Məhkəmə qərarları › İş №2(107)-1067/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1067/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1067/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş pulun qaytarılması tələbi”nə dair mülki iş üzrə Şəki Rаyоn Məhkəməsinin 21 iyun 2023-cü il tаrixli, e-2(075)-1084/2023 saylı qətnаməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 30 mart 2016-cı il tarixli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, 23 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 34.92 m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür.

2. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, təhvil veriləcək ümumi sahənin ölçüsü 34,92 m2 təşkil edir , qiyməti tərəflərin razılığı ilə 1 m2 -ə 2000 (iki min) manat olmaql, bu sahənin ümumi dəyəri 69854 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat məbləğində müəyyən edilir.

3. Həmin müqavilənin 3.3-cü bəndinə əsassən, bu müqaviləhər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və və tərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilənə qədər qüvvəsini saxlayır.

4. 31 mart 2016-cı il tarixli maliyyə arayışından görünür ki, 31 mart 2016-cü il tarixdə İddiaçı tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 34,92 kv.m qeyri-yaşayış sahəsi üçün 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat AZN Cavabdeh MMC-yə ödənilmişdir. Qalıq borcu yoxdur.

5. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 14 mart 2023-cü il tarixli pretenziyadan görünür ki, mövcud müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının "A4" blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsi üçün onun tərəfindən əvvəlcədən 69854,00 (altmış doqquz min səkkiz yüz alli dörd) manat nağd qaydada, qalıq borcu olmadan, tam ödənilmişdir. Pul məbləğinin tam ödənilməsi barədə ona onların təşkilat tərəfindən 02 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. Hazırda sözügedən ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının "A4" blokunun tikintisi işləri umimiyyətlə aparılmamışdır. Siz xx.xx.2016-cı il tarixli müqavilədən yaranan öhdəlikləri icra etməmişlər, nəticədə 34,92 kv.metr olan qeyri-yaşayış sahəsi onun istifadəsinə təhvil verilməmişdir. Aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın "A4" blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsi vaxtında tikib təhvil vermədiklərinə və müqavilə öhdəliklərini icra etmədiklərinə görə, könüllü formada 15 gün ərzində mövcud müqavilənin pozulması və ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz alli dörd) manat pulun ona qaytarılması onlardan tələb olunmuşdur.

6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Cavabdeh MMC-nə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 23 oktyabr 2015-ci il tarixli sərəncamından görünür ki: - 1. Cavabdeh 22 sentyabr 2015-ci il tarixli, 02 saylı müraciətini və «X7» Mənzil Tikinti Kooperativinin 22 sentyabr2015-ci il tarixli, 72 saylı razılıq məktubunu nəzərə alaraq, Xətai rayonu, Xocalı prospekti,1181-ci məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ile «X7» MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə "İnter” MMC-nin istifadəsinə verilsin. - 1.1. «X7» MTK-ya dair razılaşdırılmış layihə sənədləri Cavabdeh MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilsin. - 1.2. Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr .2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə «X7» MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək, 0,2316 ha müəyyən edilsin. - 2. Sifarişçiyə tapşırılsın: - 2.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.2. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. - 2.3. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. - 2.4. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. - 2.5. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. - 2.6. Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. - 3. Sifarişçi, Əmlak Məsələləri Dövlət Komitəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənəd almalıdır. - 4. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. - 5. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. - 6. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 10/4815 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən “A5”, “A4”, “A1” vǝ “T1” binalarının planlaşdırılmasının 21 iyul 2016-ci ildə təsdiq olunmuş Eskiz Layihəsində göstərilən “A1” və “T1” bloklarının faktiki vəziyyətdə inşa edildiyi müəyyən olunur. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən “A5”, “A4”, “A1” vǝ “T1” binalarının planlaşdırılmasının 21iyul 2016-ci ildə təsdiq olunmuş Eskiz Layihəsində göstərilən Cavabdeh MMC tərəfindən inşa edilməli olan “A4” blokunun tikintisinə başlanılmadığı, Eskiz Layihəsində qeyd olunan “A4” blokunun yerləşdiyi yerdə faktiki olaraq hər hansı binanın inşa edilmədiyi müəyyən olunur. Cavabdeh MMC tərəfindən inşa edilən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən tikintisi başa çatdırılmış binaların, həmin ünvanda yerləşən yaşayış kompleksinin (“A5”, “A4”, “A1”, “T1” binalar planlaşdirmasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş eskiz layihəsində planlaşdılmış “A1” və “T1” binaları olduğu müəyyən edilir.

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pulun, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia tələbini işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, cavabdeh müqaviləyə əsasən öz üzərinə düşən öhdəliyini icra etməmiş və sözügedən binanın “A4” blokunun heç bir tikintisi aparılmamışdır. Cavabdeh MMC onu inandırmışdır ki, binanın bloku hazırdır və müqavilə bağlanan zaman digər bloku təqdim edərək ondan 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pulu almışdır. Lakin mövcud olacaq blok nəticədə heç tikilməmiş, binanın blokunun tikilməməsi barədə ona heç bir məlumat verməmişdir. Bu barədə məlumat ona Bakı şəhəri Xətai Rayon Məhkəməsində cavabdehə qarşı olan digər iddia tələbi üzrə məhkəmə baxışı zamanı – 2022-ci ilin oktyabr ayında məlum olmuşdur. Bundan sonra o cavabdeh tərəfindən dələduzluq yolu ilə aldadılmağı ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq hüquq mühafizə orqanına müraciət etmişdir. Nəticədə həmin müraciətə cavab olaraq araşdırma zamanı məsələnin mülki xarakterli məsələ olduğu və bununla əlaqədar məhkəməyə müraciət etmək hüququmun olmasımənə izah edilmişdir. Göründüyü kimi, o qeyri-yaşayış sahəsinin tam dəyərini 7 il bundan əvvəl ödəmiş olsa da, indiyədək ona heç bir qeyri-yaşayış sahəsi təhvil verilməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq həmin qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən Cavabdeh MMC-yə tam olaraq ödənilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, qeyd edilən qeyri-yaşayış sahəsini tikib ona verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh onu qeyri-yaşayış sahəsi ilə təmin etməmiş, eləcədə ödənilmiş pulu ona qaytarmamışdır. Belə ki, xx.xx.2016cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyinə görə ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pulun geri qaytarılması, əks təqdirdə mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin mübahisənin həlli üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun etibarnamə nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkmədən xahiş etmişlər.

11. Cavabdeh MMC-yə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

12. Şəki Rаyоn Məhkəməsinin (hakim Elşən Vəliyev) 21 iyun 2023-cü il tаrixli, e- 2(075)-1084/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 428.4, 442, 646.1, 648.1 və 648.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. İş üzrə qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı, tərərfindən irəli sürülmüş iddia ərizəsində Cavabdeh MMC-yə 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pul ödənildiyini bildirmişdir. Lakin, iddiaçı, iddia tələbində ümumiyyətlə cavabdehlə iddiaçının arasında olan bu müqavilənin haradan qaynaqlandığı barədə məlumat verməmişdir. Lakin özünün də bildirdiyi kimi, iddiaçı başqa bir tələblə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş araşdırılarkən məlum olmuşdur ki, əslində bu müqavilə iddiaçının oğlu olan X2 ilə "xxxx" MTK arasında bağlanmış müqailənin əvəzi kimi bağlanmış müqavilədir. Belə ki, "xxxx" MTK tərəfindən etiraz ərizəsinə əlavə etdiyikləri mənzil verilmədiyindən, onlarla iddiaçı arasında mübahisə predmeti olan müqavilə imzalanmışdır. Qeyd edirlər ki, iddiaçı onlara heç bir ödəniş etməmişdir. Əslində ödənişlər "xxxx" MTK-nə ödənildiyindən iddiaçının həmin məbləği sonuncudan tələb etmək hüququ var. Keçirilmiş məhkəmə proseslərində iddiaçı özü də etiraf etmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə Cavabdeh MMC-nə heç bir ödəniş etməmşdir. "xxxx" MTK onu aldatmış və onun oğlu ilə bağlanmış müqavilədə qeyd olunan mənzili ona verməmiş və əvəzində Cavabdeh MMC ona mənzil vermişdir. Qeyd edək ki, həqiqətən də onlarla iddiaçı arasında qeyd olunan müqavilə imzalanmışdır. Lakin qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərancamı ilə, qeyd olunan ərazidə, sonuncu tərəfindən müəyyən olunmuş sıxlıq əmsalına görə, qeyd olunan blokun tikintisi dayandırılmışdır. Qeyd olunan hal onların iradəsi əsasında baş verməmişdir. Nə də ki, onlar əvvəlcədən bilmirdilər ki, qeyd olunan blokun tikintisi dayandırılacaqdır. Həmçinin hesab edirlər ki, məhkəmə Azərbaycan Respublikasının MM-nin 423.2-ci maddəsinin tələbini də pozaraq mülki işi icraata qəbul etmişdir. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçı, onlara təkliflə müraciət etsə də, təklifdə qeyd olunmuş müddəti gözləmədən məhkəməyə müraciət etmişdir. Belə ki, təklifdə onlara cavab verilməsi üçün 15 gün müddət müəyyən olunuşdur ki, həmin 15 gün xx.xx.2023-cü il tarixə düşür. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin bildirmək istəyirlər ki, Şəki Apellyasiya Məhkəməsnin icraatında Azərbaycan Respublikası Ali Məhkəməsindən göstəriş əsasında qayıdan kommersiya xarakterli iş olmuşdur ki, həmin işin predmeti bu işlə eynilik təşkil edir. Həmin işdə "xxxx" MTK Cavabdeh MMC-nə qarşı Şəki Kommersiya Məhkəməsində iddia ərizəsi irəli sürərək, aralarında olmuş müqaviləyə əsasən, “D” blokundan yerləşən 1250 kv.m yaşayış sahəsinin yerləşdiyi “D” blokunun tikilmədiyinə görə, həmin sahənin dəyəri olan 2.000.000 manat məbləğində pulu Cavabdeh MMC-dən tələb etmişdir. Lakin Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)- 269/2023 saylı qərarının "Kassasiya instansiyası məhkəməsinin mövqeyi" hissəsində, qeyd oluan “D” blokunun tiklməməsinin Cavabdeh MMC-nin iradəsindən aslı olmayan səbəbə görə baş verməsi və buna görə də "xxxx" MTK-nın Cavabdeh MMC-dən “D” blokuna görə pul tələb edə bilməməsi qeyd etmişdir. Qeyd olunan qərar əsasında, mülkü iş yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərimiş və Şəki Apellyasiya Məhkəməsi tərərfindən, AR Ali Məhkəməsinin bu işlə bağlı mövqeyni üstün tutaraq, "xxxx" MTK-nın, ““İnter MMC tərərfindən “D” blokunun tikilmədiyinə görə, “D” blokundan yerləşən 1250 kv.m yaşayış sahəsinin yerlşədiyi dəyəri olan, 2.000.000 manat məbləğində pulu Cavabdeh MMC-dən tutlmasına dair olan” iddiası təmin olunmamışdır. Qeyd olunan iş üzrə Şəki Apellyasiya Məhkəməsi tərərfindən qəbul olunmuş qətnəmə qanuni qüvvəsin almasa da, həmin qətnəmənin əsası olan Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-269/2023 saylı qərar qanuni qüvvəsini almışdır. Hesab edirlər ki, məhkəmə işi araşdırarkən yuxarıda göstərilən xüsusatları nəzərə almamışdır. Beləliklə də qeyd olunan prosessual hüquq normasnın tələbini pozmuşdur. Göstərilənlərə əsasən Şəki Rаyоn Məhkəməsinin 21 iyun 2023-cü il tаrixli, e-2(075)- 1084/2023 saylı qətnaməsinin ləğv olunması və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Şəki Rаyоn Məhkəməsinin 21 iyun 2023-cü il tаrixli, e-2(075)-1084/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

24. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

29. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

30. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

31. Maddə 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarında müəyyən edilmişdir ki:

“... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rаyоn Məhkəməsinin 21 iyun 2023-cü il tаrixli, e-2(075)- 1084/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. Müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC-nin arasında 30 mart 2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsassən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imknaları hesabına həyata keçirilir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 34.92 m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür. 31 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 31 mart 2023-cü il tarixdə İddiaçı tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 34,92 kv.metr qeyri-yaşayış sahəsi üçün 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat qalıq borcu olmadan Cavabdeh MMC-yə ödənilmişdir.

47. Məhkəmə kollegiyası iddia ərizəsində birinci instansiya məhkəməsinin qətnaməsinin bəzi yerlərində texniki səhv olaraq “A4” blokunun 3-cü mərtəbəsi ifadəsinin “A4” blokunun 6-cı mərtəbəsi kimi yazıldığını nəzərə almışdır.

48. Cavabdeh MMC müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 34.92 m təşkil edən qeyri-yaşayış sahəsini təhvil verməyərək müqavilə şərtlərini pozmuşdur.

49. Apellyasiya şikayətində qeyd edilir ki, iddiaçı iddia tələbində ümumiyyətlə tərəflər arasında olan mübahisə predmeti olan müqavilənin haradan qaynaqlandığı barədə məlumat verməmişdir. Əslində bu müqavilə iddiaçının oğlu olan X2 ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin əvəzi kimi bağlanmış müqavilədir. Belə ki, "xxxx" MTK tərəfindən etiraz ərizəsinə əlavə etdiyikləri mənzil verilmədiyindən, onlarla iddiaçı arasında mübahisə predmeti olan müqavilə imzalanmışdır. İddiaçı onlara heç bir ödəniş etməmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sözügedən dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 30 mart 2016-cı il tarixli müqavilə və cavabdeh tərəfindən verilmiş 31 mart 2016-cı il tarixli maliyyə arayışı ilə həmin dəlil təkzib olunur.

51. Apellyasiya şikayətində göstərilmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərancamı ilə, qeyd olunan ərazidə, sonuncu tərəfindən müəyyən olunmuş sıxlıq əmsalına görə, qeyd olunan blokun tikintisi dayandırılmışdır. Qeyd olunan hal onların iradəsi əsasında baş verməmişdir. Nə də ki, onlar əvvəlcədən bilmirdilər ki, qeyd olunan blokun tikintisi dayandırılacaqdır.

52. Məhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə Bakı Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamına uyğun olaraq cavabdeh ona ayrılmış Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən sahədə layihələndirildiyi, hər biri 1 girişli olmaqla, 23 mərtəbəli, 3 blokun tikintisinə icazə verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdiyi, sonuncu orqan tərəfindən cavabdehə ünvanlanmış 2019-cu il 26 avqust tarixli cavab məktubunda cavabdehin icarəsində olan torpaq sahəsində layihələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verildiyi, yəni müqavilədə sözügedən “D” blokunun tikintisi rəsmi olaraq, Komitə tərəfindən dayandırıldığı müəyyən edilir.

53. Tərəflər arasında bağlanmış müqavilədə isə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin satılmasından söhbət gedir. ( bax yuxarıda 1-ci bənd)

54. İşə əlavə olunmuş 11 oktyabr 2022-ci il tarixli, 10/4815 nömrəli ekspert rəyi ilə də Eskiz Layihəsində qeyd olunan “A4” blokunun yerləşdiyi yerdə faktiki olaraq hər hansı binanın inşa edilmədiyi, Cavabdeh MMC tərəfindən inşa edilən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən tikintisi başa çatdırılmış binaların, həmin ünvanda yerləşən yaşayış kompleksinin (“A5”, “A4”, “A1”, “T1” binalar planlaşdirmasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş eskiz layihəsində planlaşdılmış “A1” və “T1” binaları olduğu müəyyən edilir.

55. Göründüyü kimi, binanın “A4” bloku tikilməsə də, eskiz layihəsində planlaşdılmış “A1” və “T1” binalarının tikildiyi müəyyən edilir.Cavabdehin istinad etdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubunda “A4” blokunun deyil, “D” blokunun tikintisinə icazə verilməmişdir.

56. Ona görə də hazırkı mübahisəyə Mülki Məcəllənin 448.4-cü maddəsinin müddəları tətbiq edilə bilməz.

57. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək müqavilə üzrə onun mülkiyyətinə verilməli olan qeyri-yaşayış sahəsinin dəyərini ödəmiş, cavabdeh isə öz öhdəliyini yerinə yetirməyərək iddiaçının ödədiyi pulun müqabilində qeyri-yaşayış sahəsini iddiaçıya verməmiş, nəticədə sonuncu zərərə (itkilərə) məruz qalmışdır.

58. Belə ki, mübahisə predmeti olan müqavilə ikitərəfli xarakter daşıyır və iddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə icraatı zamanı öz öhdəliklərini yerinə yetirdiyini bildirmiş və sübut etmişdir. Cavabdeh isə israrla bunu inkar etsə də, bununla bağlı öz mövqeyini konkret dəlillərlə əsaslandıra bilməmişdir.

59. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliklərini icra etdiyinə və bunun nəticəsində müəyyən zərərə (itkiyə) məruz qaldığına görə həmin zərərin (itkinin) cavabdeh tərəfindən qarşılanması ədalət prinsipinə tamamilə uyğundur.

60. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, müqavilə öhdəliyinin pozulmasında cavabdehin təqsirinin mövcud olub olmamasından asılı olmayaraq, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliklərini icra etdiyindən sonuncuya dəymiş zərərin (itkinin) ödənilməsi mütləqdir.

61. Cavabdeh MMC-nin müqavilə üzrə öhdəlikləri icra etməməsi səbəbli iddiaçı zərərə məruz qaldığından hazırkı iddianı qaldırmaqda haqlıdır və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

64. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

66. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

67. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

68. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyоn Məhkəməsinin 21 iyun 2023-cü il tаrixli, e-2(075)-1084/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rаyоn Məhkəməsinin 21 iyun 2023-cü il tаrixli, e-2(075)-1084/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar