Məhkəmə qərarları › İş №2(107)-1040/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1040/2020

02.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1040/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tаrixli 2(014)-1112/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 13 dekabr 2019-cu il tаrixli 2(014)-1112/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, x4 və Cavabdeh4 qarşı “özbaşına tutulmuş (zəbt edilmiş) tikilidən məcburi çıxarılma” tələbinə dair iddiası təmin edilərək cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, x4 və Cavabdeh4 Dövlət x3 17 yanvar 1998-ci il tarixli 10 saylı qərarı ilə əmlak payı kimi Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində iddiaçıya verilmiş 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsindən məcburi çıxarılmaları qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Ağdaş rayonu Qarasuqumlaq kəndində məskunlaşmış cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, x4 və Cavabdeh4 (bundan sonra cavabdeh və ya Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Familə Cavadova və Cavabdeh4) Azərbaycan Respublikası Dövlət x3 17 yanvar 1998-ci il tarixli 10 saylı qərarı ilə əmlak payı kimi Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində ona verilmiş 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsindən məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, islahat zamanı Dövlət x3 17 yanvar 1998-ci il tarixli 10 saylı qərarı ilə Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində yerləşən 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsinin binası əmlak payı almaq hüququnun olduğundan əmlak payı kimi ona verilmişdir. Cavabdehlər Laçın rayonundan məcburi köçkün kimi həmin kəndin ərazisində ona verilmiş obyektin qonşuluğunda məskunlaşmışlar. Həmin vaxt əmlak payı kimi ona verilmiş süd emalı şöbəsindən istifadə etmədiyinə görə cavabdehlərlə qarşlıqlı razılaşma əsasında həmin obyekti müvəqqəti istifadə etmək üçün onların istifadəsinə vermişdir. Sonralar həmin obyekti və onun yerləşdiyi torpaq sahəsini mülkiyyəti və istifadə hüququ əsasında öz adına qeydə aldırmağı ilə bağlı müvafiq icra orqanına müraciət etmişdir. Həmin orqanın mütəxəssisləri həmin obyektə baxış keçirərək müəyyən inventarlaşdırma işləri aparmaq istəyən zaman cavabdehlər guya həmin obyekti ondan aldıqlarını onlara bildirməklə inventarlaşdırma işlərinin aparılmasına maneçiliklər yaratmışlar. Cavabdehlərin belə qanunsuz hərəktlərindən sonra onların həmin obyekti boşaldaraq oradan çıxmalarını dəfələrlə xahiş və tələb etməyinə baxmayaraq məcburi köçkünlərin məskunlaşdığı yerdən çıxarılmamaları barədə Prezidentin müvafiq sərəncamı olduğunu bildirərək həmin obyektən çıxmamışlar. Cavabdehlər ona əmlak payı kimi verilmiş yardımçı otaqlardan deyil, onunla qonşuluqda yerləşən otaqlarda və tövlədə məskunlaşmışlar. Hazırda o, əmlak payı kimi ona verilmiş həmin obyekti mülkiyyət və istifadə hüququ əsasında adına qeydə aldıraraq oradan istəyinə uyğun olaraq istifadə etmək istəyir. Cavabdehlər isə həmin obyekti boşaldaraq könüllü olaraq oradan çıxmaq istəmədiklərinə görə onlara qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciəıt etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh5 iddia tələbini rədd edərək izahatında bildirmişdir ki, Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində yerləşən 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsinin binasında Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışlar. Orada özlərinə məxsus tikinti işləri aparmış və həmin yeri təmizləyib düzəltdirmişlər. Məcburi köçkünlərin məskunlaşdığı yerdən çıxarılmamaları barədə Prezidentin müvafiq sərəncamı olduğunu bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh5 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tаrixli 2(014)-1112/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh5 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi Ağdaş rayonu Qumlaq kəndi ərazisində mal fermasının 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsində yerləşmişdir. Onun məcburi köçkün kimi həmin ərazidə məskunlaşdığı Azərbaycan Respublikası Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən qeydə alınmışdır. “Qaçqınların və məcburi köçkünlərin proplemlərinin həlli” üzrə Dövlət Proqramının təqsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati yardımçı və digər binaların özəlləşdirilməsi 1992-1994cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. Hesab edir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artması üzrə dövlət proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 01 iyun 2004-cü il tarixli 298 saylı sərəncamına uyğun hərəkətlər etdiyindən iddiaçıya qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Məcburi köçkünlərin məskunlaşdırılması barədə Nazirlər Kabinetinin 1999cu il tarixli qərarına əsasən köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və məcburi köçkünlərin İşlər üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. O, məcburi köçkün kimi 1992-ci il tarixdən həmin ərazidə məskunlaşmışdır. Onun İddiaçı qarşı heç bir iddiası yoxdur. Mülkiyyətində heç bir torpaq sahəsi, ev və ya mülk yoxdur. Köçüb başqa yerə getməyə imkanı yoxdur. Özü yaxşı bilir ki, həmin torpaq sahəsində müvəqqəti məskunlaşmışdır. 1992-ci il tarixdə Qumlaq kəndində məskunlaşdıqları vaxt həmin tikili mövcud idi. Göründüyü kimi, işə baxan məhkəmə qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla onun vəziyyətini ağırlaşdırmış və onun qorunan hüquqlarını pozmuşdur. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiə haqqında” 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasin. Onlar isə müstəqil məskunlaşmamışlar, onları Qaçqınkom yerləşdirib. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tаrixli 2(014)-1112/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tаrixli 2(014)-1112/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər Familə Cavadova (Kərimova) və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdaş Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən olması haqqında məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 22.12.2000-cu il tarixli AA 031236 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh5 1958-ci ildə Laçın şəhərində anadan olmuş, Ağdaş şəhərində məskunlaşmışdır. 22.12.2000-ci il tarixli AA 031242 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh1 1958-ci ildə Laçın şəhərində anadan olmuş, Ağdaş şəhərində məskunlaşmışdır. 03.11.2003-cü il tarixli AA 078790 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh2 1981-ci ildə Laçın şəhərində anadan olmuş, Ağdaş şəhərində məskunlaşmışdır. 11.10.2006-cı il tarixli AA 148588 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh4 1983-cü ildə Laçın şəhərində anadan olmuş, Ağdaş şəhərində məskunlaşmışdır. Ağdaş RPŞ-nin 28.10.2010-cu il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ağdaş rayonu Mürsəl kəndində anadan olmuş, Ağdaş rayonu Qarasuqumlaq kəndində qeydiyyatdadır. Ağdaş RİHB-ın Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2019-cu il tarixli 38 saylı arayışdan görünür ki, Hacıyeva x2 rayon Qarasuqumlaq kəndində yaşayır və qeydiyyatdadır. Ağdaş RİHB-ın Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2019-cu il tarixli 37 saylı arayışdan görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş Laçın rayonundan məcburi köçkün olan Cavabdeh5 Ağdaş rayonu Qarasuqumlaq kəndində yaşayır və ailə tərkibi arvadı Cavabdeh1, oğlu Cavabdeh2, qızı x4, qızı Cavabdeh4 ibarətdir. Hər bir ailə üzvü Laçın rayonundan məburi köçkündür. Ağdaş rayon Qarasuqumlaq bələdiyyəsi tərəfindən verilmiş 27 dekabr 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Məhəmmədəli qızı tərəfindən tikinti altında olan torpaq üçün 332000 manat kassaya mədaxil edilmişdir. Ağdaş rayon Qarasuqumlaq Bələdiyyəsi tərəfindən verilmiş 2006-cı il tarixli Aktdan görünür ki, Ağdaş rayon Qumlax kənd sakinəsi İddiaçı Məhəmmədəli qızının ərizəsinə və Qarasuqumlaq Bələdiyyəsinin qərarına əsasən, Qumlaq kənd sakini İddiaçı Məhəmmədəli qızına x1 kəndindən K.P.İ. Fondu torpaqlarından 0.05 hektar həyətyanı torpaq sahəsi ayrılması üçün yer seçilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin iddiaçıya ünvanladığı 11.10.2004-cü il tarixli 220 saylı məktubdan görünür ki, tikiliyə və müəssisəyə mülkiyyət hüququ başqa şəxsə keçərkən, onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə keçir. Qumlaq kənd x3 10 mart 2001-ci il tarixli qərarı ilə yardımçı əmlak payı kimi İddiaçı Məhəmmədəli qızına verilmiş süd emalı otaqları altındakı torpaq sahəsi də, ya birdəfəlik satılma ilə və ya icarə ilə İddiaçı Məhəmmədəli qızına verilməlidir. Ağdaş rayon Qarasuqumlaq Bələdiyyəsi üzvlərinin 12 dekabr 2005-ci il tarixli ümumi iclasının 13 saylı protokolundan çıxarışın surətindən görünür ki, Qumlaq kənd sakini İddiaçı düşən əmlak payının yerləşdiyi torpaq sahəsi ilə bərabər 0.04 hektar torpaq sahəsinin şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Ağsdaş Rayon Məhkəməsinə göndərdiyi 11 iyun 2019-cu il tarixli 585 saylı məktubdan görünür ki, Laçın rayonundan məcburi köçkünlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 1995-ci ildən hal-hazıradək Ağdaş rayon Qarasuqumlaq kəndi Ferma binasında müvəqqəti qeydiyyatdadırlar. Hal-hazırda həmin ərazidə yaşayırlar. Dövlət x3 17 yanvar 1998-ci il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Əmlakdan pay haqqının verilməsi barədə” 65 saylı Aktdan görünür ki, Qumlaq kəndində yaşayan pasport seriyası İV JQ 732740 saylı, Əmlak payı almaq hüququna malik olan İddiaçı Məhəmmədəli qızı şəxsində bu təsərrüfatdan dəyəri 5220 manat məbləğində 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsinin əmlak payı haqqı olaraq verilməsi haqqında Akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, “məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlərin Dövlət x3 17 yanvar 1998-ci il tarixli 10 saylı qərarı ilə əmlak payı kimi Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində iddiaçıya verilmiş 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsindən məcburi çıxarılmalıdırlar”. Məhkəmə kollegiyasının 11 iyun 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdaş Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. Məhkəmə kollegiyası mülki mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, apelyasiya şikayəti əsasında aparılan araşdırma ilə müəyyən edilən işin gerçək halı ondan ibarətdir ki, Azərbaycan Respublikasında aparılan aqrar islahatı zamanı Dövlət x3 17 yanvar 1998-ci il tarixli 10 saylı qərarı ilə Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində yerləşən 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsinin binası əmlak payı almaq hüququnun olduğundan əmlak payı kimi İddiaçı verilmiş, sonradan həmin əmlak payının yerləşdiyi torpaq sahəsi də Qarasıqumlaq bələdiyyəsinin qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehlər Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ldə işğal olunan Laçın rayonundan məcburi köçkün kimi həmin kəndin ərazisində iddiaçıya verilmiş obyektlə qonşuluqda, həmin fermanın ərazisində məskunlaşmışlar. Cavabdehlər hazırda məcburi köçkün kimi orada qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlər 1993-cü ildən iddia predmetinə aid olan otaqlarda məskunlaşdıqlarını bildirirlər. İddiaçı isə bildirir ki, əmlak payı kimi ona verilmiş süd emalı şöbəsindən həmin vaxt istifadə etmədiyinə görə 2000-ci illərin əvvəllərində qarşılıqlı razılaşma əsasında həmin obyekti müvəqqəti istifadə etmək üçün cavabdehlərin istifadəsinə vermişdir. Əvvəllər cavabdehlərlə münasibətləri normal olmuş, lakin sonralar həmin obyekti və onun yerləşdiyi torpaq sahəsini mülkiyyət hüququ əsasında öz adına qeydə aldırmaq ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Həmin orqanın mütəxəssisləri obyektə baxış keçirərək müəyyən inventarlaşdırma işləri aparmaq istəyən zaman cavabdehlər guya həmin obyekti ondan aldıqlarını mütəxəssislərə bildirməklə inventarlaşdırma işlərinin aparılmasına mane olmuşlar. Cavabdehlərin müqaviməti nəticəsində müvafiq icra hakimiyyəti orqanı iddiaçıya məxsus olan əmlakları üzərində onun mülkiyyət hüquqlarını qeydə ala bilməmişdir. Nəticədə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni mənafeyi pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunanhüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. x8 Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsinin həmin qərarında formalaşdırdığı mövqeyə görə, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin və Konvensiyanın 6-cı maddəsinin tələblərinə ciddi riayət edilməlidir. Həmin qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır. x8 Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə x8 Məhkəməsi göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. “x6rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. x8 Məhkəməsinin formalaşmış mövqeyinə görə, x8 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində yer alan “mülkiyyət” konsepsiya olaraq “mövcud əmlakları” və aktivləri əhatə edir, buraya o cümlədən barəsində iddiaçının iddia tələbi irəli sürə biləcəyi və yaxud ən azı barəsində “qanuni gözləntilərinin” olduğu əmlaklar və aktivlərdə daxildir. Araşdırılmalı məsələ ondan ibarətdir ki, işin bütövlükdə nəzərdən keçirilən halları iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli marağının olduğuna dəlalət edirmi? İddianın predmetinə aid olan Dövlət x3 17 yanvar 1998-ci il tarixli 10 saylı qərarı ilə əmlak payı kimi Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində iddiaçıya verilmiş 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsinin üzərində İddiaçı mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, Dövlət x3 17 yanvar 1998-ci il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Əmlakdan pay haqqının verilməsi barədə” 65 saylı Akt ilə həmin daşınmaz əmlakın İddiaçı mülkiyyətinə verilməsi mübahisələndirilməyən haldır. Həmin əmlak payının yerləşdiyi torpaq sahəsi də Qarasıqumlaq bələdiyyəsinin qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Sözügedən əmlakın barəsində iddiaçının ən azı “qanuni gözləntiləri” vardır. İşin mahiyyətindən göründüyü kimi, həmin daşınmaz əmlakların Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasına məhz cavabdehlərin qanunsuz hərəkətləri mane olmuşdur. Həmin əmlaklardan (3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsindən) cavabdehlər hazırda qanunsuz olaraq istifadə edirlər, eyni zamanda mülkiyyətçinin öz əmlakında hər hansı iş görməsinə mane olurlar. Deməli, iddia tərəfinin sözügedən əmlaklar üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur. Qeyd edildiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud olan mülkiyyətinə şamil olunur. Sözügedən əmlakların iddia tərəfinin mülkiyyətində olması (mövcudluğu) və həmin əmlaklardan cavabdehlərin qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. İddiaçının sözügedən əmlaklar (3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsi) üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrindən, x8 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsindən, habelə x8 Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı çoxsaylı presedentlərindən irəli gəlir. Belə olan halda, iddiaçının mülkiyyətində olan əmlakdan cavabdehlərin çıxarılması barədə iddiası qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İstinad olunan qanunvericilik normasından göründüyü kimi, məcbiri köçkünlər yalnız o halda müstəqil olaraq məskunlaşa bilərlər ki, belə məskunlaşma digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məcburi köçkünlərin müstəqil məskunlaşması digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozduğu halda (hazırda baxılan mübahisədə məhz belə hal baş vermişdir) müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin başqa yaşayış sahəsi ilə təmin edilərək ora köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi, qanunvericilik birmənalı olaraq məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsini fiziki və ya hüquqi şəxslərin deyil, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi kimi təsbit etmişdir. Belə olan halda, hazırkı iddia tələbi təmin ediləcəyi halda, cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Kollegiyaya görə, cavabdehlər iddiaçını öz mülkiyyətində olan əmlakdan faktiki olaraq məhrum etmişlər, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Deməli, iddiaçı özünə məxsus olan əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi mülki mübahisə üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Göründüyü kimi, apelyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. x8 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tаrixli 2(014)-1112/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh5 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tаrixli 2(014)-1112/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar