Məhkəmə qərarları › İş №2(107)-1033/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1033/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1033/2024 17.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pulun qaytarılması, yaxşılaşdırma və dövlət rüsumu xərcləri, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh2 və Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(014)-487/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 1500 manat torpağa görə ödənilmiş pul, müxtəlif sənədlərin hazırlanması üçün hissəhissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumunun, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərcin və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 51 manat dövlət rüsumunun tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 iyul 2017-ci il tarixdə Ağdaş rayonu, Cardam kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 hissə-hissə olmaqla ümumilikdə 1500 manat ödəməklə 2.3641 hektar torpaq sahəsi almışdır. Belə ki, həmin torpaq sahəsini almaq üçün özünə məxsus torpaq sahəsini dəyərindən qat-qat aşağı qiymətə satmalı olmuşdur. Belə ki, həmin vaxtı sənədləşmə işləri aparmaq istəyən zaman Cavabdeh1 oğlu Əliyev X8 olduğundan Fərqanə ona “sən sənədləşmə işlərini apar, oğlum gələndə qol çəkəcək” demişdir. Torpaq sahəsini alan zaman Dövlət Aktı itirildiyindən Ağdaş RPŞ-nə müraciət etmişlər. Bundan sonra RPŞ-nin arayışı əsasında müraciət edərək və tərəfindən müvafiq dövlət rüsumu ödənildikdən sonra JN 100, KOD 90314038 nömrəli Dövlət Aktını almışdır. Daha sonra yenidən müvafiq dövlət rüsumu ödədikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsindən ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Daha sonra həmin torpağı alqı-satqı etdirmək üçün 10-dan çox arayış (arayışların alınması üçün müxtəlif məbləğlərdə rüsumlar), hətta vərəsəlik işinin açılması üçün rüsumlar ödəmişdir. 3 il gözlədikdən sonra 06 mart 2020-ci il tarixdə Fərqanənin oğlu Elsevər Rusiyadan gəldikdən sonra yenidən müxtəlif arayışlar alaraq torpağı sənədləşdirmək istəmişdir. Bu zaman sənədlərə qol çəkməmişlər. Belə ki, həmin torpaq sahəsinin alınmasına 1500 manat, müxtəlif qurumlara sənədlərin hazırlanması və alınması üçün hissə-hissə olmaqla, cəmi 350 manat miqdarında dövlət rüsumları, hətta torpağın daha da münbitləşdirilməsi üçün 1200 manat pul xərcləmişdir. Keçən dövrdə hər dəfə o, torpağın alqı-satqısının rəsmiləşdirilməsini cavabdehlərdən tələb etdikdə onlar müxtəlif bəhanə ilə torpağı onun adına sənədləşdirməkdən yayınmışlar. Hətta aralarında olan sövdələşmə Ağdaş rayon Cardam kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəsi X6 yanında baş vermişdir. Bütün olanları o da təsdiqləyə bilər. Hesab edir ki, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 2.3641 hektar torpaq sahəsinin alınması üçün cavabdehlərə ödədiyi 1500 manat pulun, hissə-hissə olmaqla dövlət rüsumu kimi ödədiyi 350 manat pulun, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkdiyi 1200 manat xərcin cavabdehlərdən alınaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, 2017-ci ildə Cardam kənd sakini Fərqiyəyə məxsus torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini almaq üçün 1150 manat məbləğində pulu nağd şəkildə Elnurə və onun qaynanası Fərqiyəyə vermiş və 350 manat məbləğində borcu qalmışdır. Dəqiq xatırlmadığı tarixdə çayxanada olarkən bir nəfər şəxs ona yaxınlaşaraq Elnurənin atası olduğunu bildirmişdir. Həmin şəxs özlərinə məxsus torpaq sahəsinə kubik gətirəcəyini və buna görə də pul lazım olduğunu, qızıgildən aldığı torpaq sahəsinin pulundan kəsir qalmış 350 manat məbləğində pulu ona verməsini istəmişdir. O, da həmin 350 manat məbləğində pulu kənd icra nümayəndəsinin yanında Elnurənin atasına vermişdir. Lakin torpağı alarkən qış ayları olduğundan 2017-ci ilin dekabr ayınadək torpaqdan istifadə etməmişdir. 2018-2019-cu illərdə həmin torpaq sahəsinə traktor gətirərək şumlatmış, əyri olan yerlərini hamarlatmış və əkin üçün yararlı vəziyyətə salmışdır. Bunlar üçün ümumilikdə 1200 manat pul xərcləmiş, həmçinin torpaq sahəsini adına rəsmiləşdirmək və çıxarış almaq üçün 350 manat məbləğində də dövlət rüsumu ödəmişdir. Lakin sənədləri rəsmiləşdirərkən Fərqiyənin oğlu Rusiyada olduğundan rəsmiləşdirə bilməmiş, Fərqiyə öldükdən sonra Elnurə və Fərqiyənin oğulları həmin torpaq sahəsinin geri qaytarılmasını tələb etmişlər. O, da torpaq sahəsini 1500 manat məbləğində aldığını, 1200 manat məbləğində xərc çəkərək torpağın istifadəyə yararlı vəziyyətə gətirdiyini bildirsə də, həmçinin torpaq üçün çəkilən xərcin ona geri qaytarılaracağı təqdirdə həmin torpaq sahəsini onlara geri verəcəyini bildirsə də onlar öz aralarında razılığa gələ bilməmişlər. 2023-cü ilin yay aylarında o, Elnurənin həmin torpağı başqa adama satdığını eşitmiş, ona zəng vurub bir müddət danışıqlar etməyə çalışmış, lakin nəticə olmadığını görüb məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 İddiaçı izahatına oxşar izahat verərək bildirdi ki, sözü gedən torpaq sahəsinin digər şəxsə satılması barədə məlumatları olmuşdur. Belə ki, həmin torpaq sahəsi 2023-cü ilin oktyabr ayında başqa bir şəxsə 9500 manat məbləğində satılmış, həmçinin həmin adamın adına rəsmiləşdirilmişdir. Lakin onlar torpağı alarkən torpağın sənədlərinin itirildiyini bildirmişlər, hətta bununla əlaqədar, yəni torpağın sənədinin itirilməsinə dair polisə müraciət etmişlər. Necə ola bilər ki, torpaq sahəsini başqa şəxs sataraq onun adına rəsmiləşdirmişdir. Eyni zamanda torpaq kateqoriyalara bolunur. Əgər torpaq vaxtında onların adına rəsmiləşsə idi onlar həmin torpağı daha yüksək qiymətə özləri da sata bilərdilər. Həmçinin Elnurəgilə məxsus sənədlərin onda olması və həmin sənədlərin onun tərəfindən toplanıb məhkəməyə təqdim olunması onların arasında olan alğı-satğının sübutudur. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh Nümayəndə1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, mərhum qaynanası ölməmişdən əvvəl torpaq sahəsini Mənsura üç illik əkmək üçün vermişdir. Üç il bitdikdən sonra qayınanası dəfələrlə Mənsura zəng edərək torpaq sahəsindən çıxmasını tələb etsə də, Mənsur torpaq sahəsindən çıxmamış, əkin əkməyə davam etmişdir. Onlar torpaq sahəsini Mənsura verərkən həmin torpaq sahəsi hamar və əkinə yaralı olmuşdur. Belə ki, həmin torpaq sahəsində əvvəllər özləri yonca, buğda, arpa əkmişlər. Həmçinin həmin torpaq sahəsi kanalın kənarında yerləşdiyindən torpağı münbit olmuşdur. 2021-ci il tarixdə torpaq sahəsini özləri əkmiş və torpaq sahəsinin şumlanması üçün traktora 100 manat pul vermişlər. Mənsur torpağın şumlanması və əkinə yararlı vəziyyətə gətirilməsi üçün 1200 manat məbləğində xərc çəkdiyini iddia etsə də onun iddiası tam əsassızdır. Həmçinin onlar arasında alğı-satğı müqaviləsi olmamış, qayınanası sadəcə üç illik əkin üçün torpaq sahəsini onlara vermişdir. Onlarda üç il müddətində əkin əkmiş və kifayət qədər məhsul əldə etmişlər. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Ağdaş Rayon Məhkəməsinin 2(014)-487/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh1 01 yanvar 2024-cü il tarixdə öldüyü müəyyən edildiyindən mülki iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir.

7. Ağdaş Rayon Məhkəməsinin 2(014)-487/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Mürsəlova), iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 1500 manat torpağa görə ödənilmiş pul, müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumu, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərc və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 51 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, göründüyü kimi tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə qanunvericiliklə müəyyən edilmiş müqavilənin notarial qaydada bağlanmasına dair tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı alqı-satqı münasibəti yoxdur. Lakin işin faktiki halları ilə 2017-ci il tarixdə iddiaçının cavabdehlərə iki dəfə olmaqla, ümumilikdə 1500 manat ödəməklə onların torpaq sahəsini almasına dair şifai anlaşmanı təsdiq edən şahidlər var, cavabdeh isə müəyyən məbləğ qarşılığında torpaq sahəsinin iddiaçıya verilməsini inkar etmir və torpaq sahəsinin üç illik iddiaçıya verildiyini bildirir. Tərəflər arasında müqavilənin bağlanması mümkün olmadığından və cavabdeh üç il müddətində iddiaçının torpaqdan faydalandığını bildirir. Bundan əlavə cavabdehlərin torpaq səhəsinə aid olan sənədlərin iddiaçılar tərəfindən təqdim olunması həqiqətən də tərəflər arasında torpağın alğı-satğısına dair şifai anlaşmanı təsdiq edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Beləliklə, cavabdehlər Cavabdeh1, Nümayəndə1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahəsini mərhum Cavabdeh1 İddiaçı 1500 manat pul qarşılığında satmışlar, lakin mülkiyyətçilərdən biri, yəni Cavabdeh2 olmadığından həmin torpaq sahəsini İddiaçı adına rəsmiləşdirmək mümkün olmamışdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi cavabdehlər tərəfindən başqa şəxsə satılmış və həmin şəxsin adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şahid X12 icra nümayəndəsi işləməklə cavabdeh Nümayəndə1 bibisi oğludur və o izahat verərəkən iddiaçı tərəfindən torpaq sahəsinin 1500 manat məbləğində Fərqiyədən alınması üçün razıdığını və həmin puldan 1150 manatını verərək 350 manat məbləğində borcunun qaldığını, daha sonra Mənsurun həmin 350 manat məbləğində pulu onun göstərişi ilə Elnurənin atasına verdiyini, həmçinin Elnurənin əri, yəni digər Cavabdeh2 Rusiyada olduğundan torpağı Mənsurun adına rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. X2 izahat verərkən sözügedən torpaq sahəsinin onun torpaq sahəsi ilə qonşuluqda yerləşdiyini, həmin torpaq sahəsinin əkinə yaralı vəziyyətə salınması üçün 1200 manat məbləğində Mənsur tərəfindən xərc çəkildiyini və həmin torpaq sahəsinin əkilib becərildiyini bildirmişdir. Həmçinin digər şahid X15 da izahat verərkən sürücü olaraq Mənsuru icra nümayəndəliyinə apardığını, orada Elnurə və atasının da olduğunu və tərəflər arasında torpağın alqı-satqısına dair mübahisə olduğunu bildirmişdir. Bununla da müəyyən olunur ki, sözügedən torpaq sahəsi iddiaçıya 1500 manat məbləğində satılmış, iddiaçı tərəfindən həmin torpaq sahəsinə xərc çəkilmişdir. Cavabdeh isə torpaq sahəsinin iddiaçıya üç illik verildiyini, torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirləməsi üçün iddiaçı tərəfindən 1200 manat məbləğində xərcin çəkilmədiyini bildirsə də məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş səs yazısında da cavabdehin borcu etiraf etməsi məlum olmuşdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 14.2.7, 135.10, 139.1, 157.7, 1091.1, 191.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Nümayəndə1 apellyasiya şikayəti vermişlər.

12. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, ailə başçıları olmuş mərhum Cavabdeh1 ümumi birgə mülkiyyətlərinə verilmiş 2.3641 ha torpaq sahəsini ailələrində əkib-becərən olmadığına görə 2017-ci ildə müvəqqəti istifadə üçün, yəni 3 il müddətinə iş üzrə İddiaçı vermişdir. Torpaq sahəsi istifadə üçün tam yararlı vəziyyətdə olmuşdur və onu iddiaçıya istifadəyə verənə kimi həmin torpaq sahəsində özləri yonca, buğda, arpa əkmişlər və yüksək məhsulldarlıq əldə etmişlər. Həmin torpaq sahəsi kanalın kənarında yerləşdiyindən torpağı münbit olmuşdur. 2017-ci ildən 2021-ci ilə kimi iddiaçı həmin torpaqda müxtəlif dənli bitkilər əkərək gəlir əldə etmişdir. 2021-ci il tarixdə torpaq sahəsini özləri əkmiş və torpaq sahəsinin şumlanması üçün traktora 100 manat pul vermişlər. İddiaçı torpağın şumlanması və əkinə yararlı vəziyyətə gətirilməsi üçün 1200 manat məbləğində xərc çəkdiyini, həmin torpaq sahəsinə görə guya Fərqiyyə Əliyevaya müxtəlif vaxtlarda 1500 manat pul verdiyini, torpaq sahəsinin alqı-satqı ilə əlaqədar yenidən sənədləşdirilməsinə 350 manat rüsum ödədiyini iddia etsə də, həmin halları təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Ailə başçısı Fərqiyyə Əliyeva vəfat edəndən sonra iddiaçı belə bir yalanlara əl atmış, onlardan pul almaqla bundan faydalanmaq istəmişdir. Bir daha bildirirlər ki, iddiaçı ilə aralarında həmin torpaq sahəsinin ona satılması ilə əlaqədar heç bir müqavilə və ya şifahi razılaşma olmamışdır.

13. Lakin göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi işə baxarkən və araşdırma aparan zaman iş üzrə çox səthi araşdırma aparmış, iddiaçı tərəfin mövqeyini müdafiə etmiş, yuxarıda qeyd etdikləri işin faktiki hallarını nəzərə almamış, iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən heç bir digər sübutlarla təsdiq olmayan telefon daışıqlarına əsaslanmış, bununla da onlar, cavabdehlərin maddi vəziyyətini ağırlaşdırmış, iddiaçı tərəfin isə əsassız gəlir əldə etməsinə nail olmuşdur. Halbuki, şəxsin xəbəri olmadan gizlin yazılan səs yazılarının heç bir hüquqi əhəmiyyəti yoxdur və qanunvericiliklə bu yol verilməzdir. Məhkəmə iddia tələbini təmin etməklə onlara xeyli miqdarda zərər vurmuşdur İşə baxan məhkəmə iddianın təmin edilməsi barədə qətnaməsini səs yazısına və iddiaçının qohumları olan və onun tərəfindən ələ alınan şahidlərin ifadələrinə əsaslandıraraq qanunsuz, əsassız və ədalətsiz hesab etdikləri qətnaməsini qəbul etmişdir.

14. İşə baxan məhkəmə iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyi halda, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməklə onlara xeyli miqdarda maddi zərər vurmuşdur.

15. İddiaçı tərəf mülkiyyətlərində olan torpaq sahəsindən 3 il müddətinə təmannasız istifadə etməklə həmin ərazidən xeyli miqdarda gəlir əldə etməsinə baxmayaraq Cavabdeh1 vəfat edəndən və 3 il müddət başa çatandan sonra əlavə gəlir əldə etmək üçün guya onlar, mülkiyyətçilər həmin torpaq sahəsini ona satmışlar və buna görə mərhum Fərqiyyə Əliyevaya 1500 manat, torpağın yararlı hala salınması üçün 1200 manat, sənədləşdirmə işinə görə 350 manat rüsum tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxan məhkəmə yuxarıda qeyd edilən işin hallarını nəzərə almadan iddia tələbini təmin etməklə zərərçəkmiş kimi onların qanunla qorunan hüquqlarını və normanın qeyd edilən tələbini pozmuşdur.

16. İddiaçı 3 il müddətinə həmin torpağı əkibbecərməklə gəlir əldə etsə də, sonradan onlar cavabdehə hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsi kimi hərəkəti faktiki olaraq onlar cavabdehlərə birbaşa zərər vurmaq əməlidir. Göründüyü kimi işə baxan məhkəmə qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən həmin halları nəzərə almamış, iddia tələbini təmin etməklə normanın tələbini pozmuşdur.

17. İddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyi halda, bunun əksi olaraq cavabdehlər tərəfindən torpaq sahəsinin onlar cavabdehlərin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olması, iddiaçının 3 il müddətinə həmin torpaq sahəsindən istifadə etməsi, əsassız varlanmaq məqsədi ilə onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək onlar-cavabdehlərə küllü miqdarda ziyan vurmasını təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilsə də işə baxan məhkəmə həmin sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və onlardan düzgün istifadə etməmişdir.

18. İşə baxan məhkəmə iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin yuxarıda göstərilən həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

19. İşə baxan məhkəmə işin yuxarıda göstərdiyi hallarını düzgün müəyyən etməmiş, mübahisələndirilən torpaq sahəsinin mülkiyyət hüququ əsasında onlar cavabdehlərin adına qeydə alınması, həmin torpaq sahəsinin 3 il müddətinə istifadəsinə verilməsi, 3 il tamam olduqdan sonra torpaq sahəsindən yenidən özləri istifadə etdiklərinə görə əsassız varlanmaq məqsədi ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsinə nail olmaqla nəticədə cavabdehlərə qeyd edilən məbləğdə zərər vurması kimi işin faktiki hallarını nəzərə almayaraq qətnaməsini düzgün əsaslandırmamışdır.

20. İşə baxan Ağdaş Rayon Məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, işin faktiki halları olan torpaq sahəsinin iddiaçıya 3 il müddətinə istifadəyə verilməsi, həmin müddətdə iddiaçı həmin torpaq sahəsində əkin-biçinlə məşğul olaraq gəlir əldə etməsi, mülkiyyətçilərdən ailə başçısı vəfat edəndən sonra əsassızvarlanmaq məqsədi ilə onlar cavabdehlərə qarşı heç bir subyektiv hüquqi əsası olmayan iddia tələbi ilə məhkəməyə müraciət etməkdə cavabdeh tərəfə xeyli miqdarda ziyan vurması kimi halları aydınlaşdırmamışdır.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməsi, torpaq sahəsinin onlar cavabdehlərə və digər ailə üzvlərinin mülkiyyətində olduğundan, iddiaçı ilə aralarında torpağın alqı-satqısı ilə əlaqədar müqavilənin və şifahi razılaşmanın olmaması, iddiaçı tərəfin iddia tələbinin əsasını təşkil edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməməsi, 3 ildən sonra torpaq sahəsindən özləri istifadə etməyə başlayandan sonra iddiaçının onlara qarşı belə tələblə məhkəməyə müraciət etməkdə məqsədinin əsassız varlanmaq məqsədi güddüyündən sübut olunmur.

22. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh3 və Nümayəndə1 qarşı “torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi tələbi”nə 2(014)-487/2024 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı apellyasiya şikayətinə yazılı etirazında 2(014)-487/2024 saylı mülki iş üzrə tələblərinin təmin edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına, apellyasiya şikayətinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(014)-487/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona və digər cavabdehlərə qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(014)-487/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona və digər cavabdehlərə qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(014)-487/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(014)-487/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 və onun nümayəndəsi Nümayəndə3 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsiSübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

35. Cavabdehlər Cavabdeh2 və Nümayəndə1 Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(014)-487/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 2017-ci ildə tərəflər arasında Aqrar İslahatı Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarına əsasən Torpağa mülkiyyət hüququna dair JN-100 KOD 90314038 saylı Dövlət Aktı əsasında X11, X3, Cavabdeh2, X4 mülkiyyətindəki Ağdaş rayonu, Cardam kəndi ərazisində yerləşən 2,36 ha torpaq sahəsinə dair şifahi qaydada alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən 1150 və 350 manat olmaqla cəmi 1500 manat pul vəsaiti ödənilmişdir. İddiaçı həmin torpaq sahəsini aldıqdan sonra onun yaxşılaşdırılmasına 1200 manat, torpaq sahəsinə dair cavabdehlərin adlarına sənədlərin hazırlanmasına görə 350 manat pul vəsaitinin ödənildiyini, lakin cavabdehlərin torpaq sahəsinə dair onunla notarial qaydada qaydada alqı-satqı müqaviləsini imzalamaqdan imtina edərək, torpağı digər şəxsə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında satdıqlarını əsas gətirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər tərəfindən iddia tələbi qəbul edilməmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı dəyərləndirməni aparır.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şəxsin xəbəri olmadan gizlin yazılan səs yazılarının heç bir hüquqi əhəmiyyətinin olmaması, işə baxan məhkəmənin iddianın təmin edilməsi barədə qətnaməsini səs yazısı ilə əsaslandırmasının qanunsuz olmasına dair dəlillərini əsaslı hesab etmir.

41. Belə ki, «N.Əsədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

42. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi CD diskdə qeydə alınan danışıqlara sübut kimi istinad etməkdə doğru mövqedən çıxış etmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin torpaq sahəsinə görə guya Fərqiyyə Əliyevaya müxtəlif vaxtlarda 1500 manat pul verdiyini təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim etməməsi, işə baxan məhkəmənin iddia tələbinin 1500 manata aid hissəsində təmin edilməsi nəticəsinə gələrkən haqlı olmaması, həmin torpaq sahəsinin 3 il müddətinə iddiaçının istifadəsinə verilməsi, iddiaçı ilə aralarında torpağın alqı-satqısı ilə əlaqədar şifahi razılaşmanın olmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının cavabdehlərə 1500 manatdan 1150 manatının ödənilməsi cavabdeh Nümayəndə1 məhkəmə kollegiyasının 03 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatı, 350 manatının ödənilməsi isə Nümayəndə1 bibisi oğlu və Ağdaş rayonu Qarağan kənd icra nümayəndəsi vəzifəsində işləyən şahid X6 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsi ilə təsdiq edilmişdir. Həmçinin cavabdehlərin torpaq sahəsini iddiaçıya 3 il müddətinə istifadə edilməsi üçün üçün deyil, aralarında olan şifahi razılıq əsasında satmaları məhz cavabdeh tərəflə qohumluq münasibətində olan şahid X6, həmçinin iddiaçı tərəflə qohumluq, yaxınlıq münasibətlərində olmasına dair heç bir sübutun təqdim edilmədiyi X7 birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən verdiyi ifadəsi ilə də təsdiq edilmişdir. Lakin cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

45. İddiaçının torpağın yaxşılaşdırılmasına 1200 manat məbləğində xərc çəkməsi, torpaq sahəsinin alqı-satqı ilə əlaqədar yenidən sənədləşdirilməsinə 350 manat rüsumu ödəməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməməsi, həmin hissələrdə işin faktiki hallarını nəzərə almaması, həmin hissələrdə işə baxan məhkəmənin iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamasına dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumu, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərcin tutulması hissəsində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumu, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərcin tutulması hissəsində iddia tələbini təmin edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir.

47. Belə ki, iddiaçı iddia tələblərində cavabdehlərdən şifahi razılaşma əsasında aldığı torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün 1200 manat xərc çəkdiyini, müxtəlif sənədlərin hazırlanması üçün cavabdehlərin adından hissə-hissə olmaqla 350 manat dövlət rüsumunu ödədiyini göstərməsinə baxmayaraq, həmin torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsinə, həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsinə dair heç bir sübutu təqdim etməmişdir.

48. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadəsində X2 traktor vasitəsi ilə torpaq sahəsini şumladığını, hamarladığını, bunun müqabilində iddiaçı tərəfindən ona 1200 manat pul vəsaitinin verildiyini göstərsə də, torpaq sahəsinin ondan məhsul əldə edilməsi məqsədi ilə adi qaydada şumlanması və hamarlanması ilə torpağın istifadəyə yararlı hala gətirilməsi üçün yaxşılaşdırılması tam fərqli anlayışlardır.

49. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

50. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının qohumları olan və onun tərəfindən ələ alınan şahidlərin ifadələri ilə əsaslandırılmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində ifadə vermiş şahid X10 iddiaçının əmisi oğlu olması müəyyən edilsə də, digər şahidlər X7 və X6 iddiaçı ilə qohumluq münasibətlərində olması müəyyən edilməmiş, həmçinin şahidlərin iddiaçı tərəfindən ələ alınması halı iş materialları ilə təsdiq edilməmişdir. Əksinə şahidlərdən X6 cavabdehlərdən Nümayəndə1 ilə qohumluq münasibətində olması müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətini birinci instansiya məhkəməsinin müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumunun, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərcin cavabdehlərdən tutulmasında doğru nəticəyə gəlməməsində əsaslı, həmin hissələrdə iddia tələbini əsassız hesab etdiyindən cavabdehlərdən məhz iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib məbləğdə dövlət rüsumu tutulmalıdır.

53. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh2 və Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-487/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumu, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərc və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 16 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə rədd edilməli, qətnamə cavabdehlər Cavabdeh2 və Nümayəndə1 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-487/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumu, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərc və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 16 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddiası müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumu, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərc və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 16 manat dövlət rüsumunun tutularaq onun xeyrinə verilməsinə dair hissələrdə rədd edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-487/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Nümayəndə1 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar