Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-102/2022 19.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azneftemaş ASC-nin Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Azneftemaş ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-813/2021 saylı, 21 iyun 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları Azneftemaş ASC iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-yə məxsus, Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən, Gəncə şosesinin sol tərəfində yerləşən və Cavabdeh tərəfindən zəbt olunmuş 3,0 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı ASC-yə qaytarılması, torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoyulması, habelə torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən, 4-cü döngə, 98A ünvanında yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyası aid olan 0.142810 ha torpaq sahəsi (əmlak kompleksi) İddiaçı ASC-yə məxsusdur. Bununla bağlı İddiaçı ASC-yə qeydiyyat nömrəsi ********** olan 07.10.2014-cü il tarixli çıxarış, habelə 03.10.2014-cü il tarixli, inventar nömrəsi 23129 olan “Texniki pasport” verilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, Mingəçevir şəhəri, Gəncə şosesində yerləşən, 4-cü döngə, 98A ünvanında yerləşən əmlak kompleksi iddiaçının mülkiyyətindədir, torpaq sahəsi isə daimi istifadəsindədir. Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 nömrəli qərarı ilə İddiaçı ASC-ə məxsus və Mingəçevir şəhəri, Gəncə şosesinin sol tərəfindən yerləşən 3,0 ha torpaq sahəsi Cavabdeh örüş sahəsi kimi 25 il müddətinə icarəyə verilmişdir. Mingəçevir Bələdiyyəsi İddiaçı ASC-yə məxsus torpaq sahəsi üzərində buna səlahiyyəti olmadığı halda sərəncam vermişdir. Bu səbəbdən İddiaçı ASC, Mingəçevir Bələdiyyəsi və Cavabdeh qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 saylı qərarının ləğv edilməsi, ASC-yə məxsus və Cavabdeh tərəfindən zəbt edilmiş 3.0 ha torpaq sahəsinin Cavabdeh alınıb ASC-yə qaytarılması. Cavabdeh həmin torpaq sahəsindən məcburi çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-36/2021 saylı 19.02.2021-ci il tarixli qərardadıda qeyd olunmuşdur ki, “İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin 31 may 2020-ci il tarixli 09/3 nömrəli qərarından müəyyən edilir ki, Mingəçevir şəhərində məskunlaşmış Ağdam rayonu köçkünü Cavabdeh Mingəçevir-Gəncə şosesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 nömrəli qərarı və ona aid digər sənədlər Mingəçevir Şəhər Arxivində olmadığı üçün etibarsız sayılmışdır. Məhkəmə yuxarıda sadalanan iş materiallarına əsasən iddiaçının tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, tələbin ilk hissəsində ləğvi tələb edilən bələdiyyə qərarı bələdiyyənin digər qərarı ilə artıq etibarsız hesab edilmiş və beləliklə tərəflər arasında mübahisə predmeti mövcud deyil. İddia tələbinin ikinci və üçüncü hissələri ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, həmin tələblərlə bağlı işə inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin iddiaçıya bildirilir ki, inzibati məhkəmə icraatının iştirakçısı olaraq cavabdeh qismində fiziki şəxs göstərilə bilməz. Hazırki halda Cavabdeh iddia ərizəsində cavabdeh qismində qeyd edilmişdir. Beləliklə iddiaçı tərəfindən ləğvi tələb edilən qərar həmin qərarı vermiş cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab edildiyi üçün hazırkı iddia mümkün sayılmamalıdır.” Şəki İnzibati Məhkəməsinin 2-1(116)-36/2021 saylı 19.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin həmin iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, “...bələdiyyə qərarı bələdiyyənin digər qərarı ilə artıq etibarsız hesab edilmiş və beləliklə tərəflər arasında mübahisə predmeti mövcud deyil. İddia tələbinin ikinci və üçüncü hissələri ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, həmin tələblərlə bağlı işə inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır”. “...iddiaçı tərəfindən ləğvi tələb edilən qərar həmin qərarı vermiş cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab edildiyi üçün hazırkı iddia mümkün sayılmamalıdır.” Həmin qərardadda həmçinin qeyd olunur ki, iddia ərizəsi ilə irəli sürülmüş digər tələblər, yəni cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması və həmin sahənin iddiaçıya qaytarılması” barədə tələblərə inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. 07.10.2014-cü il tarixli ********** çıxarış əsasında İddiaçı ASC-nin mülkiyyətində olan 3,0 ha torpaq sahəsi qanunsuz olaraq, buna heç bir hüquq müəyyənedici sənəd olmadan Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh uzun müddətdirki, həmin sahədən özünün xeyrinə qanunsuz istifadə edir. Bununla da cavabdeh İddiaçı ASC-nin mülkiyyətinin hüquqları kobudcasına pozulmuşdur. Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı, zəbt olunmuş torpaq sahəsi isə cavabdeh tərəfindən boşaldılaraq mülkiyyətçisinə- İddiaçı ASC-yə qaytarılmalı, cavabdehə həmin torpaq sahəsindən istifadəyə qadağa qoyulmalı, iddiaçının torpaq sahəsindən istifadə edilməsinə maneələrin törədilməsi isə cavabdehə qadağa edilməlidir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tаrixli, 2(051)-813/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ASC-yə məxsus, Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən, Gəncə şosesinin sol tərəfində yerləşən və Cavabdeh tərəfindən zəbt olunmuş 3,0 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı ASC-yə qaytarılması, torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoyulması, habelə torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Mingəçevir şəhərində yerləşən 1310.5 kv.metr ölçülü daşınmaz əmlakın ümumi sahəsi olmaqla torpaq sahəsi 0,142810 ha ölçülü olan əmlak mülkiyyəti İddiaçı ASC-nin tam, xüsusi mülkiyyətində olmaqla, adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində 07.10.2014-cü il tarixdə qeydiyyata alınmışdır. DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinin 18 iyun 2021-ci il tarixli müətəxəssis rəyinə əsasən İddiaçı ASC-yə məxsus 47.9812 ha torpaq sahəsinin şimal-qərb tərəfindən 5.40 ha torpaq sahəsi zəbt olunaraq kanal ilə sərhəd olunduğu qeyd edilmişdir. DƏDRX-ın 17 saylı Ərazi İdarəsinin Texniki Pasportuna əsasən, Mingəçevir şəhəri, Gəncə şosesi 4cü döngə, 98 A ünvanında yerləşən mülkiyyətin hüquq subyekti İddiaçı ASC-dir. Azərbaycan Respublikası Dövlət X1 10.12.2020-ci il tarixli məktubuna əsasən Mingəçevir Şəhər Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 saylı qərarında Cavabdeh adına torpaq sahəsi verilməsi qeyd edilməmişdir. Mingəçevir Şəhər Bələdiyyəsinin 31 may 2020-ci il tarixli 09/3 nömrəli qərarına əsasən Mingəçevir şəhərində məskunlaşmış, Ağdam rayonu köçkünü Cavabdeh Mingəçevir-Gəncə şosesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3.0 (üç) hektar torpaq sahəsinin icarəyə verilməsi barədə Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/4 saylı qərarı və ona aid digər sənədlər Mingəçevir Şəhər Arxivində olmadığı üçün etibarsız sayılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia predmeti olan torpaq sahəsinin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər iddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və bu torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı, DƏDRX-ın 17 saylı Ərazi İdarəsinin texniki pasportu, torpaq sahəsinin planı və ölçüsünü təqdim etməklə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Baxılan iş üzrə, torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsinə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin torpaq sahəsindən istifadə hüququna razılıq verməyə borclu olsun. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASC-yə məxsus, Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən, Gəncə şosesinin sol tərəfində yerləşən və Cavabdeh tərəfindən zəbt olunmuş 3,0 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı ASC-yə qaytarılmalı, torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoyulmalı, habelə torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 158.1, 158.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli Qərarı, də hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar o, 1993-cü ildə ailə ilə birlikdə Mingəçevir şəhərinə gəlmiş və 6 nəfər ailə üzvü ilə birlikdə Mingəçevir şəhəri Gəncə şossesində olan dəmir konstruksiyalı qaz doldurma məntəqəsində məskunlaşaraq indiyə kimi yaşayırlar. 1995-ci ildə əkiz uşağı anadan olduqdan sonra onun müraciəti əsasında şəhər İcra Hakimiyyəti yaşadıqları yerin yanında olan 3 hektar istifadə olunmayan torpaq sahəsini mal-qarasını saxlamaq və təsərrüfatla məşğul olmaq üçün ona vermişdir. Həmin vaxtdan da 3 hektar torpaq sahəsində təsərrüfatla məşğul olur. Onun müraciətindən sonra Mingəçevir Şəhər Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 nömrəli qərarı ilə həmin torpaq sahəsi 25 il müddətinə onun istifadəsinə verilmişdir. Bu barədə onunla Bələdiyyə arasında torpaq icarə müqaviləsi bağlanmış və illik icarə haqqı müəyyən edilmişdir. Bundan sonra o, həmin qərardan və torpaq icarəsi müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında yerinə yetirmiş, icarə haqqını vaxtlı vaxtında ödəmişdir. Onun yaşadığı metal konstruksiyalı vaqon-ev 18.01.2017-ci il tarixdə yanmışdır. İcarə haqqının ödənməsini təsdiq edən sənədləri, eləcə də icarə müqaviləsinin ona verilən nüsxəsi də evin yanması nəticəsində məhv olmuşdur və qalmamışdır. Sonradan ona məlum olmuşdur ki, Mingəçevir Bələdiyyəsi 31.05.2020-ci il tarixli 09/3 saylı qərarı ilə onun istifadə etdiyi 3,0 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə həmin Bələdiyyənin 24.07.2007-ci il tarixli 39/4 №-li qərarını etibarsız saymışdır. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən bələdiyyə orqanları bələdiyyə qərarlarını etibarsız hesab edə bilməz. Bələdiyyə qərarları yalnız məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Buna görə də Mingəçevir Bələdiyyəsinin 31.05.2020-ci il tarixli 09/3 №-li qərarının ləğv edilməsi üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Mingəçevir Şəhər Məhkəməsində Azneftmaş ASC-nin ona qarşı iddiasına baxılarkən o, ətraflı izahat verərək bunları göstərmiş və bildirmişdir ki, Şəki İnzibati Məhkəməsində onun iddiasına baxılmamışdır və yalnız İnzibati Məhkəmənin qərarı məlum olandan sonra mübahisəli 3,0 hektar torpaq sahəsinin ona, yaxud iddiaçıya məxsus olub-olmaması məlum olacaqdır. Təklif etmişdir ki, İnzibati Məhkəmənin yekun qərarının çıxarılmasına kimi, bu məsələnin baxılması təxirə salınsın. Lakin Məhkəmə buna məhəl qoymamışdır. Bundan başqa qeyd etdiyi kimi o, ailəsi ilə birlikdə məcburi köçkün kimi 1993-cü ildən həmin sahədə məskunlaşmış və 1995-ci ildən İcra Hakimiyyəti tərəfindən ona verilmiş 3,0 hektar torpaq sahəsindən istifadə edir. Uzun illər ərzində həmin torpaq sahəsini qoruyub saxlamışdır. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli sərəncamının 2- ci bəndində qeyd edilir ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələr və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmə onun çıxarılmağı barədə qətnamə qət edərkən bunları da nəzərə almamışdır. Məhkəmə qətnamə qət edərkən sübutları düzgün qiymətləndirməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmaqla qətnamə qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1. maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mingəçevir Şəhər Məhkəməsi tam əsassız və qanunsuz qətnamə çıxarmışdır. Hətta məhkəmə onların məcburi köçkün olmalarını, 28 il müddətində qeyd edilən torpaq sahəsində məskunlaşaraq oranı qoruyub saxlamalarını da nəzərə almamışdır. Beləliklə, qeyd edilənlər bir daha onu sübut edir ki, məhkəmə qətnamə qət edərkən həm maddi, həm də prossesual hüquq normalarının tələbini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassız olduğu üçün ləğv edib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azneftemaş ASC-nin nümayəndəsi X3 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tаrixli, 2(051)-813/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassız olduğu üçün ləğv edib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(051)-813/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(051)-813/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhərində yerləşən 1310.5 kv.metr ölçülü daşınmaz əmlakın ümumi sahəsi olmaqla torpaq sahəsi 0,142810 ha ölçülü olan əmlak mülkiyyəti İddiaçı ASC-nin tam, xüsusi mülkiyyətindədir. Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 nömrəli qərarı ilə İddiaçı ASC-ə məxsus və Mingəçevir şəhəri, Gəncə şosesinin sol tərəfindən yerləşən 3,0 ha torpaq sahəsi Cavabdeh örüş sahəsi kimi 25 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət X1 10.12.2020-ci il tarixli məktubuna əsasən Mingəçevir Şəhər Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 saylı qərarında Cavabdeh adına torpaq sahəsi verilməsi qeyd edilməmişdir. Mingəçevir Şəhər Bələdiyyəsinin 31 may 2020-ci il tarixli 09/3 nömrəli qərarına əsasən Mingəçevir şəhərində məskunlaşmış, Ağdam rayonu köçkünü Cavabdeh Mingəçevir-Gəncə şosesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3.0 (üç) hektar torpaq sahəsinin icarəyə verilməsi barədə Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/4 saylı qərarı və ona aid digər sənədlər Mingəçevir Şəhər Arxivində olmadığı üçün etibarsız sayılması qərara alınmışdır. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, 1995-ci ildə əkiz uşağı anadan olduqdan sonra onun müraciəti əsasında şəhər İcra Hakimiyyəti yaşadıqları yerin yanında olan 3 hektar istifadə olunmayan torpaq sahəsini mal-qarasını saxlamaq və təsərrüfatla məşğul olmaq üçün ona vermişdir. Həmin vaxtdan da 3 hektar torpaq sahəsində təsərrüfatla məşğul olur. Onun müraciətindən sonra Mingəçevir Şəhər Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 nömrəli qərarı ilə həmin torpaq sahəsi 25 il müddətinə onun istifadəsinə verilmişdir. Mingəçevir Bələdiyyəsi 31.05.2020-ci il tarixli 09/3 saylı qərarı ilə onun istifadə etdiyi 3,0 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə həmin Bələdiyyənin 24.07.2007-ci il tarixli 39/4 №-li qərarını etibarsız saymışdır. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən bələdiyyə orqanları bələdiyyə qərarlarını etibarsız hesab edə bilməz. Bələdiyyə qərarları yalnız məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Buna görə də Mingəçevir Bələdiyyəsinin 31.05.2020-ci il tarixli 09/3 №-li qərarının ləğv edilməsi üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Mingəçevir Şəhər Məhkəməsində Azneftmaş ASC-nin ona qarşı iddiasına baxılarkən o, ətraflı izahat verərək bunları göstərmiş və bildirmişdir ki, Şəki İnzibati Məhkəməsində onun iddiasına baxılmamışdır və yalnız İnzibati Məhkəmənin qərarı məlum olandan sonra mübahisəli 3,0 hektar torpaq sahəsinin ona, yaxud iddiaçıya məxsus olub-olmaması məlum olacaqdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, formal mülahizələri əsaslanır. Belə ki, iş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-36/2021 saylı qərardadından görünür ki, İddiaçı ASC Mingəçevir Bələdiyyəsi və Cavabdeh qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 saylı qərarının ləğv edilməsi, ASC-yə məxsus və Cavabdeh tərəfindən zəbt edilmiş 3.0 ha torpaq sahəsinin Cavabdeh alınıb ASC-yə qaytarılması, Cavabdeh həmin torpaq sahəsindən məcburi çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-36/2021 saylı 19.02.2021-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin 31 may 2020-ci il tarixli 09/3 nömrəli qərarından müəyyən edilir ki, Mingəçevir şəhərində məskunlaşmış Ağdam rayonu köçkünü Cavabdeh Mingəçevir-Gəncə şosesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 nömrəli qərarı və ona aid digər sənədlər Mingəçevir Şəhər Arxivində olmadığı üçün etibarsız sayılmışdır. Məhkəmə yuxarıda sadalanan iş materiallarına əsasən iddiaçının tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, tələbin ilk hissəsində ləğvi tələb edilən bələdiyyə qərarı bələdiyyənin digər qərarı ilə artıq etibarsız hesab edilmiş və beləliklə tərəflər arasında mübahisə predmeti mövcud deyildir. Kollegiya qeyd edir ki, həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Belə olduğu halda kollegiya hesab edir ki, cavabdehin mübahisəli torpağa dair hüququnu müəyyən edən hər hansı bir sənəd mövcud deyildir. Həmçinin işin obyektiv araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin 14.10.2021-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından olan 15.04.2022-ci il tarixli 10/5990 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98 A ünvanında yerləşən, torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən, torpaq sahəsinin naturada ölçüləri 47.9812 ha təşkil edir. Cavabdeh, Mingəçevir-Gəncə şossesinin sol tərəfində örüş sahəsi kimi ayrılmış 3,0 (üç) hektar torpaq sahəsi, İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən 47.9812 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-813/2021 saylı, 21 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(051)-813/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-102/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-102/2022
19.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver