Məhkəmə qərarları › İş №2(107)-105/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-105/2025

02.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-105/2025 02.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bəyənmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli 41 nömrəli qərarı ilə, JN-0028 kod-40416018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə Şəki rayonu Suçma kəndi ərazisindən 3.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 5 aprel 2005-ci il tarixdə Suçma kənd İcra Nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktla Cavabdeh4 özünün və ailə üzvüləri- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan 3.19 ha torpaq sahəsini İddiaçı daimi olaraq bağışlamışlar.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Şəki rayonu, Suçma kəndi ərazisində yerləşən JN:0028 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, X3 mülkiyyətində olan cəmi 3,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin alqı satqısı barədə 16 fevral 2005-ci il tarixli əqdin etibarlı sayılması, dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 15 iyun 2024-cü il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində alqısatqı aktının tarixini 16 fevral 2005-ci il kimi deyil, 05 aprel 2005-ci il kimi oxunulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Suçma kəndi ərazisində yerləşən JN:0028 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, X4 mülkiyyətində olan cəmi 3,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini 05 aprel 2005-ci il tarixdə cavabdehlərin razılığı əsasında dəyərini tam ödəməklə onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından alqı-satqı müqaviəsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər torpaq sahəsini ona təhvil vermişlər. 3,36 hektar torpaq sahəsi qeyd olunan vaxtdan indiyədək faktiki olaraq onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsinə dair cavabdehlərin adına Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanaraq verilmişdir. Dəfələrlə cavabdehlərə müraciət edərək satın aldığı torpaq sahəsini oz adına rəsmiləşdirmək üçün Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini onlardan xahiş etmiş, lakin cavabdehlər son vaxtadək 3,36 hektar torpaq sahəsinin ona satdıqlarını, bunun əvəzində həmin torpaq sahəsinin dəyəri kimi müəyyən edilmiş 800 ABŞ dollarını tam şəkildə aldıqlarını etiraf etsələr də, hazırda torpaq sahəsini ona satdıqlarını inkar edərək alqı-satqı müqaviləsini imza etmək üçün Notoriat Kontoruna getməkdən müxtəlif bəhanələrlə yayınırlar. Bu səbəbdən alqı-satqı müqaviləsinin notoriat qaydasında təsdiqlənməsi və torpaq sahəsinin öz adıma rəsmiləşdirilməsi mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Hazırkı vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Cavabdehlərlə hüquq münasibətlərinin yarandığı zaman,yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb edilən əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydada təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı iddia ərizəsində JN:0028 nömrəli (kod ********) Torpağa Mülkiyyət Hüququna X8 göstərilən 3.19 ha torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi 05 aprel 2005-ci il tarixdə Şəki rayonu, Suçma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nümayəndənin və kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş akt nəticəsində Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahəsini ona satdıqlarını və bunun müqabilində pul aldıqlarını, lakin sonradan müqavilənin rəsmiləşdirilməsi üçün onları notariat kontoruna dəvət etsə də, onların notariat kontoruna gəlməkdən boyun qaçırdıqlarını göstərmişdir.

5. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur.

6. Məhkəmə qeyd edir ki, hazırki iş materiallarında tərəflər arasında 3.19 ha torpaq sahəsinin alqı-satqısının 2005-ci ildə baş tutması, yəni tərəflər arasında həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı məhz 2005-ci il tarixdə yazılı əqdin bağlanması, bağlanmış həmin əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin 2005-ci ildə bağlanmış əqdin notarial qaydasında təsdiqlənməsindən yayınması və həmin əqdin özünün qanuna zidd olmaması barədə heç bir sübut yoxdur və iddiaçı tərəfindən də bu halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.

7. Digər tərəfdən 05 aprel 2005-ci il tarixli aktda müqaviləyə aid şərtlər; müqavilənin müddəti, satıcıların və alıcının öhdəlikləri, o cümlədən torpaq sahəsinin alıcıya təhvil verilməsi müddəti, müqavilənin icra vaxtı, satıcıların həmin müqavilənin rəsmiləşdirilməsi üçün hansı vaxt ərzində notariat orqanına getməli olması, bu sadə yazılı müqavilənin icra edilməməsinə görə tərəflərin məsuliyyəti, pulun məhz İddiaçı tərəfindən kimə verilməsi, 4 mülkiyyətçidən kimin tərəfindən və kimdən alınması və sair şərtlər göstərilməmişdir. Ona görə də, həmin akt 3.19 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış sadə yazılı əqd kimi qəbul edilə bilməz.

8. Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin alqı-satqısı barədə 05 aprel 2005-ci il tarixli əqdin etibarlı sayılması, dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 152, 157, 324, 337, 560, 567, 646 və 648-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: JN:0028 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 05 aprel 2005-ci il tarixli akt

11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, tərəflər arasında mübahisəli mülki-hüquq münasıbətləri 2005-ci ilin iyun ayınadək, yəni 05 aprel 2005-ci il tarixdə yaranmışdır. Azərbaycan Respublikası MM-nin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 179-cu maddəsinin 7-ci hissəsində nəzərdə tutulanlar istisna olmaqla,mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2-cimaddəyə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda da mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Məhkəmə isə öz mövqeyini onunla əlaqələndirmişdir ki, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. Beləliklə, məhkəmə 24 iyun 2005-ci il tarixədək qüvvədə olan mülki-hüquq normalarına istinad etmək əvəzinə, həmin tarixdən sonra qüvvəyə minmiş normalara əsaslanmaqla əsassız qətnamə qəbul etmişdir. Tərəflər qanunvericilyə əməl edilməsi baxımından 2005-ci ilin aprel ayında qeyd edilən əqdi notariat formasında təsdiq etdirmək və dövlət reyestrində qeydiyyata aldirmaq öhdəliyini daşımamışlar. Bundan başqa, məhkəmə təqdim edilmiş tərəflər arasında bağlanmış 05 aprel 2005-ci il tarixli aktı sadə yazılı formada bağlanmış əqd kimi qəbul etməmiş, həmin sənədin tərəflər arasında torpaq sahəsinə dair hüquq və vəzifələr yaratmadığı qənaətinə gəlmiş, lakin cavabdehlərdən həmin sənədi hansı səbəblərə görə imzalamasını və 3,19 ha torpaq sahəsini İddiaçı sərəncamına vermələrini müəyyən etməmişdir. Tərəflər arasında mübahisəli hüquq münasıbətlərinin yarandığı vaxt, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məsəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydad təsdiqlənməsi tələb edilən əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydada təsdiqlənməsindən boyun qaçırırsa,əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. 05 aprel 2005-ci il tarixli əqdi iddiaçı və cavabdehlər öz iradələrini ifadə edərək sadə yazılı formada tərtib etmişlər və həmin əqd həmin vaxt notariat hərəkətini yerinə yetirməyə hüququ çatan Şəki şəhəri İH-nin Suçma kənd nümayəndəliyi tərəfindən möhürlə təsdiqlənmişdir. Bundan başqa, məhkəmə prosesində eyni xarakterli iş üzrə Zaman X1 və digərlərinə qarşı xx.xx.2018-ci il tarixli 2(075)-259/2024 №-li Şəki rayon məhkəməsinin çıxardığı qətnamə təqdim edilmişdir, lakin həmin sənəd məhkəmə tərəfindən nəzərə alınmamışdır.

13. Qeyd edilənlərə əsasən, Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsinin tam şəkildə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbində 3.36 ha torpaq sahəsi barəsində olan əqdin etibarlı hesab edilməsini tələb etsələr də, əslində 3.19 ha torpaq sahəsi ilə bağlı əqdin etibarlı hesab edilməklə həmin ölçüdə torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişlər.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış 335-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

19. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarı Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli Qərarı S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadı

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İddiaçı Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

24. Kollegiya əvvəla qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi işə 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məsəlləsinin 335.2-ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir. 5 aprel 2005-ci il tarixdə Suçma kənd İcra Nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktla Cavabdeh4 özünün və ailə üzvüləri- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan 3.19 ha torpaq sahəsini İddiaçı daimi olaraq bağışlamışlar. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış 335-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 surəti mülki işin 9-cu vərəqində olan (əsli i/v 133-də olan) 05 aprel 2005-ci il tarixli aktda yer alan “İsmayılova T”, “İsmayılov N”, “İsmayılova Y” və “İsmayılova N” sözlərinin qarşısındakı imzalar o və digər cavabdehlər tərəfindən yerinə yetirilmədiyini iddia etməklə aktı mübahisələndirmişdir. Kollegiya tərəfindən ekspertiza təyin edilməklə əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 14 yanvar 2025-ci il tarixli 4/1931/2024 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 133-cü vərəqində olan 05 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 2-ci sırada “İsmayılov N” soyadı qarşısındakı imza - İSMAYİLOV NATİQ ÜLFƏT oğlu tərəfindən icra olunmuşdur. 2.1 Ekspertizaya təqdim olunmuş, mülki işin 133-cü vərəqində olan 05 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 1-ci sırada “İsmayılova T” soyadı qarşısındakı imzanın - Cavabdeh4 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.1-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş, mülki işin 133-cü vərəqində olan 05 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 3-cü sırada "İsmayılova Y” soyadı qarşısındakı imzanın - Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.2ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş, mülki işin 133-cü vərəqində olan 05 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 4-cü sırada "İsmayılova N” soyadı qarşısındakı imzanın – Cavabdeh3 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.3-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, 05 aprel 2005-ci il tarixli aktın aşağı hissəsində 2-ci sırada “İsmayılov N” soyadı qarşısındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 isə həqiqətən aktı imzalayıb-imzalamadıqlarını müəyyən etmək mümkün olmamışdır. Hər hansı əqdin mübahisələndirilməsi barədə işə baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində müqavilə tərəfinin hüquqdan sui-istifadə hallarının olub-olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa, əqdi mübahisələndirmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İş materiallarına görə Cavabdeh1 yazılı əqdi imzalamış, digər mülkiyyətçilərin isə əqdi imzalayıb-imzalamadıqları müəyyən edilə bilməmiş, müqavilənin bağlanmasına yazılı razılıqları da olmamışdır. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 2005-ci ildən torpaq sahəsi İddiaçı təhvil verilmiş, həmin vaxtdan da o, torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Mülkiyyətçilər uzun müddət bu vəziyyətə etiraz etməmiş, iddiaçıya qarşı hər hansı bir iradları olmamışdır. Göründüyü kimi, mülkiyyətçilərin torpaq sahəsinin bağışlanmasına dair əqdin bağlanmasına zahirən razılıqları müəyyən edilməsə də, onların həmin müqavilədən xəbərdar olmalarına və bəyənmələrinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin mülkiyyətçilərin tərəfindən imzalanmaması və onların həmin müqavilənin bağlanmasına yazılı razılığının olmaması onların həmin müqaviləni sonradan bəyənmələrini istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunub ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadında da ifadə edilmişdir: “Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əqdin etibarsızlığının bu növü düzələ bilən etibarsızlıq halı olmaqla, sonradan digər tərəfin (ərin və ya arvadın) əqdi bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

26. Kollegiya onu da qeyd edir ki, iddiaçı tələbində 3.36 ha torpaq sahəsi barəsində olan əqdin etibarlı hesab edilməsini tələb etmişdir. Halbuki, 05 aprel 2005-ci il tarixli akt 3.19 ha torpaq sahəsi ilə bağlıdır. Məhkəmə kollegiyasının iclaslarında tərəflərin izahatları ilə, həmçinin JN:0028 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə də müəyyən edilmişdir ki, cavabdehlərin mülkiyyətinə verilmiş 3.36 ha torpaq sahəsinin 1663 kvm hissəsi çöxillik əkmələr olan meyvə bağından ibarətdir və qalan 31891 kvm suvarılan torpaq sahəsindən kənarda yerləşir. Etibarlı sayılması tələb edilən əqdin də 3.19 ha torpaq sahəsi ilə bağlı olduğu nəzərə alındıqda, kollegiya hesab edir ki, məhkəmə tərəfindən yalnız 3.19 ha torpaq sahəsi ilə bağlı əqd etibarlı sayıla bilər.

27. Bundan başqa, məhkəmə kollegiyasının iclaslarında Cavabdeh1 verdiyi izahatlardan görünür ki, cavabdeh mübahisəli torpaq sahəsini faktiki olaraq iddiaçının istifadəsinə vermiş və qarşılığında iddiaçıdan pul almışdır. Cavabdeh həmin pulun torpaq sahəsinin icarəyə verilməsi qarşılığında alındığını, torpaq sahəsinin iddiaçıya yalnız icarəyə verildiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. 05 aprel 2005-ci il tarixli aktda torpaq sahəsinin daimi olaraq bağışlandığı qeyd olunmuş, lakin iddiaçı özü iddia tələbində torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılmasını tələb etmişdir. Məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı torpaq sahəsi üçün cavabdehlərə 800 ABŞ dolları pul verdiyini bildirmişdir. Cavabdehlərdən Cavabdeh1 isə iddiaçıdan pul alındığını etiraf etmiş, lakin 400 ABŞ dolları və 100 ABŞ dolları dəyərində Azərbaycan manatı məbləğində pul aldığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 106.3-cü maddəsinə əsasən kollegiya torpaq sahəsi qarşılığında iddiaçı tərəfindən cavabdeh tərəfə 400 ABŞ dolları və 100 ABŞ dolları dəyərində Azərbaycan manatı pul verilməsini sübut olunmuş hesab edir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Mülki-hüquqi əqdlərin əvəzliliyi qanunvericiliklə hər bir müqavilənin əvəzliliyi prezumpsiyası ilə müəyyən edilmişdir. Belə ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. MM-dən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal olunur (MM-in 397.1 və 397.3-cü maddələri). Əvəzsiz əqdlərdə isə tərəflər bir-birilərindən qarşılıqlı təminat almırlar. MM-in 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Göründüyü kimi, 05 aprel 2005-ci il tarixli Aktda tərəflərin həqiqi iradəsi əvəzsiz əqd bağlamaqla torpaq sahəsinin bağışlanması deyil, pul qarşılığında torpaq sahəsinin alqısatqısı olmuşdur. İddiaçı da haqlı olaraq torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılmasını tələb etmişdir.

27. Göründüyü kimi, 05 aprel 2005-ci il tarixli akt qanuna zidd deyildir. Belə ki, akt imzalanarkən mübahisəli torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmuşdur və akt mülkiyyətçilər tərəfindən bəyənilməklə etibarlı hala gətirilmişdir. Əqdin hər iki tərəfi aktın tərtibində iştirak etməklə aktı imzalamış, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Əqd tamamilə icra edilmiş, yəni mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Beləliklə, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış 335-ci maddəsində və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilmiş tələblər yerinə yetirilmişdir. Əqdin etibarlı sayılmasından imtina edilməsinə heç bir əsas mövcud deyildir. Şəki Apellyasiya Məhkəməsinin 2 aprel 2025-ci il tarixli 2(107)-105/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılması tələbinə dair iddiasının Cavabdeh4 qarşı olan hissəsində iş üzrə icraata xitam verilmişdir. Ona görə də, cavabdehlərdən Cavabdeh4 öldüyündən iddia tələbinin ona qarşı olan hissəsində icraata xitam verildiyi nəzərə alınmaqla, iddia qismən təmin edilməli, 3.19 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı bağlanmış 5 aprel 2005-ci il tarixli əqd etibarlı hesab edilməlidir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsinin Şəki Apellyasiya Məhkəməsinin 2 aprel 2025-ci il tarixli 2(107)-105/2025 nömrəli qərardadı ilə ləğv edilməsi nəzərə alınmaqla, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılması tələbinə dair iddiası qismən - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissədə təmin edilməli, 5 aprel 2005-ci il tarixdə Suçma kənd İcra Nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktla Cavabdeh4 və ailə üzvüləri- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə İddiaçı arasında tərtib edilmiş 3.19 ha torpaq sahəsinin alqısatqısı barədə əqd etibarlı hesab edilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(075)-1523/2024 nömrəli qətnaməsinin Şəki Apellyasiya Məhkəməsinin 2 aprel 2025-ci il tarixli 2(107)-105/2025 nömrəli qərardadı ilə ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılması tələbinə dair iddiasının Cavabdeh4 qarşı olan hissəsində iş üzrə icraata xitam verilməsi nəzərə alınmaqla, iş üzrə qalan hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin alqı-satqısı barədə əqdin etibarlı sayılması tələbinə dair iddiası qismən - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissədə təmin edilsin. 5 aprel 2005-ci il tarixdə Suçma kənd İcra Nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktla Cavabdeh4 və ailə üzvüləri- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə İddiaçı arasında tərtib edilmiş 3.19 ha (JN:0028 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş) torpaq sahəsinin alqı-satqısı barədə əqd etibarlı hesab edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar