Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1014/2022 04.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair (Açar sözlər: kompensasia ödənilməklə istifadə hüququna xitam verilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(046)-21/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX ******* saylı çıxarışdan görünür ki, Göyçay şəhəri H.Əliyev Prospekti ev 48, mənzil 12 xx.xx.2017-ci il tarixdə İddiaçı dövlət qeydiyyatına alınmışdır.
2. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-1862/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 Göyçay şəhəri H.Əliyev prospekti 48 saylı evin 12 saylı mənzilinə köçürülmüşdür.
3. Əmlakın Qiymətləndirilməsi MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, qiymətləndirmə obyekti olan Göyçay şəhəri H.Əliyev prospekti 48 saylı evin 12 saylı mənzilin bazar dəyəri 45.000 manat, aylıq kirayə haqqı 200 manat təşkil edir.
4. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 22-21 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan Göyçay şəhəri H.Əliyev prospekti 48 saylı evin 12 saylı mənzilin bazar dəyəri 40.000 manat, aylıq kirayə haqqı 100 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 hər birinə 5.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1nın, X2 Göyçay şəhəri H.Əliyev proskepti ev 48 mənzil 12- dən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay şəhəri H.Əliyev Pr. ev 48, mən 12, 12 iyul 2017-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət kimi adına dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda həmin mənzildə heç kim yaşamır.Cavabdeh1 və Cavabdeh2 Şəki Apelliyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli İş № 2(107)- 1862/2019 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında yaşamaq hüququ verilmişdir. Həmin mənzilin bazar qiyməti 18000-20000 manat dəyərindədir. Mülkiyyətçi olaraq həmin mənzildə yaşayış hüququ olanlar Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsini istəyir.
7. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 26 aprel 2022-ci il tarixli, 2(046)- 21/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xüsusi mülkiyyətində olan mənzildən cavabdehlər Cavabdeh1 və X3 hər birinə 5000 manat kompensasiya verməklə çıxarılmasını və istifadə hüquqularına xitam verilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair.
9. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırki halda iddiaçı, mübahisəli mənzildən istifadə hüquqlarına görə cavabdehlərə ümumilikdə 10.000 manat kompensasiya təklif edir. Cavabdehlər isə ümumiyyətlə təklif olunan kompensasiyanın məbləği ilə razılaşmırlar.
10. Məhkəmə hesab edir ki, 10.000 manat kompensasiya məbləği kifayət qədər yetərli deyil və həmin məbləğ mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyildir. Çünki, qeyd olunan normanın mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının yaşayış sahəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 10.000 manat məbləğdə kompensasiya sonuncuların davamlı sürətdə və müəyyən müddət daxilində, Göyçay şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehlərin evdən istifadə hüququnun itirilməsi üçün yetərli və qənaətbəxş deyildir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli və "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli və "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayon məhkəməsinin qətnaməsi tamamilə əsassızdır. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Ekspert rəyi hakim üçün məcburi qüvvəyə malik olmasa da real bazar qiymətinin öyrənilməsi baxımından iş üçün möhtəbər sübut hesab olunmalı idi. Çünki məhkəmə bazar qiymətini mütəxəssis rəyi olmadan öyrənə bilməzdi.
14. Nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamımülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılırazılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
15. Bildirir ki, mənzilin kirayə haqqı 150 manat təşkil edir. Həmin mənzil təmirsizdir. Bunu iddiaçıda təsdiq edir. Bu barədə Lazura MMC-nin mütəxəssis rəyi də var. Həmin rəylə də bu təsdiq olunur. Belə olan halda hərr bir cavabdeh üçün kompensasiya məbləği 5400 manat təşkil edir. İddiaçıda bu məbəği ödəməkdən yayınmır. Yəni real bazar qiymətinə uyğun kompensasiya ödənilir. Yəni hazırda yaşadığı mənzilə uyğun mənzildə 3 il yaşaması üçün normal kompensasiyadır. Həmin ərazidə mübahisəli mənzilin şəraitində normal yaşaması üçündür. Nəzərə almaq lazımdır ki, kompensasiya verilməsi mənzilin dəyərinin yarısına almaq deyildir.
16. Məhkəmə heç bir halı düzgün qiymətləndirməmişdir. Məhkəmə tətbiq olunan normaları tətbiq etməmişdir. Belə ki, ekspert rəyi ilə müəyyən olunmuş real bazar qiymətinə uyğun kompensasiya təqdim etməklərini nəzərə almamış. Hətta sonuncu məhkəmə iclasında 5400 manat təklif etdiklərini bildirsələr də buna əhəmiyyət verməmişdir. Hər bir cavabdeh üçün 10800 manat kompensaiya təklif edirlər. Hətta iddialarında göstərdikləri cavabdehlər üçün 10000 manat normal kompensasiyadır. Məhkəmə faktiki halları nəzərə almamışdır.
17. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(046)-21/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən təklif olunan məbləğ Göyçay şəhəri üçün kifayət qədər normaldır. Mübahisəli mənzilə oxşar əmlakların satış qiyməti 40-45 min civarında dəyişir. Oxşar evlə bağlı kirayə haqqı isə 150 manatdır. Bundan əlavə cavabdehlərdən biri hazırda başqa yerdə kirayədə yaşayırlar. Lakin birinci instansiya məhkəməsi bütün bunları nəzərə almamış, iş üzrə obyektiv araşdırma aparmadan qətnamə qəbul etmişdir. İddiaçı uzun sürən məhkəmələrdən qurtarmaq üçün kompensasiyanın məbləğini artıraraq hər bir cavabdeh üçün 5500 manat olmaqla, cəmi 11000 manat məbləğində kompensasiya təklif edir. Ona görə də cavabdehlərə 11000 manat kompensasiya ödənilməklə iddia tələbinin təmin olunmasını xahiş edir.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, məhkəmə qərarı ilə həmin evə köçürülmüşdür. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə razı deyil. Əgər iddiaçı tərəf onlara 25000 manat kompensasiya ödəyərsə, onda iddianı qəbul edər. Hazırki halda iddianı və apellyasiya şikayətini qəbul etmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
21. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Vüqar onun əri olmaqla hazırda başqa ünvanda kirayədə yaşayırlar. Vüqar hazırda Türkiyə Respublikasındadır. Əgər iddiaçı tərəf onlara ümumilikdə 25000 manat məbləğində pul ödəyərsə iddianı qəbul edərlər, əks halda iddia tələbinə etiraz edirlər. Təklif olunan 11000 manatla Göyçayda ev almaq mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27.1-ci maddəsinə əsasən Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəasinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci madddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cu maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(051)-228/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(051)-228/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və Göyçay Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(046)-21/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
27. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsindən ibarətdir.
28. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir.
29. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
30. İşin mübahisə olunmayan hallarına görə Göyçay şəhəri H.Əliyev prospekti ev 48, mənzil 12, xx.xx.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdehlər məhkəmə qətnaməsi ilə həmin ünvana köçürülməklə yaşamaq hüququ əldə etmiş, iddiaçı tərəf hətta bunu istifadə hüququnun olması kimi qiymətlənduirmişdir.
31. İddiaçı cavabdehlərlə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehlərə cəmi 10000 manat (hər birinə 5000 manat olmaqla) kompensasiya verilməklə onların mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş edir.
32. Cavabdeh tərəf isə iddiaçının təklif etdiyi 5000, cəmi 10000 manat kompensasiya məbləği ilə razı deyil. Etirazlarının əsası kimi onu göstərirlər ki, həmin məbləğlə normal şəraiti olan yaşayış sahəsi ilə təmin edilməsi mümkün deyil, həmçinin evin dəyəri düzgün qiymətləndirilməmişdir.
33. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər keçmiş ərarvad və oğul olmasına baxmayaraq aralarındakı münasibətlər tamamilə kəskinləşmiş və onların birlikdə yaşaması mümkün deyildir.
34. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəf ata-oğul olmaqla ayrı yaşayırlar, yəni cavabdehlərdə Cavabdeh2 uzun müddətdir ki, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Göründüyü kimi Cavabdeh2 öz mənzil tələbatını başaq ünvanda təmin etmişdir.
35. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.
36. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.
37. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
38. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.
39. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur
40. Ona görə də iddiaçının cavabdehlərə təklif edildiyi sonuncu məbləğ, yəni hər birinə 5500 manat (cəmi 11.000 manat) kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur
41. Mənzilin dəyəri və ya aylıq kirayə haqqı ilə bağlı arayışın birinci instansiya məhkəməsinə təqdim edilməsi, cavabdehlərin həmin sübutun araşdırlmasında iştirakının olmaması və ya razılaşmaması ilə bağlı qeyd edilir ki, hazırkı tələbin təmin olunması üçün həmin arayışlar müstəsna əhəmiyyət kəsb etmir.
42. Çünki hazırkı işdə işin halları aşkardır. Belə ki, mülkiyyətçi Göyçay şəhərində yerləşən 73.8 kv.m.dən ibarət yaşayış sahəsinə görə cavabdehlərə kompensasiya təklif etməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
44. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
45. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur.
46. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır.
47. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmə təklif olunan kompensasiya məbləğini ağlabatan hesab etməməklə yanaşı sonradan artırılan məbləğə də münasibət bildirməmişdir.
48. Məhz bu baxımdan məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfin kompensasiya məbləğinin artrılması ilə bağlı mövqeyi öyrənilmişdir.
49. İddiaçının nümayəndəsi (həmçinin vəkili) X5 məhkəməyə yazılı ərizə təqdim edərək kompensasiya məbləğini artıraraq hər bir cavabdehə 5500 (beş min beş yüz) manat olmaqla, cəmi 11.000 (on bir min) manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
50. Kollegiyanın qənaətinə görə iddiaçı tərəfin təklif etdiyi hazırki kompensasiya məbləği (hər bir cavabdehə 5500 manat, cəmi 11.000 manat) işin hallarına uyğundur.
51. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(046)-21/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və X2 hər birinə 5500 (beş min beş yüz) manat olmaqla, cəmi 11.000 (on bir min) manat məbləğində pul kompensasiyası ödənilməklə onların Göyçay şəhəri H.Əliyev Prospekti ev 48, mənzil 12dən istifadə hüquqlarına xitam verilsin və cavabdehlər mənzildən çıxarılsın. Yaşayış binasının tərkib hissəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları pul kompensasiyasının verilməsi ilə eyni vaxtda icra olunsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov