Məhkəmə qərarları › İş №2(107)-1065/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1065/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1065/2024 12.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, öhdəlik üzrə vəzifələri yerinə yetirməmək) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(033)-410/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən "xxxx" MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə "xxxx" MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq 3 (üç) il müddətində yalnız "xxxx" MMC-yə məxsus olan avtoservisdə işləməyi, əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 30 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə "xxxx" MMC-yə müraciət etmiş və bundan sonra onunla bağlanmış əmək müqaviləsinə cavabdehin tələbi əsasında AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 4.3-cü maddəsinə əsasən cavabdeh "xxxx" MMC ilə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində "xxxx" MMCnin yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində başqa avtoservisdə və ya bu kimi digər müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 (iki min) manat məbləğində dəbbə pulunu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklərini pozmasına baxmayaraq cavabdeh qeyd edilən dəbbə pulunu bu günə qədər "xxxx" MMCyə ödəməmişdir. Qeyd edilən hərəkətləri ilə cavabdeh 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərini və "xxxx" MMC-nin hüquqlarım kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin (hakim: V.Məmmədov) 11 iyun 2024-cü il tarixli, 2(033)-410/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2000 (iki min) manat məbləğində dəbbə pulunun, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərcinin və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış Təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən iddiaçı ona məxsus olan servis mərkəzində cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş, cavabdeh təlimə başladığı andan iddiaçı ilə əmək müqaviləsi bağlayaraq onun avtoservisində işləməyi, iddiaçı ilə olan əmək müqaviləsinə 3 il müddətində xitam verməməyi, 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 manat məbləğində dəbbə pulunu iddiaçıya ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli əmrlə tərəflər arasındakı əmək müqaviləsinə cavabdehin təşəbbüsü ilə xitam verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə “X3” MMC ilə əmək müqaviləsi bağlamış və onun işçisidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Müəyyənləşdirilmiş hallardan görünür ki, cavabdehin əmək funksiyası üzrə işi, servisdə təmir olunan maşınlarda hansı işlərin görüldüyünü 1C proqramında qeydə almaqdan ibarət olmuşdur. Cavabdeh iddiaya etirazını həmin proqramı 1-2 günə özünün öyrənməsi və ona bunu heç kimin öyrətməməsi əsası ilə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçı ilə əmək münasibətinə daxil olanadək bu sahədə bilik və bacarığının olması barədə sübut təqdim etmədiyini nəzərə alaraq, cavabdehin müqavilənin bağlandığı anadək bu sahədə müvafiq bilik və bacarığının olmadığı nəticəsinə gəlir və cavabdehin bu işi 1-2 günə özünün öyrənməsini ağlabatan saymır. Birinci instansiya məhkəməsi onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh iddiaçının müqavilə öhdəliyini icra etməməsi halını və ya mətni ilə tanış olmadığını qeyd etdiyi müqavilənin özünü mübahisələndirmir. Birinci instansiya məhkəməsi onu qeyd etməyi zəruri sayır ki, nəqədər ki, xx.xx.2022-ci il tarixdə bağlanmış Təlim keçmə və əməkdaşlıq haqqında müqavilə etibarsız sayılmayıb və cavabdeh həmin müqavilə üzrə 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və ya işləməsi halı üçün iddiaçıya 2000 manat məbləğində dəbbə pulu ödəməyi vəd edib, onun “X3” MMC-də işlədiyi andan iddiaçıya dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsi iddia üzrə belə nəticəyə gəlmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixdə 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və ya işləməsi halı üçün iddiaçıya 2000 manat məbləğində dəbbə pulu ödəyəcəyini vəd etməsi tam təsdiq olunduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən dəbbə pulu üzrə 2000 manat tutularaq iddiaçıya ödənilmədir. Birinci instansiya məhkəməsi hüquqi yardım xərcinin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu, iddia tələbinin də təmin edildiyini nəzərə alaraq, 400 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən 40 (qırx) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 462.1, 465.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 217.4, 218.3 və 121.1cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 29 noyabr 2022-ci il tarixdən "xxxx" MMC-yə məxsus avtoservisdə operator vəzifəsi üzrə işə qəbul edilmişdir. İşin ilk günlərində operator vəzifəsinin əmək funksiyalarına dair ilkin məlumatlar verilmişdir. Əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. 28 noyabr 2022-cil tarixdə İddiaçı MMC ilə təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış, İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün ona müvafiq nəzəri və təcrübə dərslərin keçilməsini təşkil etməyi, yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq şirkət öhdəliyini yerinə yetirməmiş, operator vəzifəsi üzrə ilkin əmək vərdişlərini öyrətmişdir. Əmək müqaviəlisin müddətinin uzadılmaması və əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə İddiaçı MMC-yə müraciət etmiş və 30 noyabr 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı MMC 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozulduğunu iddia edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci ondan tutularaq İddiaçınə ödənilməsi haqqında qətnamə çıxarılması barədə Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi göndərmişdir. Zaqatala Rayon Məhkəməsi iddia tələbini təmin etmişdir. Hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(033)-410/2024 saylı qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Lakin, Zaqatala Rayon Məhkəməsi onun 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi üzrə öhdəliyi pozması ilə bağlı doğru nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı Müqavilənin 1.1-ci bəndində «nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi» öhdəsinə götürmüşdür. Lakin, o, İddiaçı MMC-də operator vəzifəsində işləmiş və əmək funksiyam servisde təmir olunan maşinlarda hansi işlerin görüldüyünü 1C proqraminda sistemə yazmaqdan ibarət olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(033)-410/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(033)-410/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cümüqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.1-ci maddəsinə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 463.1-ci dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(033)-410/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(033)-410/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(033)-410/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış Təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən iddiaçı ona məxsus olan servis mərkəzində cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş, cavabdeh təlimə başladığı andan iddiaçı ilə əmək müqaviləsi bağlayaraq onun avtoservisində işləməyi, iddiaçı ilə olan əmək müqaviləsinə 3 il müddətində xitam verməməyi, 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 manat məbləğində dəbbə pulunu iddiaçıya ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli əmrlə tərəflər arasındakı əmək müqaviləsinə cavabdehin təşəbbüsü ilə xitam verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə “X3” MMC ilə əmək müqaviləsi bağlamış və onun işçisidir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-410/2024 saylı qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, Zaqatala Rayon Məhkəməsi onun 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi üzrə öhdəliyi pozması ilə bağlı doğru nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı Müqavilənin 1.1-ci bəndində «nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi» öhdəsinə götürmüşdür. Lakin, o, İddiaçı MMC-də operator vəzifəsində işləmiş və əmək funksiyası servisde təmir olunan maşinlarda hansi işlerin görüldüyünü 1C proqraminda sistemə yazmaqdan ibarət olmuşdur. Kollegiya hesb edir ki, şikayətin dəlili əsassızıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş mataeriallarında olan Şirkət-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təlim alan- Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixdə bağlanmış Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, müqaviləyə əsasən “Şirkət” ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan” a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. “Təlim alan” “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in avtoservisində işləməyi, “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və bu kimi digər müəssisələrdə işləməməyi öhdəsinə götürür. “Təlim alan”ın təyin ediləcəyi vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən “Şirkət” tərəfindən müəyyən ediləcək. Həmin müqavilənin 4.2-ci bəndindən görünür ki, “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində yalnız “Şirkət”in avtoservisində işçi kimi işləmək vəzifəsini Cavabdeh üzərinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə “Şirkət”in xərclədiyi 2000 (iki min) manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəmək vəzifəsini Cavabdeh üzərinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndindən görünür ki, “Təlim alan” öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, “Şirkət”in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçərsə və işləyərsə “Təlim alan”dan 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək Şirkətin hüququdur. Həmin müqavilənin 7.2-ci bəndindən görünür ki, “Təlim alan”nın Azərbaycan Respublikasında olduğu və yaşadığı müddətdə “Şirkətin” yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və işləməsi faktı müəyyən edildikdə “Şirkət” “Təlim alan”na nəzəri və təcrübi dərslərin keçilməsi üçün xərclədiyi 2000 (iki min) manat məbləğində dəbbə pulunun ona ödənilməsini “Təlim alan” dan tələb edə bilər. Həmin müqavilənin 7.3-cü bəndindən görünür ki, Tərəflər arasında bağlanacaq əmək müqaviləsinin müddətinin bitməsi tərəfləri hazırkı müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. Şikayətin digər dəlili ondan ibarətdir ki, "xxxx" MMC -dən əmək müqaviləsini dəfələrlə tələb etsə də, müqaviləni əldə edə bilməmişdir. Zaqatala Rayon Məhkəməsi həmin əmək müqaviləsi olmadan və müqavilədə nəzərdə tutulmuş əmək funksiyalarını tədqiq etmədən iddiaçının mülahizələrinə əsaslanaraq iddianı təmin etmişdir. Halbuki əmək funksiyalarına baxılması mümkün olardısa, operator vəzifənin peşə olmadığı və xüsusi biliklər tələb etmədiyi görünərdi. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə mülki müqavilə olmaqla onun bağlanması, predmeti, əsas şərtləri və ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin müqavilə tərəflər arasında əmək münasibətlərindən yaranan müqavilə deyildir. İşdəki sübutlardan görünür ki, tərəflər arasında mülki qaydada bağlanmış 28 noyabr 2022-ci il tarixli müqavilədən yaranan öhdəliklər mövcud olmuş, cavabdeh isə iddiaçı qarşısında həmin müqavilədən yaranan öhdəliklərini icra etməmişdir. Ona görə də şikayətin bu dəlili də əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, əgər müqavilə üzrə öhdəliklərdən yaranan pul tələb edilirsə, ilk növbədə tələb edənin özünün bu öhdəliklərə riayət etməsi, daha sonra isə qarşı tərəfdən öhdəliyin icrasını tələb etməsi qanunamüvafiqdir. Mövcud mübahisə üzrə işəgötürən olaraq iddiaçı tərəfindən cavabdehə peşə hazırlığının keçirilməsi, bu hazırlığın nədən ibarət olması, bunun üçün hansı sahənin mütəxəssisinin cəlb edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bu halda işdən çıxdığı üçün dəbbə pulunun tələb edilməsi isə əsassızdır. İlk növbədə kollegiya qeyd etməyi lazım bilir ki, əgər iddiaçı tərəf müqavilə üzrə öhtəliklərini yerinə yetirməmişdirsə, cavabdeh iddiaçıdan müqavilə üzrə öhtəliklərin yerinə yetirilməsini tələb edə, əks təqdirdə tərəflər arasında bağlanmış müqavilədən bir tərəfli qaydada imtina edəcəyi barədə iddiaçını xəbərdar etməli idi. İş materiallarında isə cavabdehin iddiaçıya müqavilə üzrə hər hansı bir etirazı və tələbi olması barədə hər hansı bir sübut növü aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də şikayətin bu dəlili də əsassızdır. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, ilk ve zeruri olan "Elçin" adlı müellimin kimliyinin müeyyən olunması, onun iddiagçı MMC ile əlaqəsinin nəden ibarət olması? aralarrnda telim keçirilmesi ile bağlı xidmet müqavilesinin olub-olmaması? əgər yoxdursa hansı əsasla telim keçməsi? Ümumiyyətlə həmin şəxsin təlim keçmək üçün lazımlı olan xüsussiyetlərə malik olub-olmaması? Təlimlərinin qarşılığı olaraq iddiaçı MMC-den her hansı xidmet haqqının alıb-almaması? əger iddiaçı MMC terefinden xidmətə müqabil ödeniş olunubsa, her hanst bir təsdiqedici sənədin (e-qaime, faktura ve.s) olub-olmaması? faktiki təlimlərin keçirilməsini təsdiq edən her hansı sənədin (sertifikat ve s.) olub-olmaması ve sair kimi hallar araşdırılmalı ve müeyyen olunmalı idi. Eyni zamanda sözügedən müqavilede hemin şexs terefinden onlara telim keçirilmesi öz eksini tapmaməşdır. Kollegiya hesb edir ki, şikayətin dəlili əsassızıdır. Belə ki, "Elçin" adlı müellimin kimliyinin müeyyən olunması, onun iddiagçı MMC ile əlaqəsinin nəden ibarət olması? aralarrnda telim keçirilmesi ile bağlı xidmet müqavilesinin olub-olmaması? əgər yoxdursa hansı əsasla telim keçməsi? Ümumiyyətlə həmin şəxsin təlim keçmək üçün lazımlı olan xüsussiyetlərə malik olub-olmaması? Təlimlərinin qarşılığı olaraq iddiaçı MMC-den her hansı xidmet haqqının alıb-almaması? əger iddiaçı MMC terefinden xidmətə müqabil ödeniş olunubsa, her hanst bir təsdiqedici sənədin (e-qaime, faktura ve.s) olub-olmaması? faktiki təlimlərin keçirilməsini təsdiq edən her hansı sənədin (sertifikat ve s.) olub-olmaması hazırkı iddianın predmeti deyildir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(033)-410/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(033)-410/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar