Məhkəmə qərarları › İş №2(107)-1048/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1048/2021

25.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1048/2021 25.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Çərkəzov Vüsal Fərman oğlunun katibliyi; İddiaçı - İddiaçı və vəkili X1; Cavabdehlər - Qəbələ şəhər 2 saylı tam orta məktəbinin nümayəndəsi Nümayəndə; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbi, Cavabdeh2, Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və X8 Xidmətinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(025)- 352/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(025)-352/2021 saylı qətnаməsi ilə (hakim Elman İsayev) İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciəte dərək, Qəbələ şəhər 2 saylı tam orta məktəbinin 01 iyul 2017-ci il tarixli, 57 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilməyi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 01 sentyabr 2008-ci il tarixdə təyinatla Dızaxlı kənd tam orta məktəbinə dil-ədəbiyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. 15 sentyabr 2015-ci il tarixdə öz ərizəsinə əsasən Qəbələ şəhəri 2 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüşdür. Bundan sonra 01 iyul 2017-ci il tarixdə heç bir əsas olmadan işdən azad olunmuşdur. Elə həmin gün 01 iyul 2017-ci il 57 saylı əmrlə onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ancaq onunla bağlanmış olan əmək müqaviləsinə olan dəyişikliklər və müdaxilələr onun xəbəri olmadan aparılmışdır. Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq o, bildiyi qədər ilə əgər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfində məlumatlı olması gərəkir. Əgər hər hansı bir əsaslı səbəb, məhkəmə tərəfindən qəbul edilmiş bir qərar və bu kimi, başqa əsaslı hallar olarsa onun işinə birtərəfli xitam verilməsi qanuna uyğun olardı. Ən əsasıda odur ki, onun müəllimə işlədiyi dövrdə heç bir qayda pozuntusu olmamışdır ki, bu səbəbdən əmək müqaviləsinə xitam verilib. Ancaq bu sadaladığı halların heç biri olmadığı üçün o, işinə xitam verilməsini qanunsuz hesab edir. Çünki, onun işinə xitam verilərkən, məktəb tərəfindən ona heç bir bildiriş və ya bu işlə bağlı yəni, onun işdən azad edilməyi ilə əlaqədar ona heç bir qanuni sənəd verilməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hər hansısa maddəsinə istinad etməmiş və əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar ona təqdim edilməmişdir. Bütün bu səbəblərə görə o işdən çıxarılmağını qanunsuz və qanunlara zidd sayır. Özü ali təhsilli müəllimədir. 9 il çalışmış və üzərinə düşən müəllimlik öhdəliklərini layiqincə və şərəflə yerinə yetirmişdir. İşdən azad edilməyi ilə bağlı dəfələrlə məktəbin direktoru ilə danışığı olub. Ancaq işi ilə maraqlanmayıb. Ona heç bir əsaslı səbəb göstərməyib. Bütün sadalananlara əsasən hesab edir ki, o işdən qanunsuz çıxarılmışdır. Əmək hüququnun pozulduğunu bilən kimi də məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı iddiası tamamilə əsassızdır. İddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 15.09.2015ci ildə işə qəbul edilərək müddətli əmək müqaviləsi imzalanmışdır. Bununla da o, Qəbələ RTŞ-nın 2246 №-li məktubuna əsasən iddiaçını məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq köçürmüşdür. Müqavilə 14 iyun 2017-ci il tarixədək bağlanmışdır. 01.07.2017-ci il tarixdə iddiaçının öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesab 2017-ci ildə verilmişdir. Məhkəmədən iddia əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi X9 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə 2015-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, bu elektron bazada qeydiyyatdan keçirilmişdir. 2017-ci ildə iddiaçının öz ərizəsi ilə işdən azad edilmişdir. İşdən çıxarılmasına dair əmr veriləndən 1 ay müddətinə şikayət edə bilərdi. Lakin, iddiaçı 3 il sonra məhkəməyə şikayət etmişdir. Məhkəmədən iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində istinad etdiyi dəlillərlə əsaslandıraraq Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(025)-352/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(025)-352/2021 saylı qətnаməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qəbələ şəhər 2 saylı tam orta məktəbinin nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021ci il tаrixli, 2(025)-352/2021 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(025)- 352/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 03.09.2008-ci il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Zalova X5 rayon Dızaxlı kənd tam orta məktəbinin direktoru M.Mirzəliyevin 01.09.2008-ci il tarixli 07 saylı əmri ilə həmin məktəbə dil-ədəbiyyat müəllimi təyin edilmiş, 14.09.2015-ci il tarixli 8 saylı əmri ilə İddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. Həmçinin Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə 15.09.2015-ci il tarixli 226 saylı əmri ilə iddiaçı Qəbələ şəhər 2 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüşdür, 01.07.2017-ci il tarixli 57 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv olunmuş və sonuncu haqq-hesabı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə 15.09.2015-ci il tarixli 226 saylı Əmri ilə Zalova X5 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 15.09.2015-ci il tarixdə tərəflər (məktəb direktoru və iddiaçı) arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçı Zalova X5 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə 15 sentyabr 2014-cü tarixdən 14 iyun 2017-ci il tarixədək bağlanmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə 01.07.2017-ci il tarixli 57 saylı Əmri ilə Əmək Məcəlləsinin 68-ci bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir . “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1ci abzası və 3-cü bəndin müddalarında görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin: 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır; 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X4 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Qəbələ rayon Dızaxlı kənd tam orta məktəbinin direktoru M.Mirzəliyevin 01.09.2008-ci il tarixli 07 saylı əmri ilə həmin məktəbə dil ədəbiyyat müəllimi təyin edilmiş, 14.09.2015-ci il tarixli 8 saylı əmri ilə İddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. 15.09.2015-ci il tarixli 226 saylı Əmri ilə Zalova X5 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məktəb direktorunun 01.07.2017-ci il tarixli 57 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əsasən İddiaçı ilə bağlanmış müqavilə ləğv edilərək axırıncı haq hesabı verilmişdir. Göründüyü kimi, cavabdeh sözü gedən əmri verərkən əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin konkret bəndinə deyil, ümumilikdə həmin maddəyə və Təhsil Nazirliyinin 28.03.2016-cil tarixli 165 §4 saylı əmrinə istinad etmişdir. İddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinin əsası kimi isə Əmək Məcəlləsi və Təhsil Nazirliyinin 28.03.2016-cil tarixli 165 §4 saylı əmri yazılmışdır. Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydalarını müəyyən edən 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Göründüyü kimi, cavabdeh Qəbələ şəhər 2 saylı tam orta məktəbi əmək tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsini sənədləşdirərkən qanunvericiliyinin yuxarıda qeyd olunan normalarına tələblərinə riayyət etməmişdir. Bu da öz-özlüyündə mübahisələndirilən əmrin qanunsuzluğuna dəlalət edən haldır. Bundan başqa, iddiaçı işdən azad olunması ilə bağlı sonhaqq-hesab almasına baxmayaraq, məktəb tərəfindən ona heç bir bildiriş və ya bu işlə bağlı yəni, onun işdən azad edilməyi ilə əlaqədar ona heç bir qanuni sənəd verilmədiyini, işdən azad olunmasını yalnız növbəti dərs ilinin başladığ gün- 2017-ci ilin sentyabr ayının 15 məktəbə gedərkən bildiyini, qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməməsinin səbəbinin hüquqlarını bilmədiyindən irəli gəldiyini bəyan edir. Cavabdeh orta məktəbin nümayəndəsi isə iddiaçının əmək müqaviləsinin ləğvi ilə əlaqədar əmrlə vaxtında tanış olduğunu, son haqq-hesab aldığını, işdən azad olunduğundan 3 il 6 ay sonra məhkəməyə müraciət etdiyini bildirir. İşdən görünür ki, iddiaçı 01.07.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə baxmayaraq, iddia müddətini ötürərək, yalnız 01.02.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan uzun müddət (3 il 6 ay) sonra iddia ərizəsi ilə 01.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsaslı olmasına baxmayaraq məhkəməyə müraciət etmənin qanunla müəyyən edilmiş müddətinin ötürülməsi iddianın rədd edilməsinə səbəb olan haldır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşıraraq hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə, həmçinin işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа keçirilir. Hаkim bütün hаllаrdа prоsesin çəkişmə prinsipini təmin etməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə etdiyi dəlillərlə, оnlаrın verdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(025)-352/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(025)-352/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar