Məhkəmə qərarları › İş №2(107)-1043/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1043/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1043/2022 11.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (açar sözlər: mənzildən çıxarılma) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(039)- 2516/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 4, mənzil 1-dən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etmişdir ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 4, mənzil 1 onun xüsusi mülkiyyətindədir. 2019-cu ilin sentyabr ayında cavabdehlərlə həmin mənzilin onlara 8000 manata satılması ilə bağlı razılığa gəlmişlər. Cavabdehlər mənzilin dəyərini ona 2020-ci ilin may ayına kimi ödəməli idilər. Cavabdehlər mənzilin pulunu ödəyə bilmədiklərindən onlara həmin mənzilə köçəməsinə və orada yaşayaraq mənzilin pulunun ödənilməsinə razılıq vermişdir. Cavabdehlər onun mənzilinə köçmüşlər. Mənzilin pulunun ödənilməsi və cavabdehlərin adına rəsmiləşdirmək barədə razılığa gəlsələr də cavabdehlər pulu ödəmədikləri səbəbli bu baş verməmişdir. O, mənzilin pulunu almaq məqsədi həmin mənzilə gedərkən cavabdehlər onun üstünə hücum etmiş və polisə onun barəsində əsassız şikayət etmişlər. Hazırda aralarında olan razılaşma pozulmuş, cavabdehlər ona mənzilin dəyərini ödəməmişlər. Bu səbəbdən də cavabdehlərin həmin evdən çıxmasını istəyir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında ərizə təqdim edərək göstərmişdir ki, iddianı qəbul edir. İddiaçıya məxsus Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 4, mənzil 1-dən çıxarılmasına razıdır.

4. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 16 dekabr 2021-ci il tarixli, 2(039)-2516/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 4, mənzil 1-dən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət edilmişdir.

5. Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(039)- 2516/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

6. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, onun yaşayış və mülkiyyət hüquqları pozulmaqla qətnamə qanunsuz və əsassız çıxarılmışdır. Ona görə də, həmin qətnamə ilə razılaşmır. İşə apellyasiya instansiyasında yenidən obyektiv baxılmaqla həmin qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, mübahisəli evin sənədləri qaydasnda deyildi. Onlar cavabdehə kömək etdik ki, həmin evin sənədlərini tam qaydasına salsın. Lakin sənədləşmə işi tam yekunlaşandan sonra cavabdeh özü aralarında olan razılaşmanı pozmaqla evə gələrək onlara qarşı kobud şəkildə söyüş və təhqirlərlə hədə-qorxu gələrək evi boşaltmaqlarını tələb etdi. Vəziyyəti belə gördükdə onlar cavabdehə verdikləri behi, mənzilin təmirinə və yaxşılaşdırılmasına cəkdikləri ümumilikdə 6000 manat xərcləri ondan tələb etdilər. Bunlara baxmayaraq cavabdeh onlara qarşı əsassız qanunsuz hərəkətlərini davam etdirək hətta qızına xəsarət belə yetirdi. Lakin məhkəmədə bunlar nəzərə alınmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərinsahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilənhərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(039)- 2516/2021 saylı qətnaməsini ləğv edərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

8. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(039)- 2516/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının başqa təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

10. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

11. İş üzrə cavabdehlərdən biri apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin cavabdehə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(039)-2516/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli 04 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, Qamboy Quliyev küçəsi ev 4, mənzil 1 mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax şəhəri, Qamboy Quliyev küçəsi ev 4, mənzil 1 İddiaçı xüsusi mülkiyyətindədir. Tərəflər arasında olan razılığa əsasən həmin mənzili cavabdehlər iddiaçıdan satın almalı idilər. Buna görə də, cavabdehlər həmin mənzilə köçərək orada yaşamışlar. Lakin tərəflər arasında olan razılaşma pozulmuş və iddiaçı cavabdehlərin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddianı qəbul etmişdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

21. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.

22. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzildən onun iradəsi ziddinə qanunsuz olaraq istifadə etdiklərinə görə iddiaçının iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzildən çıxarılmaları nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.

23. Apellyasiya şikayətinin dəlillərindən biri cavabdehlərin yaşayış evindən istifadə hüququnun pozulması ilə əlaqədardır.

24. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ yaranmamış və həmin hüququn yaranması üçün əsaslar da mövcud olmamışdır.

25. Cavabdehlər hal-hazırda başqa ünvanda qeydiyyatdadırlar. Belə olan halda apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalıdır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehə verilmiş beh, mənzilin təmirinə və yaxşılaşdırılmasına cəkilən xərclə bağlı dəlili ilə barədə bildirir ki, həmin tələblər hazırkı məhkəmə baxışının predmeti deyildir.

27. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

28. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

29. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

31. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

32. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(039)-2516/2021 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(039)-2516/2021 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar