Məhkəmə qərarları › İş №2(107)-1068/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1068/2021

01.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1068/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 04.09.2020-ci il tаrixli, 2(014)-1022/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «X2» MMC cаvаbdеh Cavabdeh qarşı «X2» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X2» MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3753 (üç min yeddi yüz əlli üç) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 04.09.2020-ci il tаrixli, 2(014)-1022/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3753 (üç min yeddi yüz əlli üç) manat məbləğində ziyan və 30 manat ödənilmiş dövlət rüsumun alınıb iddiaçı «X2» MMC-nin xeyrinə verilməsi qət edilmişdir. İşin faktiki halları: «X2» MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 29.09.2017- ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. 04.07.2018-ci il tarixində Baş satıcı, 12.07.2018-ci il tarixində isə administrator vəzifəsinə keçirilmişdir. 19.07.2019-cu il əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 11.06.2019-cu il tarixdə Oba-Zabrat 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 11.06.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” Dair Akta əsasən yekun ziyan məbləği 3803 (üç min səkkiz yüz üç) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borc 3803 (üç min səkkiz yüz üç) manat borcdan 50(əlli) manat ödəniş etmiş qalıq borc 3753 (üç min yeddi yüz əlli üç) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Nəticə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə faiz və cərimə borclarına aid hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən iddiaçının tələbinin nə dərəcədə düzgün olması nəzərə alınmamış və həmin müqavilə üzrə hesablanmış əsas və faiz borclarının saxtalığı araşdırılmamış və iddiaçının əsassız iddia tələbi təmin edilmişdir. Hesab edir ki, iddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qətnamə ləğv olunmalıdır. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli 2(014)-1022/2020 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 04.09.2020-ci il tаrixli, 2(014)-1022/2020 nömrəli qətnаməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: OBA Retial Chain MMC tərəfindən verilmiş 29.09.2017-ci il tarixli 437-K saylı əmrdən çıxarışdan, Cavabdeh Sakit oğlu Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA Marketlər şəbəkəsinə 29.09.2017-ci il tarixdən 3(üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı-Kassir vəzifəsinə işə qəbul edilməsi, Əmək haqqı ştat cədvəlinə əsasən ödənilməsi məlum olur. OBA Retial Chain MMC tərəfindən verilmiş 29.09.2017-ci il tarixli X1 haqqında müqaviləyə əsasən «X2» MMC ilə Cavabdeh arasında 29.09.2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. OBA Retial Chain MMC tərəfindən verilmiş 04.07.2018-ci il tarixli 265-K saylı əmrdən çıxarışdan, Cavabdeh Sakit oğlu Cəmiyyətin Satış Departamentinə 04 iyul 2018-ci il tarixdən Baş satıcı vəzifəsinə keçirilməsi, Əmək haqqı ştat cədvəlinə əsasən ödənilməsi məlum olur. OBA Retial Chain MMC tərəfindən verilmiş 04.07.2018-ci il tarixli X1 haqqında müqaviləyə əsasən Cavabdeh 04.07.2018-ci il tarixində Baş satıcı vəzifəsinə keçirilmişdir. OBA Retial Chain MMC tərəfindən verilmiş 12.07.2018-ci il tarixli 282-K saylı əmrdən vəzifə dəyişikliyi haqqında çıxarışdan, Cavabdeh Sakit oğlu Cəmiyyətin Satış Departamentinə 12 iyul 2018-ci il tarixindən Administrator vəzifəsinə keçirilməsi, Əmək haqqı ştat cədvəlinə əsasən ödənilməsi məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş 12.07.2018-ci il tarixli X1 haqqında müqaviləyə əsasən Cavabdeh 12.07.2018-ci il tarixində administrator vəzifəsinə keçirilmişdir. OBA Retial Chain MMC tərəfindən verilmiş 19.07.2017-ci il tarixli 309-K saylı əmrdən çıxarışdan, Cavabdeh Sakit oğlu Cəmiyyətin Satış Departamentinin satış 1 şöbəsinin Administratorunun əmək müqaviləsinə 19.07.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam versilməsi, son haqq-hesab: istifadə edilməmiş 21.06 (iyirmi bir tam yüzdə altı) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi məlum olur. OBA Retial Chain MMC-nin İnventarizasiya şöbəsinin araşdırma qrupu tərəfindən verilmiş 24.06.2019-cu il tarixli iltizamnaməyə əsasən Cavabdeh ilə OBA Retial Chain MMC arasında iltizamnamə imzalanmışdır. OBA Retial Chain MMC tərəfindən verilmiş 22.04.2020-ci il tarixli DN-1642 saylı xəbərdarlıqdan məlum olur ki, 3 gün müddətində maddi ziyanı Cəmiyyətə ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. OBA Retial Chain MMC tərəfindən verilmiş 21.04.2020-ci il tarixli OBA Retial Chain MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə maliyyə arayışından məlum olur ki, 11.06.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3803 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 3803 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 50 manat güzəşt edilməklə 3753 (3803-50) manat borcu qalmışdır. OBA Retial Chain MMC tərəfindən verilmiş 11.06.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” Dair Akta əsasən Cavabdeh 3803 manat məbləğində zərər vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən tamamilə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətləri xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyannın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, məhkəmə kollegiyasının təşəbbüsü ilə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01 oktyabr 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh hesabında olan çatışmazlığın 3753,42(3803,42 - 50) manat məbləğində olduğu müəyyən edilmişdir. Bundan əlavə cavabdeh özü də iddianı rədd etməyə əsas verən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 04.09.2020-ci il tаrixli, 2(014)-1022/2020 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 04.09.2020-ci il tаrixli, 2(014)-1022/2020 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat pul Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar