Məhkəmə qərarları › İş №2(107)-1065/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1065/2020

03.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1065/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X2, Cavabdeh katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-51/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: QəbələRayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin edilərək, İddiaçı məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,40865 ha ölçüsü olan torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılması, İddiaçı təhvil verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,40865 kv.m sahəsi olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən qoyulan maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə 470 saylı akt qeydi ilə Qəbələ Regional “Asan” xidmət mərkəzində nikah haqqında şəhadətnaməyə əsasən rəsmi nikaha daxil olmuşlar. Ailə qurduqdan sonra cavabdeh tərəfindən ona Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,40865 kv.m ölçüsü olan torpaq sahəsi bağışlamışdır. Həmin torpaq xx.xx.2018-ci il tarixli RX1259917 seriya nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Cavabdehlə nikah münasibətləri pozulmuş, dəfələrlə onun tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmışdır. Sonuncu dəfə isə onun tərəfindən bağışlanılmış müqavilənin etibarsızlığına dair məhkəmədə ona qarşı iddia qaldırılmış, həmin iddia təmin edilməmişdir. Bundan sonra isə cavabdeh onun bütün əşyalarını yaşadığı evdən çıxararaq çölə atmışdır. Bu isə onların münasibətlərinin tam korlanmasına gətirib çıxarmışdır. Cavabdeh onu da yaşadığı evdən qovmuşdur. Halbuki, evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Lakin Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə onu buraxmır. Dəfələrlə oraya getsə də, cavadeh qanunsuz olaraq onun həmin torpaq sahəsindən istifadə etməyinə maneələr yaradır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkiliX3oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, İddiaçı mülkiyyətində 40 sot torpaq sahəsi vardır, həmin torpaq sahəsinin ona nikah münasibətlərində olduğu dövrdə Cavabdeh bağışlayıb. Bağışlama müqaviləsi hal-hazırda qüvvədədir. Cavabdeh iddiaçıya məxsus bütün əşyaları evdən çıxarıb atmışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bununla da onun mülkiyyət hüquqları pozulur. Sonda isə məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı psixi cəhətdən problemləri vardır, sosial yardım da alır. Torpaq sahəsi atasından ona qalmışdır, uşaqlarının da həmin sahədə payı var. Həmin torpaq sahəsinin iddiaçıya bağışlanması isə bir səhvdir. Bu barədə İddiaçı əvvəlcədən plan quraraq onu aldatmışdır. Mübahisəli torpaq sahəsi Minayənin adına rəsmiləşdirilsə də, həmin əraziyə onu heç vaxt buraxmayacaq. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyаsiyа şikаyəti verərək həmin qətnamənin iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsini və iddia tələbinin bütövlüklə təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh oğlu əlavə olaraq izahatında göstərdi ki, iddia tələbini və аpelyаsiyа şikаyətini qəbul etmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddia tələbinin rədd edilməsini xahiş edir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədəİddiaçı və onun vəkili X1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədilər. İddiaçı teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası Cavabdeh oğlunun izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-51/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrinin çıxarışdan görünür ki, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,40865 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən olunur ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,40865 kv.m sahəsi olan torpaq sahəsi ailə münasibətlərində olduqları dövrdə Cavabdeh tərəfindən İddiaçı bağışlanmışdır. Həmin torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı cavabdeh tərəfindən həmin torpaq sahəsindən çıxarıldığından, o, öz torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasını və maneənin aradan qaldırılmasını tələb etmişdir. İddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulur. Birinci instansiya məhkəməsi də iddianı qismən əsaslı hesab edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı 125991 saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,40865 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılmasını və iddiaçıya təhvil verilməsi barədə yekun qərara gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cumaddələr) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Məhkəmə həmçinin iddianın "torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən qoyulan maneənin aradan qaldırılması" hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə qarşı iddia qismən (,yəni ona məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,40865 kv.m sahəsi olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən qoyulan maneənin aradan qaldırılması hissəsi əsassızdır) əsaslıdır və birinci instansiya məhkəməsi də iddianı qismən təmin etməklə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətindən göründüyü kimi, İddiaçı iddia tələbi üzrə ona məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,40865 kv.m sahəsi olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən qoyulan maneənin aradan qaldırılması hissəsini mübahisələndirir. Lakin məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir. Ona görə ki, İddiaçıiddianı bu hissədə əsaslandıra bilməmiş, həm birinci instansiya məhkəməsinə, həm də məhkəmə kollegiyasına bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-51/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-51/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar