Məhkəmə qərarları › İş №2(107)-1052/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1052/2023

18.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1052/2023 18.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi və işə bərpa) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri X2 və X3, o cümlədən cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 nömrəli qətnaməsindən cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı 15 sentyabr 2010-cu il tarixdə X10 qəbul olmuş və "texniki avadanlıqlar üzrə mütəxəssis" ixtisası üzrə təhsil almışdır. 01 fevral 2021-ci il tarixdən Şəki RMX Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. 10 mart 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn onun işdən azad olunması barədə verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6-71/3-1-6/2023 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 15 sentyabr 2010-cu il tarixdə X10 qəbul olmuş və "texniki avadanlıqlar üzrə mütəxəssis" ixtisası üzrə təhsil almışdır. 01 fevral 2021-ci il tarixdən Şəki RMX Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdən hal-hazıradək daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. Lakin Şəki RMXda rəhbərlik dəyişildikdən sonra işçilərin kütləvi işdən çıxarılması halları bas vermiş və həmin qurbanlardan biri də o olmuş və 10 mart 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə xitam verilmişdir. Sözügedən əmrlə razılaşmadığı üçün müvafiq instaniyalara çoxsaylı şikayətlər ünvanlamışdır. Eyni zamanda məsələni məhkəmə qaydasında mübahisələndirəcəyi üçün Şəki 1 saylı Mediasiya Təşkilatında da müraciət etmişdir. Lakin mediasiya mərhələsində mübahisənin həlli mümkün olmadığı üçün ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. mübahisənin həlli mümkün olmadığı üçün ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış verilmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə, yəni əmək şəraitinin dəyişməsi ilə bağlı xitam verilmiş və o, işdən azad edilmişdir. Lakin əmək şəraitinin hansı formada dəyişməsi, həmin dəyişmənin nədən ibarət olması barədə ona heç bir məlumat verilməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə da iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, əmək şəraitinin dəyişməsinin nədən ibarət olduğunun əsaslandırılması üçün Cavabdehnə sorğu ünvanlasa da, həmin sorğu cavablandırılmamış, İddiaçı işdən çıxarılma səbəbləri barədə məlumat verilməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı məişət avadanlığı ustasıdır. Onun diplomunda da texniki avadanlıqlar üzrə mütəxəssis yazılmışdır. Lakin həmin vəzifənin təlimatında isə tibb avadanlıqları üzrə ali təhsilli mütəxəssis olması tələb olunur. Eyni zamanda həmin vəzifədə işləyən işçi 137 saat müvafiq dərs keçməli və 3 il iş stajına malik olmalıdır. Bundan başqa iddiaçı əvvəlcədən məlumatlandırılmış və ona xəstəxanada xəzinədar işi təklif olunmuşdur ki, həmin vəzifə üzrə əmək haqqı da hazırkındən 150 manat artıqdır. Lakin o, qeyd edilən təkliflə razılaşmamışdır. Bundan başqa iddiaçının təhsil aldığı dövrdə həm də işləmişdir ki, bu da onun diplomunun saxta olması ilə bağlı şübhələr oyadır. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin nümayəndəsi X6 da iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı 15 sentyabr 2010-cu il tarixdə X10 qəbul olmuş və "texniki avadanlıqlar üzrə mütəxəssis" ixtisası üzrə təhsil almışdır. 01 fevral 2021-ci il tarixdən Şəki RMX Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin 10 mart 2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilmişdir. İddiaçı qeyd edilən əmrin qanunsuz olduğunu əsas gətirərək hazırkı tələblə məhkəməyə mürqaciət etmişdir.

9. Hazırkı iş üzrə cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilsə də, əmək şəraitinin hansı şərtlərinin dəyişdirilməsi, eyni zamanda dəyişdirilmiş şərtlərin nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

10. Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin olunmuş, İddiaçı işdən azad edilməsi barədə Cavabdehn verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6- 71/3-1-6/2023 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "Şəki Rayon Mərkəzi Xəstəxanasi" Publik hüquqi şəxsdə işə bərpa edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2, 3, 45, 46, 47, 56, 68, 73, 75 və 300-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İş materiallarına əlavə edilmiş 07 avqust 2011-ci il tarixli, A 116745 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Şəki 1 nömrəli Peşə məktəbini texniki avadanlıqlar üzrə mütəxəssis ixtisası üzrə tam kursunu bitirmişdir.

13. İş materiallarına əlavə edilmiş 01 fevral 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı müddətli əmək müqaviləsi ilə «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinə Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir.

14. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi tərəfindən «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinə ünvanlanmış 22 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsində çalışan İddiaçı çalışdığı vəzifənin ixtisas tələblərinə uyğun gəlmədiyi aşkar olunmuşdur.

15. İş materiallarına əlavə edilmiş «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin əmək müqaviləsinə xitam verilməsi barədə 10 mart 2023-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" - əmək şəraitinin şərtlərinin dəyişdirilməsi bəndi ilə 10 mart 2023-cü il tarixdən xitam verilmişdir.

16. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 13 aprel 2023-cü il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

17. Qətnаmədən nаrаzı qаlаn cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsi аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi 23 yanvar 2023-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsə PHŞ-6-71/2-27/2023 nömrəli sorğu ünvanlayaraq hazırki iş üzrə iddiaçı olan, Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsində çalışan İddiaçı və bir sıra digər işçilərin tutduqları vəzifədə işləmələrinin ixtisaslarına uyğun olub-olmaması barədə sorğu göndərilmişdir. Sorğunun göndərilməsində məqsəd vətəndaşlara göstərilən xidmət səviyyəsinin və müraciət edən xəstələrin həyat və sağlamlıqlarının qorunması, ona göstərilən tibbi yardımın keyfiyyətinin qanunvericiliyə uyğun olaraq tənzimlənməsi olmuşdur. 22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ünvanladığı PHŞ-6/2-1008/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsində çalışan İddiaçı və bir sıra digər işçilərin sənədlərinə baxış keçirilmiş, nəticədə namizədlərin göstəricilərinin çalışdıqları vəzifələrin ixtisas tələblərinə uyğun gəlmədiyi aşkar edilmişdir. Bununla bağlı hazırki iş üzrə iddiaçı olan İddiaçı məlumat verilmiş və ona ixtisasına uyğun bir neçə alternativ işlər təklif edilmişdir. Lakin, sonuncu bu təkliflərin heç biri ilə razılaşmamışdır. Bundan sonra «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin 10 mart 2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilmişdir.

19. Ona görə də, Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)- 1154/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Cavabdehin nümayəndələri X4 və X6 vəkilin izahatına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci mаddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 46-cı maddəsinin 6-cı hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci hissəsinə görə işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işəçıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işəçıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 300-cü maddəsində göstərilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

25. Qərarlar: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Cavabdeh Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən iddiaçının ixtisasının onun vəzifəsinin ixtisas tələblərinə uyğun gəlmədiyi səbəbi ilə işdən çıxarıldığı görünür. Halbu ki iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin c bəndi ilə, yəni əmək şəraitinin şərtlərinin dəyişməsi əsası ilə xitam verilmişdir. Kollegiya qeyd edir ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi obyektiv əsasa söykənməlidir. Belə əsas kimi istehsalın profilinin dəyişməsi, yeni texnologiyanın tətbiqi, bəzi istehsalatların dayandırılması (bağlanması), yaxud azaldılması, digər istehsalatın genişləndirilməsi və s. çıxış edir. Əgər istehsalın və əməyin təşkilindəki bu dəyişikliklər əmək şəraitinin şərtlərinin dəyişdirilməsini tələb edirsə, bu dəyişikliklər mümkün və hüquqauyğundur. Yox, əgər istehsalın və əməyin təşkilində dəyişikliklər mövcud deyildirsə, deməli, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün də əsas yoxdur. Yəni, işçinin ixtisasının tutduğu vəzifənin tələblərinəı uyğun gəlməməsi əmək şəraitinin şərtlərinin dəyişməsi demək deyildir. Apellyator xəstəxanaya yeni avadanlıqlar gətirildiyini qeyd etmişdir ki, həmin yeni avadanlıqların tətbiqinin iddiaçının tutduğu vəzifəyə hansı təsirlərinin olması, yəni konkret olaraq iddiaçının əmək şəraitinin dəyişilməsinin nədən ibarət olması aydınlaşdırılmamışdır.

31. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

32. Odur ki, birinci instansiya məhkəməsi işə baxaraq iddianı təmin edərkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)- 1154/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar