Məhkəmə qərarları › İş №2(107)-1020/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1020/2022

28.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1020/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, İddiaçı və cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(051)- 858/2022 saylı qətnaməsindən cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbində 1995-ci ildə istehsalat təlimi ustası vəzifəsinə keçirilmiş, 17 sentyabr 2018-ci il tarixli əmrlə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmiş, həmin tarixli müddətli əmək müqaviləsi bağlanmış, 16 dekabr 2019-cu il tarixli əmrlə müqavilənin müddəti qurtarması əsası ilə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra uzun müddət icra olunmamışdır. Bir neçə aydan sonra Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədi ilə 75 №-li 12 noyabr 2021-ci il tarixli əmr verilsə də əmr faktiki olara icra olunmamış, cavabdehin 07 №-li 21 yanvar 2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə həmin tarixdə əmək müqaviləsinə xitam vermişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 1980-cı ildə X1 bitirmiş, 1981-ci ildə isə Mingəçevir Peşə məktəbində laborant kimi işə başlamışdır. 1995-ci ilə kimi peşə məktəbində müxtəlif işlərdə işləmişdir. 1995-ci ilin fevral ayında həmin məktəbdə istehsalat təlimi ustasına keçirilmişdir. 2018-ci ilin sentyabr ayına kimi peşə məktəbində müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Məktəbə yeni təyin olunmuş direktor İlham İlyasov ona müddətli əmək müqaviləsi bağlanması lazım olduğunu, müddət bitdikdən sonra yenidən müqavilə bağlanacağını, müddətli əmək müqaviləsi bağlanmasına razı olmasa işdən azad olunacağını bildirmişdir. Direktorun təkidi ilə, həm də verdiyi vədə inanaraq o, əmək müqaviləsinə xitam verilməsi barədə 17 sentyabr 2018-ci il tarixli ərizəni imzalamağa məcbur oldu. 17 sentyabr 2018-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verildi və istehsalat təlimi ustası vəzifəsindən azad olundu. Həmin tarixli əmrlə o, yenidən məktəbə istehsalat təlimi ustası vəzifəsinə qəbul edildi və onunla müddətli əmək müqaviləsi bağlandı. 17 sentyabr 2019-cu ildə onunla 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlandı. 16 dekabr 2019-cu il tarixli əmrlə direktor onu işdən azad etdi, əsas kimi də onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması göstərilmişdir. Bundan sonra o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun işdən azad olunması barədə əmrin ləğv olunmasını, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Bir müddət aralarında məhkəmə çəkişmələri getmişdir. Belə ki, Mingəçevir şəhər məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunaraq cavabdeh Peşə məktəbinin direktorunun 165 №-li 16 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru İlham İlyasov həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin olunmuşdur. O, həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilərək, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin olunmamış, Mingəçevir şəhər məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh məhkəmə qərarını icra etməkdən yayınmış, onu işə bərpa etməkdən imtina etmişdir. Məhkəmə qərarını icra etmədiyinə görə cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh Peşə məktəbinin direktou yalnız 12 noyabr 2021-ci ildə məhkəmənin qərarının icrasını təmin etmək məqsədilə onun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı hesablanması barədə əmr verilmişdir. Ancaq bu, kağız üzərində qalmış bir əmr idi. Həmin əmrlə tanış olan zaman direktor ona dedi ki, “onsuz da sən bu məktəbdə işləyə bilməyəcəksən”. Həqiqətən də, 12 noyabr 2021-ci ildə onun işə bərpa olunması barədə əmr verildi, bir həftə sonra, 19 noyabr 2021-ci ildə ştatların ixtisarı barədə ona xəbərdarlıq məktubu gəldi. Bundan əlavə işə bərpa olunması barədə əmr verilsə də bir gün də ona iş verilmədi, işə buraxılmadı. Məcburi iş buraxmaya görə əmək haqqı isə bir müddət yazışmadan sonra, 2022-ci ilin mart ayında ödənildi. Cavabdehin 07 №-li 21 yanvar 2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatlar ixtisara edilməsinə görə onun bağlanmış əmək haqqı müqaviləsinə xitam verilmişdir. O, həmin əmri qanunsuz, qərəzli olaraq verilmiş hesab edir. Belə ki, cavabdeh bildirmişdir ki, şagirdlərin sayı azaldığına görə yalnız bir qrup qalmışdır. Həmin qrupa da hazırda təlim ustası işləyən şəhid ailəsi olan, diaqnostik qiymətləndirmədən keçmiş Xatirə Rüstəmova təlim ustası təyin edilmişdir. Bildirir ki, Xatirə Rüstəmova şəhid ailəsi deyil. 2019-cu ildə o, işdən azad olunduqdan sonra, Xatirə Rüstəmovanın tutduğu ştat ixtisara düşdüyünə görə onun əvvəl tutmuş olduğu yerə, qrupa təlim ustası təyin olunmuşdur. Bundan əlavə işçilər diaqnostik qiymətləndirməyə öz xahişi, razılığı ilə getmirlər. Diaqnostik qiymətləndirmədə iştirak edəcək işçilərin sayı, adları Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir, həmin işçilər dəvət olunurdu. Həmin vaxt o, diaqnostik qiymətləndirməyə çağrılmadığına görə iştirak etməmişdir, ancaq öz ixtisasını da yaxşı bilir. Hesab edir ki, cavabdeh qərəzli olaraq onu ştatın ixtisarı, işçilərin sayının azaldılması adı ilə işdən azad edərək məhkəmə qərarının icrasından da boyun qaçırmışdır. Onu da bildirir ki, ştatların və işçilərin sayının ixtisarı məsələsi ilə bağlı direktorun məktəbin həmkarlar komitəsinə göndərmiş olduğu təqdimatın baxılması üçün keçirilmiş iclasa da dəvət olunmamış, həmkarlar komitəsi onun iştirakı olmadan iclas keçirmiş, o, öz hüquqlarını müdafiə etmək üçün iclasda iştirak etməmişdir. Hesab edir ki, cavabdeh peşə məktəbinin direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam veilməsi barədə 07 №-li 21 yanvar 2022-ci il tarixli əmri qanunsuzdur, ona görə də iddianın təmin olunmasını, həmin əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılnasını xahiş edir. İddiaçının vəkili Vəkil1 da əmr qanunsuz olduğuna görə iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X11 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin hər bir tələbinə riayət edilmişdir. Belə ki, 2021/2022-ci ilin tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına uyğun “Rəqəmli idarəolunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlimi ustası işləyən X4 diaqnostik qiymətləndirmə imtahanından keçdiyindən peşəkarlıq səviyyəsi müəyyən edilərək, eləcə də şəhid ailəsi üzvü olduğuna görə işdə saxlanılması üçün ona üstünlük verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əməl edilərək həmkarlar ittifaqı təşkilatına təqdimat verilmiş, razılıq alındıqdan sonra müqavilə ləğv edilmişdir. Hesab edir ki, şikayət əsassızdır və təmin olunmamasını xahiş edur. Mingəçevir peşə məktəbinin həmkarlar ittifaqı komitəsinin sədri X8 məhkəmə iclasında bildirdi ki, peşə məktəbinin direktoru İlham İlyasov xx.xx.2021-ci il tarixli məktəbin məktubun həmkarlar ittifaqı komitəsinə təqdimat verərək bildirmişdir ki, 2021/2022-ci tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına uyğun “Rəqəmli idarəolunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlimi ustası olan X2 diaqnostik qiymətləndirmədən keçməsini, peşəkarlıq səviyyəsini, şəhid ailəsi olduğunu nəzərə alaraq digər istehsalat təlimi ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam veriləcəkdir. Peşə məktəbinin Həmkarlar komitəsinin xx.xx.2021-ci il tarixli iclasında işçilərin saylarının və ştatların ixtisarı məsələsinə baxılmış, diaqnostik qiymətləndirmədən keçdiyinə, şəhid ailəsi üzvü olduğuna görə X2 işdə saxlanılması üstünlüyünə malik olması nəzərə alınaraq İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Həqiqətən də, İddiaçı həmkarlar komitəsinin iclasına dəvət olunmamışdır, ona görə ki, buna zərurət YOX idi. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 1981-ci ildə Mngəçevi peşə məktəbinə laborant işinə qəbul edilmiş, 1995-ci ldə həmin məktəbdə istehsalat təlimi ustası vəzifəsinə keçirilmiş, müqavilənin müddəti qurtarması əsası ilə 16 dekabr 2019-cu il tarixl əmrlə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir şəhər məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra uzun müddət icra olunmamışdır. Bir neçə aydan sonra Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədi ilə 75 №-li 12 noyabr 2021-ci il tarixli əmr verilsə də əmr faktiki olara icra olunmamış, iddiaçı peşə məktəbinə işinə bərpa olunmamışdır. Həmin əmrdən bir həftə sonra, 19 noyabr 2021-ci il tarixdə iddiaçıya xəbərdarlıq göndərilərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. Cavabdeh 07 №-li 21 yanvar 2022-ci il tarixli əmri ilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə həmin tarixdə əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, məhkəmə qətnaməsi icra olunmadan iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materialları ilə müəyyən edildi ki, 2021/2022-ci tədris ilində İddiaçı ixtisasına uyğun “Rəqəmsal idarəolunan dəzgahların kompüter operatoru” ixtisası veilib. Ancaq istehsalat təlim ustası olan X3 üstünlük verilərək o, işdə saxlanılmışdır. Cavabdeh, eləcə də məktəbin həmkarlar təşkilatı komitəsi bunu X.Rüstəmovanın şəhid ailəsi üzvü olması və diaqnostik qiymətləndirmədən keçməsi ilə əsaslandırmışdır. Lakin X.Rüstəmovanın şəhid ailəsi üzvü olması, ona şəhid ailəsi statusunu verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır və məhkəməyə də təqdim edilmədi. Eləcə də müəyyən edildi ki, iddiaçı ondan asılı olmayan səbəbdən diaqnostik qiymətləndirmədən keçməmişdir, yəni diaqnostik qiymətləndirməyə dəvət olunmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(051)-858/2022 saylı qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia təmin olunmuş, Cavabdeh direktorunun 07 №-li 22 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Kərimova X5 şəhər Peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14, 70, 71, 294 və 297-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-331/2020 №-li 06 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Mingəçevir peşə məktəbinə qarşı əmrin ləğv edilməsi, işəbərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin olunması, cavabdeh Mingəçevir peşə məktəbinin direktorunun 165 №-li 16 dekabr 2019-cu il tarixli əmrin ləğv olunması, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1598/2020 №-li 27 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehin apelyasiya şikayəti təmin olunmuş, Mingəçevir şəhər məhkəməsinin 06 mat 2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(0102)- 1167/2021 №-li xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1598/2020 №-li 27 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1022/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbinin direktoru X11 tərəfindən veriliş apelyasiya şikayətinin təmin olunmaması, Mingəçevir şəhər məhkəməsinin 2(051)-331/2020 №-li 06 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbinin direktorunun 75 №-li 12 noyabr 2021-ci il tarixli əmrindən görünür ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası məqsədilə əmr verilmiş, əmrdə İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsinin təmin edilməsi göstərilmişdir İşdə olan Mingəçevir peşə məktəbinin direktorunun İddiaçı göndərdiyi 19 noyabr 2021-ci il tarixli xəbərdarlıqda göstərilir ki, peşə məktəbində aparılan işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğunuz vəzifədən azad olunacaqsınız. İşdə olan Mingəçevir peşə məktəbinin direktorunun məktəbin həmkarlar təşkilatına 16 noyabr 2021-ci il tarixdə məktəbin həmkarlar təşkilatının sədri Mirpaşa Abbasova göndərdiyi işçilərin saylarının və ya ştatlarının ixtisar edilməsi barədə təqdimatda göstərilmişdir ki, 2021/2022-ci tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına uyğun “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlim ustası olan X2 şəhid ailəsi olmasını, diaqnostik qiymətləndirmədən keçməsini nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam veriləcəkdir. Qeyd olunanlara 18 noyabr 2021-ci il tarixinədək münasibət bildirilməsi xahiş olunur. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbinin HK-nin xx.xx.2021-ci il tarixli iclas protokolunda göstərilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xx.xx.2022-ci ildən xitam verilməsinə etiraz olunmur İşə əlavə olunmuş Ələmdar Quliyev adına Mingəçevir peşə məktəbinin HİK sədri Mirpaşa Abbasovun məktəbin direktoruna ünvanlandığı 2 №-li 18 noyabr 2021-ci il tarixli məktubunda göstərilir ki, peşə məktəbin həmkarlar ittifaqı komitəsinə göndərdiyiniz məktuba cavab olaraq bildirilir ki, 2021/2022 tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına uyğun “Rəqəmli idarə olunan dəzgahları kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlim ustası olan X2 Dövlət Peşə Təhsil müəssisəsində çalışan işçilərin bilik və bacarıqlarını diaqnostik qiymətləndirilməsindən küçməsini, şəhid ailəsi üzvü olduğunu nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmir. İşə əlavə olunmuş Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktorunun 07 №-li 21 yanvar 2022-ci il tarixli əmrində göstərilir ki, məktəbin təlim ustası İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatla ixtisar edildikdə) xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilsin. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X13 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X13 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin işin faktiki halları olaraq müəyyən etdikləri özlüyündə bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmənin işin faktiki halları kimi, həm Mingəçevir şəhər məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsinin (hakim: Məhburə Kərimova) icra olunmaması halını qəbul edir, həm də həmin qətnamənin icrası ilə əlaqədar işə bərpa olunmuş İddiaçı işə bərpa olunduqdan sonra təhsil müəssisəsində ştatların ixtisarı zərurətətinin yaranması halının baş vermədiyini birmənalı olaraq inkar etmir. Bununla belə, sonuncu halı, ştatların ixtisarı zamanı işçilərdən Xatirə Rüstəmovaya üstünlük verilməsinin düzgün olmadığı ilə qəbul edir. Buna görə də, hesab edirik ki, məhkəmənin işə yanaşması əvvəlcədən düzgün olmamışdır. Birincisi, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının işə bərpası ilə bağlı qətnamə uzun müddət icra olunmamışdır. Məsələ burasındadır ki, sözügedən qətnamə tərəflərə münasibətdə 2021-ci ilin sentyabr ayında qüvvəyə minmişdir. Bundan sonra, icra şöbəsinə yönəlmiş və icra prosesi başlamışdır. 12 noyabr 2021-ci il tarixli əmrlə isə iddiaçı əvvəlki işinə bərpa olunmuşdur İkincisi, məhkəmə cavabdeh tərəfindən 12 noyabr 2021-ci il tarixli əmr verilsə də, əmrin faktiki olaraq icra olunmadığını, iddiaçı peşə məktəbinə işinə bərpa olunmadığını, Mingəçevir şəhər məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi icra olunmadan iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyini göstərmişdir. Bu tamamilə yanlış mövqedir. Belə ki, məhkəmə qətnaməsi icra olunmasaydı, Gülüstar Kərimova ilə bağlanmış əmək müqaviləsinə yenidən xitam verilə bilməzdi. İddiaçı işə bərpa edildikdən sonra əmək haqqı almış sadəcə məcburiyyətdən ştatların ixtisarı aparılmalı olduğundan, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zərurəti yaranmışdır. Üçüncüsü, məhkəmə iddiaçının ixtisasına uyğun artıq bir qrupun və ya ştatın olmaması məsələsini aydınlaşdırmamışdır. Belə ki, Peşə Məktəbinin 2021/2022-ci tədris ili üçün tələbə qəbulu planında iddiaçının ixtisasına uyğun qrup nəzərdə tutulsa da, həmin ixtisas üzrə Rüstəmova Xatirə adlı şəxsin artıq işləməsini məhkəmə nəzərə almamışdır. Bundan əlavə, iş üzrə şahid qismində ifadə vermiş Abbasov Mirpaşa da ifadəsində bu halı təsdiq etmişdir. Dördüncüsü, qətnamədə qeyd edilir ki, cavabdeh tərəfindən ştatların ixtisarı zamanı Xatirə Rüstəmovaya şəhid ailəsinin üzvü olması və diaqnostik qiymətləndirmədən keçməsinə görə iddiaçıya münasibətdə üstünlük verilmişdir. Halbuki, işəgötürən diaqnostik qiymətləndirmədən keçdiyinə görə Xatirə Rüstəmovanın peşəkarlıq səviyyəsinin İddiaçı yüksək olması qənaətinə gəlmişdir. Bu zaman onun şəhid ailəsinin üzvü olması vurğulansa da, peşəkarlıq səviyyələri fərqli olduğundan nəzərə alınmamışdır. Həmçinin, Məhkəmə işçinin peşəkarlığının işəgötürən tərəfindən müəyyən edildiyini, bunun onun diskression səlahiyyətinə aid olduğunu nəzərə almamışdır. Beşincisi, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının diaqnostik qiymətləndirməyə dəvət olunmaması pozuntu halıdır. Qeyd edək ki, diaqnostik qiymətləndirmədə iştirak məsələsi Peşə Məktəbinin vəzifəsi deyil. Yəni bu halın cavabdehə aidiyyəti YOXdur. Həmçinin, Məhkəmə nəzərə almamışdır ki, işəgötürən ştatların ixtisarı zamanı işçilərin hansının peşəkarlıq səviyyəsinin yüksək olduğunu müəyyən edərkən, bunu həmin vaxtdakı faktiki vəziyyətə görə qiymətləndirir. Qanunvericilikdə işəgötürənlər üçün peşəkarlıq səviyyəsi aşağı olan işçinin xüsusi təlimlərə cəlb etmək, və.s kimi üsullarla peşəkarlıq səviyyəsini yüksəltmək vəzifəsi müəyyən edilməmişdir. Altıncısı, işçilər arasında kimə üstünlük verilməsi məsələsi həll olunarkən, məhkəmənin burada Xatirə Rüstəmovanın hüquqlarını pozduğu qənaətindədirlər. Hesab edirik ki, o, üçüncü şəxs kimi işə cəlb edilməli idi. Yeddincisi, məhkəmə prosesində müəyyən olunmuşdur ki, iddiaçı X7 öz hüquqlarının pozulması ilə bağlı müraciət etsə də, X10 bu işlə bağlı cavabdeh, yəni Cavabdeh tərəfindən əmək hüququ norma və qaydalarına əməl olnduğunu və iddiaçının şikayətinin əsassız olması haqqında qərar qəbul etmişdir. Lakin işə baxan məhkəmə bu halı da nəzərə almamış, bu işin belə bir əhəmiyyətli faktiki halı ilə bağlı heç bir münasibət bildirməmişdir. Halbuki, qətnamədə bu hal öz təsdiqini tapmışdır. Məhkəmənin işin faktiki hallarına dair gəldiyi nəticə özlüyündə ziddiyətlidir. Belə ki, Məhkəmə qətnamədə açıq şəkildə, cavabdehin ştatların ixtisarını həyata keçiribkeçirməməsinə münasibət bildirməsə də, qətnamənin məzmunundan Məhkəməyə görə işəgötürənin ştatların ixtisarını həyata keçirməkdə haqlı olduğu, lakin ixtisar edilən işçilər arasında seçim edərkən düzgün davranmadığı məlum olur. Lakin, bu zaman Məhkəmə, işəgötürənin kimə üstünlük verməli olduğunu da dəqiq göstərmir. Bu zaman, həmçinin Peşə Məktəbində iddiaçının ixtisasına uyğun başqa qrupların olub-olmaması məsələsi araşdırılmamışdır. Beləliklə, hesab edirəm ki, Məhkəmə hazırki iş üzrə aşağıdakıları müəyyən etməli idi: 1. Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbində ştatların ixtisarına ehtiyac olubmu? 2. Əgər bu zəruri idisə, işəgötürən tərəfindən İddiaçı münasibətdə Xatirə Rüstəmovaya üstünlük verməkdə haqlı olmuşdurmu? Məhkəmə, isə bu məsələlərin üstündən keçir, dəqiq münasibət bildirmir. Məhkəmə bu məsələləri dəqiq göstərsəydi, təhsil müəssisəsində həqiqətən də ştatların ixtisarına ehtiyac olduğunu müəyyən edə və işəgötürənin İddiaçı münasibətdə qərəzli olmadığını, eyni zamanda Mingəçevir şəhər məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsinin (hakim: Məhburə Kərimova) icra edildiyini müəyyən edərdi. Bu zaman rahatlıqla işəgötürən tərəfindən Xatirə Rüstəmovaya peşəkarlıq səviyyəsinin yüksək olmasına görə üstünlük verilməsi də müəyyən edilərdi. İddiaçının diaqnostik qiymətləndirmədən keçə bilməməsinin cavabdehlə əlaqələndirilməsi kimi hallar sübuta yetirilmir. 2. Mingəçevir şəhər məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsinin (hakim: Məhburə Kərimova) icra olunmadığı sübut olunmur. Bununla belə, məhkəmə həmin halların mövcudluğunu təsdiq etmişdir. Cavabdehin iddiaçıya qarşı qərəzli mövqedə olması ilə bağlı məhkəmənin mövqeyi heç bir sübutla əsaslandırılmamışdır. Belə ki, məhkəmə qətnaməsində istehsalat təlimi ustası olan X.Rüstəmovaya üstünlük verilərək onun işdə saxlanılmasını qeyd etmiş, lakin X.Rüstəmovaya şəhid ailəsi üzvü olduğuna və diaqnostik qiymətləndirmədən keçməsinə görə ştatların ixtisarı zamanı üstünlük verilməsini düzgün hesab etməmişdir. Əslində bununla, məhkəmə Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbində ştatların ixtisarının yanlış olmadığını qəbul etmişdir. Eyni zamanda, iddiaçı da Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbinin ştatların ixtisarı ilə bağlı verdiyi əmrini mübahisələndirməmişdir. Lakin, Məhkəmə Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbində ştatların ixtisarının labüdlüyünü bilə-bilə və qətnaməsində buna ehtiya olmadığını bildirmədən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədi ilə 75 №-li 12 noyabr 2021-ci il tarixli əmrin faktiki olara icra olunmadığı, iddiaçının peşə məktəbinə işinə bərpa olunmadığı, həmin əmrdən bir həftə sonra, 19 noyabr 2021-ci i! tarixdə iddiaçıya xəbərdarlıq göndərilərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən tutduğu vəzifədən azad olunacağı bildirilməsini və 07 №-li 21 yanvar 2022-ci il tarixli əmri ilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən iddiaçı ilə həmin tarixdə əmək müqaviləsinə xitam verilməsini məhkəmə qətnaməsinin icra olunmadan iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi kimi qiymətləndirmişdir. Göründüyü kimi, Məhkəmə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icra edilmədiyi qənaətinə gələrək, işi lazımi qaydada araşdırma zərurəti görmədən iddianı təmin edərək, İddiaçı işə bərpa edilməsi barədə qətnamə qəbul etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(051)- 858/2022 saylı qətnaməsinin ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(051)-858/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatların ixtisar edilməsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarındandır. 71-ci maddəsinin 3-cü bəndinin tələbinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 80–ci maddəsinin 1–ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi YOXdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə YOXladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi YOXladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə YOXlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(051)-858/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam YOXlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı 1981-ci ildə Mngəçevi peşə məktəbinə laborant işinə qəbul edilmiş, 1995-ci ldə həmin məktəbdə istehsalat təlimi ustası vəzifəsinə keçirilmiş, müqavilənin müddəti qurtarması əsası ilə 16 dekabr 2019-cu il tarixl əmrlə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir şəhər məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra uzun müddət icra olunmamışdır. Bir neçə aydan sonra Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədi ilə 75 №-li 12 noyabr 2021-ci il tarixli əmr verilsə də əmr faktiki olara icra olunmamış, iddiaçı peşə məktəbinə işinə bərpa olunmamışdır. Həmin əmrdən bir həftə sonra, 19 noyabr 2021-ci il tarixdə iddiaçıya xəbərdarlıq göndərilərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. Cavabdeh 07 №-li 21 yanvar 2022-ci il tarixli əmri ilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə həmin tarixdə əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, məhkəmə qətnaməsi icra olunmadan iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, 2021/2022-ci tədris ilində İddiaçı ixtisasına uyğun “Rəqəmsal idarəolunan dəzgahların kompüter operatoru” ixtisası veilib. Ancaq istehsalat təlim ustası olan X3 üstünlük verilərək o, işdə saxlanılmışdır. Cavabdeh, eləcə də məktəbin həmkarlar təşkilatı komitəsi bunu X.Rüstəmovanın şəhid ailəsi üzvü olması və diaqnostik qiymətləndirmədən keçməsi ilə əsaslandırmışdır. Lakin X.Rüstəmovanın şəhid ailəsi üzvü olması, ona şəhid ailəsi statusunu verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır və məhkəməyə də təqdim edilmədi. Eləcə də müəyyən edildi ki, iddiaçı ondan asılı olmayan səbəbdən diaqnostik qiymətləndirmədən keçməmişdir, yəni diaqnostik qiymətləndirməyə dəvət olunmamışdır. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması” Qaydalarının 3.1.1-ci maddəsinə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirilməyə cəlb olunur. Həmin Qaydaların 7.3-cü maddəsinə əsasən, yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Göründüyü kimi, Qaydalar əmək müqaviləsi əsasında işləyən müəllimlərin hamısının diaqnostik qiymətləndirməyə cəlb edilməsini nəzərdə tutmuşdur. İşçinin öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməsi onun Konstitusion hüququdur və heç kəs bu hüquqdan məhrum edilə bilməz. Qətnamə icra edildikdən sonra işçini bilərəkdən yenidən çıxılmaz vəziyyətə salmaqla məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirmək təəssüfündən çıxış edərək işə baxan birinci instansiya məhkəməsi bu halı diqqətlə YOXlamış və düzgün qərar qəbul etmişdir. Bütün hallarda cavabdehin apellyasiya şikayətində yeddi bənd üzrə qeyd etdiyi dəlillərin hər birinə gəlincə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 17 sentyabr 2018-ci ildə müddətsiz əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul edilmiş qərar və ondan sonrakı ötən müddət ərzində cavabdeh tərəfindən iddiaçıya münasibətdə atılmış addımlar hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə 22 (21) yanvar 2022-ci il tarixli əmrin ləğv edilməsini labüd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində ləğv edilmiş əmrin tarixi səhvən 21 yanvar 2022 deyil, 22 yanvar 2022 tarixi kimi göstərilsə də, həmin əmrin nömrəsi düzgün olaraq 07 №-li kimi göstərilmişdir. Bu hal isə qətnamənin mübahisələndirilməyən hissəsi olduğundan həmin hissədə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(051)-858/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X13 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(051)-858/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar