Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1031/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və maddi zərərin alınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən çıxarılma) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və maddi zərərin alınması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(039)-237/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 4 hektar torpaq sahəsinin zəbt etdiyi 0.60 hektar hissəsindən cavabdehin çıxarılması və 5000 manat məbləğində vurulmuş maddi zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmiş, sonradan məhkəmə iclası zamanı iddia tələbini dəqiqləşdirərək cavabdeh X8 əvəzinə Cavabdeh kimi oxunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı yolu ilə almış, həmin torpaq sahəsi hazırda onun xüsusi mülkiyyətindədir. Bu barədə onun daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyun 2013-cü il tarixdə seriya RX ******* nömrəli çıxarış da verilmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,60 hektar hissəsini cavabdeh 9 ildən çoxdur ki, zəbt edərək istifadə etməklə ona 5000 manat məbləğində zərər vurmuşdur. Dəfələrlə tələb etməyinə baxmayaraq o, zəbt etdiyi 0.60 hektar torpaq sahəsindən çıxarmaq istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçının nümayəndəsi Azər Nadirov birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(039)-237/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev), iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0.63 hektar hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0.63 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçılar həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmirlər.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, iddiaçın mülkiyyətində olan torpaq sahəsinin 0.63 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi həmin hissədə haqlıdır və cavabdeh iddiaçın mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin həmin - 0.63 ha hissəsindən çıxarılmalıdır.
8. İddianın maddi ziyanla bağlı hissəsi ilə əlaqədar isə məhkəmə hesab etmişdir ki, iddiaçı vurulmuş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13,29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsi, “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 50.1, 50.3, 54.1, 76, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını tam araşdırmamışdır. Məhkəmə tərəfindən ona aid mülkiyyətində olan torpaq sahəsi, habelə iddiaçının mülkiyyəində olan torpaq sahəsi aidiyyatı ekspertlər tərəfindən yoxlanılmamışdır.
12. O, tam əminliklə bilir ki, iddiaçının torpaq sahəsinin zəbt etməmişdir. Bundan başqa aidiyyatı ekzpertiza keçirildiyi təqdirdə onun torpaq sahəsi ilə bərabər iddiaçının da torpaq sahəsinin kimdə olduğu aydınlaşdırıla bilərdi. Bu səbəbdən də iddiaçı və cavabdehin torpaq sahələri aydınlaşdırıldıqdan sonra yekun nəticəyə gəlmək olardı. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti onun da torpaq sahəsinə münasibətdə mübahisəni tam və hərtərəfli araşdırmaq üçün onun torpaq sahəsinin yeri və koordinatları yerində olub-olmaması aydınlaşdırılmalı idi.
13. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə onun ifadələrini, istinad etdiyi halları, mövqeyini tamlığı ilə əks etdirməmişdir. O bildirmişdir ki, şəxsin torpaq sahəsi tərəfindən zəbt edilməyib. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsi ilə kifayətlənməməli aidiyyatı ekspertizanı keçirməklə həm onun torpaq sahəsini, həm də qarşı tərəfin torpaq sahəsinin yer və koordinatını dəqiq müəyyən etməklə onların torpaq sahələrinin faktiki yerində olması, habelə sənədlərlə üst-üstə düşməməkləri tam aydınlaşdırılmalı idi. Məhkəmə onun torpaq sahəsini əsassız olaraq mülkiyyət üzərində olan hüquqlarını pozmaqla əlindən almışdır. O bunlarla razılaşmır. Bu səbəbdən də hesab edir ki, mülkiyyəti toxunulmazdır. Heç kəs onu bu hüquqlardan məhrum edə bilməz.
14. Məhkəmə tərəfindən iddiaçı tərəfindən tələbin və etirazın əsası kimi istinad edilən hallar sübuta yetirilməmişdir. Çünki məhkəmə iddiaçının istinad etdiyi halı ona aid torpaq sahəsinin 0,60 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini bu işlərə səlahiyyətli olan ekspertin rəyi əsasında qətnaməni formalaşdırmamışdır. Buda özözlüyündə real həqiqəti özündə əks etdirmir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməsi qanun normasında qeyd edilir. Ancaq mülki işin materiallarına diqqət yetirsək, iddiaçının iddia tələbi aidiyyatı ekspert tərəfindən aydınlaşdırılmadığı halda tələbə hüquqi qiymət verilmişdir. Buda iddianın qərəzliliyini tələbə tam baxılmadığını ortaya qoyur. Məhkəmə ekspertizanın qəbul edilməsi haqqında heç bir qərar qəbul etməmişdir. O, bu torpaq sahəsini özünün əmlakı olaraq bu günə kimi istifadə edir. Şəxsin torpaq sahəsinə nədən o, girməlidir? Məhkəmə işdən mübahisəni gördüyü halda tələbi tam və hərtərəfli araşdırmaq üçün hər iki torpaq sahəsini mövcudluğunu müəyyənləşdirməklə sənədlə üst-üstə düşdüyünü hər iki torpaq sahəsindən yerində olub-olmamasını aydınlaşdırılmalı idi. Məhkəməyə məktub göndərən orqan ekspert deyildir. Çünki qərar qəbul edərkən ekspertin bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması ona xəbərdar edilir. Bütün bunlar məhkəmə tərəfindən edilməli idi. Çünki rəy verən şəxs məsuliyyətini anlamalıdı. Mübahisəli torpaq sahəsinin tam və hərtərəfli aydınlaşdırmaq üçün məlumatları cavabdehlik daşımaqla verməlidir. Qətnamədə qeyd olunan rəy onu tərtib edən şəxsin məsuliyyətini müəyyən etmir. İşin qeyri obyektivliyi odur ki, o təkidlə ərazini zəbt etmədiyi bildirməyinə baxmayaraq onun fikirlərinə münasibətdə məhkəmə yazdıqlarına cavabdehlik daşıyan şəxsin rəyi əsasında qərarını formalaşdırmaq əvəzinə yazdıqlarının nə dərəcədə düzgün olub-olmaması dəqiq olmayan idarənin fikirləri zəmnində hazırki qərarı qəbul etmək doğru deyildir. Məhkəmə ekspertiza təyin etməlidir. Mübahisələndirilən məsələni qarşılıqlı qaydada araşdırmaqla nizamlanmalı idi.
15. Məhkəmə iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə çıxarmış olduğu qətnaməsində 0,60 ha torpaq sahəsindən çıxarılmağını qeyd edir. Əsaslandığı hal idarə məktubunu və iddiaçının iddiasındakı fikirləri ortaya qoymaqla hazırki nəticəyə gəlmişdir. İş üçün əhəmiyyətli hallar yəni torpaq sahəsinin həqiqətən onda olmasını müəyyən etmək üçün hər iki tərəflərin torpaq sahəsinin faktiki və sənəd üzrə üstüstə düşməsi konkret olaraq zəbti müəyyən etmək üçün xüsusi bilgiyə malik ekspertin rəyindən istifadə edilməmişdir. Bundan sonra qətnamənin nəticə hissəsi faktiki hallarla uzlaşmış hesab edilərdi. 1-ci məhkəmə tərəfindən müəyyən edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədi. Belə ki, məhkəmə ziddiyyətli və qeyri-mötəbər sübutlardan istifadə etdi. İddiaçının mövqeyi təbii ki, onun marağıdır. 17 saylı Ərazi İdarəsinin mövqeyi isə rəsmi ekspertin mövqeyi deyil. Bu ziddiyyətlərin aradan qaldırılmasının əsası isə məhkəmə ekspertizasının çıxaracağı qərardaddır ki, aidiyyatı ekspert verilən sualları aydınlaşdıraraq özünün rəyini məhkəməyə təqdim etməlidir. Mübahisə isə bu zəmində nizamlanmalıdır. İki ziddiyyətli sübutla məhkəmə mötəbərliyi özündə əks etdirən qətnaməni qəbul edə bilməzdi. İddiaçının iddiası onlara görə qeyri mötəbərdi. 17 saylı Ərazi İdarəsinin rəy hesab etdiyi məktubu isə öz özlüyündə məsuliyyəti müəyyən etmədiyi üçün hesab edir ki, mötəbərliliyi həmin rəyin mövcud deyildir.
16. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Çünki aidiyyatı ekspertizanı keçirsəydi hazırki nəticəni qərarlaşdırmazdı. Çünki iddiaçının 0,60 hatorpaq sahəsi onda deyildir.
17. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-237/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-237/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 88-ci maddəsiSübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-237/2023 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin Cavabdeh Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-237/2023 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilən hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyun 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan 4 hektar torpaq sahəsinin 0,60 hektarının Cavabdeh tərəfindən zəbt edilməsinə istinad edərək, cavabdehin məhz zəbt edilmiş 0,60 hektar torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Mütəxəssis və ekspertiza rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin 0,63 hektarının Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmiş, birinci instansiya məhkəməsi isə buna dair əlavə iddia tələbinin olmamasına baxmayaraq, mütəxəssis rəyinə istinad edərək, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmiş 0,63 hektar hissəsindən çıxarılmasını qət etmişdir.
34. Halbuki, İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 4 hektar torpaq sahəsinin zəbt etdiyi 0.60 hektar hissəsindən çıxarılmasını xahiş etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0.63 hektar hissəsindən deyil, 0.60 hektar hissəsindən çıxarılması ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
35. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0.60 hektar hissəsindən əlavə olaraq 0,03 hektar hissəsindən də çıxarılması nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol vermişdir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən ona aid mülkiyyətində olan torpaq sahəsinin, habelə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin aidiyyatı ekspertlər tərəfindən yoxlanılmaması, torpaq sahəsinin həqiqətən onda olmasını müəyyən etmək üçün hər iki tərəflərin torpaq sahəsinin faktiki və sənəd üzrə üstüstə düşməsi konkret olaraq zəbti müəyyən etmək üçün xüsusi bilgiyə malik ekspertin rəyindən istifadə edilməməsi, məhkəmənin ekspertizanın təyin edilməsi haqqında heç bir qərar qəbul etməməsi, məhkəmənin ekspertiza təyin etməli olmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
38. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
40. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7414 saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Yevlax rayonu, Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0.63 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
41. Bu baxımdan apellyasiya şikayətinin iddiaçının torpaq sahəsini zəbt etməməsinə dair dəlilini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikintitexniki ekspertizasının 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7414 saylı rəyi ilə, Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin zəbt edildiyi müəyyən edilmişdir.
42. Kollegiya qeyd edir ki, məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7414 ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim etməmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin onun da torpaq sahəsinə münasibətdə mübahisəni tam və hərtərəfli araşdırmaq üçün onun torpaq sahəsinin yeri və koordinatlarının yerində olub-olmamasının aydınlaşdırılmalı olmasına dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, iş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 13 aprel 2023-cü il tarixli müşaiyət məktubu ilə birinci instansiya məhkəməsinə göndərdiyi mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planından cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi halı müəyyən edilməmiş, lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,63 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmişdir.
44. Göründüyü kimi birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı mülkiyyətində olan 4 hektar torpaq sahəsinin zəbt etdiyi 0,60 hektarından çıxarılmasına dair hissədə doğru nəticəyə gəlsə də, məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,60 ha hissəsindən əlavə olaraq cavabdehin 0,03 hektar hissəsindən də çıxarılması nəticəsinə gələrkən, iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mütəxəssis rəyinin məhz iddia tələbi həcmində öyrənilməli və qiymətləndirilməli olmasını diqqətə almamışdır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin onun ifadələrini, istinad etdiyi halları, mövqeyini tamlığı ilə əks etdirməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 17 yanvar 2023-cü il və 15 may 2023-cü il tarixli məhkəmə iclas protokollarından cavabdehin izahatının birinci instansiya məhkəməsinin qətnaməsindəki izahatı ilə eyni məzmunlu olması, cavabdeh tərəfindən izahatındakı fikirlərin təhrifi ilə bağlı birinci instansiya məhkəməsinə məhkəmə iclas protokollarına dair hər hansı bir qeydin verilməsi halı müəyyən edilməmişdir. İş materiallarından həmçinin cavabdehin izahatından əlavə birinci instansiya məhkəməsinə iddia tələbinə münasibətinə dair digər hər hansı mövqe bildirməsi halı aşkar edilmir.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0,03 hektar hissəsindən çıxarılması nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol versə də apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0,60 hektar hissəsindən çıxarılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(039)-237/2023 nömrəli qətnaməsi qismən, yəni, Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0.03 hektar hissəsindən çıxarılması hissəsində ləğv edilməklə, həmin hissə qətnamədən xaric edilməli, qətnamə Cavabdeh оğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
49. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(039)-237/2023 nömrəli qətnaməsi qismən, yəni, Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0.03 hektar hissəsindən çıxarılması hissəsində ləğv edilsin. Həmin hissə qətnamədən xaric edilsin. Qətnamə Cavabdeh оğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.