Məhkəmə qərarları › İş №2(107)-1015/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1015/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1015/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(054)-86/2021 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(054)-86/2021 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə barədə iddia tələbinin İddiaçı2 aid hissəsinin təmin edilməməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçılara aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Xalxal kəndində cavabdehlə ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin üzərindəki, mərhum X1 miras qalmış fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar öz tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 xx.xx.1968-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuşdur və hazırda da həmin kənddə qeydiyyatdadır. Digər İddiaçı2 isə xx.xx.1995-ci il tarixdə Oğuz rayonu Qarabulaq kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Xalxal kəndində qeydiyyatdadır. İddiaçı1 ailə quran zaman Oğuz rayonu Qarabulaq kəndinə köçsə də, 1997-ci ildə əri vəfat edəndən sonra oğlu İddiaçı2la birlikdə Oğuz rayonu Xalxal kəndinə valideynlərinin evinə qayıtmış və öz əmlaklarını da həmin evə gətirmişdir. İddiaçı1 2001-ci ildə işi ilə bağlı müvəqqəti yaşamaq üçün Oğuz şəhərinə gəlmiş, ancaq gələcəkdə geri qayıtmaq barədə anası Göhər Şərifova və qardaşı - hazırki iş üzrə Cavabdehla razılaşmışdır. Onlar Oğuz şəhərində kirayə ev tutaraq yaşamağa başlamış, ancaq özlərinə məxsus əmlakları Oğuz rayonu Xalxal kəndindəki evdə qalmışdır. 2018-ci ildə iş olmadığına və kirayə haqqını ödəyə bilmədiklərinə görə Xalxal kəndinə öz ata evinə qayıtmaq istəyərkən cavabdeh onları evə buraxmamış, bununla bağlı aralarında mübahisə yaranmışdır. Xalxal kəndindəki təsərrüfatın başçısı olan mərhum Göhər Şərifova 11.09.2008-ci il tarixdə vəfat etmiş, anasının vəfatından sonra fərdi yaşayış evi ondan miras qalmışdır. Həmin ev aqrar islahat zamanı onların özlərinin, mərhum Göhər Şərifovanın və cavabdehin ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin üzərindədir. Onlar özləri həmin həyətyanı torpaq sahəsində ayrıca fərdi yaşaış evi inşa etməyə başlasalar da, gəlirlərinin azlaması səbəbindən evin inşası yarımçıq qalmışdır və həmin ev hələlik yaşamaq üçün yararlı deyildir. Hazırki vəziyyətdə Oğuz şəhərində yaşadıqları evin də kirayə haqqını ödəyə bilmədiklərindən həmin evdən çıxmaq məcburiyyətindədirlər. Onların digər yerdə yaşayış sahəsi olmadığından mərhum X1 miras qalmış fərdi yaşayış evinə köçüb yaşamaq istəyirlər. Cavabdeh isə buna imkan vermir. Hazırki vəziyyətdə həmin evin xüsusi mülkiyyətçisi olmadığından, həmin ev onların özlərinin və cavabdehin ümumi istifadəsində və sahibliyində olduğundan hesab edirlər ki, onlar qeyd olunan evə münasibətdə cavabdehlə bərabər hüquqlara malikdirlər. Ona görə də onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 öz iddia tələblərini müdafiə etdiklərini bildirdilər və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh (bundan sonra Cavabdeh və ya cavabdeh) məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini əsassız hesab etdiyini bildirmiş və həmin iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Oğuz rayon məhkəməsinin verdiyi 2(054) - 86/2021 saylı qətnaməsini ədalətsiz hesab edir. İstifadə hüququnu tələb etdiyimiz yaşayış evi JN - 119F kod (********) nömrəli TMVDŞ'yə əsasən ümumi birgə mülkiyyətdə yerləşən torpaq sahəsi üzərində tikilmiş, sahəsi 152,2 (kv.m.) olan X1 miras qalmış fərdi yaşayış evidir. Bu fakt Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli 2(107) - 3173/2019 saylı qətnaməsində (Səh.4, 11-ci abzas) öz təsdiqini tapmışdır. Qeyd olunan iş üzrə - Məhkəmə tərəfindən aparılan araşdırmadan da müəyyən olundu ki, mübahisə predmətinə aid olan, iddiaçı və cavabdehin valideyinlərinə məxsus olmuş təsərrüfatda 1998-ci İldə inşa edilmiş fərdi yaşayış evində hazırda cavabdeh öz ailə üzvləri (arvadı və uşaqları) ilə birlikdə yaşayır və yaşadığı ərazinin İcra Nümayəndəliyində həmin evin yerləşdiyi 198 nömrəli təsərrüfatda qeydiyyatdadır. Həmin təsərrüfat əvvəllər iddiaçı ilə cavabdehin mərhum anası Göhər Şərifovaya məxsus olmuşdur. Qeyd olunan təsərrüfatda hazırda cavabdeh və ailə üzvlərindən (arvad və uşaqları) başqa hər hansı şəxs yoxdur. İddiaçı 2006-2010-cu illərdə oğlu İddiaçı2la birlikdə Oğuz rayon Xalxal kəndində anası X2 məxsus təsərrüfatda qeydiyyatda olsa da, hazırki vəziyyətdə Xalxal kəndi üzrə 199 nömrəli təsərrüfatda öz oğlu İddiaçı2la birlikdə qeydiyyatdadır və həmin təsərrüfatda 2017-ci ildə inşa edilmiş fərdi yaşayış evi qeyde alınmışdır. 2017-ci ildə inşa edilmiş fərdi yaşayış evi yarımçıq tikilidir.Yarımçıq inşa edilmiş yaşayış evi JN - 119H kod (********) TVMDŞ’də yerləşir.Yarımçıq tikilidə yaşamaq qeyri mümkündür. 2(107)-3173/2019 saylı qərarda 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evinin Göhər Şərifovaya məxsus olduğu sübuta yetirildi. Göhər Şərifovaya məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazi İcra Nümayəndəliyində 198 nömrəli təsərrüfatda qeydiyyata alınıb. AR Oğuz Rayonu icra Hakimiyyətinin Başçısının Xalxal inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 06.04.2021-i il tarixli, 127 nömrəli Arayışa əsasən, İddiaçı2, İddiaçı1 198 saylı təsərrüfatda qeydiyyatdadır. Gövhər Şərifovaya məxsus fərdi yaşayış evi JN - 119F kod (********) nömrəli TMVDŞ’də göstərilən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində yerləşir. JN - 119F kod (********) nömrəli TMVDŞ’də Göhər Şərifovaya məxsus fərdi yaşayış evindən başqa heçbir fərdi yaşayış evi mövcud deyil. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(054)-86/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrı yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(054)-86/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar Oğuz rayonu Xalxal kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Oğuz şəhərində yaşayırlar. İddiaçılar Oğuz rayon İHB-nın Xalxal İƏD üzrə Nümayəndəliyində ayrı təsərrüfat kimi qeydə alınmışlar. Cavabdeh də həmin nümayəndəliyin ərazisində ayrı təsərrüfatda yaşayır. Hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evinin yerləşdiyi təsərrüfatda əvvəllər 1959-cu ildə inşa edilmiş, İddiaçı1 və cavabdehin valideynlərinə məxsus olan yaşayış sahəsi olmuş, 1998-ci ildə həmin həyətdə hazırki ev tikilərkən əvvəlki ev sökülmüşdür. Hazırda iddiaçılar mərhum X1 miras qalmış fərdi yaşayış evinə onların köçüb yaşamalarına cavabdehin imkan vermədiyini bildirərək özlərinin həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Cavabdeh isə iddiaçıların hazırki iddia tələbini əsassız hesab edir və həmin iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçılar Oğuz rayonu Xalxal kəndində yerləşən, mərhum X2 məxsus olmuş təsərrüfatda qeydiyyatda olduqlarını iddia etsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, onların dəlilləri iş materialları və işin faktiki halları ilə tam təkzib edilmişdir. 2019-cu ildə Oğuz Rayon Məhkəməsinin icraatında İddiaçı1 Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması və özünün həmin evə köçürülməsi tələbinə dair olmuş mülki işə Oğuz Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli 2(054)-401/2019 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli 2(107)-3173/2019 nömrəli qətnamələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.08.2020-ci il tarixli 2(102)-2591/2020 nömrəli qərarının ümumi məzmunundan görünür ki, İddiaçı1 evə köçürülmə tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Qeyd olunan mülki işdə də İddiaçı1 köçürülməsini tələb etdiyi ev hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evi olmuşdur. Həmin iddia tələbinin təmin edilməməsinin əsası kimi qeyd edilmişdir ki, mübahisə predmetinə aid olan, iddiaçı və cavabdehin valideynlərinə məxsus olmuş təsərrüftada 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evində hazırda cavabdeh öz ailə üzvləri (arvadı və uşaqları) ilə birlikdə yaşayır və yaşadığı ərazinin İcra Nümayəndəliyində həmin evin yerləşdiyi 198 nömrəli təsərrüfatda qeydiyyatdadır. Həmin təsərrüfat əvvəllər iddiaçı ilə cavabdehin mərhum anası Göhər Şərifovaya məxsus olmuşdur. Qeyd olunan təsərrüfatda hazırda cavabdeh və ailə üzvlərindən (arvadı və uşaqları) başqa hər hansı şəxs yoxdur. İddiaçı 2006-2010-cu illərdə oğlu İddiaçı2la (hazırki iş üzrə digər iddiaçı) birlikdə Oğuz rayonu Xalxal kəndində anası X2 məxsus təsərrüfatda qeydiyyatda olsa da, hazırki vəziyyətdə Xalxal kəndi üzrə 199 nömrəli təsərrüfatda öz oğlu İddiaçı2la birlikdə qeydiyyatdadır və həmin təsərrüfatda 2017-ci ildə inşa edilmiş fərdi yaşayış evi qeydə alınmışdır. Hazırki iş üzrə iddiaçıların mübahisə predmetinə aid olan, Oğuz rayonu Xalxal kəndində yerləşən fərdi yaşayış evinə münasibətdə hər hansı hüquqlara malik olmadıqları işin faktiki halları və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda da iddiaçılar öz iddia tələblərinin əsası kimi 2019-cu ildə məhkəmənin icraatında olmuş mülki iş üzrə təqdim edilmiş dəlillərdən əlavə məhkəməyə hər hansı dəlil və ya digər sübut təqdim etməmişlər. Bu da onu deməyə əsas verir ki, iddiaçıların hazırki iş üzrə mübahisə predmetinə aid olan fərdi yaşayış evinə münasibətdə hazırda da hər hansı hüquqları mövcud deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı2 hazırki iddia tələbinin heç bir hüquqi əsası olmadığından həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(054)-86/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyаsı bu nəticəyə gələrkən Şəki Apellyasiya məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(107)-1015/2021 nömrəli Oğuz Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2 (054) - 86 / 2021 nömrəli “həmin iddia tələbinin İddiaçı1 aid hissəsi üzrə icraata Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi” ilə bağlı qərardadın qüvvədə saxlanılması barədə olan qərardadını nəzərə almışdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(054)-86/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar