Məhkəmə qərarları › İş №2(107)-1019/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1019/2022

24.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1019/2022 24.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ‘Aceessbank’ Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, Cavabdeh5 iştirakı ilə, İddiaçı ‘Aceessbank’ Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(046)-82/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları xx.xx.2013-cu il tarixdə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 26R000005892 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə 30.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 26R000005892SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etmək məqsədilə cavabdehlər Cavabdeh2 və X5 ilə xx.xx.2014-cü il tarixdə, Cavabdeh3 ilə xx.xx.2013-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2013-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı AccessBank QSC iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 15901.64 ABŞ Dolları məbləğində kredit borcu, 21133.36 ABŞ Dolları məbləğində faiz borcu və 15984.87 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 53019.87 ABŞ Dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, evdən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AccessBank QSC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2013-cu il tarixdə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 26R000005892 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə 30.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 26R000005892SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 banka cəmi 36609.77 ABŞ dolları borcu vardır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etmək məqsədilə cavabdehlər Cavabdeh2 və X5 ilə xx.xx.2014-cü il tarixdə, Cavabdeh3 ilə xx.xx.2013-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2013-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit xətti üzrə kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində izahat vermiş Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, AccessBank QSC ilə cavabdeh kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığından cavabdeh banka olan borcunu qaytara bilməmişdir. Banka olan kredit borcunu hissə-hissə qaytaracaqdır. Tələbin cərimə hissəsini əsassız hesab edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh2, X1 Gülüş Feyruz qızı bankla zaminlik müqaviləsi bağlamışdır. Cavabdehlər Cavabdeh2, X1 Gülüş Feyruz qızı Cavabdeh1 50.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 isə yuxarıda qeyd edilən müqavilə üzrə cəmi 30.000 ABŞ dolları kredit verilmişdir. İddiaçı AccessBank QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmış, kredit xətti müqaviləsi üzrə kreditin faiz dərəcəsinə və ödəniş planına dəşiklik edilmişdir. xx.xx.2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən kredit razılaşması üzrə ödəniş cədvəlinin müddətinə artırılaraq xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Buna görə də AccessBank QSC qarşısında Cavabdeh2, X5, Cavabdeh3 nın zamin kimi öhdəliklərinin müddəti xx.xx.2019cu il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsini xx.xx.2021-ci il tarixdə iddia ərizəsi tərtib etməklə, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, yəni zaminlik müqaviləsinin qüvvədə olma müddətindən 1 il keçdikdən sonra müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlər zaminlər Cavabdeh2, X2 və Cavabdeh3 tələb etməkdə haqlı deyildir. İddia onlara qarşı qaldırılan hissədə təmin edilə bilməz. Bundan başqa AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 qızının mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evi AccessBank QSC ilə Cavabdeh1 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, AccessBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh3 ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlərdən kredit razılaşması üzrə 15984.87 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 984.87 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 100 manat ekspertiza xərci cavabdehdən alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 kredit razılaşması üzrə 15901.64 ABŞ dolları əsas borcu, 3608.40 ABŞ dolları faiz borcu, 984.87 ABŞ dolları cərimə borcu, cəmi 20494.91 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat, likvid dəyəri 45.000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1 Sədrədin oğlundan alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Göyçay Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(046)-82/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin olunmuş, Cavabdeh1 kredit razılaşması 15901.64 ABŞ dolları əsas borcu, 3608.40 ABŞ dolları faiz borcu, 984.87 ABŞ dolları kredit borcunun, cəmi 20494.91 ABŞ dolları kredit borcu Azərbaycan manatı ilə məzənnəsi, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqının tutularaq AccessBank QSC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat, likvid dəyərinin 45.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddia tələbi qalan hissədə və kredit borcunun tutulmasına dair cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qaldırılan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pulun Cavabdeh1dan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448, 462, 467 və 477-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə 300000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin sonu xx.xx.2019-cu il tarixədək dəyişdirilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, AccessBank QSC ilə X3 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evi iddiaçı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6001 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 kredit razılaşması üzrə əsas borc üzrə 15.901.64 ABŞ dolları və faiz borcu üzrə 3608.40 ABŞ dolları təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən ekpert rəyi nəzərə alınmalıdır. Ekspertiza xərci 100 manat təşkil edir. Lazur-A MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 50.000, likvid dəyəri isə 45.000 manat təşkil edir. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh3 və Cavabdeh5 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ipoteka müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Belə ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evi Cavabdeh5 ilə Cavabdeh3 birgə nigah dövründə əldə edilmişdir. Həmin əmlakın bir hissəsi Cavabdeh3, qalan hissəsi isə Cavabdeh5 mülkiyyəti sayılır. Həmin əmlakın ipotekaya qoyulması yalnız Cavabdeh5 razılığı ilə həyata keçirilməli idi. Lakin Cavabdeh5 həmin əmlakın ipotekaya qoyulmasına razılıq verməmişdir. Həmin əmlakın ipotekaya qoyulmasına razılıq verilməsi barədə 26 sentyabr 2013-cü il tarixli ərizədəki imza Cavabdeh5 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Lakin işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013- cu il tarixli ipoteka müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməmişdir. Göründüyü kimi məlikəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə xx.xx.2013-cu il tarixli ipoteka müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməmişdir. Bununla da məlikəmə Mülki Məcəllənin 337.1 -ci maddəsinin və Mülki Məcəllənin 339-ci maddəsinin tətbiqində səhvə yol vermişdir Həmçinin, birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin, həmin Qanunun 1.0.9-cu maddəsinin. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 7-ci və 8-ci maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da tətbiq edilməli olan maddi hüquq normasım tətbiq etməmiş, nəticədə ipoteka predmeti olan əmlak dəyərindən çox aşağı qiymətə qiymətləndirilmişdir. Bu isə öz növbəsində Cavabdeh3 həmin əmlak üzərində mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəkdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(046)-82/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçı AccessBank QSC-nin iddiası əsassız olduğu üçün təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, arvadı Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipotekaya qoyan zaman o, 3 il müddətinə ipoteka qoyulmasına razılıq vermişdir. Sonrakı dəyişikliklərdən məlumatı olmamışdır. 3 ildən sonra devalvasiya olduğuna görə oğlu Mehman götürdüyü kredit borcunu ödəyə bilməmişdir. İddiaçı ‘Aceessbank’ Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 277.1-ci maddəsinə görə ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 432.4-cü maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(046)-82/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində Cavabdeh5 həmin əmlakın ipotekaya qoyulmasına razılıq verməməsi, həmin əmlakın ipotekaya qoyulmasına razılıq verilməsi barədə 26 sentyabr 2013-cü il tarixli ərizədəki imza Cavabdeh5 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh5 məhkəmə kollegiyasının iclasında iştirak edərək izahatında 2013-cü ildə ipoteka müqaviləsi bağlanarkən hazırki iş üzrə cavabdeh olan arvadı Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipotekaya qoyan zaman o, 3 il müddətinə ipoteka qoyulmasına razılıq vermişdir. Həmin razılıq yazılı formada ifadə edilmişdir və onun kserosurəti mülki işin 26-cı vərəqindədir. Həmin ərizədə göstərilmişdir ki, Cavabdeh5 həyat yoldaşı Cavabdeh3 məxsus olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ‘Aceessbank’ Qapalı Səhmdar Cəmiyyətinə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda, onu qeydşərtsiz tərk edəcəyini öhdəsinə götürür. Həmin ərizədə öhdəliyin 3 il müddətinə götürüldüyü barədə heç bir qeyd yoxdur. Məhkəmə kolelgiyası qeyd edir ki, əmlakın ipotekaya qoyulmasına razılığı tələb olunan şəxsin ipoteka müqaviləsi bağlandığı zaman razılığı tələb olunur ki, hazırki iş üzrə də Cavabdeh5 evin ipotekaya qoyulmasına razılıq vermişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində ipoteka predmeti olan əmlakın dəyərindən çox aşağı qiymətə qiymətləndirilməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, 26 sentyabr 2013-cü ildə ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 18.828 manat müəyyən edilmişdir ki, hazırki qətnamə ilə ipoteka predmetinin müəyyən olunmuş 50.000 manat ilkin satış qiyməti həmin qiymətdən təqribən 2.5 dəfə çoxdur. Bu da ona dəlalət edir ki, apellyatorların həmin dəlili əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti olaraq onun likvid dəyəri (hazırki iş üzrə 45.000) göstərilməli olduğu halda, onun bazar qiyməti olan 50.000 manat ilkin satış qiyməti kimi müəyyən edilmişdir. Həmin hal iddiaçı tərfindən mübahisələndirilmədiyindən araşdırılmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən borc və ipoteka münasibətləri haqqında maddi hüquq normalarının bir çoxunu qətnamədə qeyd etməsə də, qətnamənin məzmunundan həmin maddələrə istinad edərək qərar qəbul etdiyi görünür. Bu səbəbdən də, məhkəmə kollegiyası qətnamənin maddi hüquq normalarının göstərilməməsi əsası ilə ləğv olunmasına zərurət görməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(046)-82/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(046)-82/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar