Məhkəmə qərarları › İş №2(107)-1020/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1020/2020

02.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1020/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(037)-310/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2 və x15 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 30 may 2019-cu il tarixli 2(037)-310/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər x1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2 və x8 İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən “xxxxx” MMC-yə məxsus qeyri yaşayış binasından və 1650.3 kv. metr torpaq sahəsindən çıxarılmaları, İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən cavabdehlər x1, Cavabdeh5, x4, Cavabdeh6, x6, x5, Cavabdeh2 və x8 məskunlaşdığı qeyri-yaşayış binasının və 1650.3 kv.metr torpaq sahəsinin boşaldılaraq “xxxxx” MMC-yə təhvil verilməsi, cavabdehlər x7, Cavabdeh5, x9, Cavabdeh6, x12, x10, Cavabdeh2 və x15 tərəfindən “xxxxx” MMC-yə məxsus qeyriyaşayış binasına və 1650.3 kv. metr torpaq sahəsinə edilən müdaxilələrə qadağa qoyulması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən “xxxxx” x14 (bundan sonra “xxxxx” MMC) məxsus qeyri-yaşayış binasından və cəmiyyətin mülkiyyətində olan 1650.3 kv.metr torpaq sahəsindən çıxarılması, qeyri-yaşayış binasının və 1650.3 kv.metr torpaq sahəsinin boşaldılaraq “xxxxx” MMC-yə təhvil verilməsi və cavabdehlərin cəmiyyətin mülkiyyətində olan daşınmaz əmlaka müdaxilələrinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə prossesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh ilə yanaşı onun ailə üzvləri Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2 və x8 (bundan sonra cavabdeh və ya Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2 və Fəxriyyə Mehraliyeva) ona məxsus qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilərək iş üzrə Cavabdeh1 ilə yanaşı Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2 və Fəxriyyə Mehraliyeva da iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı hazırkı iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, “xxxxx” MMC-nin direktorudur. Azərbaycan Respublkası İqtisadi İnkişaf Nazirliyinin Dövlət x28 və Özəlləşdirilməsi Departamentinin 04 fevral 2004-cü il tarixli 001531 nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə əsasında “Quşencə” üzüm emalı zavodu onun atası x11 və həmin şəhadətnamə üzrə 1650.3 kv.metr ümumi sahəyə malik “Quşencə” üzüm emalı zavodu sonuncunun tam mülkiyyətinə keçmişdir. Qeyd edilən müəssənin nəzdində “xxxxx” MMC yaradılmış və cəmiyyət Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsinin 10 mart 2004cü il tarixli 07/Ç-55 nömrəli kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışı əsasında dövlət qeydiyyatına alınmış və 10 mart 2004-cü il tarixli 0704-İl-250 nömrəli dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. O, “xxxxx” MMC-nin 06 noyabr 2017ci il tarixli qərarı əsasında həmin cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. Məcburi köçkün düşmüş hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2 və Fəxriyyə Mehraliyeva 1993-cü ildən 1998-ci ilədək Kürdmaşı kəndi ərazisində yerləşən məktəbdə məskunlaşaraq yaşamışlar. 2000-ci ildə isə atasının razılığı ilə onun rəhbəri olduğu müəssisəyə məxsus inzibati binanın bir otağında məskunlaşmaqla orada yaşamağa başlamışlar. Cavabdehlər ilk əvvəl inzibati binanın bir otağında yaşamış, daha sonra isə qeyd edilən inzibati binanı bütövlükdə zəbt edərək həmin binadan və torpaq sahəsindən istəklərinə uyğun olaraq istifadə etmişlər. O, bölgələrin sosial-iqtisadi inkişafı planına uyğun olaraq mübahisəli ərazidə müasir tələblərə cavab verən istehsal müəssisəsi yaratmaq qərarına gəlmiş və cavabdehlərə müraciət edərək zəbt etdikləri inzibati binanın bir hissəsində məskunlaşmalarını və ərazidə aparılan iqtisadi layihələrin icra edilməsinə maneçilik yaratmamalarını xahiş etmişdir. Cavabdehlər isə inzibati binanın və torpaq sahəsinin zəbt etdiyi hissəsini boşaltmamaqla, orada aparılan iqtisadi layihələrin reallaşdırılmasına ciddi maneçiliklər yaradırlar. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi x31 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında göstərmişdir ki, 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən məktəbdə məskunlaşmışlar. Sonradan məktəbin rəhbərliyi onlardan məskunlaşdıqları ərazini boşaltmağı tələb etmişlər. Onlar da məcbur qalaraq həmin binadan çıxmış və 1998-ci ildən etibarən ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən “Quşencə” üzüm emalı zavoduna köçərək orada məskunlaşmışlar. O və ailə üzvləri hazırda da həmin binada yaşayırlar. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən ayrıca yaşayış sahəsi ilə təmin edilmədiyindən məcbur qalaraq mübahisəli qeyri-yaşayış sahəsində və torpaq sahəsində məskunlaşmışlar. Dövlət tərəfindən ayrıca yaşayış sahəsi ilə təmin edildikdən sonra “xxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxacaqlar. İddia tələbinin təmin edilməməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh4 və x23 Mehralıyevin izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1, Cavabdeh6, Nərgiz Mehraliyeva və Fəxriyyə Mehraliyevanın nümayəndəsi x3 Mehraliyevin izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(037)-310/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2 və Fəxriyyə Mehraliyevaapelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli 2(107)-2540/2019 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(037)-310/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli 2(107)-2540/2019 nömrəliqətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli 2(102)-901/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli 2(107)-2540/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehlərin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quşencə kəndinin ərazisində yerləşən guya “xxxxx” MMC-yə məxsus qeyri-yaşayış binası və 1650.3 kv.m torpaq sahəsi iş materiallarında olan sənədlərdən göründüyü kimi onlar orada yaşayayaşaya 2004-cü ildə özəlləşdirilmişdir. Özəlləşmə zamanı onların orada yaşamaları nəzərə alınmamışdır. Məhkəmə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına dair Dövlət Proqramı”nın təsdiqi haqqında Prezidentin 1 iyul 2004-cü il tarixli sərəncamına (“Azərbaycan Respublikasının Prezidentinnin 1 iyul 2004-cü il tarixli sərəncamı”) istinad etməlidir, həmin sərəncama uyğun olaraq, müvafiq dövlət orqanlarına tapşırıq verilmişdir ki, məcburi köçkünlər doğma torpaqlarına qayıdana və ya yeni evlərdə müvəqqəti məskunlaşana qədər mülkiyyət formasından asılı olmayaraq 1992-ci ildən 1998-ci ilədək məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaqlardan və digər tikililərdən çıxarılmamalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi x31 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(037)-310/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi x21 qanunauyğun qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2 və Fəxriyyə Mehraliyevaməhkəmə iclasına gəlməmişlər, üçüncü şəxs İsmayıllı Rayon İcra Hakimiyyəti isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(102)- 901/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli 2(107)-2540/2019 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən mübahisəli qeyri – yaşayış və torpaq sahələrinin “xxxxx” MMC-nin mülkiyyətində olmasını və cavabdehlərin orada yaşamalarının mülkiyyətçinin hüquqlarını pozmasını əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Mülki Məcəllənin 152, 157-ci maddəllərinə istinad etmişdir. Kollegiya hesab edir ki, qətnamə səthi yoxlanılmış və birtərəfli qiymətləndirilmiş sübutlar əsasında çıxarıldığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, cavabdehlər Ağdam rayonundan olan məcburi köçkün kimi üzüm emalı zavoduna yerləşdirilmiş və həmin qeyri-yaşayış sahəsindən indiyə kimi istifadə edirlər. Bununla əlaqədar 2004-cü ilə qədər nə üzüm emalı zavodunun rəhbərliyi tərəfindən, nə də MMC tərəfindən uzun illər ərzində onlara heç bir irad bildirilməmişdir. xxxxx Zalov (MMC-nin direktorunun atası) həmin zavodu alarkən cavabdehlərin oradan yaşayış yeri kimi istifadə etmələrindən xəbərdar olmuş, lakin buna baxmayaraq həmin müəssisəni əldə etmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına dair Dövlət Proqramının təsdiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamına görə məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmamalıdırlar. Mübahisəli qeyri-yaşayış sahəsi “xxxxx” MMC-nin mülkiyyətində olsa da, yuxarıda göstərilən sərəncamın tələbləri baxımından cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinə hansı səlahiyyətli orqan tərəfindən məskunlaşdırılmaları, bunun tələb olunan qaydalar çərçivəsində həyata keçirilməsi, cavabdehlərin yaşamağa başqa yerlərinin olubolmaması, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün hansı tədbirlərin görülməsi kimi məsələlərin araşdırılması mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə tərəfindən həmin halların araşdırılması təmin edilməmiş, bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyəti işə cəlb edilməmiş, onların iddia tələbinə münasibətləri müəyyən olunmamışdır. MMC-nin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olması və cavabdehlərin orada yaşamalarının onun mülkiyyət hüququnun məhdudlaşdırması mübahisə doğurmasa da, həmin fakt yuxarıda göstərilən məsələlər yoxlanılmadan və onlara müvafiq hüquqi qiymət verilmədən iddianın təmin edilməsi üçün əsas verməmişdir. Cavabdehlər məcburi köçkün olmaları səbəbindən daimi yaşayış yerindən tam məhrum olduqları üçün işə baxan məhkəmə 8 nəfərdən ibarət olan ailənin mənzilsiz qalmaları üçün hüquqi təsir vasitələrindən istifadə etmək imkanını da araşdırmalı idi.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 04 fevral 2004-cü il tarixli 001531 nömrəli notariat qaydasında təsdiq edilmiş Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən “Quşencə” üzüm emalı zavodu 1650.3 kv.metr torpaq sahəsi ilə birlikdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət x28 və Özəlləşdirilməsi Departamenti tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 04 fevral 2004-cü il tarixli 001531 nömrəli Şəhadətnamə əsasında x26 adına özəlləşdirilmişdir. 04 fevral 2004-cü il tarixli “Quşencə” üzüm emalı zavodunun özəlləşdirilməsi ilə əlaqədar onun bazasında “xxxxx” MMC-nin yaradılması haqqında qərardan görünür ki, Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə Şöbəsi tərəfindən 27 sentyabr 2000-ci il tarixdə 7/71 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Quşencə” üzüm emalı zavodunun özəlləşdirilməsi ilə əlaqədar onun bazasında həmin müəssisənin hüquqi varisi olan “xxxxx” MMC-nin təsis edilməsi və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır. 18 fevral 2004-cü il tarixli təhvil aktından görünür ki, “Quşencə” üzüm emalı zavodunun özəlləşdirilməsi və onun bazasında “xxxxx” MMC-nin yaradılması ilə əlaqədar olaraq 18 fevral 2004-cü il tarixli təhvil aktı əsasında “Quşencə” üzüm emalı zavodunun mühasibat balansı üzrə bütün aktivləri və passivləri “xxxxx” MMCyə təhvil verilmişdir. 10 mart 2004-cü il tarixli “xxxxx” MMC-yə məxsus Nizamnamədən görünür ki, “xxxxx” MMC-in təsisçisi x31 tərəfindən Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə Şöbəsinə müraciət edilmiş və sonuncu tərəfindən “xxxxx” MMC 10 mart 2004-cü il tarixli 0704-i1-250 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 10 mart 2004-cü il tarixli 07/Ç-55 nömrəli Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə Şöbəsi tərəfindən verilmiş Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən “xxxxx” MMC 10 mart 2004-cü il tarixdə Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə Şöbəsi tərəfindən 0704-İ1-250 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 06 noyabr 2017-ci il tarixli “xxxxx” MMC-in yeni direktorunun təyin edilməsi haqqında təsisçinin qərarından görünür ki, 06 noyabr 2017-ci il tarixdə “xxxxx” MMC-in direktoru x31 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və cəmiyyətin direktoru vəzifəsinə İddiaçı təyin edilməsi qərara alınmışdır. 06 noyabr 2017-ci il tarixli “xxxxx” MMC-in yeni direktorunun təyin edilməsi haqqında təsisçinin qərarından görünür ki, İsmayıllı şəhəri Qələbə küçəsi ev 14, mənzil 15 ünvanında yaşayan İddiaçı “xxxxx” MMC-in icraedici orqanı olan direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsinin 27 fevral 2019-cu il tarixli 64 nömrəli arayışından görünür ki, Cavabdeh1 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək İsmayıllı rayon Kürdmaşı kənd icra nümayəndəliyində qeydiyyatda olmaqla, 1998-ci ilin may ayından etibarən keçmiş 3 saylı “Quşencə üzüm emalı” zavodunda müvəqqəti məskunlaşmış, ailə tərkibi 1998-ci ildə Cavabdeh5, x9, x12, Cavabdeh6 və x2 ibarət olmuş, Ağdam Rayon İcra Hakimiyyətinin 28 fevral 2007-ci il tarixli 02/881 saylı qərarı ilə x12, 30 iyun 2008-ci il tarixli 02/569 saylı qərarı ilə Cavabdeh6 və 29 sentyabr 2014-cü il tarixli 02/1031 saylı qərarı ilə x10 ayrı təsərrüfat kimi qeydə alınmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Cavabdeh1 ünvanlanan 27 dekabr 2017-ci il tarixli 02/1642 nömrəli məktubundan görünür ki, həmin məktubla Cavabdeh1 müraciətinə cavab olaraq bildirilmişdir ki, hazırda məskunlaşdıqları Quşençə kəndində yerləşən keçmiş şərab zavoduAzərbaycan Respublikasıİqtisadi İnkişaf Nazirliyinin Dövlət x28 və Özəlləşdirilməsi Departamenti tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 04 fevral 2004-cü il tarixli 001531 nömrəli Şəhadətnamə əsasında x26 adına özəlləşdirilmişdir. xxxxx Zalov həmin ərazinin bir hissəsində sahiblik hüququndan istifadə edərək iş qurmaq istəmiş, lakin onların (Cavabdeh1 və ailə üzvləri) tərəflərindən maneçilik törədilmişdir. Mülkiyyətçi onların həmin ərazidə yaşayışlarına mane olmadan fəaliyyət göstərəcəyini bildirsə də, kompensasiya ödənilməklə köçürülmək tələbi irəli sürərək yalnız həmin halda bu ərazidə iş görməyə imkan verəcəklərini bildirmişlər. Bir daha nəzərlərinə çatdırılır ki, mülkiyyətçinin onların yaşayışlarına mane olmamaq şərtilə həmin ərazidə iş görmək hüququ vardır və həmin hüquqa hörmətlə yanaşmaları onlardan xahiş edilir. Kollegiyanın sorğusu əsasında alınmış Qaçqınların və Məcburi köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 01 iyul 2020-ci il tarixli 1134 nömrəli cavab məktubundan görünür ki, müraciətdə adları qeyd edilən şəxslər məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “hazırkı iddianın predmetinə aid olan İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən mübahisəli qeyri - yaşayış binası və 1650.3 kv.metr torpaq sahəsi qanuni əsaslarla “xxxxx” MMC-yə məxsus olmasına baxmayaraq, cavabdehlərin həmin qeyri-yaşayış binasından və torpaq sahəsindən istifadə etməkdə davam etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələndiyinə görə iddia tələbinin təmin ediməsi barədə qətnamə qəbul edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşır. İşin gerçək hallarından görünür ki, İqtisadi İnkişaf Nazirliyinin Dövlət x28 və Özəlləşdirilməsi Departamentinin 04 fevral 2004-cü il tarixli 001531 nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməsi əsasında “Quşencə” üzüm emalı zavodu xxxxx Zalova satılmış və həmin şəhadətnamə üzrə 1650.3 kv.metr ümumi sahəyə malik “Quşencə” üzüm emalı zavodu sonuncunun tam mülkiyyətinə keçmişdir. “Quşencə” üzüm emalı zavodunun nəznində “xxxxx” MMC yaradılmış və həmin cəmiyyət Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmaqla, 10 mart 2004-cü il tarixli 0704-İl-250 nömrəli dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. “xxxxx” MMC-in 06 noyabr 2017-ci il tarixli qərarı əsasında iddiaçı həmin cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. Yəni, sözügedən binanın və torpaq sahəsinin 2004-cü ildən etibarən “xxxxx” MMC-in mülkiyyətində olması mübahisələndirilməyən haldır. Cavabdehlər Ağdam rayonundan məcburi köçkün düşərək 1993-cü ildə Kürdmaşı kəndi ərazisində yerləşən məktəbdə məskunlaşmış, beş il müddətində həmin məktəbin binasında yaşamış, 1998-ci ildə isə daha rahat şəraiti olan keçmiş “3 saylı Quşencə üzüm emalı zavodu”, hazırkı “xxxxx” MMC-yə məxsus qeyri-yaşayış binasına köçərək orada məskunlaşmışlar. Son illərdə “xxxxx” MMC mülkiyyətində olan sözügedən obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün orada yaxşılaşdırmalar etmək istəmiş, bu zaman cavabdehlər buna imkan verməmişlər. Bundan sonra iddiaçı cavabdehlərin rəhbəri olduğu müəssisəyə məxsus qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxmalarını tələb etsə də, sonuncular mübahisəli qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxmamışlar. İddiaçı cavabdehlərin İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən “xxxxx” MMC-yə məxsus qeyri-yaşayış binasından və cəmiyyətin mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, qeyri-yaşayış binasının və torpaq sahəsinin boşaldılaraq “xxxxx” MMC-yə təhvil verilməsini və cavabdehlərin cəmiyyətin mülkiyyətində olan daşınmaz əmlaka müdaxilələrinə qadağa qoyulmasını tələb edir. Cavabdehlər iddia tələbini qəbul etmədiklərini, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən ayrıca yaşayış sahəsi ilə təmin edilmədiklərindən məcbur qalaraq mübahisəli qeyri-yaşayış sahəsində və torpaq sahəsində yaşadıqlarını və dövlət tərəfindən ayrıca yaşayış sahəsi ilə təmin edildikdən sonra mübahisəli qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxacaqlarını bildirirlər və iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında göstərilən cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinə hansı səlahiyyətli orqan tərəfindən məskunlaşdırılmaları, cavabdehlərin yaşamağa başqa yerlərinin olub-olmamasının aydınlaşdırılması ilə bağlı bildirir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlər Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal olunan Ağdam rayonundan məcburi köçkün düşərək müvafiq icra hakimiyyəti orqanları tərəfindən 1993-cü ildə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən orta məktəb binasında məskunlaşmışlar. 1993-cü ildən 1998-ci il tarixədək məktəbin binasında məskunlaşıb yaşadıqdan sonra, yaşamaq üçün daha rahat şəraiti olan yaşayış məskəninə köçmək məqsədi ilə özləri müstəqil olaraq (hər hansı dövlət orqanı tərəfindən deyil) keçmiş “3 saylı Quşencə üzüm emalı zavodu”, hazırkı “xxxxx” MMC-nə məxsus inzibati binanın bir otağında məskunlaşmaqla orada yaşamağa başlamışlar. Cavabdehlər ilk əvvəl inzibati binanın bir otağında yaşasalar da, daha sonra qeyd edilən inzibati binanı qanunsuz olaraq bütövlükdə zəbt edərək həmin binadan və torpaq sahəsindən istəklərinə uyğun olaraq istifadə etmişlər və etməkdə davam edirlər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunanhüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. x30 Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsinin həmin qərarında formalaşdırdığı mövqeyə görə, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin və Konvensiyanın 6-cı maddəsinin tələblərinə ciddi riayət edilməlidir. Həmin qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır. x30 Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. x30 Məhkəməsinin formalaşmış mövqeyinə görə, x30 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində yer alan “mülkiyyət” konsepsiya olaraq “mövcud əmlakları” və aktivləri əhatə edir, buraya o cümlədən barəsində iddiaçının iddia tələbi irəli sürə biləcəyi və yaxud ən azı barəsində “qanuni gözləntilərinin” olduğu əmlaklar və aktivlərdə daxildir. Araşdırılmalı məsələ ondan ibarətdir ki, işin bütövlükdə nəzərdən keçirilən halları iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli marağının olduğuna dəlalət edirmi? İddianın predmetinə aid olan keçmiş “Quşencə üzüm emalı” zavodunun əmlakının iddiaçının rəhbəri olduğu “xxxxx” MMC-in mülkiyyətində olması mübahisələndirilməyən haldır. Həmin əmlaklardan (binadan və torpaq sahəsindən) cavabdehlər hazırda qanunsuz olaraq istifadə edirlər, eyni zamanda mülkiyyətçinin öz əmlakında hər hansı iş görməsinə mane olurlar. Deməli, iddia tərəfinin sözügedən əmlaklar (bina və torpaq sahəsi) üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur. Qeyd edildiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud olan mülkiyyətinə şamil olunur. Sözügedən əmlakların iddia tərəfinin mülkiyyətində olması (mövcudluğu) və həmin əmlaklardan (binadan və torpaq sahəsindən) cavabdehlərin qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. İddiaçının sözügedən əmlaklar (bina və torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etmək hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrindən, x30 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsindən, habelə x30 Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı çoxsaylı presedentlərindən irəli gəlir. Belə olan halda, iddiaçıların mülkiyyətlərində olan əmlaklardan (binadan və torpaq sahəsindən) cavabdehlərin çıxarılması barədə iddiaları qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunuun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İstinad olunan qanunvericilik normasından göründüyü kimi, məcbiri köçkünlər yalnız o halda müstəqil olaraq məskunlaşa bilərlər ki, belə məskunlaşma digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məcburi köçkünlərin müstəqil məskunlaşması digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozduğu halda (hazırda baxılan mübahisədə məhz belə hal baş vermişdir) müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin başqa yaşayış sahəsi ilə təmin edilərək ora köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi, qanunvericilik birmənalı olaraq məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsini fiziki və ya hüquqi şəxslərin deyil, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi kimi təsbit etmişdir. Belə olan halda, hazırkı iddia tələbi təmin ediləcəyi halda, cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Kollegiyaya görə, cavabdehlər iddiaçını öz mülkiyyətində olan əmlakdan faktiki olaraq məhrum etmişlər, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Deməli, iddiaçı “xxxxx” MMC-nə məxsus olan inzibati binadan və torpaqdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi mülki mübahisə üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. x30 Məhkəməsi “x13rşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və x30 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. x30 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrıyuxаrıdаşərholunаn Ali Məhkəmənin 05 fevral 2020-ci il tarixli 2(102)-901/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər vəmаddivəprosessuаlhüquqnormаlаrıiləəlаqəlişəkildətədqiqedərəkhesаb edirki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(037)-310/2019 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2 və x15 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(037)-310/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar