Məhkəmə qərarları › İş №2(107)-1078/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1078/2025

09.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1078/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşamaq hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə, yaşamaq hüququ) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X25 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşamaq hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəmənin 30 iyul 2025-ci il tarixli, 2(075)-808/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ilə Cavabdeh 2008-ci ildə el adəti ilə ailə həyatı qurmuşlar. İddiaçı Şəki rayonu Aşağı Layısqı kəndində yerləşən cavabdehin atası X5 məxsus evə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Onlar nikahlarını xx.xx.2010-cu ildə Şəki İHB-nın Aşağı Göynük kənd İcra nümayəndəliyində qeydə aldırmışdırlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X15, X16 adlı əkiz və xx.xx.2014-cü il təvəllüdlü X17 adlı uşaqları dünyaya gəlmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında olan xx.xx.2010-cu il tarixli nikah pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X15, X16 və xx.xx.2014-cü il təvəllüdlü X17 adlı uşaqları ilə birlikdə gəlin köçdüyü Şəki rayonu Aşağı Layısqı kəndində yerləşən yaşayış evinə yaşayış hüquqlarının tanınması, həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti üzrə 2008-ci ildə toy edərək həmin evə gəlin köçmüşdür. Lakin nikahlarını xx.xx.2010-cu ildə Şəki İHB-nın Aşağı Göynük kənd İcra nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X15, X16 adlı əkiz və xx.xx.2014-cü il təvəllüdlü X17 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə sonralar xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışdırlar. Belə ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan xx.xx.2010- cu il tarixli nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X15, X16 adlı əkiz və xx.xx.2014-cü il təvəllüdlü X17 adlı uşaqları iddiaçının himayəsində saxlanılmış, onların saxlanılması üçün hər uşaq üçün 140 manat olmaqla cəmi 420 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. O məhkəmədən öncə faktiki ayrılarkən birgə nikahdan dünyaya gəlmiş uşaqlar onun himayəsində qalmışdır. Halhazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Maddi vəziyyətləri olduqca aşağı səviyyədədir. Cavabdeh gəlin düşdüyü evdə yaşmağa lazımi şərait yaratmır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, İddiaçı ilə atası X1 2008-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2010-cu ildə Şəki İHB-nın Aşağı Göynük kənd İcra nümayəndəliyində qeydə aldırmışdırlar. Birgə nikahlarından əkiz olmaqla 2 qızı və bir oğlu vardır. 2024-cü ilin əvvəllərindən münasibətləri pozulmuş və iddiaçı evdən çıxıb getmişdir. İddiaçının gəlin düşdüyü fərdi yaşayış evi 1981-ci ildə atası tərəfindən inşa edilmişdir. Atası 2012-ci ildə rəhmətə getmişdir. İddiaçı özü uşaqları da götürüb evdən getmişdir. İddiaçı uşaqların saxlanılması üçün aliment alır. Yaşamaq hüququnun verilməsinə və köçürülməsinə razı deyil. İddia tələbinin təmin edilməməsini xahiş etdişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil da cavabdehin bildirdiklərinə əlavə olaraq qeyd etmişdir ki, İddiaçı gəlin düşdüyü fərdi yaşayış evi 1981-ci ildə cavabdehin atası X8 tərəfindən inşa edilmişdir. Bu barədə kənd İcra nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə fərdi yaşayış evini yerləşdiyi həyətyanı torpaq sahəsi X8 və onun ailə üzvləri X18, X11, X19, Cavabdeh, X13 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Fərdi yaşayış evinə mərhum X6 gözlənilən mülkiyyət hüququ var. İddiaçı gəlin düşdüyü zaman gözlənilən mülkiyyət hüququ olan şəxs X3 olmuşdur. İddiaçı gəlin düşdüyü zaman və ondan sonra istifadə hüquqi ilə bağlı notarial müqavilə bağlamamış və buna təşəbbüs göstərməmişdir. Buna görə də onun yaşamaq hüququ yoxdur və köçürülməsi təmin edilə bilməz. Cavabdehin təqdim etdiyi sübutları nəzərə alınaraq tələbin rədd edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsində Cavabdeh gözlənilən mülkiyət hüququ mövcuddur. İddiaçı və birgə nikahdan dünyaya gəlmiş uşaqlar onun ailə üzvləri sayılır. Mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərini, yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdir. İş materiallarında olan JN-035B nömrəli, KOD 40404030 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 0.20 ha həyətyanı topaq sahəsi X8 və onun ailə üzvüləri X18, X11, X19, Cavabdeh, X13 və X7 mülkiyyətinə verilmişdir. Hal-hazırda Cavabdeh və anası X18 həmin evdə yaşayaraq təsərrüfat aparır. Məhkəmə onu da müəyyən etmişdir ki, İddiaçı həmin dövrdə mübahisəli evin kirayəçisi olmuş, yəni hazırki iş üzrə Cavabdeh öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı iddiaçının qarşısında hər hansı bir şərt qoyulmamış, iddiaçının bütün cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. İddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir.

5. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ilkin ailə münasibətləri 2008-ci ildən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin maddənin tələblərinə əsasən istifadə hüququnun yaranması üçün əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məcəllənin 228.1-ci maddəsi əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İş materiallarından göründüyü kimi mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda iddiaçının yaşayış hüququ üzrə tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi iddiaçının uşaqları ilə birlikdə köçürülməsi hissəsində isə təmin edilməlidir.

6. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqləri nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də, cavabdeh buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.

7. Şəki Rayon Məhkəmənin 30 iyul 2025-ci il tarixli, 2(075)-808/2025 nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X15, X16 və xx.xx.2014-cü il təvəllüdlü X17 adlı uşaqları ilə birlikdə gəlin köçdüyü Şəki rayonu Aşağı Layısqı kəndində yerləşən yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4, 30.5-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki rayon məhkəməsinin e-2(075)-798/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi; xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025-00116 nömrəli X22 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış; JN-035B nömrəli, KOD 40404030 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə; Şəki şəhər İHB-nın Aşağı Göynük İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 11 saylı məktub; xx.xx.2025-cü il tarixli ********** saylı qəbz.

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının gəlin düşdüyü fərdi yaşayış evi X8 tərəfindən 1981-ci ildə tikilmişdir. Həyətyanı torpaq sahəsi isə 0,20 ha olmaqla Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X12 və onun ailə üzvləri X18, X11, X19, Cavabdeh, X13 və X7 mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Fərdi yaşayış evinə mərhum X6 gözlənilən mülkiyyət hüququ var. İddiaçı gəlin düşdüyü zaman gözlənilən mülkiyyət hüququ olan şəxs X3 olmuşdur. İddiaçı gəlin düşdüyü zaman və ondan sonra istifadə hüququ ilə bağlı notarial müqavilə bağlamamış və buna təşəbbüs göstərməmişdir. Buna görə də onun yaşamaq hüququ yoxdur və köçürülməsi təmin edilə bilməz. Bundan başqa iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 Saylı Şəki Ərazi İdarəsinin “daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” xx.xx.2025-ci il tarixli bildirişdən göründüyü kimi, atası tərəfindən 1981-ci ildə tikilmiş, iddiaçının gəlin düşdüyü fərdi yaşayış evinin qeydiyyatından imtina edilmişdir. İmtina səbəbi fərdi yaşayış evinin Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı onların ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi olmuşdur. Məhkəmənin mövqeyinə görə mübahisəli evin yerləşdiyi həyətyanı sahəyə onun da mülkiyyət hüququ olduğu üçün atası tərəfindən tikilmiş mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuşdur. Mülkiyyətçi kimi ailə üzvlərini həmin evə köçürmək səlahiyyətinin olmasını əsas göstərmişdir. Lakin iş materialları məhkəmənin gəldiyi nəticəni təkzib edir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, bir şəxsin istifadə hüququnun olması üçün ilk növbədə əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda iddiaçının yaşamaq hüququ yoxdur, fərdi yaşayış evi yalnız atasının adına qeydə alına, onun yerləşdiyi həyətyanı sahə isə (Aqrar İslahat Komissiyasının qərarı ilə ayrıldğına görə) ailə üzvlərinin adına qeydə alına bilər. Yəni belə olan halda onun həmin evə gözlənilən mülkiyyət hüququ yoxdur. Yalnız atası Yadigar Abdullayevin gözlənilən mülkiyyət hüququ mövcuddur. O ailə üzvü kimi mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdir. Bura yalnız yetkinlik yaşına çatmayan uşaqlarını köçürmək ixtiyarına malikdir. Qanunun bu normasında ər (arvad) nəzərdə tutulmamışdır. Məhz buna görə də hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməsi üçün əsaslar olmamışdır.

12. Ona görə də, Şəki Rayon Məhkəməsinin e-2(075)-808/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini tam ləğv edərək, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəmənin 30 iyul 2025-ci il tarixli, 2(075)-808/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

17. Qərarlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013cü il tarixli qərarı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014cü il tarixli qərarı

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Şəki Rayon Məhkəməsinin e-2(075)-808/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qətnamənin iddianın təmin edilməmiş və edilmiş hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

22. Birinci instansiyası məhkəməsi iddiaçının yaşamaq hüququnun tanınması və evə köçürülməsi barədə tələbini qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ər (arvad) və uşaqlar ailə üzvü sayılır və mülkiyyətçi tərəfindən onunla birlikdə yaşayış sahəsinə köçürülmək hüququna malikdirlər. Buna görə də iddiaçı və uşaqları mübahisəli evə köçürülməlidirlər.

23. İşin mübahisəsiz halları bundan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh 2008-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Onların nikahı xx.xx.2010-cu ildə Şəki İHB-nın Aşağı Göynük kənd İcra nümayəndəliyində rəsmi qeydiyyata alınmışdır. İddiaçının gəlin düşdüyü fərdi yaşayış evi 1981-ci ildə Cavabdeh atası X8 tərəfindən inşa edilmişdir. X8 xx.xx.2012ci ildə vəfat etmişdir.

24. JN-035B nömrəli, KOD 40404030 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 0.20 ha həyətyanı topaq sahəsi X12 və onun ailə üzvləri X18, X11, X19, Cavabdeh, X13 və X7 mülkiyyətinə verilmişdir.

25. Şəki şəhər İHB-nın Aşağı Göynük İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına uçot kitabında Şəki rayonu Aşağı Layısqı kənd sakini Cavabdeh qeydiyyatda olduğu, əvvəllər atası X4 təsərrüfat başçısı olduğu 1981-ci ildə tikilmiş fərdi yaşayış evi o rəhmətə gedəndən sonra anası X18 təsərrüfat başçısı kimi göstərildiyi 16 nömrəli təsərrüfatda qeydə alınmışdır.

26. Cavabdehin apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçının gəlin düşdüyü fərdi yaşayış evi X8 tərəfindən 1981-ci ildə tikilmişdir. Həyətyanı torpaq sahəsi isə 0,20 ha olmaqla Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X12 və onun ailə üzvləri X18, X11, X19, Cavabdeh, X13 və X7 mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Fərdi yaşayış evinə mərhum X4 gözlənilən mülkiyyət hüququ var. İddiaçı gəlin düşdüyü zaman gözlənilən mülkiyyət hüququ olan şəxs X2 olmuşdur. İddiaçı gəlin düşdüyü zaman və ondan sonra istifadə hüququ ilə bağlı notarial müqavilə bağlamamış və buna təşəbbüs göstərməmişdir. Buna görə də onun yaşamaq hüququ yoxdur və köçürülməsi təmin edilə bilməz. Məhkəmə kollegiyası mübahisəli evin yerləşdiyi Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən JN-035B nömrəli, KOD 40404030 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X8 və onun ailə üzvləri X18, X11, X19, Cavabdeh, X13 və X7 mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin hal-hazırda sağ olan mülkiyyətçiləri- X14, X20, X9 və X10 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb etmişdir. Lakin onlar məhkəmə prosesində iştirak etməmişlər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlə iddiaçı arasında qeyri-rəsmi ər-arvad münasibətləri 2008-ci ildə cavabdehin iddiaçının atasına məxsus Şəki rayonu Aşağı Layısqı kəndində yerləşən evə gəlin köçdüyü andan yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

30. Məhkəmə araşdırmaları zamanı cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının yaşamaq hüququnun tanınması və köçmək istədiyi ev cavabdehin atası X5 Şəki rayonu Aşağı Göynük kənd Paris Kommunası adına kolxozun 28 avqust 1973-cü il 15 nömrəli müvəkkillər yığıncağının qərarı ilə verilmiş 0.20 ha torpaq sahəsində yerləşir. Həmin evin Dövlət Reyestrində qeydiyyatından imtina olunsa da, X4 həmin evə gözlənilən mülkiyyət hüququ olmuşdur. Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə iddiaçı ilə cavabdehin atası arasında həmin evdən istifadə ilə bağlı hüququn əldə edilməsi üçün evin qeydiyyatdan keçibkeçməməsinin hər hansı bir əhəmiyyəti yoxdur. Tərəflər arasında yaşayış sahəsindən istifadəni təmin etmək məqsədi ilə hər hansı məzmunda müqavilənin bağlanması mümkündür. Göründüyü kimi 2009-cu il oktyabr ayının 1-dək iddiaçı ilə onun yaşamaq hüququnun tanınması və köçmək istədiyi evin sahibi və istifadəçisi olan şəxslər arasında notariat qaydasında təsdiqlənən hər hansı yazılı razılaşma mövcud deyildir. İddiaçı həmin evə gəlin köçdüyü zaman və ondan sonra istifadə hüququ ilə bağlı notarial müqavilə bağlamamış və buna təşəbbüs göstərməmişdir.

31. Birinci instansiya məhkəməsi də qeyd olunan evin rəsmi reyestrdə qeydiyyata alınmaması əsası ilə iddianın “yaşamaq hüququnun tanınması” hissəsini rədd etməkdə haqlı olmamışdır. X4 həmin evdən sahiblik və istifadə hüququ mövcud olmuşdur ki, iddiaçının da istifadə hüququnun yaranması üçün notariat qaydasında müqavilə bağlaması lazım idi. Hazırki iş üzrə iddiaçı iddiasını cavabdeh olan keçmiş ərinə qarşı qaldırmışdır ki, onun da 2008-ci ildə mübahisəli evə gözlənilən mülkiyyət hüququ deyil, istifadə hüququ olmuşdur.

32. X8 xx.xx.2012-ci ildə ölmüşdür. Onun təsərrüfat başçısı olduğu 1981-ci ildə tikilmiş fərdi yaşayış evi o rəhmətə gedəndən sonra arvadı X18 təsərrüfat başçısı kimi 16 nömrəli təsərrüfatda qeydə alınmışdır. Ondan qalmış mirası qəbul edən şəxslərdən biri də hazırki iş üzrə cavabdeh olan Cavabdehdur ki, miras açıldığı vaxtdan həmin miras əmlakın bir hissəsi onun mülkiyyəti olmuşdur. Cavabdeh miras qalmış əmlakın ona aid olacaq hissəsinə gözlənilən hüququ yaranmışdır. Həmin vaxt hazırki iş üzrə tərəflər rəsmi nikahda olduğundan mübahisənin xx.xx.2012-ci ildən sonraki dövrünə 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

34. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

35. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilmiş maddənin müddəalarından göründüyü kimi İddiaçı Cavabdeh ailə üzvü olmuşdur, onun və yetkinlik yaşına çatmayan uşaqlarının xx.xx.2012-ci ildən sonra mübahisəli evin mülkiyyət hüququ gözlənilən Cavabdeh aid hissəsindən istifadə hüquqları mövcud olmuşdur.

36. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqləri nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də, cavabdeh buna imkan verməmişdir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.

37. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin yuxarıda göstərdiyi əsaslandırma həqiqəti özündə əks etdirmir. Əvvəla ona görə ki, kənddə iş yerinin və uşaqların əlavə məşğələlərə getmək imkanının məhdudluluğunu əsas gətirərək iddiaçının təkidi ilə cavabdeh də onunla birlikdə 2023-cü ilin sentyabr ayının 12-də mübahisəli evi tərk edərək kirayədə yaşamaq üçün Qax şəhərinə getmişlər. X35 küçəsi, blok 1, mənzil 6-da yaşamışlar. Kirayədə yaşadıqları müddət ərzində tərəflərin münasibətləri pozulmuş, hazırki iş üzrə iddiaçı cavabdehə qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə cavabdeh nikahın pozulmasını istəmədiyi üçün onlara barışmaq üçün 3 ay möhlət verilsə də, tərəflər barışmamış və nəticədə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikah pozulmuş, yetkinlik yaşına çatmamış uşaqlar iddiaçı olan ananın yanında saxlanmışdır. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etsə də, o, hələ də Qax şəhərində olan kirayə mənzildə yaşadığını, ayrı-ayrı fənlər üzrə məşğələlərə gedən əkiz uşaqlarının orta məktəbi bitirənədək də orada yaşamaq istədiyini, uşaqlar ali məktəbə daxil olduqdan sonra hal-hazırda köçmək istədiyi mənzilə köçəcəyini bildirmişdir. Yuxarıda qeyd olunanlar tərəflərin məhkəmə iclasında bildirdiklərinə əks etdirir və tərəflər mübahisələndirməmişlər.

38. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

39. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə iddiaçı arasında olan xx.xx.2010- cu il tarixli nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X15, X16 adlı əkiz və xx.xx.2014-cü il təvəllüdlü X17 adlı uşaqları iddiaçının himayəsində saxlanılmışdır. Yuxarıda göstərilən maddənin tələbi baxımından tərəflər arasında yaşayış sahəsinin gözlənilən mülkiyyətçisi ilə iddiaçı arasındakı ailə münasibətlərinə xitam verildiyindən keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

40. Məhkəmə kollegiyası iddiaçının iddia tələbində göstərdiyi uşaqları ilə birlikdə Şəki rayonu Aşağı Layısqı kəndində yerləşən yaşayış evinə yaşayış hüquqlarının tanınması, həmin evə köçürülməyi barədə tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının mübahisəli yaşayış evinə istifadə hüququ müəyyən edilmədiyindən və Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayıldığından uşaqların yaşayış yeri ananın yaşayış yeri sayılır və uşaqların həmin yaşayış yerinə köçürülməklə bağlı hissəsində də iddia tələbi təmin edilməyəcək.

41. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin sonuncu cümləsində göstərilən “Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər” halı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı mübahisəli evdə yaşamır, onun və yetkinlik yaşına çatmayan uşaqlarının öz istəklərinə uyğun Qax şəhərində kirayə yaşadıqları mənzil vardır və iddiaçı orada yaşamasını davam etdirmək istəyir. İşin bu halı iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasını istisna edir.

42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəmənin 30 iyul 2025-ci il tarixli, 2(075)-808/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh qarşı “yaşamaq hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəmənin 30 iyul 2025-ci il tarixli, 2(075)-808/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı ona və birgə nikahdan xx.xx.2010-cu il tarixdə doğulmuş X15 və X16 adlı əkiz və xx.xx.2014-cü il tarixdə doğulmuş X17 adlı uşaqları ilə birlikdə gəlin köçdüyü Şəki rayonu Aşağı Layısqı kəndində yerləşən mənzildə yaşayış hüquqlarının tanınması, həmin evə köçürülmələri tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar