdeh şəxs Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ bəndinin tələbini pozaraq idarə etdiyi “BYD Destroyer 05 plug-in hibrid minik” markalı, “sedan” tipli, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçının idarə etdiyi “BMW X5 XDRİVE 40i minik” markalı, “universal” tipli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Həmin zərbənin təsirindən iddiaçının avtomobilinin ön hissəsinə ciddi zərər dəymişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ bəndinin tələbini pozduğu üçün xx.xx.2024-cü il tarixində Bakı şəhər DYPİ tərəfindən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixində TP seriyalı ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddaçının avtomobilinə dəymiş zərər “BMW” servisinin "xxxx" MMC-də texniki baxış zamanı tərtib olunmuş qüsur aktına əsasən 17654,43 manat məbləğində qiymətləndirilmişdir. Həmin zərərdən "xxxx" ASC tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir. Avtomobilin təmiri üçün qalan zərər isə şəxsən iddiaçının özü tərəfindən qarşılanmışdır. Hal-hazırda hesab edir ki, qalıq məbləğ və avtomobili qəzalı statusu aldığına görə yaranmış fərqin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçə pozulmuş hüquqlarımın bərpası üçün yeganə çıxış yolunun məhkəmə olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 11 iyul 2025-ci il tarixli, e-2(046)-631/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində “Cavabdeh dəymiş ziyana görə 11360 manat pulun və 124,08 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi” qət olunmuşdur. Göyçay Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2(046)-631/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında iş üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği iddia ərizəsində məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində qeyd edilən məbləğdə deyildir. Belə ki, iddiaçının avtomobilin qiymətləndirilməsi barədə müstəqil ekspertə müraciət etmiş və ekspert tərəfindən «BMW X5 XDRİVE 40i minik» markalı “Universal” tipli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 8466,55 manat həddində müəyyən edilmişdir. Buna görə də, cavabdeh tərəf iddiaçının avtomobilinə görə ödənilmiş sığorta ödənişini qeyd edilən məbləğdən çıxılmasını və iddianın 3466,55 manat həddində təmin edilməsini xahiş edir. İş üzrə cavabdehin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş AD 783889 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «BMW X5 XDRİVE 40i minik» markalı, “Universal” tipli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş TP 692952 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cü maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMM tərəfindən tərtib edilmiş “dəymiş ziyan” aktından görünür ki, «BMW X5 XDRİVE 40i minik» markalı, “Universal” tipli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 17,654.43 manat ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, «BMW X5 XDRİVE 40i minik» markalı, “Universal” tipli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 16,360 manat maddi ziyan dəymişdir. “BMW” Servisinin "xxxx" MMM tərəfindən tərtib edilmiş və mülki işə əlavə edilmiş, «BMW X5 XDRİVE 40i minik» markalı, “Universal” tipli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı əks etdirən cədvəldə qeyd edilmiş ehtiyyat hissələrinin dəyəri mövcüd bazar qiymətinə uyğundur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 2000 radələrində Təbriz küçəsi ilə Ağa Neymətulla küçələrinin kəsişməsində idarə etdiyi “BYD Destroyer 05 plug-in hibrid minik” markalı, “Sedan” tipli, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarının pozaraq, İddiaçı idarə etdiyi «BMW X5 XDRİVE 40i minik» markalı, “Universal” tipli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və nəticədə İddiaçı maddi ziyan dəymişdir. Həmin hadisəyə görə də, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Odur ki, Qanunvericiliyin tələblərinə görə İddiaçı dəymiş ziyana görə pulu Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərkən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi əsas götürülməli, iddiaçının avtomobilinə dəymiş ziyan həmin ekspert rəyində göstərilən həddə təmin edilməlidir. Həmçinin, avtomobilə dəymiş ziyanın məbləği olan 16360 manat pul vəsaitindən 5000 manat sığorta ödənişi çıxılmalıdır. Məhkəmə baxışı zamanı «BMW X5 XDRİVE 40i minik» markalı, “Universal” tipli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin aşağı düşməsi nəticəsində 5000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə əsas verə bilən heç bir mötəbər sübut isə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097.1 və 1108.1ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1. İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2(046)-631/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-631/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi (yəni 3466,55 manat hissədə) təmin olunması” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12654,43 manat dəymiş ziyanın, avtomobilin qəza nəticəsində öz dəyərini itirməsinə görə 5000 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş 142,96 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, e-2(046)-631/2025 saylı qətnaməsi ilə Cavabdeh 11360 manat zərər və 124,08 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bildirir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği iddia ərizəsində məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində qeyd edilən məbləğdə deyildir. Belə ki, o, cavabdeh tərəf olaraq iddiaçının avtomobilinə dəyən zərərin qiymətləndirilməsi barədə müstəqil ekspertə müraciət etmiş, ekspert tərəfindən «BMW X5 XDRİVE 40i minik» markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 8466,55 manat miqdarında müəyyən edilmişdir. Buna görə də, avtomobilə görə ödənilmiş 5000 manat sığorta odənışı qeyd edilən məbləğdən çıxılması və iddianın 3466.55 manat həddində təmin edilməsi məqsədə müvafiqdir. Çünki, xx.xx.2025-ci il tarixli, 02-162/25 saylı ekspert rəyindən görünür ki, qüsur aktında göstərilən **-EG-*** dövlət qeydiyyat nişanlı, 2020-ci il tarixli BMW B58C (X5 XDRİVE4 01) markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği işçilik pulu daxil olmaqla 8466,55 manat məbləğində müəyyən olunmuşdur. Halbuki, birinci instansiya məhkəməsi isə bu hala istinad etməmişdir. Bu səbəbdən də bu iş üzrə xüsusi bilik tələb edən mütəxəsis rəyinə hüquqi qiymət verilməsi vacib məsələdir. Rəydə isə **-EG-*** dövlət qeydiyyat nişanlı, 2020-ci il tarixli BMW B58C (X5 XDRİVE4 01) markalın əqliyyat vasitəsinə dəymiş zərərin məbləği işçilik pulu daxil olmaqla 8466,55 manat məbləğində müəyyən olunması ədalətli qəbul edilmiş rəydir. Bütün bu müddəaları nəzərə alaraq qanuni əsasla işçin hər tərəfli obyektiv və subyektiv araşdırıması zərurəti yarandığı halda birinci instansiya məhkəməsi belə kobud bir qanunsuz qətnamə qəbul edilmişdir. Ona görə də, bu qətnamə ona qarşı əsassız və qanunsuzdur. İşin faktik halları belədir: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddiasının qismən təmin edilməsi (yəni 3466,55 manat hissədə) təmin olunması barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, qeyd edilənlərə əsasən qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin gəldiyi nəticə işin faktik hallarına uyğun gəlmir. Belə ki, məhkəmə, onun istinad etdiyi dəlillərə əsaslanmamış və onun hüququnu pozmuşdur. Göyçay Rayon Məhkəməsi iş üzrə heç bir sübutu qiymətləndirməmiş, işin faktiki hallarını araşdırmamış və hər hansı bir rəsmi sənədi mötəbər sübut kimi dəyərləndirməmişdir. 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edərək, Göyçay Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2(046)-631/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Göyçay Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 12654,43 manat dəymiş ziyanın, avtomobilin qəza nəticəsində öz dəyərini itirməsinə görə 5000 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş 142,96 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaya baxan Göyçay rayon Məhkəməsinin e-2(046)-631/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh dəymiş ziyana görə 11360 manat pulun və 124,08 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lakin, həmin Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş və qətnamənin ləğv olunmasını, “iddianın qismən təmin edilməsi (yəni 3466,55 manat hissədə) təmin olunması barədə yeni qətnamə qəbul edilməsini” xahiş etmişdir. İddiaçı tərəf birinci instansiya məhkəməsinin Qətnaməsindən verilmiş apelyasiya şikayəti ilə razılaşmır və şikayətə dair öz etirazını bildirir. Belə ki, apelyasiya şikayətinin məzmunu ilə iddianı faktiki qismən qəbul edən cavabdeh, yalnız ziyanın az miqdarda olmasını əsas gətirməklə anlaşılmaz mövqe nümayiş etdirmişdir. Tərəf açıq-aşkar əsassız vəsatətlər və apelyasiya şikayəti verməklə hüquqdan sui-istifadə edib, vaxtı uzadmaq və delikt halını aradan qaldırmaqda vaxt qazanmaq məqsədi güdmüşdür. Mülki Məcəllənin 16, 17 və 18-ci maddələrində qeyd olunur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Beləliklə, hüquqdan sui-istifadə olunması - hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquq-mühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Hazırda cavabdeh məhkəməyə apellyasiya şikayəti ilə müraciət edə bilmək hüququndan sui-istifadə edərək, apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri əsasızdır və qəbul edilən deyildir. Birinci instansiya məhkəməsinində iddiaçı tərəfindən bütün sübutlar vaxtında və qanuni olaraq təqdim olunmuş və iddiaçı tərəf öz mövqeyini əsaslandıra bilmişdir. Belə ki, işin faktiki halları ondan ibarətir ki, xx.xx.2024-cü il tarixdə saat 2000 radələrində Təbriz küçəsi ilə Ağa Neymətulla küçələrinin kəsişməsində cavabdeh şəxs Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü bəndinin tələbini pozaraq idarə etdiyi “BYD Destroyer 05 plug-in hibrid minik” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçının idarə etdiyi «BMW X5 XDRİVE 40i minik» markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Həmin zərbənin təsirindən iddiaçının avtomobilinin ön hissəsinə ciddi zərər dəymişdir. Bu hadisəyə görə xx.xx.2024-cü il tarixində Bakı şəhər DYPİ tərəfindən Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və onun barəsində xx.xx.2024-cü il tarixində TP seriyalı ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər “BMW” servisinin "xxxx" MMM-nin texniki baxış zamanı tərtib olunmuş aktına əsasən 17654,43 manat məbləğində qiymətləndirilmişdir. Həmin zərərdən "xxxx" ASC tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir. Mülki Məcəllənin 425.1 maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin, cavabdeh heç də bu tələblərə riayət etməyərək, qeyri-dürüst davranmaqdadır. İş üzrə qüsur aktları təqdim edilmişdir. Birinci instansiya məhkəməsi əmtəəşünaslıq ekspertizası keçirmişdir və bununla bağlı işdə rəy vardır. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də, dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi, hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Mövcud işdə isə cavabdeh tərəf qəti dürüst mövqedə deyildir və əmlaka ziyan vurmağına baxmayaraq, ziyanın ödənilməsi istiqamətində heç bir real və praktik addımlar atmamışdır.
4. İş üzrə apellyasiya icraatı:
4.1. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş Cavabdeh gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı isə məhkəmə iclasına gəlməmişdir. Lakin, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətini təmin olunmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş Cavabdeh Göyçay Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2(046)-631/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Göyçay Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2(046)-631/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin olunması, yəni ondan iddiaçının xeyrinə yalnız 3466,55 manat pulun tutulması hissəsində təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-631/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi (yəni 3466,55 manat hissədə) təmin olunması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələblərinin dəlillərinə və cavabdehin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2(046)-631/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2(046)-631/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.