Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1022/2021 08.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və cavabdeh Mingəçevir Peşə məktəbinin vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X6 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(051)-331/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 06 mart 2020-ci il tarixli, 2(051)-331/2020 saylı qətnaməsi ilə iddianın təmin olunması, cavabdeh Mingəçevir Peşə məktəbinin direktorunun 165 №li 16 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(051)-331/2020 saylı qətnaməsindən narazı qalan cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X7 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1598/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, qətnаmə ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22.02.2021-ci il tarixli, 2(102)-1167/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1598/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci ildə X1 bitirmişdir. 1981-ci ildə Mingəçevir Peşə məktəbində laborant kimi işə başlamışdır. 17 oktyabr 1981-ci ildən etibarən Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə (o dövrdə Mingəçevir şəhər 39 nömrəli orta texniki peşə məktəbi odlanırdı ) laborant vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə əmək vəzifələrini layiqincə yerinə yetirmiş, heç bir töhmət və xəbərdarlıq almamış, müəssisə daxili nizam - intizam qaydalarına əməl etmişdir. 17 sentyabr 2018- ci il tarixdə Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktoru X4 təkidi ilə o onunla çağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair İlham İlyasova ərizə ilə müraciət etmişdir. Halbuki ,o, müvafiq əmrlə işə qəbul edilmişdir. Eyni zamanda İlham İlyasovun digər göstərişi ilə, yenidən ixtisasına uyğun olaraq məktəbin stehsalat təlimi ustası işinə qəbul edilməyimə dair ərizə ilə müraciət etmişdir. Peşə məktəbinin direktorunun 165 №-li 16 dekabr 2019-cu il tarixli əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmasına əsas kimi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Bundan əlavə o, bacısı ilə birlikdə yaşayır. Bacısı ağır formada şəkər xəstəsidir. İşdən azad olunması onların maddi vəziyyətini daha da ağırlaşdırır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İş materiallarından eləcə də məhkəmə qətnaməsinin təsviri hissəsindən da görünür ki, İddiaçı 1981-ci ildən Mingəçevir Peşə Məktəbində laborant kimi işə başlamış və 2018-ci ilin sentyabr ayına kimi müddətsiz əmək müqaviləsi üzrə çalışmışdır, onun 17.09.2018-ci il tarixli ərizəsinə əsasən işdən azad edilmiş və həmin tarixdən bir illik müddətinə müddətli əmək müqaviləsi bağlamaqla təkrar işləməyə başlamışdır. Bu müddət bitdikdən sonra müddətli müqavilənin müddəti 3 aya uzadılmış və bu müddət qurtardıqdan sonra Mingəçevir Peşə Məktəbinin 16.12.2019-cu il tarixli 165 saylı əmri ilə onun əmək münasibətlərinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə istinad etməklə Mingəçevir Peşə Məktəbinin 16.12.2019-cu il tarixli 165 saylı əmrinin qanunsuz olması qənaətinə gələrək iddianı təmin edir. Diqqət yetirin məhkəmə qətnamədə qənaətini əsaslandırarkən maddi normanın köhnə redaksiyada olan mətninə istinad edir və qeyd edir ki, müddətli əmək müqaviləsi 5 ilədək müddətə bağlana bilər. Məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 45.1-ci maddəsimin mətni 31.05.2017-ci il tarixli 675 saylı Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiyada verilmişdir. Həmin maddənin birinci hissəsi yeni redaksiyada aşağıdakı kimi verilmişdir: Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlarıdır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddənin mətni əsas götürüldükdə və iddiaçının cavabdehlə qarşılıqlı razılığı nəzərə alınsa idi məhkəmə yanlışlığa yol verməzdi və nəticədə qanunsuz qətnamə qəbul etməzdi. Məhkəmə ƏM-nin 45.1-ci və 47-ci maddəsinin tələblərini yanlış təfsir etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi prinsipini pozmuş, yəni iddiaçının tələblərini daha üstün tutaraq hüquqi tarazlığı pozmuşdur. İş materiallarından görünür ki, 17.09. 2019-cu ildə müddətli əmək müqaviləsi bağlamış və ondan sonra bir il müddətində məktəbdə çalışmış və qarşı tərəfə heç bir etiraz bildirməmişdir. Göründüyü kimi müddətli müqavilənin müddəti bitdikdən sonra iddiaçıda narazılıq yaranmış və iddia ilə məhkəməyə müraciət etmişdir. Onun müddətli əmək müqaviləsinin bağlanmasına məcbur edilməsi, ona təzyiq və təsir göstərilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnamənin nəticə hissəsində İddiaçı Mingəçevir Peşə məktəbində istehsalat ustası işinə bərpa olunmasını qət edir. Bununla da məhkəmə tərəflər arasında qeyri müəyyənlik yaradır. Beləki, iddiaçı işə bərpa olunursa onun müddətli və ya müddətsiz işləməsi konkret göstərilməlidir. İddiaçı işə müddətsiz bərpa edilirsə, məhkəmə bu halda əmək, mülki və mülki prosessual qanunvericiliyin tələblərini pozmuş olur. Müddətsiz əmək müqaviləsinə 17.09.2018-ci il rarixdə ( iddiaçının ərizəsi əsasında) xitam verilmiş və bu haldan iddiaçı şikayət etməmiş və şikayət etmə müddəti buraxılmışdır. Məhkəmə qətnaməsində bu hala hüquqi qiymət verilməmişdir. Digər tərəfdən ƏM-nin 42.1-ci maddəsinin tələblərin görə Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericinin bu yanaşmasını nəzər alsaq məhkəmə əmək qanunvericiliyin ümumi prinsiplərinə və tələblərinə əməl etmir və öz qənaətini mülahizə yürütməklə əsaslandırır. Bu isə MPM-in 217- 220-ci maddələrin tələblərinin pozulması ilə nəticələnir. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar əsasında təmin edilir. Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli və sübutlar əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Mingəçevir Peşə məktəbinin vəkili X8 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ərizəni və müqaviləni heç bir təsir və ya məcburiyyət olmadan imza etmişdir. Bunun da əsas səbəbi məktəbin Publik Hüquqi şəxs kimi fəaliyyətə başlaması olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, məktəbə yeni direktor təyin olunandan sonra bir neçə nəfəri, o cümlədən də onu otağına dəvət edərək onlarla işləmək istəmədiyini, bununla bağlı ərizə yazmalı olmalarını və yeni müqavilə bağlanmalı olmasını bildirmişdir. Onlar əvvəlcə etiraz etsə də, sonradan məcburiyyətdən həmin ərizəni yazmış və yeni müddətli müqaviləni bağlamışlar. O, 38 ildir ki, həmin müəssisədə işləyir və digər yerdən də qazanc mənbəyi yoxdur. Ərizənin aşağı hissəsində 17.09.2018-ci il göstərilməsinə baxmayaraq, əslində o ərizəni 28-i yazmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(051)-331/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər: BT 022939 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1977-ci ildə X2 daxil olmuş , 1980-ci ildə metalları kəsməklə emal ixtisası üzrə tam kursu bitirmiş, ona mexanik-texnoloq ixtisası verilmişdir. Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbin direktoru ilə İddiaçı arasında 15.09.2005ci ildə bağlanmış əmək müaviləsindən görünür ki, İddiaçı Peşə məktəbinə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmiş, müqavilə qeyri-müəyyən müddətə bağlanmışdır. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17 oktyabr 1981-ci ildə Mingəçevir şəhəri 39 №-li məktəbə laborant qəbul edilmişdir. 01 fevral 1995-ci il tarixli əmrlə istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. 17 sentyabr 2018-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 17 sentyabr 2018-ci il tarixli əmrlə yenidən istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmişdir. 17 dekabr 2019-cu il tarixli 165 №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 11 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı Ə.Quliyev adına Mingəçevir Peşə məktəbinə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi 3(üç) ay sınaq müddəti müəyyən edilməklə 1(bir) il müddətinə 17 sentyabr 2018-ci il tarixdən 17 sentyabr 2019-cu il tarixədək müddətinə bağlanmışdır. 64 №-li 17 sentyabr 2019-cu il tarixli razılaşmada göstərilir ki, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı 17 sentyabr 2019-cu il tarixdən 3(üç) ay müddətinə bağlanmışdır. Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbi üzrə 165 №-li 16 dekabr 2019-cu il tarixli əmrdən görünür ki, məktəbin istehsalat təlimi ustası İddiaçı ilə bağlanmaış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdə Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqavilələrinin müddətinn qurtarması) xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22.02.2021-ci il tarixli, 2(102)-1167/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1598/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərkən və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilərkən işə yenidən baxan məhkəmə üçün müvafiq göstərişlər müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən;
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar: Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutu ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək bildirir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas olsa da, iddianın təmin edilməsi üçün əsaslı deyildir Maddə 51. Sınaq müddəti Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Əmək Məcəlləsinin 68-ci (əmək müqaviləsinə xitam verilməsinin əsasları) maddəsinə əsasən;
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir İşin mübahisə olunmayan hallarından göründüyü kimi iddiaçı işdən azad edilənədək 38 il müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə işləmiş, həmin müddətin 24 ilini isə eyni vəzifədə, yəni istehsalat təlimi ustası vəzifəsində çalışmışdır. 17.09.2018-ci il tarixli əmrlə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş və həmin gün də 3 ay sınaq müddəti müəyyən etməklə 1 illik müddətə eyni vəzifəyə işə qəbul edilmişdir. 17.09.2019-cu il tarixdə tərəflər arasında imzalanmış müqavilə ilə əvvəlki müqavilənin müddəti 3 ay müddətinə uzadılmış, həmin müddətin sonunda isə iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya tərəflər arsındakı münasibətə düzgün hüquqi qiymət verməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin iddiaçının öz ərizəsi ilə işdən azad edilərək eyni gündə 3 ay sınaq müddəti ilə 1 illik müddətə yenidən işə qəbul edildiyi 17.09.2018-ci il tarixdə qüvvədə olmuş redaksiyası əmək müqaviləsinin müddətsiz və ya müddətli bağlanmasını mümkün hesab edir. Maddənin 4-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə). Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. Məhkəmələr tərəfindən hazırkı mübahisə üzrə həmin maddədə sadalanan “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan halların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd olunan maddənin “f” bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında belə bir ifadə qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə 38 il müddət ərzində fasiləsiz olaraq eyni müəssisədə işləmiş, həmin müddətin 24 ilini isə sonuncu vəzifədə çalışmış işçinin öz ərizəsi ilə işdən azad edilərək onunla eyni gündə 3 ay sınaq müddəti müəyyən edilməklə 1 illik müqavilənin bağlanması əmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Həmçinin belə şəxslə bağlanan əmək müqaviləsində sınaq müddətinin müəyyən edilməsi də Əmək Məcəlləsinin 51-ci maddəsinin təyinatına (ruhuna) da uyğun gəlmir. Həmin maddənin məzmunundan göründüyü kimi sınaq müddətinin müəyyən edilməsində məqsəd işə yeni qəbul edilmiş, yaxud vəzifəyə yeni təyin olunmuş işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaqdan ibarətdir. Əgər işəgötürən artıq müəssiədə daimi işləyən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün onunla əmək müqaviləsinin ləğv olunmasını arzu edirsə, bu halda işçi ilə əmək münasibətlərinə Əmək Məcəllənin 68-ci maddəsinə deyil, 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbinin direktoru X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tаrixli, 2(051)-331/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. . Qətnamədən, tərəflər, üçüncü şəxslər, ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ayaz Mahmudov