Məhkəmə qərarları › İş №2(107)-1021/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1021/2020

02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1021/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tаrixli 2(024)-264/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 13 iyun 2019-cu il tаrixli 2(024)- 264/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər AbdullayevFərhad Mütəllib oğluna və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 Mütəllib oğlundan və Cavabdeh2 24 noyabr 2008-ci il tarixdə ev satmaq adı ilə aldadaraq ondan aldıqları 24500 ABŞ dolları, 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları olmaqla, cəmi 40670 (qırx min altı yüz yetmiş) ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi”nə dair tələbi iddia müddəti ötürüldüyündən rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Mütəllib oğlundan və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) 24 noyabr 2008-ci il tarixdə ev satmaq adı ilə aldadaraq ondan aldıqları 24500 ABŞ dolları, 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları olmaqla, cəmi 40670 (qırx min altı yüz yetmiş)ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı hazırkı iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 2008-ci ildə Abşeron rayonu Xırdalan şəhərində fərdi yaşayış evi almaq məqsədi ilə Xırdalan şəhərində yaşayan dayısı x2 qonşusu, əslən Qax rayonu Ləkit kəndindən olan Cavabdeh1 ilə görüşüb tanış olmuşdur. Cavabdeh1 ona oğlu x3 şəhəri Ə.Əzimzadə küçəsi 12 ünvanında 2 otaqdan ibarət fərdi yaşayış evini satmaq istədiyini bildirmişdir. Bundan sonra qardaşı x11, dayısı x4 və dostu x6 iştirakları ilə Xırdalan şəhərində Cavabdeh1 ilə görüşmüş və həmin evin qiymətini 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarına razılaşmışlar. Həmin vaxt Cavabdeh1 onlara satdığı fərdi yaşayış evinin qızı Cavabdeh2 adına olduğunu, evin mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmadığını, bu səbəbdən də evi baş etibarnamə ilə satacaqlarını bildirmişlər. Bu zaman o, Cavabdeh1 arvadının da notariat qaydada evin satılmasına dair razılığını təsdiq edən sənədi tələb etmişdir. Cavabdeh1 arvadı x1 həmin evin satılmasına razılıq verməsi barədə Qax rayon dövlət notariat kontorunda təsdiq edilmiş 23 noyabr 2008-ci il tarixli ərizəni ona təqdim etmişdir. Bundan sonra 24 noyabr 2008-ci il tarixdə o, qardaşı x11, dayısı x4 və dostu x6 iştirakları ilə Xırdalan şəhərində satılan həmin evdə 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində pulu Cavabdeh1 və Cavabdeh2 vermişdir. Sonra onlar birlikdə Xırdalan şəhərindəki 2-ci Dövlət Notariat Kontoruna getmiş, orada Cavabdeh1 qızı, hazırkı iş üzrə Cavabdeh2 24 noyabr 2008-ci il tarixli ƏN-1 seriyalı 141081 Nə-li “ev və torpağa dair” qeydi ilə 30 il müddətinə etibarnaməni qardaşı x7 verərək həmin evi ona satmışlar. Həmin gün cavabdehlər onlara satdıqlan evi 2 günə boşaldıb onlara təhvil verəcəklərini bildirmişlər. 2 gün sonra yəni 26 noyabr 2008-ci il tarixdə Cavabdeh1 aldığı evin açarlarını ona vermiş, həmin vaxt görmüşdür ki, həqiqətən də cavabdehlər evi boşaltmışlar. 28 noyabr 2008-ci il tarixdə dayısı Məhərrəm Əhmədov ona zəng edərək aldığı evin işığının yandığını bildirmiş, o isə evə gedərək Cavabdeh1 keçmiş gəlini Gülnaz Abdullayevanın həmin evdə olduğunu görmüşdür. Həmin qadına evi aldığını bildirsə də, Gülnaz Abdullayeva ona həmin evin ona məxsus olduğunu, qayınatasının bu evi satmağa ixtiyarı olmadığını bildirmiş və verdiyi pulu qayınatasından geri tələb etməsini ona təklif etmişdir. Bundan sonra o və dayısı x10 Rayon Polis Şöbəsinə, Prokurorluğa, Baş Prokurorluğa dəfələrlə şikayət etmiş, lakin həmin orqanlardan onlara bu işin mülki məsələ olduğu bildirilmişdir. Hazırda o, ailəsi ilə birlikdə kirayədə yaşayır. Cavabdehlər bu günə kimi ondan aldıqları pulu 11 ildir ki, ona qaytarmayıblar, həmin evi də cavabdehlərin keçmiş gəlini Gülnaz Abdullayeva başqa şəxsə satmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlərdən 24 noyabr 2008-ci il tarixdə ev satmaq adı ilə aldadaraq ondan aldıqları 24500 ABŞ dolları, 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları olmaqla, cəmi 40670 (qırx min altı yüz yetmiş) ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 24 noyabr 2008-ci ildə İddiaçıla razılığa gələrək qızı Cavabdeh2 adına ilkin qeydiyyatı olan Xırdalan şəhərində yerləşən 2 otaqlı fərdi yaşayış evini 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarına iddiaçıya satmışdır. Lakin həmin evin mülkiyyətini təsdiq edən çıxarış olmadığı üçün alqı-satqını rəsmi qaydada həyata keçirmək mümkün olmamış, iddiaçı isə ona evə dair müvafiq sənədləşməni özü həyata keçirəcəyini bildirmişdir. x24 Əhmədovun qardaşına 30 il müddətinə baş etibarnamə vermişdir. İki gün sonra isə qızı Nazlı ilə evi boşaldaraq həmin evin açarlarını İddiaçı təhvil vermişlər. Bununla da o, öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bir müddət sonra isə İddiaçı ona zəng edərək həmin evdə keçmiş gəlini Solmazın yaşadığını bildirmişdir. Bundan sonra İddiaçı onun barəsində müxtəlif dövlət orqanlarına şikayət ərizələri yazmışdır. Aralarında olan razılaşmaya əsasən verilən baş etibarnamə əsasında İddiaçı müvafiq sənədləşmə işlərini aparmalı idi. O, həmin evi İddiaçı təhvil vermişdir. Bundan sonra həmin evə kiminsə daxil olub yaşamasına və evin satılmasına cavabdehlik daşımır. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti keçmişdir. İddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən x11 ifadəsində göstərmişdir ki, o, İddiaçı qardaşıdır. 2008-ci ildə qardaşı Natiq avtomobilini satıb ev almaq istəmişdir. x15 qonşusu, əslən Qax rayonundan olan Fərhad adlı şəxsin Xırdalanda 30000 (otuz min) dollara ev satdığını bildirmişdir. Onlar evə baxmağa getmişlər. Həmin vaxtı ev bərbad vəziyyətdə olmuşdur. Evi 24500 ABŞ dollarına almaq barədə razılaşdıqdan sonra Fərhad onlara evin yoldaşının adına olduğunu və qızı Nazlıya bağışladığını bildirmişdir. Natiq tələb etdikdən sonra Fərhadın yoldaşı evin satılmasına razılıq verməsinə dair notariat qaydasında təsdiqlənmiş sənədi göndərmişdir. Bundan sonra həmin sənədi də götürərək Fərhadla birikdə onlar notariat kontoruna gəlmiş və Nazlı ona 30 illik baş etibarnamə vermişdir. Bundan sonra satılan evə qayıtmış, orada Natiq Fərhada 24500 ABŞ dollarını vermişdir. Fərhad isə 2 gün müddətinə evi boşaldacağına söz vermişdir. Cavabdehlər həqiqətən də deyilən vaxtı evi tamamilə boşaldıb açarları Natiqə vermişlər. Daha sonra isə evi Fərhadın keçmiş gəlininin zəbt edərək mənimsədiyini görmüşlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən x12 ifadəsində göstərmişdir ki, o, İddiaçı dostudur. 2008-ci ildə Natiqlə birlikdə onun avtomobili ilə Xırdalana gəlmiş və Natiq Fərhada 24500 ABŞ dolları pulu ödəmişdir. Daha sonra notariat kontoruna getmişlər. x17rdaşı Sahibə baş etibarnamə vermişdir. İş üzrə Qax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tаrixli 2(024)-264/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2(107)-2557/2019 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli 2(024)- 264/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi, Cavabdeh1 24500 ABŞ dolları (Azərbaycan manatı məzənnəsi ilə) tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2(107)-2557/2019 nömrəliqətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(102)-431/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2(107)-2557/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili x18 apelyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tаrixli 2(024)- 264/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(102)- 431/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2(107)-2557/2019 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər hər hansı bir müqavilə tərəfi olmadığından indiki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, qanunvericilik iddia müddətinin hansı halda tətbiq edilməli olduğunu müəyyən etmişdir. İş üzrə müəyyən edilən hallar isə hazırkı işdə müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, mübahisəyə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə əsasən gəldiyi nəticələrə əsasən isə Cavabdeh1 Mütəllib oğlu əsassız varlanmış şəxs olduğundan iddiaçının tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə göstərilən nəticələrinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2008-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində fərdi yaşayış evi almaq məqsədi ilə qardaşı x11, dayısı x4 və dostu x6 iştirakları ilə Xırdalan şəhərində Cavabdeh1 ilə görüşərək həmin evin qiymətinin 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarına razılaşması, həmin evdə də 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində pulu Cavabdeh1 verməsi kimi işin halları mübahisəsiz olsa da, apelyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlər tərəfindən ev ona təhvil verildikdən iki gün sonra yəni 28 noyabr 2008-ci il tarixdə dayısının telefon zəngindən sonra həmin evə getdiyini, evdə Cavabdeh1 keçmiş gəlini Solmazın olduğunu, Solmazın isə həmin evin özünə məxsus olmasını və gedib Cavabdeh1 ona verdiyi pulu geri almasını dediyini göstərməsini, həmin vaxtdan öz hüquqlarının pozulduğunu bilməsinə baxmayaraq məhkəmədə iddia qaldırmaq əvəzinə müxtəlif idarələrə şikayət ərizələri yazmaqla təxminən on il üç ay 25 gündən sonra məhkəmədə hazırkı iddia qaldırmasına və beləliklə də, hazırkı mübahisəyə iddia müddətinin tətbiqi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddianın əsasını əsassız varlanma təşkil edir, yəni, iddiaçı cavabdehdən bu əsasla əldə etdiyi pulunu geri istəyir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 əsassız varlanmış şəxs olduğundan iddiaçının tələbi ilə əldə etdiklərini qaytarmalı olması ilə bağlı nəticəsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əsaslandırsa da, nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apelyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlsədə iddi müddətini tətbiq etməkdə haqlı olmamışdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonu Mərzili kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ MAPS şöbəsinin verdiyi 01.03.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 Qax rayonu Güllük kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN BPQMİ MAPS şöbəsinin verdiyi 01.03.2019-cu il tarixli arayışdan görünür ki, Abdullayev x9 rayonu Ləkit kəndində qeydiyyatdadır. Abşeron rayon 1 saylı dövlət notariat kontorunun verdiyi 24 noybar 2018-ci il tarixli reyestrdə 7E/31-13633 nömrə ilə qeyd olunmuş baş etibarnamədən görünür ki, Cavabdeh2 x7 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və etibarnamədə göstərilən bütün hərəkətləri yerinə yetirmək səlahiyyəti verilmişdir. Cavabdehlərin Qax Rayon Məhkəməsinə ünvanlandığı ərizələrdən görünür ki, onlar İddiaçı onlara qarşı olan hazırkı iddia tələbini qəbul etmir və həmin tələbə dair iddiası üzrə iddia müddəti ötdüyü üçün iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İddiaçı cavabdehlərAbdullayevFərhad Mütəllib oğluna və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 Mütəllib oğlundan və Cavabdeh2 24 noyabr 2008-ci il tarixdə ev satmaq adı ilə aldadaraq ondan aldıqları 24500 ABŞ dolları, 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları olmaqla, cəmi 40670 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi”nə dair tələbi iddia müddəti ötürüldüyündən rədd edilməli, 30(otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək hazırkı mübahisəyə iddia müddətinin tətbiqi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. İşin gerçək hallarından görünür ki, iddiaçı 2008-ci ildə Abşeron rayonu Xırdalan şəhərində fərdi yaşayış evi almaq məqsədi ilə Xırdalan şəhərində yaşayan dayısı x2 qonşusu, əslən Qax rayonun Ləkit kəndindən olan Cavabdeh1 Mütəllib oğlu ilə görüşüb tanış olmuşdur. Cavabdeh1 ona oğlu x3 şəhəri Ə.Əzimzadə küçəsi 12 ünvanında 2 otaqdan ibarət fərdi yaşayış evini satmaq istədiyini bildirmişdir. İddiaçı qardaşı x11, dayısı x4 və dostu x6 iştirakları ilə Xırdalan şəhərində Cavabdeh1 ilə görüşmüş və həmin evin qiymətini 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarına razılaşmışlar. Həmin vaxt Cavabdeh1 onlara satdığı fərdi yaşayış evinin qızı Cavabdeh2 adına olduğunu, ev hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmadığını, bu səbəbdən də evi baş etibarnamə ilə satacaqlarını bildirmişlər. Belə olan halda, iddiaçı Cavabdeh1 arvadının da notariat qaydada evin satılmasına dair razılığını təsdiq edən sənədi tələb etmişdir. Cavabdeh1 arvadı x1 həmin evin satılmasına razılıq verilməsi barədə Qax rayon dövlət notariat kontorunda təsdiq edilmiş 23 noyabr 2008-ci il tarixli ərizəni ona təqdim etmişdir. Bundan sonra 24 noyabr 2008-ci il tarixdə o, qardaşı x11, dayısı x4 və dostu x6 iştirakları ilə Xırdalan şəhərində satılan həmin evdə 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində pulu Cavabdeh1 vermişdir. Sonra onlar birlikdə Xırdalan şəhərindəki 2-ci Dövlət Notariat Kontoruna getmiş, orada Cavabdeh1 qızı, hazırkı iş üzrə Cavabdeh2 24 noyabr 2008-ci il tarixli ƏN-1 seriyalı 141081 Nə-li “ev və torpağa dair” qeydi ilə 30 il müddətinə etibarnaməni iddiaçının qardaşı x7 verərək həmin evi ona satmışlar. Həmin gün Cavabdeh1 və Cavabdeh2 onlara satdıqlan evi 2 günə boşaldıb onlara təhvil verəcəklərini bildirmişlər. 2 gün sonra, yəni 26 noyabr 2008-ci il tarixdə Cavabdeh1 aldığı evin açarlarını ona vermiş, həmin vaxt görmüşdür ki, həqiqətən də cavabdehlər evi boşaltmışlar. 28 noyabr 2008-ci il tarixdə dayısı Məhərrəm Əhmədov ona zəng edərək aldığı evin işığının yandığını bildirmiş, o isə evə gedərək Cavabdeh1 keçmiş gəlini Gülnaz Abdullayevanın həmin evdə olduğunu görmüşdür. Həmin qadına evi aldığını bildirsə də, Gülnaz Abdullayeva ona həmin evin ona məxsus olduğunu, qayınatasının bu evi satmağa ixtiyarı olmadığını bildirmiş və verdiyi pulu qayınatasından geri tələb etməsini ona təklif etmişdir. Cavabdeh1 həm Qax Rayon Məhkəməsinin iclasında, həm də əvvəlki apelyasiya mərhələsində verdiyi izahatlarında Xırdalan şəhəri Ə.Əzimzadə küçəsi 12 ünvanında 2 otaqdan ibarət fərdi yaşayış evini satmaq müqabilində İddiaçı 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində pulu aldığını bildirmişdir. Qeyd olunan hal Qax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tаrixli 2(024)-264/2019 nömrəli qətnaməsi, həmin tarixli məhkəmə iclas protokolu, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2(107)-2557/2019 nömrəli qətnaməsi və həmin tarixli məhkəmə iclas protokolu ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçının 2008-ci ildə Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evini almaq məqsədi ilə qardaşı x11, dayısı x4 və dostu x6 iştirakları ilə Xırdalan şəhərində Cavabdeh1 ilə görüşərək sonuncu ilə həmin evin qiymətini 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarına razılaşması, həmin evdə də 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində pulu Cavabdeh1 verməsi kimi hallar işin mübahisələndirilməyən hallarıdır. Qeyd olunmalıdır ki, işin gerçək hallarına görə, iddiaçının tələb etdiyi pul məbləği borc olaraq verilməmiş, yəni tərəflərin aralarında borc müqaviləsi bağlanmamışdır. İddiaçı ev almaq niyyətində olmuş, cavabdeh oğlunun evini satmaq istədiyini bildirmiş, iddiaçı həmin evi almaq istədiyindən, evin qiymətini 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarına razılaşmışlar və iddiaçı həmin məbləği cavabdehə vermişdir. Göründüyü kimi, tərəflərin arasında borc müqaviləsindən və ya hər hansı digər müqavilədən irəli gələn münasibətlər yaranmamışdır. Tərəflər hər hansı müqavilə üzrə tərəf deyillər. Habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən ev barəsində sərəncam vermək, o cümlədən alqı-satqı və ya digər müqavilə bağlamaq səlahiyyətində olan şəxslər deyillər. Qeyd edildiyi kimi, sözügedən ev Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlər də həmin evə dair alqı-satqı müqaviləsi üzrə tərəf ola bilməzdilər. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almayaraq, hazırkı mübahisəyə iddia müddəti tətbiq edərək iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmiş, bununla da səhvə yol vermişdir. Kollegiyaya görə, iddia tələbinin qanuni əsası daha çox Azərbaycan Respublikası Mülki Məcəlləsinin LVİİİ fəslində nəzərdə tutulmuş əsassız varlanmaya uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.(1091.1.) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2.) 1093-cü maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən, (Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi) əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddia ərizəsindən və iddiaçının bildirdiklərindən görünür ki, iddiaçı cavabdehlər tərəfindən ev ona təhvil verildikdən iki gün sonra, yəni 28 noyabr 2008-ci il tarixdə dayısı Məhərrəm Əhmədovun telefon zəngindən sonra həmin evə getmiş, evdə Cavabdeh1 keçmiş gəlini Gülnaz Abdullayevanın olduğunu görmüş, Gülnaz həmin evin özünə məxsus olmasını bildirərək gedib Cavabdeh1 ona verdiyi pulu geri almasını ona təklif etmişdir. Beləliklə, 28 noyabr 2008-ci il tarixdə iddiaçı öz hüququnun pozulduğunu bilmişdir. İddiaçı cavabdehlər tərəfindən öz hüquqlarının pozulduğunu 28 noyabr 2008-ci il tarixdə bilməsinə baxmayaraq məhkəmədə iddia qaldırmaq əvəzinə müxtəlif orqanlara şikayət ərizələri yazmaqla təxminən 10 il 3 ay 25 gündən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qanunverici əsassız varlanma ilə bağlı tələblərə iki illik kəsici müddət müəyyən etmişdir. İddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulmasını 2008-ci ildə bilmiş, hazırkı iddianı isə 2019-cu ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 10 il sonra qaldırmışdır. İddiaçının cavabdehə qarşı tələbi əsaslı olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 1095-ci maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi təmin edilə bilməzdi. Kollegiyaya görə, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, iddia tələbini iddia müddəti tətbiq etməklə təmin etməmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. x16 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cavabdeh2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 22 yanvar 2020-ci il tarixli 2(102)-431/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün qismən yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti qismən təmin edilməli,Qax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tаrixli 2(024)-264/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən 24 noyabr 2008-ci il tarixdə ev satmaq adı ilə aldadaraq ondan aldıqları 24500 ABŞ dolları, 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları olmaqla, cəmi 40670 (qırx min altı yüz yetmiş) ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi” haqqında iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyinə görə İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tаrixli 2(024)-264/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlərAbdullayevFərhad Mütəllib oğluna və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 Mütəllib oğlundan və Cavabdeh2 24 noyabr 2008-ci il tarixdə ev satmaq adı ilə aldadaraq ondan aldıqları 24500 ABŞ dolları, 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları olmaqla, cəmi 40670 (qırx min altı yüz yetmiş) ABŞ dollarıməbləğində pulun tutularaq ona ödənilməsi” haqqında iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar